Təyinat
5 Yanvar 2022, 10:28Sol və ədəbiyyat, onun cari durumu - Yazıçı Qan Turalı Təyinatda

"Təyinat" yazıçı Tural Cəfərovla (Qan Turalı) "Sol və ədəbiyyat" mövzusunda apardığı müsahibəni sizlərə təqdim edir.
Sizcə, ədəbiyyat siyasi vasitədir, ya siyasət sadəcə ədəbiyyatın çalarlarından biridir? Yaradıcılığınıza siyasi görüşlərinizin təbliğat aləti kimi yanaşırsınızmı?
Hə, elə ilk sualdan məni Marksla üzbəüz qoyursunuz. Ədəbiyyat da hər şey kimi dəyişkəndir. Bəli, bir zamanlar misal üçün Nəsiminin zamanında ədəbiyyat bu günkü medianın funksiyalarını yerinə yetirirdi. Ya elə Marksın dövründə. Ancaq balaca bir izahat da verim. Marks iqtisadi münasibətləri bazis sayırdı, ədəbiyyat, fəlsəfəni isə üst qurum. Yəni, ədəbiyyat da hakim iqtisadi münasibətlərin təzahürü idi. Marks burda çox haqlıdır. Bu indi də belədir. Daim belə olacaq. Misal üçün, Orta Əsrlərdə bizim bu divan ədəbiyyatı son dərəcə elitar idi. Fars dilində, özü də qəliz... Şair burda divanını bir adama ithaf etməli idi ki, o şəxs də bu xərcləri ödəsin. Ona görə də onun maraqları təmin edilməli idi. Kitab beş-on nüsxədə çap edilirdi və qiyməti hədsiz baha idi. İndi isə az qala dünya əhalisinin 99 faizi yazıb oxumaq bacarır. Yazıçı bu geniş təbəqəyə xitab edir. Və burdan gəlir götürmək üçün əlbəttə ki, bu qədər insanın maraqları qarşılanmalıdır. Orta Əsr şairlərinin populyarlıq, milyonluq oxucu dərdi yox idi. İndi isə var. Mən qətiyyən onu demirəm ki, o dövrün ədəbiyyatı yaxşı idi, indiki pis. Sadəcə vəziyyəti təsvir edirəm.
Qısası, ədəbiyyat bir dövrdə siyasi mübarizə vasitəsi olub. Bunu son dəfə dünyada marksistlər özü də uğurla tətbiq etdilər. Ancaq indi bunun üçün media kimi güclü bir silah var.
Müasir dünyanın ruhunu və ədəbiyyatın missiyasını ilk dəfə Oskar Uayld “Dorian Qreyin portretinə yazdığı bir səhifəlik ön sözdə ifadə etmişdi: “Əxlaqlı və ya əxlaqsız kitab yoxdur. Yaxşı ya da pis kitab vardır”. Yəni, böyük usta demək istəyirdi ki, ədəbiyyatı ədəbiyyat kriteriyalarına görə dəyərləndirmək lazımdır. Nəinki əxlaqlı ya əxlaqsız, ya da küfr və iman kimi...
Bütün bu fikirlərdən sonra ədəbiyyata öz siyasi düşüncələrimin təbliği vasitəsi kimi yanaşmadığım da üzə çıxır. Ümumən, mən bu “təbliğat” sözünə nifrət edirəm. Bu insanları avam yerinə qoymaqdır. Mən bunu təbliğ edirəm, sən də buna inan. Məncə, təhsil də, ədəbiyyat da, eləcə siyasət də bir fikri yaymalıdırsa o fikir bu olmalıdır: “Düşün”. İnsanları düşünməyə sövq etməyən bütün kitablar yalan danışır.
Azərbaycanda sol mövzusunu daha da spesifikləşdirək. Azərbaycanda sol ədəbiyyatın durumu nə yerdədir?
