Emin Əlizadə

5 Avqust 2022, 8:58

Yaponiyanın iqtisadi tarixi

Müasir Kapitalizm dövründə Yaponiya həmişə dünyanın ən inkişaf etmiş iqtisadiyyatları sıralarında ən yüksək yerləri tutmuş və onu qorumağı bacarmışdır. Hal-hazırda ÜDM-ə görə, Yaponiya dünayda ABŞ və Çindən sonra 3-cü yerdə dayanır. Lakin hər bir iqtisadiyyatda olduğu kimi, Yaponiya da öz tarixində inkişafla və tənəzüllərlə rastlaşmışdı. Bəs necə oldu ki, 17-ci əsrə qədər tipik aqrar dövlət olan Yaponiya 20-ci əsrə ortalarında artıq Dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi. “Yaponiyanın iqtisadi tarixi” yazısında məhz yuxarıda sadalıdığım  suallara cavab verməyə çalışacam

Tokuqava dövrü

İlk öncə bildirək ki, ümumi olaraq, Yaponiyanın iqtisadiyyat tarixi 4 əsas hissəyə bölünür: Tokuqava dövrü, Meydzi Islahatları, İmperiya və “İqtisadi möcüzə dövrü”. Tokuqava dövrü öz başlanğıcını 1604-cü ildə eyniadlı sülalənin başçısı Tokuqava İyeyasu tərəfindən Yaponiyanın ayrı-ayrı kiçik feodal dövlətlərdən (Yaponiyada onlar daymyo adlanırdı) vahid mərkəzləşdirilmiş bir dövlət kimi birləşdirilməsindən başlıyır və təqribən 250 il, daha dəqiqi isə 1868-ci ilə qədər hökm sürmüşdür. Tokuqava dövrünün sosial-iqtisadi vəziyyətinə nəzər saldıqda yedkilliklə deyə bilərik ki, bu dövr Avropanın ilkin orta əsrlər dövrünə çox oxşardır. Habelə, ölkə ərazisində 4 əsas sosial qrup mövcud idi: samuraylar, əkinçilər, sənətkarlar və tacirlər. Ölkədə əsas hakimiyyət gücü Tokuqava ailəsinə və 300-dən çox kiçik daymyolarda idi, amma daymyolar belə Qərbi Avropaadan fərqli olaraq öz mülkiyyəti barədə heç bir qarantiya və stabillik ala bilmirdilər, bunun səbəbi isə tez-tez əmlaklarının müsadirə olunması idi. Ticarət sahəsində isə, Tokuqava nəsli burada kifayət qədər qapalı siyasət yürüürdü. Ölkə ərazisinə ancaq 3 ölkənin gəmiləri daxil ola bilərdi: Koreya, Çin və Niderland (amma onların gəmiləri üçün ancaq Naqasaki limanı açıq idi). Ölkə əhalisinin çox hissəsi əkinçilik sahəsində məşğul idi və Yaponiyada bu dövrdə düyünün yeni və hələ də istifadə olunan növləri kultivasiya olunmuşdu. Lakin, ölkə üzrə maaşlar demək olar ki, minimum səviyyəsində idi və bu maraqlı paradokslara gətirib çıxarırdı. Belə ki, hökümət maaşların aşağı səviyyəsinə görə daha çox insan resursu tələb edən məşğuliyyətlərə öz diqqətini ayırdı, belə ki, kapitalın çox olan fəaliyyət növləri iqtisadi cəhətdən effektiv olmayan siyasət hesab olunurdu. Ən paradoksal hekayələrdən biri bu idi ki, Yaponlara o dövrdə mədənçilik işlərində suyun mexaniki çıxarılması yolları məlum idi, lakin əhalinin məşğulluq səviyyəsini sabit bir səviyyədə saxlamaq üçün mədən işlərində çoxlu miqdarda insan resursu sərf olunurdu. Yeganə sahə alkoqol idi ki bu siyasətdən əziyyət çəkmirdi. Yaponiyada ən məşhur alkoqol sakedir, hansı ki, onu düyüdən hazırlayırlar və o dövrdə çoxlu düyü istehsalını nəzərə alsaq, hökumət alkoqol sahəsində işləyən işçilərə müəyyən bir saat qrafiki qoymuşdu və nəticədə bu sahə daha çox kapital yönümlü bir sahəyə çevrilmişdi. Lakin ölkədə müsbət tendensiyalar da var idi. Belə ki, ölkədə təhsil səviyyəsi çox yüksək idi və oğlanların 40%, qızların isə 10% məktəblərə gedirdilər. Edoda (Tokyonun köhnə adı) o dövrdə 650-yə yaxın kitab mağazaları mövcud idi. Əlbəttə ki, əhalinin təhsil səviyyəsinin yüksək olması nəticədə ölkənin inkişafına da müsbət təsir göstərirdi. Lakin təkcə bunlar Yaponiyada əsaslı islahatlara gətirib çıxartmadı.
 

