Əli Novruzov

4 Mart 2022, 0:57

Xocalı soyqırımı: Səbəbləri, işğal və nəticələr. IV hissə

Xocalının azad edilməsi  əməliyyatı və Ayaz Mütəlliboun istefaya göndərilməsi. Xocalı soyqırımından sonra Mütəllibov artıq anlamağa başlamışdı ki, regionda böyük güc qonşu dövlət olan Rusiya olduğuna görə nəyin bahasında olursa-olsun Rusiya ilə hesablaşmaq lazımdır. Əks təqdirdə Azərbaycanı bundan da pis faciələr gözləyə bilərdi. Məhz bu amilləri  nəzərə alan Mütəllibov 1992-ci il fevralın 28-də  MDB Birləşmiş Qoşunlarının Ali Baş Komandanı marşal Şapoşnikova teleqram vuraraq Azərbaycanın MDB Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının tərkibinə daxil olmaq istədiyini bildirdi. Mütəllibovun sözlərinə görə, marşal Şapoşnikov Azərbaycan prezidentinin bu qərarını məmnunluqla qarşılayaraq 366-cı motoatıcı alayın Xankəndindən çıxarılmasına və Azərbaycanın Xocalıda  itirilmiş nəzarətinin bərpasına köməklik edəcəyinə söz vermişdi. Bu danışıqlardan belə nəticəyə gəlmək olar ki, Şapoşnikovun 366-cı motoatıcı alaydan istifadə etməsi Azərbaycan hökumətinin Şapoşnikovun MDB-yə qoşulmaq təklifinə verdiyi rədd cavabı ilə bağlı idi və məqsəd nəyin bahasına olursa-olsun lazım gəlsə cəzalandırmaqla da Azərbaycanın MDB Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının tərkibinə daxil olmağa razı salmaq idi. Bu danışıqlardan sonra qərara alındı ​​ki, 23-cü motoatıcı diviziya və 104-cü hava desant diviziyasının bölmələrinin köməyi ilə Əsgəran və Xocalının azad edilməsi əməliyyatı keçirilsin, sonra isə Əsgəran və Xocalı Azərbaycan hərbçilərinin nəzarətinə verilsin. Bu minvalla 23-cü motoatıcı və 104-cü hava desant diviziyasının hissələrinin Ağdam rayonuna köçürülməsinə başlanıldı. Xocalının azad edilməsi əməliyyatının başladığı bir zamanda müxalifət prezident Ayaz Mütəllibovu devirmək üçün Xocalı faciəsindən tam istifadə etmək qərarına gəldi. Fevralın 28-də AXCP Məclisinin bəyanatında Mütəllibovun istefası üçün bütün dinc vasitələrdən istifadə olunacağı vurğulandı.  AXCP öz bəyanatında Mütəllibovu 1990-cı ilin yanvarında Bakıda qanlı yanvar hadisələrinin törətməkdə və Rusiya rəhbərliyi ilə əlbir olmaqda ittiham etdi. Xocalıda baş verənlər Bakıda hakimiyyət böhranına səbəb oldu. 1992-ci il martın 5-6-da Azərbaycan Ali Sovetinin sessiyası keçirildi. Ali Şuranın binası AXCP-nin çoxsaylı tərəfdarları tərəfindən ələ keçirildi. 1992-ci il martın 5-i səhər saatlarından 6 mart axşama qədər Ali Şuranın binası etirazçılar tərəfindən tamamilə tutuldu. İclasın başlanmasının ilk dəqiqələrindən AXCP-dən olan deputatlar təşəbbüsü öz əllərinə aldılar. Onların xahişi ilə Ç.Mustafayevin Xocalı sakinlərinin edam edildiyi yerdə çəkdiyi videogörüntülər nümayiş etdirildi. Həmin vaxt etirazçılar Ali Şuranın binasını mühasirəyə alaraq Mütəllibov istefa verməyənə qədər heç kimin Ali Şuradan buraxılmayacağını bəyan etdilər. AXCP-dən olan deputatlar növbə ilə aksiya iştirakçılarının yanına çıxıb, onlara Ali Şuranın iclasının necə getdiyi barədə məlumat verib, xalq kütlələrini qızışdırdılar. Aydın idi ki, Xalq Cəbhəsi şansını əldən vermək istəmir və Mütəllibovu devirmək, sonra hakimiyyətə gəlmək üçün Xocalı soyqırımından istifadə etmək niyyətində idi (1, s.316).

Mütəllibov bu yolla vəziyyəti birtəhər sakitləşdirməyə ümid edərək, Ali Sovetin sədri E. Qafarovanı istefaya göndərdi. E.Qafarova istefa verəndən sonra onun yerinə Bakı Tibb İnstitutunun rektoru Yaqub Məmmədov Ali Sovetin sədri seçildi. A.Mütəllibov Ali Sovetin sessiyasındakı çıxışında son hadisələri təhlil edərək, məğlubiyyətlərin əsas səbəblərini izah etdi. Əsas səbəblər milli qvardiyanın əvəzinə milli ordunun yaradılması, Azərbaycanın MDB Müttəfiq Qüvvələrinə qoşulmaqdan imtina etməsi ilə bağlı idi.  