Ədəbiyyatı sola ya da sağa bölmək də mübahisəlidir. Bəli, dünyada bir zamanlar kəskin sinfi ziddiyyətlərdən bəhs edən, Maksim Qorkidən tutmuş Steynbekə qədər gedən böyük bir dövr və period olub. Ancaq sol ədəbiyyat nə deməkdir? Axı sosial demokratiya ideyaları da dövr keçdikcə böyük təbəddülatlar yaşayıb. Bu gün dünyada aktiv şəkildə sinfi mübarizə yoxdur. Mən bunu “dünya gülüstana çevrilib” mənasında demirəm. Sadəcə, sol ideyalar da daha çox kimlik siyasəti üzərinə fokuslanıb. Dünyada sinfi ziddiyyətlər yüz il əvvələ görə çox zəifləyib. Bu inkişafda kommunistlərin, sosialistlərin, həmkarlar təşkilatlarının mübarizəsi həlledici rol oynayıb. Bu danılmazdır. Bəli, bəlkə də kommunizm qurmaq mümkün olmadı, amma sol ideya nəticəsində dünya çox daha ədalətli bir yerə çevrildi. Dediklərimə şübhə edən Engelsin “İngiltərədə fəhlə sinfinin vəziyyəti” əsərini oxuyub onu bu günkü İngiltərə ilə müqayisə edə bilər. Bunlar sol ideyanın qələbəsidir. Kimlərsə sol ideyanın ölümündən danışır ancaq üç cümlə sonra sol ideyanın özünü təbliğ etməyə başlayacaq. Misal üçün deyəcək ki, təhsil pulsuz olmalıdır. Bunun sol ideya olduğunu kim bilmir? Solun qələbəsi bundadır. Onun dəyərləri kütləviləşib. Çünki bunlar insani dəyərlər idi. İnsanın ülvi arzuları idi. Bu yaxınlarda türk jurnalist Ruşen Çakırın bir fikri çox xoşuma gəldi. Söhbət insanın necə solçu olmağından gedirdi. O bunu belə təsvir etdi: “Solçu olmaq nəzəri məsələ deyil. Biz insanları sevdiyimiz, onların istismarına acıdığımız və onları xlas etmək istədiyimiz üçün solçu olduq”. Böyük həqiqətin ən yalın ifadəsi budur... Və açıq şəkildə etiraf edək ki, bu sevginin güllərini biz hər yerdə görürük.
Sol ideya dəyişibsə özünü sol adlandıran ədəbiyyat da dəyişməlidir. Necə deyirdi, qoca Marks: “İctimai varlıq ictimai şüuru yaradır”. Bu gün Avropanın problemi fabrikdə 18 saat işləyən fəhlə deyil, Suriyadan gələn miqrantdır, ekoloji problemlərdir, feminizm, LGBT, dini radikalizm problemidir. Bu problemləri iqtisadi münasibətlərdən ayırmaq olmaz. Məhz iqtisadi sistem, müstəmləkəçilik, vəhşi kapitalizm bu problemləri yaratmışdır. Marks burda haqlıdır. Ancaq kilsə vaizləri kimi keçmiş nağılları, sinfi mübarizə nağıllarını təkrarlamağın xeyri yoxdur. Hələ SSRİ-ni öyüb-söyənlər lap naftalin iyi verir. Bu mənada yaradıcılarının dediyi kimi marksizmin “ən yaradıcı təlim” olması ilə bağlı məqamını də xatırlatmaq gərəkdir. İqtisadi bazisin yaratdığı sinfi mübarizə problemi əsaslı şəkildə həll edilib, ancaq bu bazis bu gün yeni problemlər yaradır. Ancaq ehkamçı marksistlər hələ də torpaq islahatından danışır. Təkcə islamın yox, marksizmin də sələfizmi var.
Burda söz düşmüşkən, miqrasiya haqqında da bir məqamı deyim. Bizdə çox qəribə tendensiya var. Necə deyərlər, ağanın malı gedir, muzdurun canı çıxır. (Yeri gəlmişkən o muzdur da çox əclf muzdurdur, feodalist sistemin əlavəsi və gədasıdır) Deməyim nədir? Bizdə Avropaya gedən ərəb miqrantları qınayırlar, ya da Afrikadan gələnləri. Və burda kiçik bir məqamı unudurlar. O ölkələri o günə qoyan Avropa kapitalizmidir, Avropa müstəmləkəçiliyidir. Mənim parolum obyektivlikdir. Və sözlərimdən Avropa düşməni olmağım fikri çıxarılmasın, lütfən. Mən ABŞ və Çindənsə Avropa İttifaqının yüksəlişini arzulayıram.
