Ruslan Ələkbərov

5 Yanvar 2022, 10:38

Sosial, iqtisadi və mədəni hüquqlar

Sosial, iqtisadi və mədəni hüquqlar insanların birlikdə yaşaması, işləməsi və həyatın əsas ehtiyacları ilə bağlı olan hüquqlardır. Onlar bərabərlik ideyalarına, əsas sosial və iqtisadi mallara, xidmətlərə və imkanlara zəmanətli çıxışa əsaslanır. Erkən sənayeləşmə və işçi sinfinin yüksəlişi nəticəsində getdikcə bu hüquqlar daha çox beynəlxalq aləmdə müzakirə mövzusu oldu. Bu hüquqlar cəmiyyətin həyatında tam iştirak edən fərd üçün zəruri olan hüquqlardır. Bunlara biz "pozitiv" hüquqlar da deyə bilərik. Sosial, iqtisadi, mədəni hüquqlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə uyğun olaraq, insan cəmiyyətinin bütün üzvlərinə xas olan ləyaqətin, bərabər və ayrılmaz hüquqlarının tanınmasının dünyada azadlığın, ədalətin və sülhün əsasını təşkil etdiyini nəzərə alaraq əsas prioritet rol oynadığını vurğulaya bilərik. İnsanların yoxsulluqdan azad insan idealına yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni hüquqlarından istifadə edə biləcəyi şəraitin yaradılması ilə nail oluna biləcəyini qəbul edərək bu hüquqların əsas anlam və mahiyyətini qavramaq mümkündür.

 

Sosial ədalət olmadan uzunmüddətli sülh ola biməz.

İlk mövzuda bəhs etdiyimiz kimi Ümumdünya İnsan hüquqları Bəyannaməsində birinci və ikinci nəsil hüquqlar bir tərkibdə olduğu halda, 1966-cı il Paktlarında onlar ayrı sənədlərdə tənzimlənmişdir. Bunu açıqlamaq üçün belə izah edə bilərik ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir, dövlətlər üçün müəyyən etdiyi öhdəliklər də bu mənada fərqləndirilir. Sosial hüquqları təmin etməyin iki əsas yönü vardır: ideoloji və iqtisadi. Mülki və siyasi hüquqlar ilk öncə dövlətlər tərəfindən tam mənada təmin edilməsi niyyətləri yox idi, misal kimi, başda keçmiş SSRİ olmaqla, bəzi dövlətlərin öz vətəndaşları üçün bütün bu hüquqları tanımaq strategiyası yox idi, halbuki sosial və iqtisadi imkanları təmin etməsi geniş mənada özünü göstərirdi. Bu kimi hallar nəzərə alınaraq Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı-ayrı sənədlərlə tənzimləndi.

XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci il) Konstitusiyalarında sosial, iqtisadi və mədəni hüquqlar təsbit olunmuşdur. Demokratik-hüquqi dövlətdə sosial-iqtisadi və mədəni hüquqlar insanın əmək, məişət, məşğulluq, rifah və sosial müdafiəsi sahəsində hüquqlarının müdafiəsini nəzərdə tutur, bu hüquqlar insanların özlərinin iqtisadi vəziyyətinin, rifah halının yaxşılaşdırılması uğrunda mübarizə prosesində formalaşan hüquqlarıdır.

Sosial hüquqlar cəmiyyətin həyatında tam iştirak üçün zəruri olan hüquqlardır. Bunlara təhsil hüququ, ailə qurmaq, həm də çox vaxt “mülki” hüquqlar kimi qəbul edilən bir çox hüquqlar daxildir: məsələn, istirahət, sağlamlıq, şəxsi toxunulmazlıq və ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Sosial hüquqlar insan hüquqlarının bütün xüsusiyyətlərinə malikdir. Sosial hüquqlar əxlaqi, hüquqi və ya ictimai qaydalar, insanların sosial ehtiyaclarını ödəmək, sosial inklüzivliyi və sosial həmrəyliyi təşviq etmək üçün nəyin zəruri olduğunu başa düşmək üçün zəruri rol oynayır. Onlar bərabərlik ideyalarına və əsas sosial və iqtisadi mallara, xidmətlərə və imkanlara zəmanətli çıxışa əsaslanır.

