Əli Novruzov

2 Mart 2022, 22:22

Xocalı soyqırımı: Səbəbləri, işğal və nəticələr. III hissə

Xocalı soyqırımı: Səbəbləri, işğal və nəticələr. III hissə

366-cı motoatıcı alayın Xocalı faciəsində iştirakı.

 SSRİ dövründə Xankəndində 366 qvardiya motoatıcı polku yerləşirdi. 1985-ci ildən başlayaraq 23-cü qvardiya motoatıcı divizyasının Şəmkirdə yerləşən 366-cı qvardiya motoatıcı alayı SSRİ-nin 4-cü ordusunun, daha sonra MDB qoşunları kimi Xankəndində yerləşdirilmişdi. SSRİ-nin Daxili qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra 366-cı alay kimyəvi müdafiə batalyonu ilə birlikdə keçmiş müttəfiq qüvvələrin bölgədəki yeganə döyüş hissələri kimi qalırdı (1). Xocalı hadisələri zamanı alay tam kadrlarla təmin olunmamışdı: qərargahın fikrincə, alayın tərkibində 1800, faktiki olaraq 630 hərbi qulluqçu olmalı idi. Alayda xidmət edən hərbçilərin ümumi sayı isə 129 nəfərdən ibarət idi ki, onların da hamısı zabit və gizirlər idi. 129 nəfərin təxminən 50-i də erməni idi. 1-ci batalyonun qərargah rəisi mayor Valeri Çitçyan, 2-ci batalyonun komandiri mayor Seyran Ohanyan, alayın kəşfiyyat rəisi mayor Vaçaqan Hayriyan, 2-ci taborun komandirinin müavini mayor Aleksandr Arutyunov idi. 1-ci batalyonun 2-ci rotasında baş leytenant Movses Akopyan, 2-ci batalyonun 5-ci rotasının komandiri isə kapitan Vladislav Arutyunyan idi. Alayda nizam-intizam Xocalı hadisələrindən əvvəl də bərbad vəziyyətdə idi. Sərxoşluq, mənəvi tənəzzül, hərbi əmlakın itirilməsi sistematik xarakter almışdı. Bundan əlavə, alayın əsgərləri ermənilərin daim təzyiqi altında olmuş, ermənilər onları azərbaycanlılara qarşı döyüşlərdə iştirak etməyə razı salmışdılar. Qeyd etmək lazımdır ki, əsgərləri azərbaycanlılara qarşı döyüşməkdə ali komandanlığın da rolu var idi. Beləliklə, 1992-ci ilin yanvarında qoşunlar komandirinin müavini general-leytenant İosif Baqratoviç Ohanyan alayın yerləşdiyi yerə gələrək hərbçiləri “Artsaxın şərəfli işində iştirak etməyə” çağırdı və alayın Xankəndindən çıxmasını tələb etdi. Həmçinin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı Baş Qərargah rəisi Arkadi Ter-Tadevosyanla ZakVO komandanının müavini general-leytenant Qrekov Yuri Pavloviç arasında dəfələrlə gizli görüşlər keçirməsi faktını  da müəyyən ediblər. 1992-ci il fevralın əvvəlində bölmənin yerləşdiyi yeri tərk edən 366-cı alayın bir neçə hərbçisi Azərbaycan yaşayış məntəqələrinə qarşı döyüşlərdə iştirak etməyə məcbur olduqlarını bildiriblər.  Bunun səbəbi də Azərbaycan yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatlarda iştirak edən hərbçilərə pul mükafatının verilməsi ilə bağlı idi. Həm də qeyd etmək lazımdır ki, hərbçilər arasında bu özbaşınalığa dözə bilməyən bir çox insan var idi. Buna sübut olaraq 1991-ci ilin sonunda zabitlərin bir hissəsinin hərbi nizam-intizamın pozulmasının mövcud faktlarını göstərərək Zaporigorovun alayı komandirini əvəz etməsi ilə bağlı müraciətlərini qeyd edə bilərik.  Lakin rayonun hərbi komandanlığı bu müraciətə cavab verməmişdi.