Meydzi islahatları

1839-cu ildə Böyük Britaniya Ost-Hind şirkətinin əli ilə Çinə opium və ya bizim dildə tiryək ticarəti üstündə hücum etdi. Bu hadisə tarixə 1-ci Tiryək müharibəsi adı altında daxil oldu. Bəs bu hadisələrin Yaponiyaya nə təsiri? Maraqlıdır ki, artıq 1853-cü ildə ABŞ ordusu Yaponiya sahillərinə tərəf üz tutdu. Əsas səbəb kimi isə yuxarıda qeyd etdiyim qapalı ticarət siyasəti idi. ABŞ, İngiltərə, Fransa və Rusiya Yaponiyadan öz limanlarını xarici dövlətlər üçün açmağı tələb edirdilər və bu ultimatuma qarşı Yaponiyanın əks-arqument kimi edəcəyi heç bir qüvvə yox idi. Nəticədə, bütün bunlar və Yaponiyanın adekvat hərbi gücünün olmaması Tokuqava dövrünün süqutuna gətirib çıxartdı və 1867-ci ildə taxta İmperator Mutsixito Meydzi oturdu. İmperator başda olmaqla, islahatların əsas şüarı “ Varlı ölkə, güclü ordu” idi və bu yolda aktiv radikal dəyişikliklər başladı. İlk öncə, Samuray bir sosial qrup kimi ləğv edildi, Daymyolar tamamilə mərkəzi hakimiyyətə tabe oldular. Edo adı dəyişilərək Tokio oldu, zümrələr ləğv edildi, artıq bütün Yaponlar məşğuliyyət seçimində sərbəst idilər. Kəndçilərə artıq öz torpaqları üzrə mülkiyyət hüququ verildi. Artıq feodalların gücünün məhv edilməsinə görə, onlara verilən pul əvəz olunaraq Torpaq vergisinə çevrildi. 1890-cu ildə Konstitutsiya qəbul edildi, Parlament yaradıldı və ölkə rəsmi olaraq konstitusiyalı monarxiyaya çevrildi. Həmçinin təqvim dəyişərək Qərb modelinə uyğun oldu. Bunun səbəbi isə çox maraqlıdır. Belə ki, 1873-cü ildə Yaponiyada ilk dəmiryolu istifadəyə verildi, lakin yaponlar vaxtın dərc olunması barədə böyük çətinliklərlə üzləşdilər. Belə ki, ənənəvi Yaponiya saatı günü ancaq 2 yerə bölürdü, dandan günbatımına qədər, və günbatımndan dana qədər. Nəticədə, coğrafiyada bildiyimiz qədər, bu sistemdə saatların bölünməsi bərabər deyildi və fəsildən çox asılı idi. Bunu həll etmək üçün isə məhz Avropa təqviminə keçməyə məcbur oldular. Bu islahatların nəticəsində Yaponiya çox böyük inşaf etdi və böyük uğurlara imza atdı:

  1. Ölkə ərazində vahid bazar - İslahatlar həmçinin daxili kiçik rüsumlara toxunmuşdu və daymyoların gücünün zəiflənməsi nəticəsində rüsumlar əvəzlənərək vahid bir rüsum cədvəli yaradılmışdı
  2. Çoxlu miqdarda dəmir yollarının çəkilməsi
  3. Xaricdə mövcud sosial və iqtisadi institutların ölkəyə gətirilərək adaptasiya və tətbiq olunması
  4. Təhsil səviyyəsinin qaldırılması - Tokuqava dövründə qeyd etdiyim kimi, Yaponiyada təhsil səviyyəsi kifayət qədər yüksək idi. Lakin Mutsixito daha dərinə gedərək 1872-ci ildə ölkə ərazisində məcbur ibtidai təhsil haqda qəbul etdi. 90% uşaqlar məktəbə getməyə başladılar. Daha sonra Universitetlər və kolleclər açılmağa başladı. Minlərlə Yapon tələbələri dünyanın ən prestijli universitet və məktəblərinə oxumağa göndərildi. Buna görə də yapon animelərində məktəblilər həmişə kifayət qədər çoxbilmiş kimi təsvir olunurlar.