Həyatda heç bir şey bəsit və birmənalı deyil. Avropanın böyük zəka və vicdan sahibləri bunu çox gözəl başa düşürdülər. Sartr Əlcəzairin müstəqilliyi uğrunda mübarizə aparırdı. Təsəvvür edirsinizmi, öz öıkənizə aid olan bir ərazinin müstəqilliyini istəyirsiniz. Sartr Nobel mükafatdan imtina edəndə Əlcəzairin istiqlaliyyəti üçün imza atdığı bir müraciətə görə ona bu mükafat veriləcəyi təqdirdə qəbul edəcəyini yazmışdı. Buna görə də miqrasiya problemi tipik bir müstəmləkə problemidir və Avropanın bu prosesdə öz üzərinə götürdüyü missiya təqdirəlayiq olmaqla bərabər həm də onun mənəvi borcudur. Bəli, sol ədəbiyyatın mövzusu da bu olmalıdır. Sosial identikasiya məsələsi... Miqrantlar, əzilən qadınlar, alçaldılan milli, dini qruplar...
Ölkədə solun vəziyyətini ümumilikdə necə dəyərləndirərdiniz? Ürəkaçan proseslər baş verirmi və ölkənin gələcəyi sol üçün nəsə vəd edirmi? Solçu gənclərin özlərini və gələcək perspektivlərini Azərbaycan daxilində görmələri üçün yetərli səbəbin var olduğuna inanırsınız?
Çox mürəkkəb sualdır, icazə verin əsas tezisimi əvvəldə deyim: “İdeologiya ilə iş aşmaz”. Bu çox radikal görünən bir tezis də ola bilər. Meydandan kabinetə, ordan da meydana gedən adamın dövlət idarəetməsində əsaslı gedişlər edəcəyini sanmıram. Hər şeydən qabaq bizim yəni Azərbaycan Respublikasının güclü, çevik, modern bürokratik sistemi qurulmalıdır. İnsafən, on il əvvələ görə daha yaxşıdır, ancaq inkişafı sürətləndirmək lazımdır. Demək istədiyi nədir?! Milli Bankda yaxşı iqtisadçılar, məktəbdə səviyyəli müəllimlər, zavodlarda səriştəli mühəndislər, xəstəxanalarda qabiliyyətli həkimlər, akademiyada zəkalı alimlər, səfirliklərdə bacarıqlı diplomatlar, hüquq-mühafizə orqanlarında ağıllı polislər, prokurorlar olmalıdır. Dövlətin dayağı onlardır, nəinki seçkidən-seçkiyə dəyişən siyasətçilər. Təsəvvür edin Merkel 16 il kansler oldu, bu Helmut Koldan cəmi bir neçə gün az olmaqla rekord göstəricidir. Halbuki Almaniya Xarici İşlər Nazirliyində 40 ildir çalışan mütəxəssislər var. Bu sahədə təhsil alan, illərlə təcrübə toplayan, korporativ zəkadan bəhrənən insanlar... Əslində dövləti idarə edənlər də onlardır. Nə sağ, nə sol... Bu bürokratik sistemi qurmaq üçün də iki şey lazımdır: Birincisi təhsildir, ikincisi də meritokratik, yəni insanların ləyaqət və qabliyyətinə uyğun şəkildə cəmiyyətdə yer tutmasını təmin edən sistemi qurmaq...