1991-ci il dekabrın sonundan etibarən Azərbaycan rəhbərliyi 366-cı alayın Xankəndindən MDB Birləşmiş Qoşunlarının komandanlığına (MDB Birləşmiş Qüvvələrinin Baş Komandanı - marşal Yevgeni Şapoşnikov) və XİN-in komandanlığına verilməsi barədə dəfələrlə məsələ qaldırmışdı. Lakin Azərbaycan rəhbərliyinin bütün müraciətlərinə heç bir reaksiya gəlməmişdi(2, s. 298). 

 MDB dövlət başçılarının 1992-ci il fevralın 14-də Minskdə keçirilən və MDB-nin Müttəfiq Silahlı Qüvvələrinin yaradılması haqqında sazişin imzalanmasının müzakirə olunacağı görüşündən əvvəl Azərbaycan parlamenti Azərbaycanın bu sazişə qoşulub-qoşulmaması məsələsini müzakirə etdi. Mütəllibovun deputatlar qarşısında çıxışından əvvəl bu məsələ ilə bağlı Boris Yeltsin ona zəng edərək 366-cı alayın Xankəndindən çıxarılmasına söz verərək MDB Birləşmiş Qüvvələrinin yaradılması haqqında müqavilə imzalamasını xahiş etdi. Amma buna baxmayaraq məhz AXC-dən olan deputatların təzyiqi ilə Milli Məclis Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişə qoşulmasına ehtiyac olmadığı barədə qərar qəbul etdi. Mütəllibovun sözlərinə görə, əgər o zaman AXC timsalında müxalifət konstruktiv mövqe tutaraq regiondakı mövcud real vəziyyətdən çıxış etsə idi və Azərbaycan MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması haqqında sazişə qoşulsa idi, o zaman 366-cı alay Xankəndindən çıxarılardı və Xocalı faciəsi də baş verməzdi (2, s. 299).

MDB dövlət başçılarının 1992-ci il fevralın 14-də Minskdə keçirilən müşavirəsində Prezident Ayaz Mütəllibov və MDB Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı marşal Yevgeni Şapoşnikov çıxış etdilər. Mütəllibov marşal Yevgeni Şapoşnikovdan “Azərbaycan yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak edən keçmiş Sovet ordusunun 366-cı alayını dərhal Xankəndindən çıxarmağı” tələb etdi. Lakin MDB Müttəfiq Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikov Ayaz Mütəllibovun hərbi sahədəki bütün tələblərinə məhəl qoymayaraq Ayaz Mütəllibova öz silahlı qüvvələrini yaradanda diqqətli olmağın vacibliyini qeyd etdi.  Bununla yanaşı Mütəllibovun 366-cı alayın Xankəndindən çıxarılması tələbinə Şapoşnikov cavab verdi ki, “366-cı alay nə qədər lazımdırsa,  Xankəndində qalacaq”.

 Fevralın 19-da MDB Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı marşal E.Şapoşnikov MDB Dövlət Başçıları Şurasında asayişi qorumaq və millətlərarası münaqişələrin həllini təmin etmək üçün MDB dövlətlərarası qüvvələrinin kontingentinin yaradılması təklifi ilə çıxış etdi.  Bununla qalmayaraq o, bu MDB qüvvələrinin Qarabağa daxil edilməsini təklif etdi. E.Şapoşnikov həmçinin Azərbaycan və Ermənistanı “Qarabağ münaqişəsi həll olunana qədər milli ordu yaratmaqdan çəkinməyə” çağırdı. Lakin Bakı MDB-nin Müttəfiq Silahlı Qüvvələrinin baş komandanının MDB-nin dövlətlərarası qüvvələrinin Dağlıq Qarabağa daxil olması barədə təklifini respublikaya güc tətbiq etmək cəhdi kimi qiymətləndirərək və marşal E.Şapoşnikovun təklifini rədd etdi.

 Fevralın 20-də Rusiya parlamentində çıxış edən E.Şapoşnikov A.Mütəllibovu “Stepanakert/Xankəndi sakinlərinə qarşı “Qrad” qurğusunun mərmilərindən istifadə etməkdə” ittiham etdi. Azərbaycan Prezidentinin mətbuat xidmətinin rəhbəri Rasim Ağayev isə marşal Şapoşnikovun bu ittihamları səsləndirməkdə məqsədinin Azərbaycandan müstəqil siyasət yeritdiyinə görə qisas almaq olduğunu bildirdi (2, s. 299).