Bütün sadaladıqlarım, nəticədə ölkədə insan kapitalının artımına müsbət təsir göstərirdi və XX əsrin əvvəlləri üçün Yaponiya bu sahədə kifayət qədər yüksək bazaya sahib idi. Yuxarıda qeyd etdiyim dəyişikliklər bəzi iqtisadiyyatçılar tərəfindən “Standart modernizasiya modelinin” xüsusiyyətləri kimi hesab edilir və Yaponiya qarşısında bu modeli tam qurmaq üçün qalan 2 sahəyə öz diqqəti ayırması vəzifəsi dururdu. Birincisi, funksional bank sistemi, ikincisi isə proteksionist tariflər. Lakin buna qədər uğurla yol gedən ölkə bu sahələrdə bəzi məsələlər üzündən problemlərlə üzləşdi. Yaponiyaya təqribən 50 il lazım oldu ki, normal bank sistemi qursun və 50 il ərzində bu vəzifəni dövlətin özü götürdü. Tariflərə gəldikdə isə, Yaponiya 1866-cı ildə xarici dövlətlərlə müqavilə imzaladı. Bu müqaviləyə görə, maksimal tarif 5% keçə bilməzdi (Azərbaycanda isə bunlar ƏDV ilə birlikdə bu 36%). Nəticədə, bir çox sənayeyə yatırımı dövlət özü məcbur olurdu, lakin bunların çox hissəsi iflasa uğrayırdı. Belə ki, dövlət öz müəssisələrinə kifayət qədər innovativ bahalı dəzgah və avadanlıqlar yerləşdirirdi, bunlar isə investisiya edilən kapitalı artırırdı, lakin Yaponiyada əmək xərci kiçik idi, bütün bunlar isə investisiyaların perspektivliyini azaldırdı. Nəticədə, bir çox müəssisələr xaricilərə satılırdı. Həmçinin, iqtisadiyyatda da başqa nüanslar mövcud idi. Bir ençə dəfə qeyd etdiyim kimi, Yaponiyada maaşlar kiçik idi və islahatlardan sonra da bu tendensiyada müsbət dəyişikliklər olmadı. Bütün bunlar Yaponları bəzi kreativ qərarlar sövq etdi. Nümunə kimi, yeni açılan müəssisələrdən alınan dəzgahların bəzi hissələri taxtadan hazırlanırdı, həmçinin o vaxt istifadə olnan buxar maşınları əvəzinə əl gücü istifadə olunurdu. Əhali 2 növbəli iş rejimində fəaliyyət göstərirdi. Bütün bunlar investisyaların rentallığını qaldırmaq məqsədi güdürdü və nəticədə deyə bilərik ki, kifayət qədər effektiv idilər. Habelə, bütün bunlar iş saatına düşən kapitalı kifayət qədər azaldırdı və nəticədə o vəziyyətə gətirib çıxartdı ki, pambıq istehsalatında yaponlar ingilisləri, çinliləri və hindliləri ötürdülər. Bütün bunların nəticəsində ölkənin ÜDM-i 2 dəfə artdı. Lakin burada da kiçik bir nüansı qaçırtmaq olmaz. ÜDM əsas hissəsini çay, ipək və kağız məmulatları ixracda böyük yer tuturdu, halbuki Qərb ölkələrində ÜDM-in əsas hissəsini sənaye məhsullarının əlində idi.
 

