Əli Novruzov

25 Fevral 2022, 21:54

Xocalı soyqırımı: Səbəbləri, işğal və nəticələr. I hissə

XX əsrin əvvəllərində Xocalının etnik tərkibi. 

1910-cu ildə Qafqaz təqvimi adlı statistik sənədə əsasən 1908-ci ildə Yelizavetpol quberniyasının Şuşa uyezdinin Xocalı kəndində “tatarlar adlandırılan 184 nəfər azərbaycanlı yaşayırdı (1, s.398).  1912-ci il Qafqaz təqviminin bilinən sonuncu statistikasına əsasən Şuşa uyezdində Xocalı adında iki hissədən ibarət yaşayış məntəqəsi vardır ki, həmin yaşayış məntəqəsinin bir hissəsində 172 nəfər azərbaycanlı (mənbədə azərbaycanlı adı tatarlar kimi qeyd olunub) digər hissəsində isə 52 rus yaşayırdı (2, s.217). 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildikdən sonra Xocalı azərbaycanlıların yaşadığı kənd kimi DQMV-yə daxil olmuşdu. 1988-ci ildən başlayan etnik münaqişə nəticəsində də erməni əhalisi Xocalını tərk etmişdi.

1987-ci ildə azərbaycanlıların sayı 2025 nəfərə, 1989-cu ildə 2135 nəfərə, artıq 1991-ci ildə isə 6300 nəfərə çatıb. Belə ki, cəmi 5 il ərzində, 1987-1991-ci illər arasında Xocalı kəndində azərbaycanlıların sayı 3 dəfədən çox artmış və buraya gələn azərbaycanlıların əksəriyyəti Xankəndindən köçmüşdü. 1990-cı ildə Özbəkistandan qaçan 300-ə yaxın ahıska-məsxəti türkləri də Xocalı kəndində yerləşdirildi. 

Əhalinin sayına görə Xocalı Dağlıq Qarabağın Şuşadan sonra azərbaycanlıların yaşadığı ikinci ən böyük yaşayış məntəqəsi idi. Xankəndi ilə Əsgəranı birləşdirən, sonra Azərbaycanın böyük şəhəri Ağdama doğru gedən yol Xocalıdan keçir. Xocalı Dağlıq Qarabağda təyyarələrinin eniş etdiyi yeganə aerodromdur. 1988-ci ildə Xocalı dəfələrlə etnik münaqişənin əsas qaynar nöqtəsinə çevrilib. Ermənistan tərəfi Azərbaycan tərəfinin orada intensiv iş aparmasına və Ermənistandan olan azərbaycanlı qaçqınların, eləcə də Özbəkistandan olan ahıska türklərinin yerləşdirilməsi faktına dəfələrlə qarşı çıxıb. Xankəndindən və Dağlıq Qarabağın digər bölgələrindən olan bəzi azərbaycanlı qaçqınlar hesabına Xocalı kəndinin əhalisinin sayı 6300 nəfərə çatmışdı (3). Həqiqətən də Ermənistan SSR-də 1988-ci ilin payızından etibarən azərbaycanlı əhalinin deportasiyası prosesi həyata keçirilmiş və bu deportasiyanın nəticəsi olaraq 216 azərbaycanlı həyatını itirmişdi.  Deportasiya zamanı 10-larla azərbaycanlının ziyan çəkdiyini tərəfsiz Britaniya yazıçısı olan Tomas de Vaal da təsdiq edir (4, s. 86-87).

1990-cı ilin aprelində Azərbaycan SSR Ali Soveti Xocalıya şəhər statusu verdi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra bölgədə olan sovet ordusu Dağlıq Qarabağı da tərk etdi. Buna görə də əvvəlcədən Dağlıq Qarabağa yerləşdirilən Azərbaycan Daxili İşlər Nazirliyinin OMON bölmələri erməni separatçıları ilə mübarizədə tək qaldılar. Sovet ordusunun Dağlıq Qarabağdan çıxması ilə erməni-daşnak separatçıları “Cəbhə xəttini daraltmaq  qərarı” adı altında azərbaycanlıları kəndlərindən qovmağa başladılar (4, s.227). 