1992-ci il fevralın 3-də azərbaycanlı əhaliyə qarşı döyüşlərdə iştirak etmək istəməyən bir neçə hərbçi hərbi hissənin ərazisini tərk etdi. 366-cı alayın Azərbaycan yaşayış məntəqələrinə qarşı döyüşlərdə iştirak etməsi faktı alayın keçmiş hərbi qulluqçularının Azərbaycan prokurorluğunun əməkdaşlarına verdikləri ifadələrdə təsdiq edilmişdir. Adıçəkilən hərbçilərin ifadələri nəticəsində 366-cı motoatıcı alayın hərbçilərinə belə bir təlimatın verildiyi müəyyən edilib: “Azərbaycan müsəlman respublikasıdır və xristianlara düşməndir, Ermənistan isə xristian respublikasıdır və Rusiya ilə dostdur. Ona görə də alay erməniləri dəstəkləyərək Rusiyanın maraqlarını qoruyur. Və buna görə də köməyə ehtiyacımız var.” (2, s.300). 

Məmməd Vəliməmmədovun qeyd etdiyinə görə, “ 366 saylı motoatıcı alayın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Xocalı hadisələrindən sonrakı ilk günlərdə Azərbaycan Respublikasının Prokurorluğu 200-ə yaxın şahidi dindirmiş, onlardan 162-si alayın Xocalının alınmasında və dinc əhalinin öldürülməsində iştirakını təsdiq etmişdir.

Azərbaycan səlahiyyətli orqanlarının məlumatına görə Xocalıya hücumda və qətliamların törədilməsində 366-cı alayın üç batalyonundan əsas iki taboru və onların komandirləri- mayor Seyran Ohanyanın komandanlığı altında 2-ci batalyon və mayor Yevgeni Naboxinin komandanlığı altında 3-cü batalyon tam tərkibdə iştirak edib. Cinayətinə görə kapitan Nabokix 1.500.000 (bir milyon yarım) ABŞ dolları məbləğində mükafat almış, bundan sonra valideynlərini və erməni əsilli həyat yoldaşını Rusiyaya apararaq Cənubi Amerikaya yola düşmüşdü. Bütün bu yuxarıda göstərilən faktlar və 366-cı motoatcı alayın Xocalı hadisələrində iştirakı alayın zabiti, kapitan Qriqori Markuşinin ifadələri ilə təsdiqlənmişdir (2, s.300). 

  Hələ Xocalı hadisələrindən əvvəl hərbi hissəni tərk edərək Xocalıya əhalinin müdafiəsini təşkil edən hərbçilərin verdiyi məlumata görə alayın hərbi texnikası Xocalı hadisəsindən əvvəl də Azərbaycan kəndlərini atəşə tuturdu . Viktor Litovkin 366-cı motoatıcı alayın ayrı-ayrı zabitləri, gizləri və əsgərlərinin həm ermənilər tərəfdən, həm də azərbaycanlılar tərəfdən döyüşlərdə iştirak etdiyini qeyd edib (3, s.1). Britaniya jurnalisti Thomas De Waal isə Xocalının işğalında 366-cı motoatıcı alayın ermənilərə dəstək verdiyini və 366-cı polkun Xocalının alınmasında birbaşa rolundan sonra Moskvadan onu Qarabağdan çıxartmaq əmrinin gəldiyini qeyd edib (4, s.231). 366-cı alayın hərbi qulluqçularının Xocalıya basqında iştirakı faktı bir sıra hüquq müdafiə təşkilatlarının- o cümlədən “Memorial” hüquq müdafiə təşkilatının hesabatlarında qeyd olunub (1). Bununla belə, erməni tərəfinin məlumatına görə, hücumdan əvvəl şəhəri atəşə tutan hücumda yalnız alayın döyüş maşınları heyətlə birlikdə iştirak edib və hərbi qulluqçuların döyüş əməliyyatlarında iştirakı alay komandanlığının yazılı əmri ilə icazə verilməyib. Əvvəlcə MDB Müttəfiq Silahlı Qüvvələrinin mətbuat mərkəzi 366-cı alayın döyüş əməliyyatlarında iştirakı ilə bağlı xəbərləri qəti şəkildə təkzib etsə də, rus mənbələri, xüsusilə 1992-ci il martın 11-də “Krasnaya Zvezda” qəzeti 366-cı alayın hərbçilərinin döyüş əməliyyatlarında iştirakını təsdiqləyib (5). “Krasnaya Zvezda” qəzeti bununla yanaşı 10 mart 1992-ci il tarixli məqaləsində yazırdı: “Zaqafqaziya Hərbi Dairəsinin komandan müavini Sufiyan Bappayev müxbirimizə bildirdi ki, polkun komandiri polkovnik Yuri Zarviqorov toplanma yerinə bütün üç batalyonu göndərdi, hansı ki, ona ancaq 1-ci motoatıcı batalyonu göndərmək əmri verilmişdi. General-leytenant bunu baha başa gələn özbaşınalıq kimi qiymətləndirdi. Bappayev Zarviqarov mənfi qiymətləndirildi. O artıq qulluq etmək istəmir və yəgin ki, ordudan təxris olunacaq” (6).

