Əhməd Qurbanov
5 Yanvar 2022, 9:19Parlamentarizm nədir?

Siyasi elmlərdə siyasi sistem termini var. Siyasi sistem cəmiyyətin nizamlanmasında, həyatında rol alan siyasi və digər ictimai qurumları, bunların fəaliyyətini, qərar vermə mexanizmasını və bunlar arasında qarşılıqlı münasibətləri özündə ehtiva edir. Əslində bu, kimlərin səlahiyyət sahibi olması və hökumətin xalqına və iqtisadiyyatına təsirinin necə olması suallarını özündə cəmləşdirən çox sadələşdirilmiş bir anlayışdır. Daha da geniş izah etsək, siyasi system iqtisadi və sosial sistemlərlə daima qarşılıqlı əlaqədə olan bir mexanizmdir.
Bu yazıda siyasi sistemlərin bir qolu olan parlamentar sistem və parlamentarizmdən söz açılacaq. Bundan əvvəl qısaca hakimiyyət bölgüsündən bəhs edəcəyəm.
Hakimiyyət bölgüsü
Müəyyən vaxtdan sonra insanlar anladılar ki, hakimiyyətin etibar edildiyi şəxs (kral, padşah, xan və s.) əlindəki gücü özünün mənfəəti üçün istifadə edir. O, bu barədə şikayət edənləri cəzalandırır, buna göz yumanları isə mükafatlandırır. Qısa zaman ərzində adada olan hər bir şey bu şəxsin nəzarətinə keçir. Ədalətdən əsər əlamət qalmır.
Tarixdə oxşar hallar çox olub. Ona görə də, qədim zamanlardan bəri mütəfəkkirlər hakimiyyətin sui-istifadə edilməsinin qarşısını almaq yollarını düşünüblər.
İndiyədək verilən təkliflər arasında ən işləyi hakimiyyət bölgüsüdür. Bu nəzəriyyəni ilk olaraq ingilis filosof Con Lokk irəli sürsə də, müasir formada onu Roma və Britaniya konstitusiyasından ilhamlananan fransız filosof Şarl Lui Monteskyö səsləndirib.
Hakimiyyət bölgüsünə əsasən bir-birindən müstəqil (bəzi zəruri hallarda bir-birlərinə nəzarət etməlidirlər) üç dövlət hakimiyyəti qolu yaranıb: qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyəti.
Parlamentar sistem
Parlamentar sistem - Dövlətin icraedici qolunun qanunverici qolunun nəzarəti altında olduğu sistemdir. İcraedici qol öz legitimliyini parlamentdən götürür. (Legitimlik xalq tərəfindən hakimiyyətin tanınması deməkdir. Legitim hökuməti ədalətli sayaraq xalq ona tabe olur) Parlament də öz legitimliyini keçirilən seçkilərdən götürür.
Tez-tez müzakirələrdə parlamentar sistemin adı prezidentli sistemlə eyni vaxtda çəkilir. Bu müzakirələr çox vaxt bu iki tam fərqli sistemin hansının daha ideal olub olmaması ilə bağlı olur. Prezidentli sistemlərdə dövlət başçısı qanunvericilikdə iştirak etmir. Bununla yanaşı, prezidentli sistemlərdə dövlət başçısı həm hökümətin formalaşmasında aparıcı rol oynayır və öz legitimliyini parlamentdən götürmür. Prezidentli respublikalarda əsas fiqur prezidentin (və ya kral/kraliça, əmir, şeyx və s.) özüdür.
Parlamentar sistemlərdə isə dövlət başçısı qanunvericilikdə iştirak edir. Hökümətin formalaşmasında parlament aparıcı rol oynayır və dövlət başçısı öz legitimliyini parlamentdən götürür. Parlamentli respublikalarda əsas fiqur baş nazirdir. Prezident vəzifəsi də parlamentli respublikalarda mövcuddur və onların görməli olduğu iş prezidentli respublikalardakı görməli olduğu işdən kifayət qədər aşağıdır. Onlar, ümumi siyasi və ictimai müzakirələrə istiqamət verə bilər və yalnız siyasi qeyri-sabitlik halında bəzi əhəmiyyətli ehtiyat səlahiyyətlərə (reserve powers) sahib ola bilərlər. Yəni, göründüyü kimi prezident parlamentar sistemlərdə simvolik xarakter daşıyır.