İqtisadi hüquqlara, adətən, işləmək, mənzil almaq, qocalıq və ya əlilliklə əlaqədar olaraq pensiya hüquqları daxildir. İqtisadi hüquqlar insan ləyaqəti üçün müəyyən minimum maddi təminat səviyyəsi üçün zəruri hüquqlardır. İqtisadi hüquqların ikinci dərəcəli hesab edilməsi fikri aldadıcıdır, xüsusən də bu hüquqların fundamental mahiyyətini nəzərə alsaq hər bir insanın və onun ailəsinin “sağlamlığı və rifahı üçün həyat standartı şərtləri” vardır, o cümlədən əsas qida, tibbi xidmət, sosial xidmətlər barəsində. Məhz bu insan hüquqları əsas insan ehtiyaclarını ifadə etmək və yerinə yetirmək üçün bir vasitə təklif edir. Bu ehtiyaclar iqtisadi hüquqların təmin etdiyi müdafiələri əhatə edir. Bu hüquqlar, əmək hüququ, mülkiyyət hüququ, sahibkarlıq hüququ daxildir.Bundan başqa, əməklə məşğul olanlar kollektiv müqavilələr bağlamaq, öz maraqlarını qorumaq üçün milli və beynəlxalq təşkilatlarda birləşmək hüququna da malikdirlər.

Mədəni hüquqlar cəmiyyətin mədəni “həyat tərzinə” istinad edir və bir çox digər hüquq növlərinə nisbətən çox vaxt daha az diqqət yetirilir. Bunlara cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüquqları daxildir. Bununla belə, rəsmi olaraq “mədəni” kimi təsnif edilməyən bir çox digər hüquqlar, məsələn, təhsil hüququ, cəmiyyətin mədəni inkişafında azad iştirak etmək hüququ, yaradıcılıq hüququ kimi hüquqlar aiddir.

Sosial, iqtisadi mədəni hüquqlara: işləmək hüququ; həmkarlar ittifaqı yaratmaq hüququ; tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sətvətlərdən istifadə etmək hüququ və s.

Təhsil hüququ - İlk ibtidai təhsil sistemi 1717-ci ildə Prussiyada yaradılmışdır. O, 19-cu əsrin birinci yarısında olduqca genişləndirilmiş, sonradan digər Avropa xalqları və ABŞ tərəfindən tətbiq edilmişdir. Bir çox ölkələr 20-ci əsrdə onların izi ilə davam etmiş, dünyada savadlılıq dərəcəsi artmışdır. Təhsil digər insan hüquqlarını həyata keçirmək üçün əvəzsiz vasitədir. İnsanları mədəni aspektdən gücləndirmək hüququ kimi təhsil iqtisadi və sosial cəhətdən təcrid olunmuş böyüklərin və uşaqların özlərini yoxsulluqdan kənara çıxara bilməsi və öz icmalarında tam şəkildə iştirak etmə imkanlarını əldə edə bilməsi üçün ilkin vasitədir. Təhsil hüququ insan hüquqları ideyasının əsas özəyidir. 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ödənişsiz və icbari ibtidai təhsilin əsas insan hüququ olduğunu elan etdi. Təhsil yalnız bir hüquq kimi deyil, eyni zamanda digər insan hüquqlarının tam və effektiv həyata keçirilməsi üçün də vasitə kimi görülür. 1976-cı ildə qüvvəyə minmiş və 160 ölkə tərəfindən ratifikasiya edilmiş İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt təhsil hüququnu hüquqi cəhətdən məcburi bir öhdəlik kimi təsdiq etmişdir. 13-cü Maddə Paktda ən uzun hissədir və beynəlxalq insan hüquqları sahəsində təhsil hüququna dair ən geniş və əhatəli maddədir. 2009-cu il tarixli "Təhsil haqqında" fərman Azərbaycanda da vətəndaşların təhsil hüququnun həyata keçməsində mühüm rol oynamışdır. Bu hüququn həyata keçirilməsinin bəzi struktur elementləri vardır, buna “4A” elementleri də deyilir.