Rusiya, Xocalının işğalında iştirak etdiyinə görə 366-cı motoatıcı alayın Qarabağdan çıxarılması barədə təlimat verdi. 1992-ci il martın 10-nunda isə 366-cı motoatıcı alay Gürcüstanda ləğv edildi (4, s.235).

Ermənistan tərəfinin Xocalı hadisələri ilə bağlı ifadələri.

 Ermənistan ictimaiyyəti, rəsmi şəxsləri və təşkilatları arasında Xocalı qətliamının inkar edilməsi və ya qətliamın azərbaycanlıların özləri tərəfindən törədildiyi, yaxud bir nəfər də olsun dinc sakinin ölmədiyi iddiası geniş yayılıb. Memorial Hüquq Müdafiəsi Təşkilatının fikrincə, “Xocalının alınması ilə bağlı cinayətlərin araşdırılmasına heç bir cəhd göstərilmədi. “Memorial”ın müşahidəçiləri ilə söhbətlərində rəsmilər Xocalının tutulması zamanı vəhşiliklərin baş verə biləcəyini inkar etməyiblər, çünki erməni silahlı birləşmələrinin üzvləri arasında qohumları azərbaycanlılar tərəfindən qətlə yetirilən qəzəbli insanlar, həmçinin cinayət keçmişi olan şəxslər də var (1). Tədqiqatçı Markar Melkonyan (ingiliscə) qardaşı Monte Melkonyana həsr etdiyi “Qardaşımın yolu: Amerikanın Ermənistana taleyüklü səyahəti (ingiliscə)” (2005) kitabında Xocalı hadisələrini 1988-ci ildə baş verən təkcə ermənilərin deyil, həm də azərbaycanlıların zərər çəkdiyi Sumqayıt hadisələri ilə əlaqələndirməyə çalışaraq Xocalı hadisələri ilə bağlı məsuliyyətdən yayınmağa çalışır. (7, s. 213-214). Bəzi erməni rəsmiləri Mütəllibovun 1992-ci ilin aprelində “Nezavisimaya qazeta”da dərc olunmuş müsahibəsinə istinad edərək, dinc əhalinin ölümünə görə məsuliyyəti azərbaycanlıların özlərinin üzərinə qoymağa çalışıblar. Bu, Mütəllibovun qəzəbli reaksiyasına səbəb oldu və o,  Mazalovun müsahibəni təhrif etdiyini deyərək, Xocalı qətliamının azərbaycanlıların üzərinə atılmasını “dünyada analoqu olmayan alçaqlıq” adlandırıb.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Thomas De Waal-a verdiyi müsahibəsində Xocalı qətliamının azərbaycanlı əhalidə düşmənə qarşı qorxu yaratmaq məqsədi ilə törədildiyini etiraf edirdi:

“İnsanlar bunları yüksək səslə dilə gətirmirlər. Nə deyə bilirlərsə onu deyirlər. Mən də bu formada hərəkət edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bunu ermənilərin deyil, azərbaycanlıların özlərinin etdiyini dedi. Amma məncə məsələnin əsil mahiyyəti başqa cürdür. Bir zamanlar, Xocalı, bütün Qarabağın qaynayan bölgəsi idi, çünki hava limanı orada idi, çünki Ermənistan ilə tək əlaqəmiz yalnızca hava yolları ilə mümkün idi. Çünki OMON orada idi, insanlardan vergi yığıb, çox insanı həbs etmişdilər. Həmçinin, Stepanakertin yaxınlığında olduğu üçün Stepanakerti top atəşinə tuta bilirdilər. Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik. Bax bu da baş verdi.” (4, s.428).

