Fərhad Nəbiyev
4 Mart 2022, 22:06Valyuta məzənnə rejimləri və Azərbaycanda üzən məzənnəyə keçid

Bir neçə həftə əvvəl Azərbaycan Mərkəzi Bankı artıq üzən məzənnə sisteminə keçəcəyi xəbərini açıqladı. Bu mövzuda mediada xəbərlər paylaşılsa da necə deyərlər, information pollution, yəni bizim dildə hərfi tərcümə ilə informasiya kirliliyi var. Bəs nədir bu üzən məzənnə və bunun xalqa təsiri necə olacaq?
Mərkəzi Bank məzənnə siyasəti cəhətdən əsasən iki yol izləyə bilər: sabit məzənnə sistemi (fixed exchange rate) və üzən məzənnə sistemi (floating exchange rate). Hər ikisinə ayrı ayrılıqda göz ataq:
Sabit məzənnə, (fixed exchange rate) adından da göründüyü kimi bir hökumət və ya mərkəzi bank tərəfindən tətbiq edilən, ölkənin rəsmi valyuta məzənnəsini başqa bir ölkənin valyutasına və ya qızılın qiymətinə bağlayan bir sistemdir. Sabit məzənnə sisteminin məqsədi valyutanın dəyərini dar diapazonda saxlamaqdır. Yəni valyutanın çox sərt qalxış və enişlər yaşamağına şərait yaratmamaq əsas məqsəddir. Teoriyada sabit məzənnə əsasən inkişaf etməkdə olan dövlətlər üçün daha məqsədəuyğundur. Çünki bu dövlətlərin istehsal imkanları məhduddur. Daxili istehlakı qarşılamaq üçün məhsulları idxal etməyə məcburdurlar və bu ölkələrdə idxal əməliyyatlarının həcmi böyük olur. Bu ölkələr üçün milli valyutanın sabitliyi həyati əhəmiyyət kəsb edir. Yəni deyə bilərik ki bu ölkələr bir növ xarici ölkələrdən asılı haldadır.
Üzən məzənnə sistemi (floating exchange rate) isə məzənnənin sərbəst buraxıldığı, valyutanın dəyərinin tələb və təklifə nəzərən təyin olunduğu sistemdir. Əgər valyutaya olan tələb yuxarıdırsa həmin valyuta dəyər qazanır, əks halda, yəni tələb azdırsa valyuta dəyər itirir. Bu sistem Bretton Woods sisteminin çöküşündən sonra dünyanın ən böyük iqtisadiyyatları tərəfindən seçildi və həmin ölkələr valyutalarını sərbəst buraxdılar.
Gəlin Bretton Woods sisteminə nəzər yetirək. Bretton Woods 1944-cü ildə qlobal pul və ticarət hesablarını tənzimlənmək üçün çağırılmış konfransdır. Bu konfransın sonunda ABŞ dollarının qızıla, digər valyutaların isə ABŞ dollarına sabitlənəcəyi qərarı alındı. Buna əsasən qızılın 1 unsiyası 35 dollara sabitlənirdi, digər dövlətlərin milli valyutaları isə öz valyutalarını ABŞ dollarına ±1% ilə sabitləyir, milli valyutalarını sabit tutmaq üçün ölkələrin mərkəzi bankları valyuta müdaxilələri edirdilər, yəni ehtiyac olduqda dollar rezervlərini satır və ya alırdılar. Bretton Woods sistemində önə çıxan digər yeniliklər isə Beynəlxalq Valyuta Fondu (IMF) və hal hazırda Dünya Bankının tərkibində (The World Bank group) olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) qurumlarının yaradılmasıdır. Sabit məzənnələr beynəxalq ticarətdə sabitliyi tənzimləməyi və ticarətin inkişafını hədəfləmişdi.
Valyutaların yalnız dollara sabitlənməyi dollara olan tələbi artırdı. Artıq bir nöqtədən sonra ABŞ qızıl ehtiyatları tədavüldə olan dolların dəyərini ödəməməyə başladı. 1971-ci ildə ABŞ dolları qızıla qarşı devalvasiyaya məruz qaldı. O dövrün prezidenti Riçard Nikson mərkəzi banklar üçün dolların qızıla çevrilməsini qadağan etdi. 1973-cü ildə artıq 1 unsiya artıq 42 dollara bərabər idi. Bundan sonra Bretton Woods sistemi çökdü və Yamayka Konfransı çağırıldı. Orda qəbul edilən qərarlara əsasən valyutaların məzənnələri ona olan tələb və təklifə əsasən dəyişir.
Üzən məzənnə sisteminə gəldikdə isə, burada əsas 2 versiya önə çıxır: "Təmiz" və "Çirkli" məzənnə
Təmiz üzən məzənnə sistemində mərkəzi bankın heç bir müdaxiləsi olmur və valyutanın dəyəri bazarın hərəkətverici qüvvələrinə, yəni tələb və təklifə əsasən müəyyən olunur. Çirkli məzənnə sistemində isə valyutanın tam sərbəst buraxılmadığı, əsasən tələb və təkliflə dəyərin müəyyən olunmasına baxmayaraq mərkəzi bankın yenə də valyuta alqı-satqı əməliyyatları yerinə yetirdiyini görürük.