Açıq danışaq, bir ölkədə misal üçün inflyasiyanın qarşısını almaq üçün nə etmək lazım olduğu son dərəcə aydındır. Bunun üçün solçu ya da sağçı olmaq yox iqtisadçı olmaq gərəkdir. COVİD-19-la mübarizə aparmaq üçün liberal yox həkim olmaq lazımdır. Stalin yoldaş necə deyirdi: “Кадры решают все”. Hər şeyi kadrlar həll edir. (Düzdür, Stalin hərbi təhsil almağı bir yana dursun, hərbi xidmətdə də olmamışdı, ancaq dünya müharibəsini idarə edirdi. Ancaq yaxşı ki, Jukova qulaq asırdı) Mütərəqqi dünyada necədir, seçki olur, təzə partiya gəlir, bircə naziri dəyişirlər, bütün sistem yerində qalır, vəssalam.
Azərbaycanda sol dəyərlərin yüksəlişinə ehtiyac var, bəli, bu çox əsaslı bir diaqnozdur. Amma diqqət edək. Bayaq təhsilin əhəmiyyətini dedim. 16 ildir yazı yazıram. Və bu müddət ərzində ən az ictimai diqqət toplayan mövzu bilirsinizmi, nədir? Pulsuz təhsil məsələsi. Hələ də Azərbaycan universitetlərində bu qədər yüksək təhsil haqqının məqsədini anlaya bilmirəm. Cüzi istisnaları çıxsaq ölkəmizdəki universitetlər dövlət universitetləridir. Türkiyə kimi zəngin olmayan və əhali sayı bizdən 8 dəfə böyük olan ölkədə belə dövlət universitetlərində təhsil haqqı simvolikdir, başqa cür desəm bizim ölkədəkindən 10-20 dəfə azdır. Almaniya hətta xarici vətəndaşlar üçün belə təhsili pulsuz edir? Nə üçün? Həmin bu bürokratik sistemi formalaşdırmaq, cəmiyyəti daha təhsilli, mədəni, maarifpərvər etmək üçün... Bir anlıq düşünün, bir uşaq, 600 bal yığır, amma hüquq fakültəsinin dövlət hesabına ödənişi 620 baldır. Ancaq 500 bal yığan abituriyent pulunu ödəyir, hüquqşünas diplomu alır, sabah prokuror, hakim olur. 600 bal yığan uşaq isə gedir Gödək Əhmədlə Uzun Həsənin münasibətlərini araşdırmağa. (Tarixçilər inciməsin)
Sağçıların “Dövlət baba” adlandırdığı sosial təsisatın ədaləti budurmu? Özünə nisbətən imkanlı təbəqədən prokuror, həkim, diplomat düzəltməkdirmi ədalət? ABŞ kimi liberal və kapitalist ölkə belə Harvardı tamamilə pulsuz etmək haqqında düşünür. Bunun üçün müxtəlif variantlar edirlər və faktiki olaraq orda nə qədər tələbə ödənişsiz təhsil alır.
Bizdə hər kəsin iki peşəsi var, birincisi təhsil ekspertidir. Di gəl ki, televiziyada şablon sözləri üyüdüb tökən qalstuklu alimlər, ölkədə heç nəyi bəyənməyən müxalifət liderləri, hər şeyə qulp qoyan yeniyetmə Feysbuk şərhçiləri, ya da jurnalistlər, bir sözlə, küll halda cəmiyyət bu problemi düşünürmü? Bu barədə fikirlərini deyirmi? Azərbaycanda pulsuz təhsil kimi sosial bir tələb varmı? Bu iş üçün gərəkli məbləğ Azərbaycan dövlətinin maliyyə imkanları qarşısında əhəmiyyətsiz bir rəqəmdir, ancaq bu maliyyənin hər qəpiyi böyük əsginaslara çevrilərək Azərbaycana qayıdacaq. Bu yaxınlarda bir araşdırma oxudum, əhalisinin sayı bir neçə yüz milyin olan ölkələrdə təhsili maliyyələşdirmək adətən dövlətin imkanları xaricində olur. Bu barədə də bizdə vəziyyət yaxşıdır.