Xocalının işğal edilməsinin səbəbləri. 

Xocalının işğal edilməsinin səbəblərini aydınlaşdırmaq üçün həmin səbəblərin daxili və xarici faktorlarla əlaqəli olduğunu nəzərə almaq lazımdır.

Xocalının işğal edilməsinin daxili səbəblərinə aşağıdakı amillər daxildir:

  • Dövrün Azərbaycan silahlı qüvvələrinin canlı qüvvə və texnoloji baxımdan erməni separatçılarından zəif olması: Xüsusilə Bunu Milli Təhlükəsizlik Nazirliyinin Xocalıdakı hərbi qüvvə və texnikalarla bağlı Ayaz Mütəllibova göndərdiyi məlumatda da görmək olar (9, s.296);
  • Xocalının iqtisadi resurslardan məhrum edilərək blokada şəraitinə düşməsi;
  • Azərbaycanın daxilində siyasi sabitliyin olmaması və nəticədə Xocalının müdafiəsinin təşkilində yaranan çətinliklər;

Xocalının işğal edilməsinin xarici səbəblərinə aşağıdakı amillər daxildir:

  • Xocalının Ermənistan Respublikası və erməni separatçıları üçün əlverişli strateji mövqeyə malik olması;
  • Rusiya ilə Ermənistan arasında baş verən yaxınlaşma;
  • Etnik münaqişə; 
  • Azərbaycan əhalisində hücum edən düşmənə qarşı qorxu hissini yaratmaq;
  • Erməni separatçılarına qarşı 1990-cı və 1991-ci ilin aprel-may aylarında hərbi əməliyyatlar həyata keçirən Sovet İttifaqı silahlı qüvvələrinin regionu tərk etməsindən sonra Azərbaycan erməni separatçıları ilə mübarizədə köməksiz vəziyyətdə qalması.

1991-ci ilin payızında Rusiya və Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” haqqında müqavilənin imzalanması erməni separatçılarına Rusiyadan silah alaraq Azərbaycana qarşı silahlanmaq imkanını yaratdı. Bu özünü çox gözlətmədi. 1991-ci il noyabrın 20-də içərisində Azərbaycanın dövlət və hökumət rəhbərliyinə daxil olan şəxslərlə bərabər SSRİ Müdafiə Nazirliyinin, Rusiya və Qazaxıstanın müşahidəçilərini Xocavənddə yaşayan azərbaycanlıların qətlə yetirilməsini araşdırmağa gedən adamların olduğu helikopter erməni terrorçularının atəşi nəticəsində məhv edildi. Bu terror aktı nəticəsində 22 nəfər faciəli şəkildə həlak oldu. Bundan sonra Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan əraziyə erməni terrorçularının hücumları daha da gücləndi. Füzuli rayonunun Arış, Cuvarlı, Çimən, Xələfşah, Axullu, Goranboy rayonunun Şəfəq, Zeyvə və s. kəndlərinə erməni basqınları nəticəsində xeyli ziyan vuruldu, onlarla ev viran edildi (5, s. 48). 

