İbrahim İbrahimov
4 Fevral 2022, 7:21Tarkovskinamə

Sovet kinematoqrafiyası dedikdə ağıla gələn ilk şəxslərdən biri, 4 aprel 1932-ci ildə Kostroma şəhərində dünyaya gələn, özünəməxsusluğu ilə fərqlənən kinorejissor, ssenarist, film redaktoru, teatr və opera rejissoru – Andrey Arsenyeviç Tarkovski.
Atası - şair, tərcüməçi Arsen Aleksandroviç Tarkovski, anası isə Maksim Qorki adına Ədəbiyyat universitetini bitirmiş Mariya İvanovna Vişnyakova idi. Uşaqlığı Yuryevetsdə keçmişdir. Uşaqlıq dostları onu aktiv və məşhur, hərtərəfli və daima hadisələrin mərkəzində olan adam kimi təsvir edirlər.
Bir müddət sonra atası ailəni tərk edir və 1941-ci ildə könüllü olaraq orduya yazılır. Tarkovski isə ailəsi ilə qalır, anası və bacısı ilə nənəsigilə köçürlər. Bir müddət burada qaldıqdan sonra 1943-cü ildə Moskvaya qayıdırlar. O, Moskvaya döndükdən sonra təhsilini davam etdirir, burada pianino və incəsənət dərslərinə qatılırdı. Daha sonra vərəm xəstəliyinə yoluxduğu üçün bir müddət xəstəxanada yatmışdır. Uşaqlığında yaşadığı həyatı onun yaradıcılığında az da olsa yer alırdı .
1954-cü ildə Tarkovski Dövlət Kinematoqrafiya İnstitutuna müraciət edir və rejissorluq fakültəsinə qəbul olur. Burada onun müəllimi digər bir usta rejissor olan Mixail Romm idi.
O dövrə nəzər salırıqsa, Sovet dövrünün basqısını yaddan çıxartmaq olmaz. Yaradıcı insanlar üçün bu basqı kabus rolunu oynayırdı. Erkən Xruşşov dövrü gənc rejissorlara fürsət yaratmırdı. Filmlər əsasən yaşlı rejissorlar tərəfindən çəkilirdi. Lakin tədricən Xruşşovun yumşalma siyasəti Sovet cəmiyyətini yeniliklərə açıq etdi. 1953-cü ildən sonra yeni filmlər çəkildi və bunlar əsasən gənc rejissorlar tərəfindən ərsəyə gəlirdi. Bu yumşalma insanlara Qərb mədəniyyəti ilə tanışlığa imkan verdi. Tarkovski bunun sayəsində Bresson, Berqman, Kurosava kimi rejissorların filmləri ilə tanış oldu. 1956-cı ildə artıq o ilk qısametrajlı filmini – “Qatillər”i çəkir .
Fəlsəfi yananşmaları və poetik janrı ilə o, həmkarlarından kifayət qədər fərqlənirdi . Filmlərinin böyük qismi özü və öz həyatından ibarət idi.
Tarkovski öz yaradıcılığında ilk böyük addımı 1962-ci ildə ilk uzunmetrajlı filmi “İvanın uşaqlığı”nı çəkərək başlayır.
Filmin baş qəhrəmanı olan İvan 12 yaşlı bir yetim idi. O, 2-ci dünya müharibəsində Sovet ordusunda xidmət edirdi. Onun buradakı vəzifəsi sərhədin o biri tərəfində Alman qoşunlarından məlumat almaq idi, yəni cəsusluq. Dəfələrlə onu hərbi məktəbə qoymağa çalışsalar da, o, işə yarayacaq insanların arxa cəbhədə olmamağını və ailəsinin olmamasını deyərək hərbi məktəbdən boyun qaçırırdı. İvanın ən qəribə özəlliklərindən biri onun stabil insan olmaması idi. Qarşısındakı insanlara hisləri tez-tez dəyişirdi. Tarkovski bu filmi ilə müharibənin bir uşağın, ümumiyyətlə insan həyatını necə məhv etdiyini detallı göstərir. Ekran işi Venesiya, San Fransisko kimi önəmli festivallarda mükafatlara layiq görülmüşdür.
Andrey Rublyov (1966)
Filmdə, əsasən 15-ci əsrdə tatarların ruslar üzərində hökmranlığı, inanc və sənət adamının yaşdığı problemlər təsvir olunur. Baş qəhrəman Andrey həm rahib həm də ikonoqraf idi. O şiddətə, müharibəyə qarşı biri olaraq daha çox təbiətin möcüzəsinə və inancına sığınırdı. Rublyov film boyunca bir neçə sənət əsəri yaratsa da bunların çoxu məhv edilirdi. Bir çox sənət adamı kimi o da çoxlu çətinliklər yaşayırdı, lakin onlara qarşı öz inancı ilə mübarizə aparırdı. Film əsasən inancla bağlıdır və yaradıcı insanın yaşadığı problemlər təsvir edilir, eynilə Tarkovski kimi.
Mosfilm tərəfindən bəyənilməyən film bəzi problemlərlə üzləşir və senzuraya məruz qalır. Filmin Kann kinofestivalında 04:00-da nümayişində də Sovetlərin rolu danılmazdır. Gec saatlar olmasına rəğmən film bəyənilir və FIPRESCI (fra. Fédération Internationale de la PRESse Cınématographique; Beynəlxalq Kino tənqidçiləri federasiyası;) mükafatına layiq görülür.