Hər bir ölkənin ən böyük sərvəti insandır, vətəndaşdır. Niyə bütün dünya “insan inkişafı” haqqında danışır? Almaniya o böyük müharibə dəhşətinin üstündən heç iyirmi il keçməmiş Avropanın liderinə çevrildi və hələ də bu liderlik ondadır? Çünki Almaniyanın”Alman”ı vardı, nəhəng insan potensialı vardı. Elçibəy demişkən, kənardan xalq gətirmək olmur. Problem bundadır, mahiyyət bundadır. Kimlərsə, camaatın gözünə kül üfürmək üçün güclü dövlətdən, böyük vətəndən danışırlar. Ancaq dövlətin gücü vətəndaşıdır. Əzik vətəndaşın dövləti böyük olsa nə olacaq? Dünyanın ən ali dəyəri insandır, insan ləyaqətidir.
Mən dövlətə marksistlərin kriminallaşdırdığı, “istismar aləti” kimi baxmıram. Tarixdə bu cür dövlətlər daima olub, indi də saymaqla qurtarmaz. Ancaq dövləti insani bir orqanizmə, insanı ucaldan bir instituta çevirə bilərik. Dövləti insanlaşdırmaq... Bunun üçün nə gərəkdir? Təhsil, elm və mədəniyyət...
Sadə bir məqama fikir verin. 2021-ci il dövlət büdcəsində təhsilə 3.2 milyard manat pul ayrılıb. Bu rəqəmi təhlil etməyəcəm, fikrim başqadır. Ancaq kinoya 6 milyon manat. Bu rəqəm bir ara 1.5. milyon manata qədər endirilmişdi. Maliyyə naziri isə həm bu il, həm də iki il qabaq büdcə müzakirələri zamanı parlamentdə çıxış edərək kinoya pul ayrıldığını ancaq nəticə olmadığını deyir. Baxın, bu bizim düşdüyümüz vəziyyəti aydın şəkildə göstərir.
Hər şeydən qabaq, Samir Şərifov kinoşünas deyil. Yəqin Andre Bazinin mühazirələrini də oxuyub. İkincisi isə, kinoya ayrılan bu cüzi məbləğdən yüzlərlə kino işçisi, rejissorundan tutmuş, aktyoruna, qrim ustasına qədər insan bəhrələnir. Onlar kinoda təcrübə qazanırlar, bu sahədə pul qazandıqları üçün gedib yemiş satmırlar, maddi gəlir əldə etdikləri üçün sektorda qala bilirlər. Və böyük sənət əsərləri də illərlə toplanan təcrübə hesabına qazanılır. Heç kim 50 yaşında Tarkovki olmur. Bu məsələnin yaradıcı tərəfi.
Digər tərəfdən isə, kino xüsusilə də dövlətin maliyyələşdirdiyi kino qırmızışalvar komedianların çəkdiklərindən fərqli olaraq qazanc məqsədi güdmür. Bu kino həm ölkəmizin kino sənayesinin inkişafını təmin edir, həm festivallarda göstərilir, həm də Azərbaycan xalqına təqdim edilir. Məqsədim maliyyə nazirini tənqid etmək deyil, söhbət kinoya bu münasibətdən gedir. Bu incəsənətə münasibətdir. Və biz anlamalıyıq ki, bütün inkişaf etmiş ölkələr elmin, təhsilin, mədəniyyətin inkişafı ilə bu səviyyəyə gəliblər. Bayaq inflyasiya ilə bağlı dediyim kimi, uğurun düsturu bəllidir. Bu sahələri inkişaf etdirmək... Bax, bu da sol dəyərdir və poeziyanı meyxana, şairi tamada, bəstəkarı manıs, memarı qəbirüstü abidə düzəldən, rəqqası aş gətirən, kinonu bozbaş, teatrı gərəksiz görən bir təfəkkür və cəmiyyətdə. Sol ideya bütün bunlara qarşı mübarizə aparmalıdır. Çünki incəsənət inqilabidir... Və biz vətəndaşlarımızda ali zövq yaratmaq üçün bütün resursları cəlb etməsək təhsil belə prosesi tamamlaya bilməyəcək. Mirzə Səfər demişkən, oxuyub belə şeylərdən ləzzət aparmaq lazımdır.
