Təhmasib Əlizadə
17 Fevral 2022, 17:36Rəqəmsal demokratiya inklüziv inkişafı sürətləndirə bilərmi?

Öncəliklə, mən onu qeyd edim ki, rəqəmsal texnologiyaların yaratdığı təhlükələri də nəzərə alaraq, bu mövzunun təhlilində texnoloji optimizmi (nikbinliyi) biraz daha önə çıxarmağa çalışmışam.
Son onilliklərdə texnoloji innovasiyalar iqtisadi dinamikaların dəyişməsini sürətləndirmiş və sənayeləşmənin yeni mərhələsini yaratmışlar. Bu proses rəqəmsallaşma ilə müşaiət edilmiş və “Sənaye 4.0” ilə davam etmişdir. Bu yeni paradiqma iqtisadi demokratiya ilə bağlı aparılan müzakirələrin sahəsini də genişləndirir. Xüsusilə, gəlir bərabərsizliyinin yüksək olması, müxtəlif gəlir qruplarının innovasiya edə bilmək imkanları arasındakı boşluğun böyük olması, inklüziv innovasiya üçün maliyyə çətinliklərinin çox olması iqtisadi demokratiya müzakirələrinin əsas tərəflərindən hesab olunur. Bu həm də rəqəmsal demokratiyanın çərçivəsini müəyyən edir. Nəticədə belə bir sual ortaya çıxır: rəqəmsal demokratiya inklüziv inkişafı sürətləndirə bilərmi?
İndiyə qədər bu suala cavab verə bilmək üçün nəzəri və empirik təhlillər daxil olmaqla müxtəlif araşdırma üsullarından istifadə edilib. Lakin hələ də bütün maraqlı tərəfləri razı sala biləcək nəticə yoxdur. Bir məsələ hər kəs üçün dəqiqdir ki, demokratiya müxtəlif gəlirə sahib qrupların iqtisadi rifahı üçün əhəmiyyətlidir və bunlar ciddi şəkildə rəqəmsal texnologiyalardan da təsirlənirlər. Birgə yaşadığımız dünyada artıq bütün iqtisadi və sosial dəyişikliklərə cavab verə bilmək üçün yeni bir yol var, hansı ki yeni texnologiyaları sıx şəkildə istifadə edir. Bu yol rəqəmsal demokratiya (e-demokratiya) adlanır.
Əvvəla, rəqəmsal demokratiya nədir? Bu, demokratiyanın rəqəmsal texnologiyalara əsaslanan yeni növü hesab edilə bilər. Bu yeni sistemin adı demokratiya 4.0 kimi də təqdim olunur və əsasən dördüncü nəsil sənaye inqilabı texnologiyalarını istifadə edir. Cəmiyyətlər öz demokratik sistemlərini təkmilləşdirmək üçün yeni imkanlar, yeni dəyərlər yaratmağa və onlardan faydalanmağa çalışırlar. Bu olduqca anlaşılandır, çünki son onilliklərdə insanlar arasında genişlənmiş müxtəlif növ bərabərsizliklər iqtisadi rifahı zəiflədib. Xüsusilə də, aşağı gəlirli və marjinallaşmış qrupların rifahında ciddi geriləmə müşahidə edilir. Belə bir vəziyyət onların innovasiya edə bilmə və innovasiyalardan faydalana bilmə imkanlarını məhdudlaşdırır. Bu baxımdan, rəqəmsal demokratiya cəmiyyətlərin real tələbinə çevrilib. Demokratiya 4.0 aşağı gəlir və marjinallaşmış qrupların itirilmiş iqtisadi hüquqlarının bərpası üçün yeni ümidlər yaradır. Rəqəmsallaşmanın gücləndirə biləcəyi demokratik mühit kök innovasiyaları və yeni texnologiyaları daha çox insanın rifahı üçün təşviq edə bilər. Belə bir yeni sistem həm də 2008 qlobal maliyyə böhranından bu yana cəmiyyətlərin içində olduğu “böhran labirintindən” çıxara və keyfiyyətli iqtisadi artımı gücləndirə bilər. Rəqəmsal demokratiya həm də iqtisadi demokratiyanın gələcəyi ilə bağlı aparılan ictimai müzakirələrdə ortaya çıxan bir çox sualların cavabı da ola bilər. Xüsusilə də, qlobal bərabərsizliyin kəskin yüksəldiyi dövrdə belə bir həll yoluna ehtiyac var. Aşağıdakı qrafikdə 2016-cı ilə olan göstəricilərə əsasən regionlar üzrə ən varlı 10% əhalinin ölkələrin milli gəlirindəki payı göstərilir.