Sovet qüvvələrinin Dağlıq Qarabağdan çıxmasından istifadə edən erməni separatçıları Sovet silahlı qüvvələrinin Qarabağda yerləşən cəbhəxanasını bütünlüklə ələ keçirdilər. Bəzi silahlar, SSRİ Daxili İşlər Nazirliyinin, 1991-ci ildə, Dağlıq Qarabağda yerləşən dörd alayından gəldi. 1991-ci il dekabrın 22-də, ermənilər, Xankəndindəki polis alaylarının kazarmasını və kazarmanın bütün cəbhəxanasını ələ keçirdərək polis alaylarını tərksilah etdilər. Erməni diversantları ilə polis alayları arasında baş verən atışmada bir rus sürücü həlak oldu (4, s.227). 1991-ci ilin dekabr ayının 23-də 500 nəfərlik erməni qoşunu Xankəndində yerləşən 366-cı rus alayının əsgərləri və hərbi texnikası ilə birlikdə Dağlıq Qarabağın Meşəli kəndini tam mühasirəyə aldılar. Kəndi qoruyan könüllü döyüşçülərin və onlara köməyə gələn Ağdam polis şöbəsinin 10 nəfər əməkdaşının qəhrəmancasına müqavimətinə baxmayaraq kənd işğal edilib yerlə yeksan edildi. Ermənilər dinc sakinlərdən 27 nəfəri öldürmüş, 15 nəfərdən çox adamı ağır yaralamışdılar. Öldürülənlər arasında azyaşlı məktəbli və 75 yaşlı qoca da var idi. Öldürülənlərin 11 nəfərinə ermənilər od vurub yandırmışdı. Sonralar kəndin müdafiəçilərindən olan Faiq Ağayev ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdü (5, s.65).

1991-ci ilin oktyabrında, erməni diversantları Xocalını Ağdama birləşdirən yolu kəsdilər. Xocalı şəhərinə yalnız bir yolla getmək mümkün idi ki, o da helikopterlərdən istifadə etməklə mümkün ola bilərdi (4, s.231). ABŞ jurnalisti Thomas Goltz da 1992-ci ilin yanvarında Xocalıya gedən yolun kəsildiyini təsdiq edərək yazırdı: “O vaxtlar Xocalıya getməyin yeganə yolu helikopterlə mümkün ola bilərdi, çünki ermənilər Ağdama gedən yolu tutmuşdular” (6, s.172). 

1991-ci ilin payızından Xocalı faktiki olaraq erməni silahlı birləşmələri tərəfindən mühasirəyə alınmış, daxili qoşunlar Dağlıq Qarabağdan çıxarıldıqdan sonra da, Xocalı blokada vəziyyətinə düşmüşdü. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisinin verilməsi kəsilmişdi. Xocalı rayon hakimiyyətinin icra başçısı E. Məmmədovun təkidli tələbi ilə sakinlərin bir hissəsinin şəhəri tərk edə bilməsi üçün şərait yaradılsa da, dinc əhalinin tam təxliyəsini təşkil etmək də mümkün olmamışdı (3).  Thomas Goltz Xocalının vəziyyətini belə təsvir edir: “Xocalıda işləyən telefon tapmaq mümkün deyildi, nə elektrik, nə yanacaq, nə də su tapmaq mümkün idi. Xarici aləmlə bağlantı bir helikopterlərlə mümkün idi ki, hər uçuş zamanı bu helikopterlərin də təhlükə ilə qarşılaşması an məsələsi idi” (6, s.174). 

Xocalının erməni hərbi-siyasi rəhbərləri tərəfindən ələ keçirilməsini tam anlamaq üçün elə erməni siyasi-hərbi rəhbərlərinin memuarlarına müraciət etmək vacibdir. Ermənistanın sabiq prezidenti Robert Koçaryan, xatirələrində Xocalının strateji əhəmiyyəti daşıdığını və şəhərin buna görə ələ keçirildiyini qeyd edir. Bununla yanaşı Koçaryan Xocalının ələ keçirilməsini Azərbaycanın OMON bölmələrinin Xocalıya böyük qoşun kontingenti cəmləşdirərək Stepanakerti atəş tutması ilə əlaqələndirməyə çalışır (7, s.76). Bununla yanaşı erməni general Arkadi Ter-Tadevosyan da    Xocalıda həmçinin iki ədəd “Qrad” tipli reaktiv atəş sisteminin olduğunu şəhərə hücumu 2 səbəblə əsaslandırırdı.

  1. Xocalıda Azərbaycan ordusuna aid BM-21 (Qrad) vasitəsi ilə mütəmadi olaraq Stepanakertin atəş altında tutulması.
  2. Döyüş əməliyyatlarının intensivliyinin artması ilə əlaqədar olaraq helikopterlərin yanacaq və hərbi texnika ilə bağlı artan tələbin öhdəsindən gələ bilməməsi. Təyyarələrin istifadəsi üçün Xocalıdakı hava limanı çox vacib idi.

