Emin Qasımov
11 May 2022, 19:02Postdemokratiya və postsiyasət

Post-demokratiya və post-politika anlayışları post-modernizm dövrünün ortaya qoyduğu, özündə tənqidi və təsbitə yönəlik anlayışı, axtarışı əks etdirən fenomendir. Post-modern dövrün özündə yenidən müzakirə predmetinə çevirdiyi "siyasət nədir","demokratiya nədir" kimi suallara həll kimi də qavranıla bilən post-demokratiya fenomeni bu suallara axtarış cəhdi kimi də xarakterizə edilir və bu anlayış özündə "niyə azadlıq və bərabərlik antik dövrdən 20-ci əsrin sonlarına qədərki əhəmiyyətini itirdi" sualını da ön plana çəkir. Həqiqətən də, demokratiya və siyasət 21-ci əsrdə böyük transformasiya keçirmiş və sosial-siyasi elmlərdə öz cavabını tapmış suallara yenidən nəzərdən keçirilməsinin labüdlüyünü ortaya qoymuşdur. Bəs yeni siyasi təxəyyül, yeni siyasi hədəflər, yeni radikal dəyişikliklər necə formalaşdırılacaq və bu qəlibləşmiş reallıqlar çərçivəsində siyasi sfera özünün yeni gerçəkliklərini necə göstərə biləcək?
Bütün bunlara əsaslanan post-demokratiya termini son dövrlərdə siyasi nəzəriyyə və sosiologiyada müasir sosial-siyasi nizamı və durumu qavramaq cəhdi kimi ortaya çıxmışdır. Bu termin Colin Crouch, Chantal Mouffe və Jacque Rancière kimi nəzəriyyəçilər tərəfindən elmi ədəbiyyata gətirilmişdir.
Post-demokratiya reallığı demokratik təsisatların və demokratiya elementlərinin öz varlığını qoruduğu bir sistemdir. Amma, buna rəğmən post-demokratiya və post-politika bütün bu elementlərin əhəmiyyətini də bir o qədər itirdiyini iddia edir. Əgər avtoritarizmə demokratiyanın imitasiyası aiddirsə, post-demokratiyada bu imitasiya xarakteri daşımır. Məsələn, avtoritar bir rejim daxilində seçki institutu mövcuddur, amma, onun fəaliyyəti şəffaf deyil (seçkilər saxtalaşdırılır, müxalifətin iştirakı əngəllənir və s.), post-demokratiyada isə seçki institutu tam olaraq şəffaf işləyir. Bəs nədir post demokratiyada demokratiyanın əsas meyarlarından olan seçkinin səmərəliliyinə mane olan? Belə izah edək, məsələn, post-demokratik sistem daxilində keçirilən seçkidə seçici yekun olaraq iki partiya arasında seçim etməlidir - Mavi Partiya və Qırmızı Partiya. Seçkinin əhəmiyyətinin və səmərəliliyinin azalmasında əsas səbəb isə Mavi partiya və Qırmızı Partiya arasında mahiyyət etibarilə heç bir fərqin olmamasıdır. Hər iki partiyanın ritorikası fərqli olmasına baxmayaraq prinsipcə bir biri ilə eynidir və seçici bu iki partiya arasında seçki edərkən "mavi rəng daha yaxşıdır yoxsa qırmızı" seçimi qədər mənasız və mahiyyətsiz bir situasiya ilə qarşı-qarşıya qalır. Yəni Post-demokratiyada seçicilər bir neçə siyasi partiya arasında seçim edə bilər, lakin onların seçdiyi nümayəndələr arasında çox az fərq var və ya heç bir fərq yoxdur. Mavi və ya qırmızı rəngdə olmağınızdan asılı olmayaraq post-demokratiya yenə də neoliberal siyasətlə nəticələnir.
Dolayısıyla burdakı əsas çıxış və tənqid nöqtəsi, yəni bu ifadələrə "post" əlavəsində edilməsinin əsas səbəbi demokratiya və siyasət anlayışlarının artıq sərhədli bir qaydalar məcmusuna çevrilməsi və özünün Antik Yunanıstandan bəri gələn klassik anlamının itirməsidir. Hansı ki, bu qaydalar məcmusu insanın azadlıq, bərabərlik və yaradıcı cəhdlərinin qarşısını almaqdadır. Məhz bu gün ortaq olanın və birlikdə yaşam arzusunun yenidən geri qaytarılması əsas problemlərdəndir. Çünki, post-modern toplumun tamamilə düz, mübahisəsiz və fərqlilikdən bir o qədər uzaq bir hala gəlməsi ən təməl olaraq insanın yenilikçi təbiətinə qarşıdır. Post-demokratiya bir-birinə bənzər yüzlərlə partiyaların, fərdlərin və qəbul edilmiş normalar daxilində bir reallıqların varlığını insanların alternativ axtarışı ilə nəticələnəcəyini və həmin şəxslərin radikal partiyalara, terrora meyilli təşkilatlara meyillənəcəyini özündə ehtiva edir. Belə ki, bir birinə bənzər partiyalar içərisində fərqlilik axtaran insanların yeganə nöqtəsi bir çox hallarda populist partlayışlarla və populist partiyaların nüfuzlanmasina səbəbiyyət verəcək. Post-modern dövrdə tənqidin dəbdən düşməsi, özünün tənzimləyici funksiyasını itirməsi və onun metodologiyasının köhnəlməsi populizmin aktuallaşmasına səbəbiyyət verən digər amildir.
Post-politika anlayışı da müasir sosial-siyasi elmin əsas tədqiqat obyektinə çevrilir və bu fenomenin anlaşılması post-modernist düzənin sistematikasını anlamağa yardımçı olur. Post-politika artıq siyasətin sahəsini daraldıb, təkmilləşdirib və bilginin iqtidarına çevirmək cəhdi kimi xarakterizə edilə bilər. Bəs bu "bilgi rejimi" çərçivəsində siyasətdən kənar qalan və onun qəliblərindən xaricdə olanların taleyi necə olacaq? Çünki, birinci növbədə bu bilgi hər kəsə xitab edən və demokratik müdaxiləyə açıq bir bilgi deyil, əksinə iqtidar sahibi olan, davranışları müəyyən edən bir mexanizmdir.
Bütün bu epistemoloji müzakirələr çərçivəsində post-modern elmdə artıq demokratiya, azadlıq, siyasət, bərabərlik və s. kimi anlayışların artıq yenidən anlamlandırma mərhələsinə keçidin əsası qoyulmuşdur və post-politika dövründən necə çıxılacaq sualı ətrafında bir axtarış vardır.
Ədəbiyyat;
Colin Chouch - Post Democracy
Colin Chouch - Non-death of Liberalism
Chantal Mouffe - On the Political
Jacque Rancière - Hatred of Democracy