İmperiya dövrü

1905-ci ildən başlayaraq, Yaponiyanın sənaye sahəsində mühüm dəyişikliklər baş verməyə başladı. İlk olaraq, emal sənayesinin ÜDM payı 20%-dən 35%-dək artdı. Kimya sənayesi, metallurgiya və maşınqayırma sahələri üzrə ilkin zavod və fabriklər açıldı. Həmçinin, Meydzi dövrünün 2 əsas problemi, tarif və banklar, öz həllini tapmağa başladı. Yaponiyada yenidən rüsumlar tətbiq edilməyə şərait yaradıldı, bank sistemi daha mütəşəkkil oldu. Bütün bunlar XX əsrdə ağır sənayenin Yaponiyada mühüm rol oynamasında böyük sərmayə oldu. Maraqlıdır ki, bütün bu sənaye müəssisələri şəxsi şirkətlərdə məxsus idi, baxmayaraq ki, XIX əsrdə əsas investor kimi dövlət çıxış edirdi. Bu şirkətlər holdinqlər yaradaraq (Yaponiyada onlar dzaybatsu adlanırdı, Tekken fanatlarına tanış sözdü), holdinq daxilində qız müəssisə olaraq bank açaraq faktiki olaraq özləri-özlərini maliyyələşdirə bilirdilər. Bu holdinqlərin bəziləri bizə tanışdır və hələ də fəaliyyət göstərirlər. Misal kimi, Nissan, Mitsubişi, Sumitomo və digərləri. Həmçinin bu şirkətlər menecment sahəsində böyük yeniliklərə imza atırdılar. Belə ki, müasir sənaye idarəetməsində “just-in-time” prinsipi, və yaxud ingilisdilli mənbələrdə qeyd olunduğu kimi Toyota modeli məhz bu dövrdə ortalığa çıxmışdı. Qısaca desək, bu prinsipin əsasında adından bir metod dururdu: Komponentlər ancaq lazım olan zaman istehsal olunurdu, bu prinsip Avropada və ABŞ da olan prinsiplə tam əksini təşkil edir ki, habelə Qərbdə şirkətlər çox istehsal edərək özlərinə ehtiyat yaradırlar. Lakin kapitalın dəyəri yüksək olan Yaponiya üçün bu qəbuledilməz idi və çünki saxlama xərcləri kifayət qədər yüksək idi. Bir çox şirkətlər onu öz üzərinə götürə bilmirdilər. Maraqlıdır ki, bu prinsipdən Yaponiyadan sonra XX əsrin 30-cu illərində SSRİ də faydalanmağa başladı, belə ki SSRİ olan plan model bu sistemin tətbiqinə otururdu. Maraqlıdır ki, bütün bu innovasiyaların əsasında bir-birilə əlaqəli 2 faktor dururdu:  

  1. Dzaybatsular R&D, bizim dildə desək, Araşdırma və İnkişaf departamentlərinə çox böyük sərmayə yatırırdılar. Buna qədər dünyada heç bir yerdə ayrıca belə departament yox idi. Onların vəzifələri isə qərbin innovativ texnologiyalarını araşdırmaq və Yaponiya reallıqlarında adaptasiya etmək idi. Məsələn, Mitsubişi firması II Dünya müharibəsinə qədər qırıcı təyyarələrin yaradılması ilə məşğul idi və onlar Qərb təyyarələri ilə rəqabət aparmaq üçün güclü motorlar yox, Təyyarənin özünün çəkisini azaltmışdılar
     
  2. Təhsil səviyyəsi - Məqalədə bir neçə dəfə Yaponiyada təhsilə çox böyük diqqət ayrıldığını qeyd etmişdim. Əlbəttə ki, XX əsrdə də bu tendensiya yox olmadı və nəticədə Yaponiyanın sənaye sahəsində çox mühüm inkişaf müşahidə olunurdu.
     

Nəticədə, Yaponiya II Dünya müharibəsi ərəfəsində artıq kifayət qədər inkişaf etmiş dövlət idi. Belə ki, ölkədə artıq urbanizasiyaya uğramış cəmiyyət formalaşmışdı, ÜDM adambaşına səviyyəsi əsrin əvvəlinə nisbətdə 2 dəfə artmışdı. Lakin Meydzi dövrünün bəzi problemləri hələ də qalmaqda idi. Baxmayaraq ki, böyük şirkətlər öz işçilərinə kifayət qədər yüksək maaş verirdilər, kiçik şirkətlər və xüsusilə aqrar sektorda maaşlar hələ də aşağı idi, həmçinin hələ də aqrar sektorda əl əməyindən istifadə olunurdu. Buna görə də artım tempi cəmi 2% təşkil edirdi. Əgər bu səviyyə II Dünya müharibəsindən sonra qalsaydı, Yaponiyanın bu statistikada o vaxtkı lider ABŞ-a çatmağı üçün 327 il lazım idi. Lakin bəs Yaponiya buna neçə cəmi 30 il ərzində bacardı? Bu sualın cavabını sizinlə yazımın 2-ci hissəsində bölüşəcəm.

 

Paylaş:

523
0