Gülər Sahib

2 Yanvar 2022, 2:23

Səadət

Həftənin bazar ertəsi gününün dördüncü dərsi idi. Hər dərs əlini qaldırması azmış kimi, “müəllim, mən deyim?” ifadəsini tutuquşutək təkrarlayan şagirdimin – Səadətin səsi çıxmırdı. Öz-özümə “bəlkə, bu gün dərsə hazır deyil?” deyib, 1-2 dəqiqə onu müşahidə etdim. Gördüm, yox, sinifə ünvanladığım sualların cavablarını dodaqaltı öz-özünə pıçıldayır. Amma halsızdır, elə bil canında hey yoxdur, rəngi də ağappaqdır. O, mənimlə üz-üzə otururdu. Yerimə əyləşib asta səslə “nə olub sənə bu gün?” dedim. “Heç nə, müəllimə, yorğunam bir az”, - cavabını verdi. Niyəsini soruşdum, ağlamasındı. “Səhər yemək yeməmişəm, yəqin, ona görə halsızam, başım fırlanır”, - dedi. Bir anlıq donub qaldım, nə deyəcəyimi bilmədim.

Sonra bir az da danışdı. Dedi ki, anam dünən günorta əmimgildən un almışdı, çörək bişirdi, günorta onu yedik, axşama heç nə yememişik, səhər də ac gəldik məktəbə, indi ona görə halım yoxdur.

Bir müəllim kimi həmişə çalışmışam ki, şagirdlərimin suallarına cavab verim. Müəllimlik fəaliyyətim dövründə ilk dəfə idi ki, sinifdə bir suala cavab tapa bilmirdim – bu, həmin şagirdimin təmiz bəbəklərində yaranmış sual idi. Özümdən 20 yaş kiçik bir qızcığazın qarşısında deməyə söz tapa bilməməyin çarəsizliyi məni əzirdi.

Nəsə düşünməli idim. Adətən çantamda konfet, şirniyyat saxlayıram. Dərsdə yaxşı cavab verən şagirdləri belə kiçik hədiyyələrlə mükafatlandırıram. Bəzən bu hədiyyələrin arasında rəngli qələmlər, ya müxtəlif formalı pozanlar, xətkeşlər və s. olur. Bu dəfə çantamdakı konfetləri çıxartdım qoydum masamın üstünə. Dedim, sual verəcəm, kim düzgün cavabını desə, konfetler onundur. Uşaq deyil ki? Nə olsun 10 yaşı var? Bu oyunu onun üçün qurduğum dərhal anlayıb başını aşağı saldı.

Mən bu sinfimin şagirdləri ilə övlad-valideyn münasibətində idik. Hamısı hər hərəkətimi başa düşürdü: əlimi niyə qaldırdım, dəftəri niyə açdım, kiməsə niyə baxdım, kimə hansı sualı niyə verdim. Səadətin utandığını görən kimi digər uşaqlar hərəsi bir tərəfdən “hə, müəllim, verin sualı, konfetlərin hamısı mənimdir” deyib onu da həvəsləndirdilər. Səadət də başını qaldırıb həvəslə sualı dinlədi və dərhal cavablandırdı. Hətta bəzi suallarda geciksə belə, sinif yoldaşları onu gözlədilər və ya özləri qəsdən səhv cavab verib, Səadətin düzgün cavabı deməsini gözlədilər ki, konfetləri o qazansın. Bir neçə dəqiqə çəkən sual-cavabdan sonra Səadət hamıdan çox suala cavab verdi və mükafatı qazandı. Konfetləri ona verəndən sonra açıb yeməsini işarə etdim. Səadət konfetlərdən ikisini yedi, digərlərini isə sinif yoldaşlarına payladı. Sözün düzü, təəccüblənmədim: mən onun belə böyük ürəyə sahib olduğunu bilirdim.

Dərsdən sonra sinif rəhbərinin yanına getdim. O, çox yaxşı müəllim və yaxşı insan idi. Onu kənara çəkib Səadətə evə getməyə icazə verməsini xahiş etdim. Nə baş verdiyini soruşanda uşağın dediklərini ona danışdım. Müəllim məyus halda başını yellədi. Məktəbin yanındakı mağazadan müxtəlif şirniyyatlar alıb sinif uşaqlarına payladı. Həmin müəllimə ilə birlikdə dərsdən sonra bazarlıq edərək Səadətgilə getdik. Qapını açanda Səadətin 5 yaşlı qardaşı sevincək halda üstümüzə qaçdı. O, Səadətin valideynlərinin illərdir yolunu gözlədikləri və 5 qızdan sonra dünyaya gələn yeganə oğlan övladları idi.

Paylaş:

531
0