Fəridə Alışova

5 Yanvar 2022, 9:13

Səhiyyə boşluqları və maarifsizlik

Azərbaycanda son 20 ildə səhiyyə sistemində baş verən bir sıra yeniliklər, bəzi xəstəxanaların yenidən qurulması, müəssisələrdə dünyanın müxtəlif ölkələrindən gətirilən müasir tipli tibbi avadanlıqlarla təchiz edilməsi səhiyyə sisteminin inkişafına böyük rol oynamışdır. Xüsusən mərkəzlərdə qurulan tibbi avadanlıqlar müayinə ilə yanaşı, bəzi cərrahiyyə əməliyyatlarının da aparılmasına imkan verir. Burada qurulan tibbi avadanlıqlar bəzi səhiyyə müəssisələrinə nisbətən daha çox proseslərin həyata keçirilməsinə şərait yaradır.

Buna baxmayaraq, diaqnostika mərkəzləri yerləşdiyi ətraf rayonlarda yaşayan əhali müayinə və yaxud əməliyyat olunmaq üçün kütləvi şəkildə Bakıya axışır. İnsanlar hətta əlavə vəsait sərf etmələrinə baxmayaraq, Bakıda müayinə və müalicə olunmağa üstünlük verirlər. Səbəbini isə peşəkar kadr qıtlığı ilə əlaqələndirirlər, əksər hallarda onlar regionlarda işləyən həkimlərin təcrübə və bacarıqlarına güvənmirlər .

 

Bundan əlavə regionlarda UNICEF, ÜST Avropa Birliyi (AB) kimi beynəlxalq təşkilatların apardıqları tədqiqatlarda bir sıra problemlər meydana çıxmışdır ki, bunlar:

  • Zəruri təsisatların olmaması. Şübhəsiz ki, Azərbaycan hökuməti ölkədə yeni xəstəxanalar inşa edib. Bununla belə, bu təsisatlar zəruri avadanlıqlar, fasiləsiz su təminatı, sanitariya təsisləri, eləcə də xüsusilə kənd yerlərində elektrik çatışmazlığını aradan qaldırmaq üçün elektrik generatorları ilə kifayət qədər təmin edilməyib.

  • Mama və tibb bacılarının/qardaşlarının çatışmazlığı. Yaxşı təlim keçmiş səhiyyə işçiləri, tibb bacıları/qardaşları və mamaların azlığı da problemin səbəblərindən biridir.

  • Keyfiyyətin və məlumatlılığın çatışmazlığı.Səhiyyə xidmətlərinin çatdırılmasında keyfiyyətin çox aşağı olması, habelə, hamilə qadınlar arasında hamiləlik barədə məlumatlılığın olmaması ölkədə uşaq ölümünə töhfə verən amillərdir. Analiz göstərir ki, hamilə qadınlar hamiləlik dövründə məlumatsızlıq və maliyyə xərcləri səbəbindən xəstəxanalara aylıq yoxlanışa getmir və həkimlə mütəmadi olaraq məsləhətləşmirlər

Regionlarda, əksərən də dağlıq bölgələrdə marifsizlik bir çox hallarda erkən evliliyə, uşaq və ana ölümlərinin sayının artmasına, ailə-sağlamlıq mərkəzlərinin əlçatan olmaması uşaqların fiziki, əqli və bir sıra genetik xəstəliklərin artmasına, kəndlə rayon arasındakı uzaq məsafələr uşaqların vaxtında peyvənd olunmaması kimi problemlərə gətirib çıxarır.

 

Əksər hallarda ailə həyatı quran cütlüklər uşaq inkişafı barədə məlumatsız olurlar, dünyaya gələn uşağın onların həyatına gətirəcəyi dəyişiklikləri hesablaya bilmirlər , əlbəttə ki bütün valideynlər övladlarına xoşbəxt gələcək arzulayır, lakin çox vaxt bu arzuya çatmaq üçün uşağı necə dəstəkləmək lazım olduğunu bilmirlər.

Hal hazırda bölgələrdə səhiyyə sistemini yaxşılaşdırmaq, valideyin bacarıqlarını inkişaf elətdirmək, erkən uşaqlıq dövrünün insan həyatında rolunu, uşaqların ailə mühitində böyüməsi, peyvəndlərinin vaxtı vaxtında vurulması, hamiləlik dövründə ananın sağlamlığı kimi mövzuların vacibliyi səbəbindən Səhiyyə Nazirliyi, İcbari Sığorta, TƏBİB, UNİCEF, Avropa Birliyinin maliyyə dəstəyi ilə “Patronaj (ev ziyarətləri) xidmətlərinin gücləndirilməsi layihəsi”ni 4 regionda - Ağcabədi, Gəncə, Şirvan, Abşeron həyata keçirir.

Layihə nəticəsində məlum olmuşdur ki, ailələr:

  • Erkən uşaqlıq dövrünün uşağın həyatında rolu barədə maarifsizdirlər;

  • Ana südünün əhəmiyyəti barədə maarifsizlik (bəzi regionlarda bu 0-a bərabərdir)

  • Bölgələrdə valideynlik bacarıqlarını inkişaf etdirən xidmətlərin olmaması

  • Mövcud (az sayda) uşaq inkişafı xidmətləri ilə bağlı əhali arasında məlumatsızlıq

  • Uşağın inkişafına təsir edən amillər barədə məlumatsızlıq

Keçirilən layihələrin ən əsas məqsədi uşaqların düzgün ailə mühitində,toksik stressdən uzaqda, laqeyidlik, qəddar rəftar görmədən, sevgi dolu ortamda böyüməsi üçün ilk növbədə ailələri, valideyin olacaq ana və ataları məlumatlandırmaqdır.

Paylaş:

631
0