Rüfət Bağırov
7 May 2022, 18:54Qiymət nostalgiyası - SSRİ qiymət siyasəti

Yəqin ki, yaşlı insanlardan tez-tez 1 rubla restoranda yemək yedikləri, 3 qəpiyə tramvaya mindikləri, ətin kiloqramının 2.5 rubla olduğu zamanlar barədə əhvalatlar eşitmisiniz. Bu məqalədə sizə müasir dövr və SSRİ qiymət siyasətinin bəzi fərqlərini izah etməyə çalışacam.
Hər şeydən qabaq qeyd edim ki, qiymət əmtəənin dəyərini pulla ifadəsidir. Adam Smit və sonrakı klassik siyasi iqtisad məktəbi (Karl Marks, David Rikardo) qiymətin ziddiyyətli ikili mahiyyətini nəzərə alır: Qiymət bir tərəfdən əməyin xərclənməsindən asılı olan, obyektiv dəyərin pul ifadəsidir; digər tərəfdənsə, qiymət tələblərin subyektiv qiymətləndirilməsindən asılıdır. Bu da tələb və təklifin ölçüsündə dəyişikliklərə səbəb olur. Fransız iqtisadçı Jan Batist Seyə görə qiymət fayda və tələbə əsasən müəyyənləşirdi. Marjinalist Avstriya məktəbi isə obyektiv dəyər konsepsiyasından imtina edərək subyektiv üstünlüklərə yönəlmişdi (Marjinal fayda nəzəriyyəsi). Neoklassik iqtisadçı Karl Kassel isə ümumiyyətlə dəyər və faydalılıq anlayışlarını rədd edirdi. Bir sözlə “Qiymət” anlayışın tərifi hansı iqtisadi nəzəriyyə paradiqmasından yanaşmamızdan asılı olaraq müxtəlif formalarda ola bilər.
Qiymətləndirmə məqsədyönlü bir şəkildə həyata keçirilir. Müəyyən olunmuş qiymətlər gələcək strategiyalara öz təsirini göstərir. Qiymətləndirməyə ümumi olaraq desək, bazarın seqmental təbəqələşməsi, rəqiblərin fəaliyyət istiqamətləri, istehlakçılar tərəfindən məhsulların subyektiv qiymətləndirilməsi və s. kimi müxtəlif amillər təsir edir. Müasir dövrdə qiymətləndirməyə müxtəlif yanaşmalar mövcuddur.
Qiymət siyasəti isə dövlətin iqtisadi fəaliyyətinin ən mühüm sahələrindən biri və dövlət tənzimlənməsinin ən mühüm alətidir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi dövlətin qanunvericilik, inzibati və büdcə-maliyyə tədbirləri vasitəsilə qiymətlərə bütövlükdə iqtisadi sistemin sabit inkişafına töhfə verəcək şəkildə təsir göstərməyə cəhdidir.
Qiymətlərin tənzimlənməsi sahəsində şübhəsiz önəmli dövrlərdən biri SSRİ-nin mövcud olduğu dövrdür. Sovet Sosialist Respublikaları İttifaqında qiymətqoyma sistemi uzun və çətin inkişaf yolu keçmişdir. Çətinlik onda idi ki, bəşər tarixində ilk proletar dövləti, özünəməxsus iqtisadi qanunları olan, əvvəlki bütün sosial sistemlərdən köklü şəkildə fərqlənən, əmtəə-pul münasibətlərinin özünəməxsus xarakteri ilə sosialist cəmiyyəti yaradıldı. Tarixdə ilk dəfə olaraq qiymətlər qiymət orqanları tərəfindən şüurlu şəkildə müəyyən edilirdi. Dövlət qiymət planlaşdırılması prinsiplərini işləyib hazırlamaq, qiymətlərin növlərini və onların nisbətini, səviyyələrini, qiymətlərin tərkibini və strukturunu, planlaşdırılmış qiymət modellərini, qiymətqoymanın təşkili metodunu, perspektiv və cari qiymət planlamasını müəyyən etmək lazım idi.
Sosializm şəraitində qiymətdən partiya və hökumət insanların rifah səviyyəsini durmadan yüksəltmək və ictimai əməyin məhsuldarlığının artımını stimullaşdırmaq üçün etibarlı vasitə kimi istifadə olunur. Eyni zamanda, hər hansı bir əmtəənin qiymətini dövlət sadəcə olaraq təyin edə bilməz, o, ümumi iqtisadi və siyasi şəraitlə, eləcə də bir çox başqa malların qiymətləri ilə qırılmaz şəkildə bağlıdır. Ona görə də qiymət məsələlərini təkbaşına həll etmək olmaz. Bunları ancaq əmək məhsuldarlığının yüksəldilməsi, ictimai istehsalın səmərəliliyinin artırılması, milli təsərrüfat proporsiyalarının yaxşılaşdırılması və bir çox başqaları kimi əsas iqtisadi problemlərlə birlikdə həll etmək olar.
