Sadiq Məmmədov

30 İyul 2022, 11:14

Süni intellekt: insanlıq üçün yeni eranın yoxsa sonun başlanğıcı?

“Süni intellekt” anlayışı son 10 ildə populyar mədəniyyətdə, sosial həyatda və ən əsası elm və texnologiya aləmində özünəməxsus yer qazanıb. Süni intellektin (Sİ) həqiqətən nə olduğunu heç düşünmüsünüzmü? Populyar mədəniyyətin sadələşdirdiyi bu anlayışa daha yaxından nəzər salaq. Sadə dillə desək, Sİ insan məntiqi və düşüncə tərzini maşınlarda formalaşdırılmasını əsas alan və əsasən kompüter elmlərinə əsaslanan elm sahəsidir. Bəli. Bu gün Sİ ayrı bir elm sahəsi kimi öz mütəxəssislərini yetişdirir. Belə olan halda süni intellektin gələcəkdə daha çox sahədə qarşımıza çıxacağını proqnozlaşdırmaq çətin deyil.
 

Sİ bizə nələr vəd edir və biz bu texnologiyadan necə yararlana bilərik?

Süni intellektin insan qarşısında ən əsas üstünlüyü adi bir insanın saatlar, hətta günlər boyu gördüyü işi və ya düşündüyü situasiyaları bir neçə dəqiqəyə icra etməsidir. Bu yolla Sİ zamana böyük ölçüdə qənaət edir. Əlbəttə ki, süni intellektin üstünlükləri bununla bitmir. Günümüzdə GPT-3 və DALL-E kimi Süni intellekt tədqiqatlarında inqilabi təsir yaradan proqramlar yazılır və təkmilləşdirilir. Bu texnologiyalar bütün insanlığı heyrətləndirəcək dərəcədə dizayn bacarıqlarına sahibdirlər. Üstəlik bunu insan dilində verilən əmrlərə əsasən edirlər ki, bu da onların anlama qabiliyyətinin kifayət qədər yüksək olmasından irəli gəlir. Bundan başqa, yuxarıda bəhs edildiyi kimi, Sİ bir insanın təhlilinə günlər sərf etdiyi ehtimalları çox qısa zamanda təhlil etmə bacarığına malikdir. Bu sayədə, Sİ texnologiyası əsasında hazırlanmış maşınlar şahmat kimi oyunlarda dünyanın usta oyunçuları qarşısında yarışırlar. Və qazanırlar... İnsan əli ilə yaradılmış əşyaların yenə insanlar tərəfindən yaradılan oyunlarda insanlardan daha uğurlu olması hər nə qədər qürur verici olsa da, bir o qədərdə narahatlıq doğurur.


Süni intellekt tədqiqatları insanlığın gələcəyi üçün nə dərəcədə təhlükəlidir?

Bu gün süni intellekt dediyimizdə bir çoxumuzun ağlına “Terminator” ssenarisi gəlir. Məlumdur ki, bunun səbəbi “robot qiyaməti” mövzusunda yazılan əsərlər və çəkilən filmlərdir. Bəs görəsən süni intellekt sahəsində qazanılan müasir nailiyyətlər bəşəriyyət üçün həqiqətən də qiyamət xəbərçisi ola bilərmi? Adını elm tarixinə qızıl hərflərlə yazdırmış məhşur fizik və kosmoloq Stiven Hokinq Sİ haqqında "Bu, ya başımıza gələn ən yaxşı, ya da ən pis şey olacaq" demişdir. Zənnimcə Hokinqin bu yanaşması insanlığın süni intellektə qarşı ideal perspektivi olmalıdır. Əslində, bir baxıma, süni intellektin gələcəyimizə olan təsiri yenə biz insanların əlindədir. Süni intellekti insanlığın ortaq “övladı” olaraq görsək anlayarıq ki, onun formalaşması insanlığn dəyər və normlarından asılıdır. Belə olan halda, bir sual ortaya çıxır. “Övladımız” həqiqətəndə bizim sahib olduğumuz bütün xüsusiyyətlərə sahibdirmi?

 

İnsanlarla süni intellektin fərqi nədir?

Heç düşünmüsünüzmü, canlı olmağın, var olmanın cansızlıqdan fərqi nədir? Bu suala şüur, duyğu və azad iradə kimi müxtəlif cavablar vermək mümkündür. Əslində süni intellektin də insandan fərqi tam da budur. Sİ anlaya bilər, ancaq idrak edə bilməz. Sİ hər hansı bir şeyin önəmli olduğunu anlayıb ona dəyər verə bilər, ancaq sevə bilməz. Yuxarıda da vurğulandığı kimi şahmat kimi oyunlar da ən usta oyunçulara belə qalib gələ bilər, ancaq qazandığı qələbənin sevincini yaşaya bilməz. Bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq bunun bir önəmi yoxdur. Çünki bütün oxlar bir anlayışı göstərir. İdrak… Məhşur fransız filosfu Rene Dekartın özündən daha məhşur bir aforizması var: “Düşünürəm, deməli varam”. Əgər süni intellektdən söhbət ediriksə, bu ifadəni biraz dəyişdirməliyik. “İdrak edirəm, deməli varam”. Çünki sadəcə düşünmək canlı olmaq üçün yetmir. İdrak etmək lazımdır. İnsan olmanın dəyəri tam da budur. Ümidvaram gündən günə irəliləyən Sİ tədqiqatları insan olmanın dəyərini bir az belə olsa bizə xatırladar.

Paylaş:

453
2

Emin Ömərov

31 İyul 2022, 0:28

Bir sözlə möhtəşəm uğurlarınız bol olsun


Ferid Vuqarli

31 İyul 2022, 1:47

Ugur olsun