      Bununla yanaşı Arkadi Ter-Tadevosyan Xocalı əməliyyatına hazırlığın 3 həftə çəkdiyini qeyd edirdi. Xocalı əməliyyatında 487 erməni döyüşçüsü iştirak edib. Erməni bölmələri ilk dəfə olaraq  zirehli texnikalardan – iki BRDM bölməsindən və bir ədəd 100 mm-lik Rapier tank əleyhinə silahdan istifadə edirdilər (8, s.568-569). 

         

Artıq 1992-ci ilin fevralın əvvəllərindən hər gün Qarabağdan Bakıya həyəcanlı mesajlar gəlirdi.  Bununla bağlı Məmməd Vəliməmmədovun Qarabağ müharibəsi ilə bağlı kitabından Xocalı hadisələrindən əvvəl Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər və Xocalının müdafiəsi ilə bağlı edilən cəhdlərə dair dövrün sənədlərin diqqətinizə çatdırmağı vacib hesab edirik. 1992-ci il fevralın 14-də Milli Təhlükəsizlik Nazirliyinin baş verən hadisələrlə bağlı belə bir xəbəri yayıldı: “Fevralın 12 və 13-də Ermənistanın Noraqyux və Mehdiabad kəndlərindən Xocalı piyadaların döyüş maşınından atəşə tutulub. Əhalidən iki nəfər yaralanıb, bir neçə ev dağılıb. Daşbulaq, Noraquğ, Əsgərana hərbi texnikanın (dörd piyada döyüş maşını, zirehli transportyor və s.) hərəkəti müşahidə olunur. Məlumat Ş.Musayevə (Baş Qərargah rəisi – red.) verilib”. 1992-ci il fevralın 16-da isə belə bir mesaj verildi: “Xocalı şəhərində piyadaların döyüş maşınlarından və zirehli transportyorlardan kütləvi atəşə tutulması davam edir. Şəhərdə vəziyyət kritikdir. Təcili yardım göstərmək, xüsusən də hava limanını qorumaq üçün tədbirlər görmək lazımdır” (9,s.295). Milli Təhlükəsizlik Nazirliyinin fevralın 14-də yaydığı xəbərdən və Baş Qərargah rəisi Şahin Musayeva göndərdiyi məlumatdan belə qənaətə gəlmək olar ki, Bakı Xocalıda və şəhər ətrafında vəziyyətdən yaxşı xəbərdar idi və Xocalını qorumaq üçün tədbirlər görülməsinin zəruriliyi qeyd olunurdu.


Xocalının müdafiəsi üçün edilən ilk cəhdlər. 

1991-ci il dekabrın 17-də Xocalı şəhər icra hakimiyyətinin başçısı Elman Məmmədov Prezident Ayaz Mütəllibova ünvanladığı teleqramda yazırdı: “Sizə bildirməyi zəruri hesab edirəm ki, erməni silahlı birləşmələrinin məqsədyönlü hücumları nəticəsində Qarabağdakı azərbaycanlı yaşayış məntəqələri ələ keçirilir. Xankəndi ilə Əsgəran arasında yolu açmaq üçün Xocalıya qarşı güclü hücum hazırlanır. Ermənilər bizi məhv etmək üçün hər cür səy göstərəcəklər. Ermənistan helikopterlərinin tez-tez uçuşları bunu təsdiqləyir. Xocalının müdafiəsini təşkil etmək üçün təcili olaraq lazımi tədbirlər görməyinizi sizdən xahiş edirəm. Xocalı Azərbaycan üçün strateji əhəmiyyətli nöqtədir. Bizə təcili yardım lazımdır”. Bu teleqramı aldıqdan sonra Mütəllibov Midhət Abbasova lazımi tədbirlər görməyi tapşıraraq belə bir teleqram göndərdi: “T. Abbasov M. T. (dövlət katibi. - Red.) Sizdən xahiş edirəm ki, lazımi tədbirlər görəsiniz. Dövlət katibi Midhət Abbasov prezident Ayaz Mütəllibova belə bir cavab göndərdi: “Məsələ ilə bağlı Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə nazirliklərinin nazirlərinə və digər maraqlı idarələrin rəhbərlərinə tapşırıqlar verilib. Görülən tədbirlərlə bağlı razılaşdırılmış qərar qəbul edilib”. (9.s.295). 