Parlamentli respublikalarda qanunverici və icraedici hakimiyyət adətən üst-üstə düşür, konflikt yaratmır.
Parlamentar sistemlərin tarixi
Proto-parlamentar institutlar qədim Afinada özünü yaxşı birüzə verib. Afina məclisi burada ən vacib qurumlardan biri idi və otuz yaşından yuxarı Afina vətəndaşlığı olan hər bir kişi müzakirələrdə iştirak edə bilərdi, amma heç bir qadın, otuz yaşından aşağı kişi və əlbəttə ki minlərlə qulun müzakirədə iştirak etməsinə icazə verilmirdi.
Müasir parlamentarizmin beşiyi isə İngiltərə sayılır. 13-cü əsrdə kral və baronlar arasında sərt çəkişmələr baş verirdi. 1215-ci ildə baş vermiş üsyan nəticəsində kral “Maqna Karta”nı (digər adı ilə “Böyük Azadlıqlar Xartiyası”) imzalamağa məcbur oldu. Bu sənədin maddələrində ölkənin müxtəlif azad təbəqələrinin maraqları, kral hakimiyyətinin məhdudlaşdırılması öz əksini tapdı. Xartiyaya əsasən iri feodallardan ibarət yaradılan krallıq şurası 50 il sonra yaradılan İngiltərə parlamentinin sələfi oldu. 1265-ci ildə isə ilk qanunverici orqan olan parlament yaradıldı. Sonradan bu parlament iki palataya - Lordlar (Lords) və Nümayəndələr və ya icmalar (Commons) palatalarına bölündü. İngiltərə Parlamenti, 1689-cu ildə baş tutmuş Şanlı İnqilab və Hüquqlar haqqında bəyannamənin qəbulunda müstəsna rolu oldu. Beləcə dünyada ilk dəfə İngiltərədə parlamentli monarxiya hakimiyyət forması bərqərar oldu.
19-20-ci əsrlərdə sürətli urbanizasiya, sənaye inqilabı və modernizm parlamentarizmin daha da yayılmasına səbəb oldu. Xüsusilə, I Dünya Müharibəsindən sonra güclü qanunverici orqanın vacibliyi daha da hiss olunmağa başlandı.
Parlamentarizm Avropada dominant siyasi sistemə çevrilib. Belə ki, hal-hazırda Avropadakı 50 müstəqil ölkənin 32-si bu sistemdən faydalanır.
Xarakteristikası
Parlamentar sistem iki cür ola bilər: təkpalatalı və cütpalatalı. Cütpalatalı parlamentlərdə yuxarı və aşağı palatalar mövcud olur. Aşağı palata birbaşa seçicilər tərəfindən seçilir və icraedici hökümətin müəyyənləşdirilməsində iştirak edir. Yuxarı palata isə aşağı palatadan fərqli bir mexanizmlə təyin və ya seçilə bilir. Aşağı palataya nəzərən, yuxarı palata daha limitli səlahiyyətlərə malik olur və daha kiçikdir. Cütpalatalı sistemlərə ən məşhur nümunə Birləşmiş Krallıq ola bilər. Burada parlament lordlar və icmalar palatalarına bölünüb. Başqa nümunələr kimi ABŞ-da Senat və Nümayəndələr Palatası, Rusiyada Dövlət Duması və Federasiya Şurası, Almaniyada Bundestaq və Bundesratı deyə bilərik.
2015-ci ildə ölkənin qanunverici orqanlarının 40 %-i cütpalatalı, 60 %-i isə təkpalatalı idi.
Azərbaycan Milli Məclisi isə təkpalatalıdır.