Burda bir xatirəmi də danışım. Türkiyənin ən görkəmli sol şairlərindən biri, bəlkə də birincisi Ataol Bəhramoğlu idi. Öz ideyası üçün həbslərdə yatmış, sürgünlərdə qalmış bir intellektual... Onunla Bakıda görüşüb, maraqlı bir söhbət elədik. Axırda ona çox sadə bir sual verdim: “Ataol bəy, niyə Türkiyədə deyirlər ki, sağdan yazar çıxmaz”. Ataol bəy cavab verməzdən əvvəl bir az düşündü və sonra belə dedi: “Bilirsənmi, onların qarşısına hazır həqiqətlər qoyulur. Onlar dünyanı sorğulamırlar, verilən cavabları qəbul edirlər. Biz isə bunu qəbul etmirik”. Bəlkə də çox sərt cavabdır, bir az da tendensiyalı... Ancaq mahiyyət etibarı ilə gerçəkdir, çünki axtarmadığın cavabı heç zaman tapa bilməzsən. Və istismar, əzilən, aşağılan, həqarətə uğrayan biri ilə qarşılaşan hər vicdanlı insan bu vəziyyəti düzəltməyə və həm də vəziyyəti anlamağa çalışır. Ədəbiyyat da bu anlamaq cəhdidir... Fəlsəfə də başqasını anlamaqdır, onun dərdinə şərik olmaqdır. Elm insnaın maddi rifahını artırır. Təhsil bütün bu bilikləri cəmiyyətə ötürür. Bəşəriyyətin ehtiyacı bunadır...
2015-ci ildəki miqrant axını ilə birlikdə Avropa qitəsində ksenofob sağın yüksəlişinə şahidlik etdik. Sizcə, bu gedişat Azərbaycanda öz izlərini buraxıb? Azərbaycanda bu cür "yüksələn sağ"ın varlığından danışmaq mümkündür?
Azərbaycan xalqı, daha dəqiq desəm azəri türkləri ancaq erməni ilə qarşılaşdıqda özlərini türk olduqlarını hiss edirlər, qabardırlar. Ləzgi ya da talışa münasibətdə belə tendensiya yoxdur. Xudu Məmmədov o vaxtı deyirdi ki, bizi öz adımızla (türk) çağıran yeganə xalq ermənilər idi, onlar da çıxıb-getdilər. Azərbaycan tarixində heç bir zaman ifrat sağ olmayıb. Misal üçün, siyasi millətçiliyin fikir babası Məmməd Əmin... Son dərəcə loyal, hətta faşizmin tüğyan etdiyi dövrdə yaşasa belə insan hüquqlarına hörmət edən, bəşəri dəyərlərlə yaşayan bir insan... Misal üçün deyirdi ki, Sədini də Tolstoyu də oxumaq gərəkdir, ancaq türkü öz Sədisindən, Tolstoyundan məhrum etmək olmaz. XX əsrin əvvəlləri üçün görün necə uzaqgörən və zərif düşüncələrdir... Ya da Elçibəy... Milli azlıqlar ən böyük hüquqları onun zamanında aldı. Ərəbşünas idi, ancaq islamçı deyildi, demokratiyaya bütün varlığı ilə inanırdı. (Bu onun sonu olacaqdı)
“Marselyoza”da bir yer var: “Çünki qullar dünyasının; İntiqamı ağır olur”. Faşizm, ksenofobiya, şovonizm qulların yox, gədaların intiqamıdır. Sərt oldu, elədirmi? Bəli, təkrar edirəm, gədaların intiqamı. Burda bir misal verəcəm. “Usta Zeynal” hekayəsində Zeynal erməni Akopa nə deyir? “Sizin niyə padşahınız yoxdur?” Guya, Azərbaycanın o dövrdə padşahı vardı? Yarısı İranın tərkibində idi, yarısı Rusiyanın. Ancaq azərbaycanlılar həm Osmanlı sultanını, həm də İran şahını (məzhəbə görə) özlərinə padşah bilirdilər. Axundov Rusiya generalı idi, ancaq əlifba layihəsini götürüb İstanbula getmişdi. Deməyim nədir?! Azərbaycan xalqının genlərində əziklik yoxdur, gədalıq yoxdur, yazıqlıq yoxdur. İmperiyalar qurmuş xalqdır. At belində olan xalqdır. Köçəri cəngavər ruhunu daşıyır. Axundov komediyalarındakı erməni obrazlarına baxın. Ona görə Zeynal qapısında işlədiyi Akopa belə sual edir... Və o fağır görünümlü Akop bir gün əlinə silah alıb Usta Zeynalın başını kəsəcəkdi. Ömər Faiqin xatirələrində var, Tiflisdəki azərbaycanlılar kompakt yaşadığı üçün müsəlman qırğınında ermənilər onlara bata bilmirdi. Ancaq Usta Zeynal kimi İrandan gəlmişləri qışın soyuğundan öldürüb Kürə tullayırdılar.