Mənbə: Dünya Bərabərsizlik Hesabatı 2018,
https://wir2018.wid.world/files/download/wir2018-full-report-english.pdf
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT – OECD) ölkələri üzrə gəlir bərabərsizliyi son 30 ildə ən yüksək həddini yaşayır. Hazırda dünyada İƏİT ölkələri üzrə əhalinin 10% ən varlı kəsimi 10% ən kasıb kəsimindən 9.5 dəfə daha çox qazanır, yəni ki 9.5:1 nisbətindədir. Lakin müqayisə üçün baxsaq görərik ki, 1980-ci illərdə bu göstərici 7:1 nisbətində idi. Bu rəqəmlər göstərir ki, son onilliklərdə dünyada bərabərsizlik yüksəlib və bu inklüziv inkişaf mənfi təsir edir. İnklüzivliyi artıra bilmək üçün bir sıra siyasət həll yolları var, bu yazı yalnız rəqəmsal demokratiyanın təsirləri üzərində hədəf qurur.
Rəqəmsal demokratiyanın inklüziv inkişafı sürətləndirə bilmə yolları:
- Rəqəmsal demokratiya daha çox fərdin rəqabətdə iştirakını artıra bilər.
Hazırda qlobal bazarlardakı şəkil aydındır: kiçik şirkətlərin böyüklərə nəzərən maliyyə və texnologiya imkanları məhduddur. Nəticədə, onlar rəqabətdə geri düşürlər. Hətta onların bəziləri bazara daxil ola bilmirlər. Bu səbəbdən, daha inklüziv maliyyə sisteminə və texnoloji imkanlara ehtiyac var. Bu şərtlər məhdud maliyyə və texnoloji sərhədləri olan bir “qutu” formalaşdırıblar. E-demokratiya fərdləri, sahibkarları bu “qutu”dan kənarda fəaliyyət göstərərək, rəqabətdə iştirakını təmin edə bilər. Nəticədə, inkişaf etmiş, inkişaf etməkdə olan və inkişafdan geri qalmış ölkələrin hökumətləri rəqəmsal prosesləri təşviq etməklə fərdlərin, sahibkarların iqtisadi rəqabətdə daha aktiv iştirakı üçün uyğun mühit formalaşdırmış olarlar. Belə bir əhatəedici rəqabət mühiti inklüziv inkişaf üçün vacib şərtdir.
- E-demokratiya alətləri qərarvericilərlə fərdlərin arasındakı boşluğu daralda bilər.
Rəqəmsal demokratiya hökumətlə vətəndaşlar arasında (və ya dövlətlə cəmiyyət arasında) əlaqələri və əməkdaşlığı inkişaf etdirəcək yeni imkanlar da yarada bilir. Görürük ki, artıq “ənənəvi demokratiya” bu münasibətləri yetərincə inkişaf etdirə bilmir. Deməli, ənənəvi üsullar mərhələli şəkildə yeniləri ilə əvəz edilməlidir. Xüsusilə də, bu münasibətlərin düzgün qurulması iqtisadi rifahın vəziyyətinə təsir göstərir. Məsələn, inklüziv inkişafın əsas indikatorlarından biri olan sahibkarlığın vəziyyəti dövlətlə cəmiyyət arasındakı iqtisadi münasibətlərin səviyyəsindən ciddi asılıdır. Bu baxımdan rəqəmsal texnologiyaları fürsətə çevirmək mümkündür. Məsələn, internetin artıq uzun illərdir sosial platformalar üzərindən insanların münasibətlərini inkişaf etdirərək iqtisadi nəticələr formalaşdırdığı bəllidir. İndi isə rəqəmsal texnologiyalar bu münasibətlərdə yeni bir dövrü başladır. Bu dövr hökumətlərlə vətəndaşlar arasındakı iqtisadi münasibətlərin daha əhatəedici olması, inklüziv rifahın önə çıxması ilə nəticələnə bilər. Sadəcə, doğru addımlara və siyasətlərə ehtiyac var. Burada yanaşma çox vacibdir.
- Demokratiya 4.0 rəqəmsal texnologiyaların inklüziv rifah üçün istifadəsini genişləndirə bilər.
Yeni texnologiyaların inkişafı ilə rifaha olan yanaşama da dəyişib və belə bir yeni ifadə ortaya çıxıb: rifah 4.0. İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) müxtəlif alətlərini istifadə etməklə sosial inkişafın yeni perspektivlərini ortaya çıxarmaq olar. İnklüziv inkişafı əsas alaraq onu demək olar ki, dövlət institutları ilə cəmiyyətin rifahı arasındakı yaxınlaşma rəqəmsal demokratiya vasitəsi ilə inkişaf etdirilə bilir. Bəllidir ki, son illərdə texnoloji tərəqqinin önə çıxardığı tərəflər əsasən süni intellekt, sənayelərin robotlaşması, böyük verilənlər və əşyaların interneti kimi innovasiyalardır. Bu da hökumətlərin rəqəmsal demokratiyanı əsas alıb, inkişaf etdirməsi üçün ayrı bir səbəbdir. Yəni, dünyanın texnoloji inkişaf yönü dəyişdiyi üçün cəmiyyətlərin tələbi də dəyişir. Bu tələbləri nəzərə almadan iqtisadi fayda əldə etmək çətindir.