Parlamentar sistemlərdə seçkilər
Parlament seçkiləri keçirilir. Qanunverici orqanın üzvləri xalq tərəfindən təyin olunur və bundan sonra parlament özü-özlüyündə icraedici orqanı seçir. Parlament icraedici orqanı təşkil edərkən, əsas iki kriteriyanı nəzərə alır:
-
Bu icraedici orqan qanunverici orqanın güvənini qorusun, iki qol arasında konfliktlər olmasın
-
Bəzi situasiyalarda olası riskləri aradan qaldırsın
Parlament seçkiləri bir neçə üsulla təşkil olunur. Bunlardan ən geniş yayılanları: majoritar və proporsional seçki sistemləridir.
Majoritar sistemdə çoxluğun gücünü əldə edən fiqur və ya partiya məclisdə məntəqə üçün ayrılan bütün yerləri götürəbilir. Məsələn seçicilərin sayı 100 min olan dörd mandatlı seçki dairəsi var. Seçkinin nəticələrinə görə A partiyası 52 min, B partiyası 27 min, C partiyası isə 21 min səs qazanır. Majoritar sistemdə A partiyası həmin məntəqə üzrə qalib hesab olunur və nəzərdə tutulan 4 mandatın dördünə də yiyələnir. Bu sistemin çatışmayan cəhəti azlıqların məclisdə təmsil olunmağının bir xeyli çətinləşməsidir.
Proporsional sistemdə isə bölgü üzrə mandatlar verilir. Məsələn, yuxarıdakı misalın özünü götürək. Proporsional sistemdə A partiyası 2 mandat, B və C partiyalarının hərəsi isə 1 mandata yiyələnir. Proporsional sistemlərdə önə çıxan fiqurlar şəxslər yox, partiyalar olur.
Parlamentar sistemin üstünlükləri
-
Qanunverici-icraedici orqanlar arasında proseslərin işləməmə riski mövcud olmur. Çünki, icraedici qol qanunverici qol olan parlamentdən birbaşa dəstək alıb. Parlamentin icraedici qola birbaşa etibarı var. Əgər parlamentdə çoxluğun səsini qazanan partiyada silsilə istefalar baş tutarsa və yaxud koalisiya pozularsa, icraedici orqan buraxılır və parlamentdəki yeni çoxluğa uyğun yeni hökümət qurulur.
-
Daha çevik və elastik (flexible) sistemdir. Parlamentar sistemdə çox sayda siyasi fiqur, partiyalar, partiya liderlərinin mövcudluğu olur. Çətin dönəmlərdə, siyasi böhranlarda parlamentar sistem daha çevik qərarlar verir. Vəziyyətə özünü daha tez uyğunlaşdırır. Məşhur sosioloq və siyasi analitik Xuan Xose Linz də qeyd edir ki, parlamentar sistemin prezidentli sistemdən ən önəmli fərqinin onun daha çox çevikliyə malik olmasıdır.
-
Demokratik ömrü daha uzun sistemdir. Daha çevik və çətin situasiyalarda tez həll yolu tapan olduğuna görə, bu sistem daha uzun fəaliyyət göstərə bilir.
-
Xalqın daha çox iştirakını təmin edir. Parlamentar sistemlərdə əksərən seçki üsulu proporsional olur. Bu seçki sistemi isə siyasi partiyaların çeşidliliyini və daha demokratik təmsilçiliyi təmin edir. Bu vəziyyət isə cəmiyyət tələb və ehtiyacların daha səmərəli şəkildə parlamentə, sonra isə hökumətə ötürülməsini asanlaşdırır. Bununla da vətəndaşların idarədə təmsilçiliyi gücləndirilir.
Yüz min manatlıq sual: Parlamentar sistem daha yaxşıdır, yoxsa prezidentli sistem?
Əslində hansı sistemin daha uyğun və yaxşı olduğu əhalinin siyasi mədəniyyət və bilgisinin hansı səviyyədə olmasından asılıdır. Siyasi bilgisi çox da yaxşı olmayan toplumlar üçün iki sistem də elə ürəkaçan nəticələr verməyə bilər.
Mənim subyektiv fikrim yuxarıda sadaladığım üstünlükləri ilə birgə və s. parlamentar sistemin daha məqsədəuyğun olmasıdır. Yenə də bu sual özü-özlüyündə yaxşı bir araşdırma tələb edir.