Azərbaycan Mərkəzi Bankının bu dövrə qədərki yürütdüyü siyasət sabit məzənnə rejimi idi. Yəni daimi olaraq mərkəzi bankımız dollar rezevrlərini sataraq manatı sabit tutmağa çalışırdı. Çünki manatın sabit olmağı yuxarıda qeyd etdiyim səbəblərdən dolayı çox önəmlidir. Manatın sabit qalmağı sayəsində həm idxal olunan məhsullar, həm də yerli məhsulların qiyməti sabit qalırdı. 2015-ci ildəki devalvasiyadan sonra isə məhsulların qiymətində birdən-birə artımları göründü. O zamanlar əhalinin dilində bir söz fırlanırdı: "filan məhsul ki xaricdən alınmır, niyə onun qiyməti qalxır ki?!" Çünki Azərbaycanın onsuz da az məhsul istehsal eləyir, istehsal elədiyi məhsulların da çox hissəsinin xammalı xaricdən idxal olunur. Xammala və istehsala çəkilən artdıqda aydındır ki məhsulun özünün qiyməti artır. Sadə dildə desək, qiymət artımı da inflyasiya deməkdir. İnflyasiyanın mövcudluğu, ələxsus da iqtisadi artım olmadan inflyasiyanın mövcudluğu isə əhalinin rifahına zərbə endirir.
Gələk günümüzə. Mərkəzi Bank haqqında danışdığımız açıqlamanı verməmişdən müəyyən müddət öncə ölkə başçısının Mərkəzi Bankın rezervləri barəsində açıqlaması var idi. 2015-ci ildəki ardıcıl 2 devalvasiyanı vurğulandı və Mərkəzi Bankın rezervlərini sataraq müdaxilə etməsi barədə danışıldı. Həmçinin bu müdaxilənin kifayət etməməyi və nəticədə rezervləri əldə saxlamaq üçün devalvasiyaya məcbur şəkildə icazə verilməsi barədə danışıldı. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytında paylaşılan rəqəmlərə görə 2015-ci ilin əvvəli 12 milyard ABŞ dolları rezervi olan Mərkəzi Bankın ilin sonunda cəmi 5 milyard dollar rezervi qalmışdı. Bir ildə 7 milyard azalan dollar rezervi. Prezident öz çıxışında isə 10 milyard rezervin əldən çıxdığını bildirmişdi. Həqiqətən də çox böyük rəqəmlərdir. Daha sonrakı illərdə isə rezervlərin artan tendensiyada davam etdiyini görə bilərik. Ümumilikdə götürdükdə isə sonradan üzən məzənnə sisteminə keçən Mərkəzi Bank manatı ABŞ dolları qarşısında 1.55 manat səviyyəsində saxlaya bilmişdi. Sonradan bu səviyyə 1.70 olaraq müəyyən edilərək günümüzə qədər hazırda da davam edir. Təbii ki Mərkəzi Bankın rezervlərini əlində tutması vacib məsələdir, uzun müddət sabit məzənnə rejimində qalmaq sərf etməz. Lakin manatın sabitliyi əhalinin rifah halının yaxşı olması üçün çox kritikdir. Siyasətinin əsas prinsipinin insan olduğu deyilən, hər daim sosial sahəni diqqət mərkəzində saxlayan dövlətdə üzən məzənnə sisteminə keçməmişdən qabaq bir sual verilməlidir: Azərbaycan iqtisadiyyatı buna hazırdırmı? Çünki valyutamızın dəyərli qalması üçün Azərbaycan manatına olan tələb artmalı, daha sadə dildə desək manat ilə əməliyyatların sayı çoxalmalıdır. Yəni Azərbaycan daha güclü istehsal ölkəsi və xaricə məhsul ixrac edən ölkəyə çevrilməlidir. Hər zaman və hər yerdə işlədilən, hər kəsin dilində olan şablon ifadə var: "Qeyri-neft sektoru inkişaf etməlidir". Bunun fərqində olan insan sayı həddindən artıq çoxdur, lakin ən önəmli sual burda ortaya çıxır: Problem bəlli, bəs həlli üçün yetərli səviyyədə addımlar atılırmı? Ümid edirəm ki bu suala məmnun edən bir cavab yaxın gələcəkdə veriləcək.
Aqil Qəhrəmanov
6 Mart 2022, 14:08Çox gözəl analizdir. Fərhad bəyi təbrik edirəm.
Mirismayıl Seyidov
6 Mart 2022, 14:36Aparılan analiz və verilən məlumatlar əladır. Bir çoxumuzu maraqlandıran sualları Fərhad bəy analizində dolğun və düzgün şəkildə cavablandırıb. Təqdir edirəm.
Hüseyn Hacıyev
6 Mart 2022, 15:01Cəmiyyətimizdəki individualların cavab tapa sualları dolğun və düzgün şəkildə cavablandırıb ictimaiətlə bölüşdüyünüz üçün təşəkkürlər.
Qafar Hüseynov
7 Mart 2022, 18:02Fərhad bəy, sizin dərin intellektiniz olduğunu bu məqalənizlə bir daha gördük. Sizi səmimi qəlbdən təbrik edirəm.
Rasim Məmmədov
7 Mart 2022, 23:32Fərhad bəy, dezinformasiyanın geniş yayıldığı bu dövrdə bizə həqiqətləri çatdırdığınız üçün sizə minnətdarıq.