· Mövcudluq (Availability): təhsil pulsuzdur və təhsil xərci hökumət tərəfindən ödənilir; təlim keçmiş müəllimlər də daxil olmaqla müvafiq infrastruktur yaranır.

· Əlçatanlıq (Accessibility): sistem hər kəs üçün əlçatandır və ayrı-seçkilik yoxdur. Təcrid olunmuş insanları da daxil etmək üçün müsbət addımlar atılır.

· Münasiblik (Acceptability): təhsilin məzmunu münasib, ayrı-seçkilik olmayan və mədəni cəhətdən uyğundur və keyfiyyət təmin olunur.

· Uyğunlaşma (Adaptability): təhsil cəmiyyətin dəyişən ehtiyacları ilə inkişaf edə bilər və sistem yerli kontekstlərə uyğunlaşdırıla bilər.

Sağlamlıq hüququ - Sağlamlıq hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən (25-ci maddə) başlayaraq İqtisadi, Sosial Hüquqlar üzrə Beynəlxalq Paktda (12-ci maddə), Uşaq Hüquqları Konvensiyasında (6-cı maddə), Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Konvensiyada (Maddə 10, 11, 12, 14) və Avropa Sosial Xartiyası da daxil olmaqla bir çox beynəlxalq və regional sənədlərdə tanınır. Sağlamlıq hüququ sağlam olmaq hüququ kimi başa düşülməməlidir.

Hər bir insanın xəstəliyə qarşı qorunmasını təmin etmək mümkün deyildir. Bu, hər bir kəsin ayrı-seçkiliyə yol verilmədən müxtəlif xidmətlərdən, avadanlıqlardan və mallardan, habelə mümkün qədər sağlam qala bilmək üçün zəruri olan uyğun yaşayış şəraitindən istifadə etmək hüququdur. Sağlamlıq hüququna yalnız sağlamlıq xidmətləri daxil deyildir, bura həmçinin sağlamlığımızı müəyyən edən aşağıdakı şərtlər də daxildir:

· təhlükəsiz içməli suya çıxış imkanı

· müvafiq sanitariyaya və mənzilə sahib olmaq

· kifayət qədər qida, sağlam iş və ətraf mühit şəraiti

· sağlamlıqla əlaqəli təhsilə və maariflənməyə çıxış imkanları

 

Əmək olmadan, bütün həyat çürüyür. Amma iş əsassız olduğunda, həyat boğulub ölür.

Albert Kamyu

Əmək hüququ - Əmək insanların ləyaqətli yaşayışı üçün vacibdir. O, bizi yalnız yaşayışla təmin etmir, həm də fərdi inkişafımızı təmin edir və ümumilikdə icmaları və cəmiyyəti möhkəmləndirir. Bununla belə, bütün işlər müsbət şəxsi və peşə inkişafına kömək etmir, yalnız layiqli əmək normal həyat şəraitini dəstəkləyə bilər. İşləmək hüququ daha çox sosial və iqtisadi hüquq kimi istinad edilən bir insan hüququdur. İşləmək hüququ işləmək bacarığından daha çox şey nəzərdə tutur, biz bunu aşağıdakı bəndlərdə göstərəcəyik. İşləmək hüququ əmək haqqının istifadəsi, özünü işlə təmin etmə, ev işi və digər gəlir gətirən fəaliyyətlər daxil olmaqla, bütün iş növlərini əhatə edir. İşləmək hüququ məşğul olmağın mütləq və şərtsiz hüququ kimi başa düşülməməlidir, işləmək hüququ dövlətlərin elə sosial, iqtisadi və fiziki mühit yaratması deməkdir ki, burada bütün insanların öz ləyaqətlərinə uyğun işlə təmin edilməsi ilə yaşayış vasitəsi qazanmaq imkanı mövcud olsun.

Əmək hüququnu təmin etmək üçün dövlətlər milli məşğulluq strategiyasını qəbul etməli və həyata keçirməli, texniki və peşə hazırlığı proqramlarını həyata keçirməli, işçiləri qanunsuz işdən çıxarılmadan qorumalı və məşğulluğu təmin etmək üçün hər hansı bir ayrı-seçkilik formasından insanları qoruyan qanunlar qəbul etməlidir.

Paylaş:

626
0