Ayxan Qasımzadə

5 Yanvar 2022, 10:31

Sosial yönümlü siyasət: sosial Təminat və Sosial Dövlət

Sosial yönümlü siyasət və “Sosial Dòvlət” modeli

Hər kəsə məlum olduğu kimi,sənaye inqilabından sonrakı dövrdə kapitalizm sisteminin hakim olduğu bütün dövlətlərdə müxtəlif təbəqələrdən olan insanlar arasından bərabərsizliklər artmış, yoxsul kəsimdən,xüsusilə işçi təbəqəsindən olanların sosial vəziyyətləri ağırlaşmışdır. Sosial siyasət öz növbəsində tibbi yardım, təhsil, qidalanma, əmək haqqı və.s kimi sosial məsələlərdə bərabərsizliklərin minimuma endirilməsini və ziddiyətlərin aradan qaldırılmasını hədəfləyən tədbirlər sistemidir. Məhz bu zərurətdən doğan və bu hədəflərin realizəsinin əsasını bu siyasətini idarəetmənin ana xətti kimi nəzərdə tutan ”sosial dòvlətlərin" mövcudluğu əmələ gətirir.

Bu dövlətlər sosial siyasətlərini həyata keçimək üçün müəyyən mexanizmlərin təşkilini həyata keçirir. Sosial siyasətin həyata keçirilməsinin mexanizmlərini iki qrupa ayıra bilərik: Bunlardan birincisi mərkəzləşdirilmiş, digəri isə yerli özünüidarəetmə mexanizmləridir. Mərkəzləşdirilmiş mexanizm sosial dövlət proqramının məhz mərkəzləşmiş qaydada dövlət orqanları tərəfindən həyata keçirilməsini,bu sahədə qanunların və digər hüquqi aktların qəbulu, bu sahədə idarəetməni həyata keçirən orqanların yaradılmasını və.s özündə ehtiva edir. Yəni mərkəzləşdirilmiş mexanizm sosial siyasətin dövlət idarəetməsində təzahürüdür deyə bilərik.

Zaman keçdikcə ictimai münasibətlərin inkişafı və sayca artımı isə bu münasibətlərin sadəcə mərkəzləşdirilmiş formada tənzimlənməsini mümkünsüz edir ki, bu da özünüidarə mexanizmlərinin mövcudluğunu zəruri edir. Bu mexanizmlərə həmkarlar ittifaqları, işçi birlikləri, dərnəklər, vəqflər və digər qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyətini aid edə bilərik. Göründüyü kimi bu mexanizm dövlətin hakimiyyətini nisbətən məhdudlaşdıraraq lokal idarəetməni və demokratizm prinsipini gücləndirir qənaətinə gələ bilərik.

Sosial siyasətin əsasında sosial təminat inistutu dayanır.

 

Sosial Təminat nədir?

Sosial təminat dövlət idarəetməsinin səmərəli formada həyata keçirilməsinin əsasında dayanan, vətəndaşların sosial statuslarının qarantı rolunu oynayan tədbirlər sistemidir. Daha aydın formada ona belə tərif verə bilərik:

Sosial təminat vətəndaşların müəyyən kateqoriyalarından olan şəxslərin sosial ehtiyaclarının dövlətin illik ümumdaxili məhsulunun bölüşdürülməsi vasitəsilə qarşılanılmasına yönəlmiş tədbirlər sistemidir.

Və bu cür mürəkkəblilik onun hüququ tənzimləməsini zəruri edir. Məlum olduğu kimi,tarixdə bütün siyasi-hüquqi təsisatlar müəyyən zərurətin nəticəsi olaraq meydana gəlir. İnsanlar həyatda bir sıra obyektiv səbəblərdən (yaşlılıq,əlillik,ailə başçısının itirilməsi və.s) müəyyən ehtiyacları yaranır ki, bu zərurət də sosial təyinat təsisatının meydana gəlməsini şərtləndirir. Və müasir dövrdə dövlətlərin inkişaf səviyyələrinin müqayisəsində bu inistut əsas meyarlardan biri olaraq qəbul edilir. Sosial təyinatın təhlili zamanı onun dar və geniş formaları fərqləndirilir.