1991-ci il dekabr ayının sonunda Xocalı rayon prokuroru Atakişi Atakişiyev prezident Mütəllibova və baş prokuror Murad Babayevə teleqram göndərdi. Teleqramda deyilirdi: “Hər şey bizim üçün sona çatır, demək istədiklərimizi anlayın. Əhali Xocalını tərk etmək istəyir. Müdafiə nazirliyindən bizə heç bir kömək göstərilmədi. Cənab prezident, əhali Xocalını tərk edərsə o zaman Stepanakert (Xankəndi- məqalənin müəllifinə aiddir) – Əsgəran yolu açılacaqdır. Bizə kömək etməyinizi xahiş edirik. Xocalıda heç bir idarə, heç bir müəssisə, heç bir kolxoz və ya sovxoz fəaliyyət göstərmir. Yaralıların təcili müalicəsi üçün tibbi avadanlıq yoxdur. Sarğı yoxdur. Dərhal köməyinizi gözləyirik, sonra çox gec olacaq. Bizə təcili yardım edin”. Ayaz Mütəllibov Müdafiə Nazirliyinə teleqram vuraraq lazımi köməyin göstərilməsini xahiş etdi (9, s.296). 

Bütün bunlarla yanaşı baş verən bir maraqlı epizod da Milli Məclisin gündəliyində Xocalının təhlükəsizliyinin necə təmin ediləcəyi ilə bağlı hələ də sualların dolaşdığını isbat edir.  Ali Sovetin iclasında deputatlardan biri A.Mütəllibovdan soruşmuşdu: "Qarabağın, Şuşanın, Xocalının toxunulmazlığına, ərazi bütövlüyünə təminat varmı?!" O, soyuqqanlılıqla, biganəliklə cavab vermişdi: "Sualınızın cavabını bilsəydim, özümü dünyanın ən xoşbəxt adamı hesab edərdim" (9, s.296). 

Xocalı hadisələrinin canlı şahidi olmuş Şamil Ələkbərli 2011-ci ildə Fiona Maclachlana verdiyi müsahibədə həmin günləri belə xatırlayırdı: “13 fevral 1992-ci ildə, nümayəndələrlər görüşdük və Xocalıya aparmaq üçün yeyəcək ərzaqları hazırladıq. Füzuli Rüstəmov yeyəcəklərin bir qismini at belində Xocalıya çatdıra bildi. Meşə ermənilərlə dolu olduğu üçün bu çox təhlükəli idi. Daha sonra ruslara verdik və Xocalıya yeyəcək ərzaqları çatdırmaq üçün helikopter icarəyə götürdük. Başlanğıda eniş edə bilmədiyimiz üçün yeyəcəkləri havadan atırdıq. Qısa müddət sonra enə bildik və 70 nəfəri xilas edib Ağdama apardıq” (10, s.29). 

Xocalıdan olan bir qadın Bakıda Helsinki Watch-a verdiyi müsahibədə həmin günləri belə xatırlayırdı: Ermənilər Malıbəylini ələ keçirdikdən sonra Xocalıya ultimatum verdilər. Onlar ağ bayraqla şəhəri tərk etməmizi istəyirdi. Əlif Hacıyev bu barədə bizə 15 fevralda məlumat verdi. Ancaq bu məni və digər insanları qorxutmadı. Onların Xocalını işğal edə biləcəyinə heç inanmırdıq.” (11, s.20). 