Solaris (1971)
Solaris – Stanislav Lemin eyniadlı romanı əsasında çəkilmiş elmi-fantastik filmdir. Film 3 alimin kəskin dəyişikliyə düşdüyü üçün bir elmi missiyanın dayandığı xəyali Solaris planetini orbit edən bir kosmik stansiyada cərəyan edir . Bu hadisələrə aydınlıq gətirmək üçün Solaris adlı kosmik stansiyaya gedən psixoloq Kris Kelvin , burada özünündə açıqlaya bilməyəcəyi təcrübələr yaşayır . Əslində bu təcrübələr Tarkovski tərəfindən ərsəyə gələn , təkrar izlədikdə yeni mənalar yaradan bir işarə zənciri idi . Bu filmdə həmçinin insanın öz inkişafından boyun qaçıraraq başqa dünyanın kəşfinə olan aludəçiliyindən bəhs edir . Film Kann festivalında mükafatlandırılıb həmçinin Qızıl palma mükafatına namizəd olub.
Güzgü (1975)
Filmin dolğun mövzusu olmasa da, əsasən ölüm məqamında olan 40 yaşlarında bir şairin həyatının dönüş nöqtələri üzərindən xatırladıqları və bunlar vasitəsilə öz həyatının izahatını aparmasından bəhs edir. Bu gah onun uşaqlığı, gah hal-hazırki durumu, gah da sabaha aid arzularını ifadə edir. Başqa sözlə desək, bu zamanlar müharibə öncəsi, müharibə zamanı və müharibə sonrasıdır. Müharibənin bir insana olan təsirini bu filmdə də görmək mümkündür. Tarkovskinin ən politik filmi də adlandırmaq olar bu filmi. Həmçinin mənim ən sevdiyim 2-ci Tarkovski filmidir.
Stalker (1979)
Ən sevdiyim əsəri, həmçinin Tarkovskinin Sovet Rusiyasında sonuncu filmi olan “Stalker” mənə görə inancla bağlı çəkilmiş ən güclü filmlərdəndir. Film 3 nəfərin “zona” adlanan əraziyə səyahətindən bəhs edir. Bu səyahətin əsas məqsədi bu yerin sirlərini öyrənməkdir. İddia edilir ki, “zona”dakı bir otaq insanların hər arzusunu yerinə yetirir.
Filmdə inancla əlaqəli olan əsas məqam, öz axtardıqlarını tapacaqlarına inanaraq səyahətə çıxan insanların inancıdır. Rejissorun bu filmində də Sovet İttifaqına göndərilən mesajları görmək olur. “Zona”da, suların altında qalmış, çürüməkdə olan sənət əsərləri bir növ sənətə və sənətçiyə göstərilən dəyəri bildirir
Nostalgia (1983)
SSRİ xaricində çəkilən ilk Tarkovski filmi “Nostalgia”dır. Filmdə yazıçı Andrey, 18-ci əsrdə İtaliyada yaşamış rus bəstəkarın həyatını araşdırmaq üçün İtaliyaya gəlir. Burada araşdırma etdiyi müddətcə hamının “dəli” kimi düşündüyü Domeniko adlı biri ilə tanış olur. Domeniko əlindəki şam ilə hovuzu keçməyə çalışır və əgər buna nail olarsa dünyanın xilas olacağına inanır. Filmdə qürbətdə olan Andreyin yaşadığı nostalgiyaları da görmək olur. Fəlsəfə və şeirlə dolu olan filmdə həmçinin monoloq səhnələrə də tez-tez şahid oluruq. Tarkovski bu filmə görə Kann kinofestivalında “ən yaxşı rejissor” və 2-ci dəfə “FIPRESCI” mükafatına layiq görülür.
Qurbanvermə (1986)
Bu film Tarkovski yaradıcılığının son məhsuludur. Filmin başlanğıcında Leonardo da Vinçinin “Sehrbaza pərəstiş” (Adoration of the Magi) əsərini də görmək mümkündür.
Filmin baş qəhrəmanı Aleksandr yazıçı idi. O, doğum günündə evə qayıdarkən oğlu ilə insanlıq, həyat və digər fəlsəfi söhbətlər edirdi. (Oğlu danışma qabiliyyətindən məhrum idi) Sonra qonaqlar gəlir, hamı bir evdə toplaşır, təbriklər edilir, hədiyyələr verilir və s. Daha sonra TV-dən havaya nüvə raketi buraxılması ilə bağlı qorxunc xəbər gəlir.
Filmdəki hadisələr demək olar bir otaqda cərəyan edir. Tarkovski metafizikadan estetikaya, nihilizmdən büdpərəstliyə qədər bir çox anlayışı bu filmə daxil etmişdir. Öz həyat və film fəlsəfəsinə aid bir çox şeylərin ümumi toplusu da adlandlrmaq olar bu filmi. “Qurbanvermə”də həmçinin əksər filmləri kimi Kann festivalında mükafat almışdı.
Tarkovskinin filmlərində davamlı şəkildə inanc, insanın mənəvi dünyası, metafizika mövzuları dövr edir və bu filmlərdə bunlar haqqında doqmatik fikirlərlə deyil də, daha çox sorğulayan və tənqid edən obrazları tez-tez görürük. Əgər Tarkovskinin yaradıcılığı ilə tanış olmaq istəyirsinizsə, filmlərinə xronoloji ardıcıllıqla baxmaqınız məsləhətlidir. Bu həm filmin ruhunu hiss etməyə, həm də rejissoru daha tez başa düşməyə kömək edəcək.
Tarkovski 29 dekabr 1986-cı ildə ağciyər xərçəngindən Parisdə vəfat etdi. Onun son yazdığı qeyd isə “Amma artıq gücüm qalmayıb – problem budur” oldu.