Mütəllibov özü də sonralar 1992-ci il fevralın 14-də MDB-nin Müttəfiq Silahlı Qüvvələri haqqında müqaviləni imzalamaqdan imtina etməsini özünün bağışlaya bilməyən əsas səhvi olduğunu qeyd edəcəkdi.  Beləliklə 1992-ci il martın 6-da Ayaz Mütəllibov istefa verməli oldu (2, s.234).

Bakıda hakimiyyət böhranının baş verdiyi bir zamanda 1992-ci ilin martın 3-də cənub qoşunlarının komandanı, ordu generalı Nikolay Popov Xocalının azad edilməsi əməliyyatı üçün Ağdama gəldi. General Nikolay Popov Ağdam rayon nümayəndələri ilə görüşdə bildirdi ki, ona tapşırılan vəzifəni yerinə yetirərək, Azərbaycana kömək edəcək. 1992-ci il martın 3-dən 4-nə keçən gecə Ağdama rus qoşunlarının böyük bir kolonu gəldi.  Rusiya qoşunlarının tərkibinə 23-cü motoatıcı diviziyasının bölmələri, həmçinin iki özüyeriyən artilleriya batareyası olan 104-cü hava-desant diviziyasının 345-ci paraşüt alayının paraşüt batalyonu daxil idi. 1992-ci il martın 6-da saat 12 radələrində Ağdamda yerləşən rus kolonlarının və Azərbaycan hərbu hissələrinin Xocalının və Əsgəranın azad edilməsi əməliyyatı başlandı. İlk hücum Əsgərana təyin edildi. Məqsəd Əsgəran və Xocalını, həmçinin Kyatuk və Daşbaşının mühüm yüksəkliklərini azad etmək idi. Hücum zamanı erməni dəstələrinin müdafiəsi yarıldı və qoşunlar Əsgərana daxil oldular. Lakin saat 18 radələrində Mütəllibovun istefası barədə xəbər gəldi və bundan sonra rus qoşunları hücumda iştirakını dayandıraraq oranı tərk etdi. AXC-nin Ağdam şöbəsinin rəhbərlərindən olan Təhmasib Novruzovun 1992-ci il martın 6-da axşam saatlarında Bakıya zəng edərək, Oktay Qasımov, Pənah Hüseynov, İsa Qəmbərov və İsgəndər Həmidovla danışıq aparıb onlardan Əsgəranın azad edilməsi əməliyyatı bitməmiş Mütəllibovun istefaya göndərilməməsi ilə bağlı etdiyi xahiş də bir nəticə vermədi. Artıq gecə saatlarında erməni dəstələri Əsgəran rayonu üzərində tam nəzarəti bərpa etdilər. Beləliklə, Azərbaycan daxili çəkişmələr səbəbindən Qarabağ müharibəsində vəziyyəti kökündən öz xeyrinə dəyişmək, Əsgəran rayonu və Xocalını nəzarətə götürmək imkanını itirmiş oldu (1, s.320).

.

Nəticə.

Xocalı soyqırımı XX əsrin ən qanlı hərbi cinayətlərdən biri olaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Cenevrə konvensiyasını kobud şəkildə pozaraq insanlığa qarşı törətdiyi soyqırım aktı olmuşdur (4). Bununla yanaşı Xocalı hadisələri yalnızca Ermənistan tərəfinin hərbi cinayəti deyil, Azərbaycanda baş verən hakimiyyət uğrunda mübarizənin nəticəsi olaraq da baş vermişdi. Xocalı hadisələrinin üçüncü səbəbi də Azərbaycanda Rusiyaya qarşı müxalif mövqe tutan hakimiyyətin gəlməsi ilə bağlı idi. Məhz AXCP-nin dövlət çevrilişi edərək Ayaz Mütəllibovu devirməsi və hakimiyyətə gələndən sonra anti-Rusiya mövqeyi sərgiləməsi Azərbaycanın regionda tək qalmasına və Rusiyanın da Ermənistan yönümlü siyasət aparmasına şərait yaratmışdı. Bunun da nəticəsində Azərbaycan Xocalıdan sonra daha böyük faciələrlə üzləşmiş və 1-ci Qarabağ müharibəsi nəticəsində də ağır duruma düşmüşdü.

 

              İstifadə olunan ədəbiyyatlar

           1)Мамед Велимамедов. Карабахская война 1991-1994, 2013

2)Thomas De Waal. Karabağ, Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan. Hrant Dink Vakfı, İstanbul, 2014

 

Paylaş:

522
0