Vəli Məmmədov
7 Mart 2022, 19:50Sosial dövlətdə vacib olan peşə təhsili institutu

Ən qədim peşə məktəblərinin analoqları 1749-cu ildə əsası qoyulmuşdu. 1974-cü ildə SSRİ-də 6028 peşə məktəbi var idi və 3 milyon tələbə sırf peşə məktəblərində oxuyurdu. 1981-ci ildə bu rəqəm artıq 3.6 milyonu keçmişdi. 2019-cu ildə artıq Rusiyada peşə məktəblərində oxuyanların sayı 3 milyon idi.
Gənclərin peşə məktəblərini seçmə səbəbi MDB dövlətlərində əsasən qəbul imtahanı olmaması və nisbətən ucuz (və yaxud tamamilə pulsuz) olmasına görədir. Amma əksər gənclər peşə məktəblərini bitirəndən sonra işsiz qalırdı. Əgər sovet vaxtı peşə məktəbini və yaxud institutu bitirəndən sonra dövlət sizi məcburən ölkənin tam başqa bir hissəsinə işləməyə göndərirdisə (müəllif bunu düzgün metod saymır) indi siz təhsili bitirdikdən sonra tam azadsız, və belə olduğu halda bir çox tələbələr öz ixtisaslarına aid olmayan işlərə düzəlirdilər. Nəticə olaraq demək olardı ki, peşə təhsili institutu lazım deyil, çünki dövlətin müdaxiləsi olmadan (SSRİ metodu) azad bazar mühitində hər tələbəni işlə təmin etmək mümkün deyil, amma Almanlar bizlə razı olmaz.
Almaniyada peşə təhsili Ausbildung adlanır, və təhminən 300 peşəni “peşə təhsili” çərçivəsində öyrənmək olar və tələbələrə maaş ödənilir. Tokar, mexanik, çörəkçi, hüquq müdafiəçisinin köməkçisi, diş texniki və bunlar da daxil toplam 330 peşəni Almaniyada peşə təhsili müəssəllərində öyrənmək olar. Bu təhsildə əsas məqsəd nəzəriyyə ilə praktikanı birləşdirməkdir. Bu peşəkarların Alman modelində hazırlanması hal hazırda bir çox Avropa ölkələrindədə populyardır. Tələbə təhsil vaxtının bir hissəsini iş yerində bir hissəsini isə auditoriyada keçirir. Dövlət isə bizneslə tələbə arasındakı körpü rolunu oynayır. Siz rəsmi olaraq bir müəssisəyə işə düzəlirsiniz və işləyə-işləyə sənəti öyrənirsiniz, və əlbətdə ki işləyən şəxs kimi vergilər ödəyirsiniz, və sizin bütün sosial hüquqlarınız qorunur. Almaniyada güclü templə gedən sənayeləşməyə görə Alman höküməti artıq xarici ölkələrdəndə tələbələri dəvət eləyir. Almaniyada peşə məktəblərinin belə populyarlığına görə həmçinin Alman höküməti Yaxın Şərqdən gələn miqrant böhranından rahat çıxa bildi.
Peşə müəssisələrinin tələbələri təhsil vaxtı maaş alırlar, bəzi peşələrdə maaşalar dövlət tariflərindən asılıdır, əksər hallarda isə işəgötürən maaşı özü təyin edir, adətən bu 400-900 avro civarında olur, halubki bəzi peşələrə görə tələbə 1.500 avro maaş ala bilər (gəmi mexaniki, aviadispetçer) ən kiçik maaşlar isə gözəllik salonlarının tələbələri alır. Təhsil əsasən 2,5-3 il davam edir, sonra isə bütün Almaniyada tanınan diplom verilir.
Əgər tələbəyə verilən maaş az olursa o xüsusi dövlət stipendiyası ala bilər, bu stipendiya az maaş alan və yaxud valideynləri az maaş alanlar üçündür.
Ümumiyyətlə sosial məsələlərdə Almaniya ən qabaqcıl dövlətlərdən biridir, peşə təhsili sistemi ilə işləyən tələbələrin bütün haqqları qorunur , həftədə 40 saatdan artıq işləmək qadağandır, maaşlar isə bir çox hallarda minimal yaşayış üçün tam bəs edir. Bir çox gənclər məktəbdən sonra ali məktəblərin yerinə peşə təhsilinə üstünlük verir (bəzi regionlarda 50-60%)
Və almaniyada işsizliyin başqa avropa ölkələrinə nisbətən az olması bu sistemin uğurlu model olduğunu göstərir.
Əksər hallarda təhsili bitirdikdən sonra şirkətin maraqlarında olur ki sizi bu iş yerində saxlasın, hər halda peşə təhsilindən sonra işsiz qalmaq ehtimalı Almaniyada çox azdır.
Keçmiş sovet dövlətlərindən fərqli olaraq Almaniya “Peşə Məktəbi” institutunu qoruyub saxlamış, və bazar iqtisadiyyatı reallıqlarına uyğunlaşdıra bilmişdi, nəticədə dövlət işsizlik problemindən qurtulur, kiçik və orta biznes isə kadr çatışmamazlıqından. Gənclər üçün isə məktəbdən sonra həmin an instituta can atmır, çünki hansısa bankın fillialında kompyuter arxasında oturmaq üçün 4 il auditoriyada iqtisadiyyat mühazirələrini dinləməyə gərək yoxdur.