Hələ 1991-cı ilin payızında sovet rəhbərliyinin əmri ilə Dağlıq Qarabağda yaradılmış prezident üsul-idarəsi kifayət qədər səmərəli fəaliyyət göstərmədiyindən Azərbaycanın o dövrki rəhbərliyi 1992-c ilin fevral ayının 10-da Xocalıda və Dağlıq Qarabağda yaranan vəziyyəti vahid mərkəzdən, operativ idarə etmək üçün ümumi komandanlıq yaratdı və Tahir Əliyev onun başçısı təyin olundu. Bəhs edilən dövrdə Xocalının müdafiə qüvvələrinin ixtiyarında 250-ə qədər avtomat,bir ədəd top, iki ədəd “Alazan” raket qurğusu və 1 ədəd BRDM var idi. O dövrün məlumatlarına görə, həmin vaxtlar Xocalını əhatə edən ermənilər yaşayan kəndlərdə - Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcanda ermənilərin 515 nəfər canlı qüvvəsi, 3 “Alazan” raketi,10 ədəd zirehli transpartyoru,3 ədəd PDM və bir neçə tankı olmuşdur. Düşmənin əsas qüvvəsi isə Xankəndində və Əsgəranda əmrə hazır dayanmışdılar. Bütövlükdə o dövrdə Dağlıq Qarabağın erməni ordusunun sayı buradakı Ermənistan Silahlı Qüvvələri nəzərə alnımadan 7 min nəfər olmuşdur. 1992-ci il fevral ayının 12 və 13-də Xocalı qonşu erməni kəndləri tərəfindən atəşə tutuldu və bundan az keçməmiş erməni hərbi qüvvələrinin Xankəndindən Xocalıya tərəf yerdəyişməsi baş verdi (5, s. 82-83). 1992-ci il fevralın 13-də, sonuncu helikopter Xocalıya gələndən sonra, 300-dən az insan mühasirədən çıxarılmışdı və 3000 nəfərə qədər adam qalmışdı. Xocalı aeoroportu OMON komandiri Əlif Hacıyev və 160 nəfərlik zəif silahlanmış hərbi birlik tərəfindən qorunurdu (4, s.231). Məsələ orasında idi ki, helikopterlər də bir çox səbəbdən istənilən vaxt uça bilmirdi. Ermənilər yanvar-fevral aylarında Xocalı və Şuşaya uçan 7 sərnişin vertalyotunu gülləyə tutmuşdular. Bu da hava əlaqələrini çətinləşdirirdi. Xüsusilə, 1992-ci il yanvarın 28-də Şuşa şəhəri səmasında içərisində 44 nəfər dinc Azərbaycanlı əhalinin olduğu mülki vertalyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də demək olar ki, kəsildi. Beləliklə şəhərin blokadası tam başa çatdırıldı. 

 

İstifadə olunan ədəbiyyatlar

  1.  Кавказский календарь. — Тф., 1910.
  2.  Кавказский календарь. — Тф., 1912. — 217 с.
  3. Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями: PDF Document (memohrc.org)
  4. Thomas De Waal. Karabağ, Barış ve Savaş Süreçlerinde Ermenistan ve Azerbaycan. Hrant Dink Vakfı, İstanbul, 2014
  5. Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Azərnəşr, Bakı-2008
  6. Thomas Goltz. Azerbaycan Günlüğü. Savaşın yaraladığı, petrol zengini bir eski Sovyet cumhuriyyeti`nde muzip bir muhabirin maceraları. Teas Press, 
  7. Кочарян, Роберт. Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, 2019
  8. Тер-Тадевосян, Аркадий (2007) “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”: Cover & Invitation (ararat-center.org)
  9. Мамед Велимамедов. Карабахская война 1991-1994, 2013
  10. Fiona Maclachlan and Ian Peart. Khojaly Witness of a crime Armenia in the dock. Ithaca Press, 2014
  11. Human Rights Watch/Helsinki (formerly Helsinki Watch) Report. Bloodshed in the Caucasus, 1992.

Paylaş:

1194
1