“DQR” rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri “azad dəhliz”də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah etmişdir. Ermənistan silahlı dəstələrinin sözlərinə görə Azərbaycan bölmələri Ağdamdan “azad dəhliz” istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları hücumu dəf edərkən, Xocalıdan birinci qrup qaçqınlar yaxınlaşdı. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açdılar. Döyüş zamanı bir post dağıdıldı (iki nəfər öldürüldü və 10 nəfər yaralandı). Lakin azərbaycanlıların bilmədiyi digər post Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar.             

Xocalı qaçqınları verdiyi ifadələrində (o cümlədən mətbuatda çap olunmuş) qaçqınlar axınında olan silahlı şəxslərin erməni postları ilə atışma apardıqlarını, lakin hər dəfə atışmanı başlayan tərəfin erməni olduğunu söylədilər.

Həmçinin 2-ci yol ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı (1).

Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz memuarlarında Xocalıda baş verən qətliamın azərbaycanlıların və ermənilərin hərbi təcrübəsinin olmamasına görə və ermənilərin mülki əhali ilə hərbi birləşmələri ayırd edə bilməməsinə görə yaşandığını qeyd edir :

“ Baş verənlərdən hamımız şoka düşdük. Nə baş verdiyini anlamağa çalışaraq, Əsgəran sektorunun müdafiəsinə cavabdeh olan bölük komandirlərimizi və digər hadisə şahidlərini uzun müddət dindirdim. Onların sözlərinə görə, ətrafda nə baş verdiyini heç kim başa düşmürdü: tam çaşqınlıq hökm sürürdü, həm bizim minaatanlarımız, həm də düşmən minaatanları bu zonaya atəş açmışdı, demək olar ki, hamı bir-birinə atəş açmışdı. Daha sonra radionun kəsilməsinin təhlili göstərdi ki, gecə saatlarında  birliklərimiz dinc əhalidən ibarət izdihamı OMON-la səhv salıblar və qoşunlarımız belə qərara gəliblər ki, bunlar Xocalı müdafiəçilərinə kömək etməyə gedən Ağdamlı azərbaycanlı birləşmələrdir. Bu, 1992-ci ilin əvvəlində, həm bizim, həm də azərbaycanlıların yenicə hərbi təcrübə qazandığı bir vaxtda baş verdi və təbii ki, o vaxt bizdə gecəgörmə cihazları yox idi. Qaranlıqda hər iki tərəf irəliləyən düşmən üçün hərəkət edən kütləni götürdü və atəş açmağa başladı.  Bundan əlavə, onların daxil olduğu mövqelərin ön kənarı həmişə hər iki tərəf tərəfindən minalanmış, çarpaz atəşdən sağ çıxanlar isə piyada əleyhinə minalarla partladılmışlar.” (8, s.77).

Erməni müəllif Şahnazyan  isə “Xocalı işi” adlı yazısında Xocalı faciəsinin bir genosid olduğuna şübhə olmadığını qeyd edir (9, s.112). Dolayısı yolla Şahnazyan Xocalı qətliamının  ermənilər tərəfindən həyata keçirilən bir soyqırım aktı olduğunu etiraf etmiş olurdu.

 

İstifadə olunan ədəbiyyatlar

  1. Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями: PDF Document (memohrc.org)
  2. Мамед Велимамедов. Карабахская война 1991-1994, 2013
  3. Виктор Литовкин. Нагорный Карабах: солдаты и офицеры армии СНГ воюют по обе стороны конфликта // Известия. — 04.03.1992
  4. Thomas De Waal. Karabağ, Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan. Hrant Dink Vakfı, İstanbul, 2014
  5. Карабах: война до победного конца? // Красная звезда : газета. — 1992. — 11 марта.
  6. Красная Звезда, 10.03.92. Полк из Карабаха выведен. Пора извлекать уроки
  7. Markar Melkonian. My Brother’s Road: An American’s Fateful Journey to Armenia. B. Tauris, London, 2005
  8. Кочарян, Роберт. Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, 2019
  9. Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Azərnəşr, Bakı-2008

 

 

 

 

Paylaş:

839
0