Başqa bir misal verim, lap aydınlaşsın. Türklərin siyasi islam anlayışına baxın, sufi meyllidir, dövlət ideologiyasının əsasını təşkil edir. Ancaq ərəblərin siyasi islam anlayışı, asi, qəddar, fanatik, vəhşi... Söhbət siyasi islamdan gedir, inanc sistemini bura qatmayın. Bəli, Diyanetə baxın, Xətainin azad ruhlu qızılbaş cəngəvərlərinə... Bir də İŞİD-ə... Səbəb? Çünki ərəblərin bu siyasi islam anlayışı Osmanlıya üsyanın ideologiyası kimi ortaya çıxmışdı. Osmanlının belə ideologiyaya ehtiyacı yoxuydu. Özünə üsyan eləyəsi deyildi ki?!
Millətçilər bu yazdıqlarımı bəyənəcəklər. Azərbaycan xalqı çox orijinal bir etnogenez prosesi keçirib. Diqqət edin, yeganə şiə türk bizik. Qafqazda yəni digər xristian xalqların arasında yaşayan türk bizik. O mənada sekulyarlaşmışıq, Azərbaycan Türkiyədən daha sekulyardır. Və bu milli identikliyi, özünəməxsusluğu, Azərbaycanlılığı nəyin sayəsində qazanmışıq? Mədəniyyətimizin, ilk növbədə də ədəbiyyatımızın. Başında beyin əvəzinə saman olan müzürlər (ziyanlı deməkdi) Cəlil Məmmədquluzadəni xalqı təqir edən deyirlər. Hərçənd bu zəkaya malik insanlara təhqir də lütfdür. Ustadın, bircə “Azərbaycan” yazısını oxuyun, görün bir xalqı necə var etmək olar...
Bir məqamı da unutmayaq, Azərbaycanda radikal islamın yayılması qarşısında ən böyük mənəvi əngəl də millətçilikdir. Çünki Azərbaycan xalqı özünü ümmət yox millət kimi təsəvvür edir. Dünyada Azərbaycan qədər İranı sevməyən heç bir şiə ölkəsi yoxdur. Bu xalqımızın bütövlüyü, ucalığıdır. Mənəvi sipəridir, həm də sağlam şüurudur. İran o uzaq Nigeriyada sünni-şiə davası sala bilir, amma Azərbaycanda yox. Çıxın, küçəyə, istədiyinizdən soruşun, görün Albert Aqarunovu çox sevirlər, yoxsa Ərdəbil imam-cüməsini...
Müharibə zamanı pasifist olmağı kommunistlik sayanlar da oldu. Halbuki, Qarabağ uğrunda mübarizə həm də sosialist mübarizədir. Əzilənlərin intiqamıdır, faşizm üzərində qələbədir, imperializmin əlaltıları üzərində zəfərdir. Bu Azərbaycan tarixinin mühüm bir mərhələsidir. Ancaq biz hələ yolun başlanğıcındayıq. İnkişafın, rifahın yolu bəllidir: Elm, təhsil və mədəniyyətin inkişafı... Millətindən, dinindən, irqindən, sosial zümrəsindən, oriyentasiyasından və əlbəttə ki, cinsindən asılı olmayaraq hər kəsin xoşbəxt yaşadığı bir məmləkət. Sosializm də elə budur...