Dar formada sosial təyinat özündə müavinətləri, pensiyaları və sosial xidmətləri ehtiva edirsə, geniş konsepsiya bunlardan ziyadə tibbi yardım və müalicəni, pulsuz orta, orta ixtisas və ali təhsilin mövcudluğunu da bu siyahıya aid edirlər.

 

Sosial təminatın hüquqi əsası

Məlum olduğu kimi,keçən əsrin ortalarında,ikinci dünya müharibəsinin başa çatdığı dönəm “insan hüquq və azadlıqları ilə bağlı konsepsiyaların" xüsusi önəm kəsb etməsi ilə müşaiyət olunmuşdur və nəticədə bu sahənin beynəlxalq hüquqi tənzimetməyə məruz qalması və bu sahədə beynəlxalq hüquq subyektləri üçün minimum standardların müəyyən edilməsini şərtləndirmişdir. Məsələn, 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən “İnsan hüquqları haqqında Ümumi Bəyənnaməsi", 1950-ci ildə “Avropa İnsan Hüquqları Konvensiyası", 1966-cı ildə BMT Baş Məclisi tərəfindən “Mülki və Siyasi hüquqlar haqqında Pakt” və.s qəbul edilmişdir ki bu aktlar özündə əsas insan hüquq və azadlıqları,onların təmini ilə bağlı müddəları ehtiva edir.Sosial təminat hüququ da öz növbəsində insan hüquqlarına daxil olmaqla bir sıra beynəlxalq aktlarda,və bir çox dòvlətlərin konstitusiyalarında konstitusion səviyyədə təsbit olunmuşdur.Məsələn, ”1948-ci il Bəyənnaməsinin" 25-ci maddəsində göstərilir ki, ”Hər bir şəxs onun özünün və ailəsinin səhhət və rifahını təmin etmək üçün lazım olan,qida,geyim,tibbi xidmət və lazımi sosial təminat da daxil olmaqla həyat səviyyəsi hüququna və işsizlik,xəstəlik,əlillik,dul qalma,qocalıq və ondan asılı olmayan səbəblər üzündən yaşayış vasitələrinin itirilməsi zamanı təminat hüququna malikdirlər".Beynəlxalq müqavilələri ratifikasiya edən dövlətlər isə öz növbəsində bir növ milli qanunvericiliklərini beynəlxalq qanunvericiliyə uyğunlaşdırma öhdəliyi götürürlər.Və nəticədə dövlətlər həm kontitusiyalarında bu hüquqları təsbit edir,həmçinin bu sahədə tənzimləmənin səmərəliliyini artırmaq,təsisat mexanizmlərini təşkil etmək üçün bu sahədə normativ hüquqi aktlar qəbul edirlər.

Dövlətin ali məqsədi kimi Konstitusiyanın 12-ci maddəsində “vətəndaşların layiqli həyat səviyyəsini təmin etməyi" bəyan edən dovlət,eyni zamanda bu aktın 38-cü maddəsində sosial təminat hüququnu kontitusion hüquq norması kimi təsbit etmişdir. Eyni zamanda ölkəmizdə bu sferada yaranan hüquq münasibətlərinin daha operativ tənzimlənməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu təsis edilmişdir.

 

Ümumiləşdirmə və Yekun

Yuxarıda yazılanları ümumiləşdirsək deyə bilərik ki, sosial yönümlü siyasətin və bu sahədə tənzimləmənin mövcudluğu XXI əsrdə bazar iqtisadiyyatının hakim olduğu sistemdə xüsusi əhəmiyyət kəsb etməklə bu sahədə islahatların həyata keçirilməsini şərtləndirir. Təəssüf ki,dövlətlərin büdcə vəsaitlərini bölüşdürməsində üstünlüyü sosial proqramların realizəsinə deyil,hərbi arsenalın genişləndirilməsi kimi digər sahələrə verməsi,sosial problemləri bu gün də aktual edir. Və bu problemlərin həlli sosial yönümlü islahatların həyata keçirilməsindən,sosial dövlət modelinin mòvcudluğundan keçir.

Paylaş:

577
0