Emin Əlizadə.
10 Yanvar 2022, 0:37Niyə nankor olmalıyıq?

Bu sual qəribə səslənə bilər, nə də olsa, kiçik yaşlarımızdan etibarən borclarımızı qaytarmağa, dostluqda sadiq olmağa, haqq itirməməyə - bir sözlə nankor olmamağa öyrədilirik. İndi niyə bunun əksini edək ki?
Əlbəttə ki, burada ənənəvi nankorluq nəzərdə tutulmur. Nəzərdə tutulan nankorluq fərdi deyil, kütləvi səviyyədədir. Bəs kütləvi səviyyədə niyə nankor olmalıyıq?
Cavabı tapmaq üçün gəlin biraz keçmişə - birinci dünya müharibəsinə gedək. Birinci dünya müharibəsindən çıxan ilk dövlət Rusiya idi. Bolşeviklər çevrilişdən sonra böyük qurbanlar verərək xalqı müharibədən xilas etdilər. Sonra isə ölkədə vətəndaş müharibəsi başladı. Bəs daha sonra nə oldu? Vətəndaş müharibəsində qalib gələn bolşeviklər ölkənin yenidən qurulmasına başladılar, xalq uzun illər sonra rahatlaşdı, doyunca yemək yedilər. 5 illik planlar sayəsində sənaye görülməmiş sürətlə inkişaf etdi. İkinci dünya müharibəsindən sonra da ən sürətlə yenidən qurulan ölkə SSRİ idi.
Sovetlərin etdikləri və onların sonu isə, hamımıza məlumdur. Gəlin növbəti nümunəmizə nəzər salaq – Nasist Almaniyasına.
Nasistlər Almaniyada böhran nəticəsində hakimiyyətə gəlmişdilər, onlar hakimiyyətə gələn zaman ölkə ən böyük böhranını yaşayırdı. Bəs nasistlər nə etdilər?
Ölkəni yenidən qurdular, iqtisadiyyatı canlandırdılar, əhalini işlə təmin etdilər, beləliklə ölkəni böhran vəziyyətindən çıxardılar. Sonra isə dünyanın gördüyü ən qanlı müharibəni başlatdılar.
SSRİ 37-ci ildəki repressiyalara qədər, Nasist Almaniyası isə 38-ci ildəki müharibəyə qədər hər iki ölkəni inkişaf etdirən, çiçəkləndirən bir hakimiyyət idilər (hər nə qədər qırğınlar və qeyri-insani addımlar mövcud olsa da). Əgər kommunist hakimiyyəti 37-ci ilə, nasist hakimiyyəti isə 38-ci ilə qədər davam etsəydi, həmin ölkələrin başına gəlmiş ən gözəl hakimiyyətlər olardılar.
Tarix isə belə baş vermədi, həmin insanların əllərində bir seçim yox idi, etiraz edə bilmədilər, buna görə də fəlakətlə üzləşdilər. Ancaq günümüzün reallığı daha fərqlidir. Artıq bir çox insanın əlində bir seçim var, ancaq bu seçimi etmək fərdi prinsiplərə qarşı çıxmaq deməkdir.
Belə hallar ümumiyyətlə tez-tez təkrarlanır, hakimiyyətlər uzun müddət keçmiş uğurlarının bəhrəsini görürlər, insanlar isə onlara vəfa borcu olduğunu düşünüb qarşılarındakı ən məntiqli seçimi etmirlər, bir növ “borclarını qaytarırlar”. Sonda isə bu hərəkətləri özlərinin cəzası olur.
Cəzalanmamaq, məğlub olmamaq üçün yol isə bəllidir. Nankor olmaq. Ya da daha yumşaq dillə desək, “İngilis bayrağı kimi olmaq”. “Külək əsən tərəfə çevrilmək”, keçmişdən asılı olmayaraq, bizə ən çox sərf edən hakimiyyəti seçmək. Çünki xalqın yaxşılığı üçün çalışmaq hər bir hakimiyyətin vəzifə borcudur və bu vəzifələrini yerinə yetirdikləri üçün heç bir fərd onlara borclu deyil, olmamalıdır