Ayrı-ayrı malların qiymətləri bir-biri ilə bağlıdır və müəyyən bir sistem təşkil edir. Sovet qiymət sisteminə aşağıdakı qiymət növləri daxildir: topdansatış, tədarük, pərakəndə və kolxoz bazarı qiymətləri. Hər bir qiymət növünün özünəməxsus formalaşma və planlaşdırma üsulları və spesifik funksiyaları vardır.
Əsas olaraq danışmaq istədiyimiz pərakəndə qiymətlər isə istehlakçıların məhsulları və bəzi kiçik əmək alətlərini aldığı son qiymətlərdir. Pərakəndə qiymətlər vasitəsilə insanların rifah səviyyəsinin sistemli şəkildə yüksəldilməsi təmin edilir, ona görə də bəzi malların (məsələn, ət məhsullarının) qiymətləri dövlət üçün sərfəli olmasa da, aşağı səviyyədə qalırdı. Digər tərəfdən, pərakəndə satış qiymətləri konkret qeyri-vacib məhsula tələbin artmasına cavab verməli və bu malların istehsalını və ya idxalını artırmaqla tələbatı qısa müddətdə ödəmək mümkün olmadıqda yüksəlməlidir. Əks halda, qıt malların spekulyativ təkrar satışı və zənginləşmə üçün zəmin yaranardı.
SSRİ-nin vahid dövlət qiymət siyasəti prinsipi tələb edir ki, yerləşdiyi yerdən və tabeliyindən asılı olmayaraq bütün qiymət təyin edən orqanlar qiymətlərin müəyyən edilməsində milli maraqlara əsaslanan vahid yanaşmanı rəhbər tutsunlar. Bunsuz proporsiyaların planlı şəkildə qurulması, müəssisələrin və işçilərin gəlirlərinin planlaşdırılması, bir çox iqtisadi problemlərin düzgün həlli mümkün deyil.
Qiymətlər sosialist qiymətqoyma prinsipləri əsasında müəyyən edilməlidir — qiymətləri ictimai zəruri əmək məsrəflərinə yaxınlaşdırmaq, normal fəaliyyət göstərən müəssisələr üçün lazımi mənfəəti təmin etmək, məhsulların səmərəliliyini, onların texniki-iqtisadi parametrlərini əks etdirmək və s. vahid dövlət qiymət siyasəti istisna etmir, lakin milli iqtisadiyyatın müxtəlif sahələrində, ərazi aspektində və s. qiymətqoymanın xüsusiyyətlərinin nəzərə alınmasını nəzərdə tutur.
Baxılan prinsip yalnız Sosialist iqtisadi sisteminə xasdır. O, Kapitalizm şəraitində fəaliyyət göstərmir və fəaliyyət göstərə də bilməz, çünki Kapitalizmdə istehsal vasitələri üzərində xüsusi mülkiyyət hökm sürür, ölkə iqtisadiyyatının inkişafı məsələlərinin həllində kapitalistlərin maraqları həlledicidir.
Dövlətin pərakəndə qiymətlərlə bağlı siyasəti “istehlak mallarının dövlət pərakəndə satış qiymətlərinin sabitliyinin təmin edilməsindən, əmtəə ehtiyatlarının toplanması ilə əlaqədar bəzi mal növlərinin qiymətlərinin aşağı salınmasından” ibarət idi. Pərakəndə qiymətlərin belə siyasəti o deməkdir ki, əməkçilərin pul gəlirlərindəki bütün artım onların real gəlirlərinin artırılmasına sərf olunacaq. Bu, sosializm şəraitində fəaliyyət göstərən obyektiv iqtisadi qanundan - işə görə bölgü qanunundan daha ardıcıl istifadə etməyə imkan verəcəkdir.
Sosialist dövləti istehlakın strukturunun və xarakterinin formalaşmasına məqsədyönlü, planlı təsir göstərmək üçün pərakəndə qiymətlərdən istifadə edir. Onların köməyi ilə dövlət bəzi malların istehlakını stimullaşdırır və digərlərinin alınmasını məhdudlaşdırır, yeni malların istehlakının ən rasional formalarından geniş istifadəni təşviq edir, əhalinin müxtəlif qruplarının istehlak səviyyələrini birləşdirir. Eyni zamanda, gənc nəslin tərbiyəsi, sovet insanlarının mənəvi inkişafı ilə bağlı hər şey kimi, zəruri malların və xidmətlərin ümumi əldə edilməsinə xüsusi diqqət yetirilir. Bu mal və xidmətlər aşağı qiymət siyasətinə tabedir.
Nəticədə onu deyə bilərik ki, SSRİ-də əksər malların qiymətləri onların maya dəyərinə yaxınlaşdırılırdı.
Sonda isə minimum əmək haqqının 70 rubl, orta aylıq əmək haqqının 140-150 rub olduğu Sovetlər Birliyində bəzi istehlak məhsullarının nostalgik qiymətlərinə xatırlatma edərək məqaləni yekunlaşdırmaq istəyirəm.