Əli Novruzov

14 Aprel 2022, 17:15

Nəriman Nərimanov olduğu kimi, III hissə

N. Nərimanov Bakı Xalq Komissarları Sovetində

1918-ci ilin aprelin 25-də Bakı quberniyası ərazisində 9-u bolşevik və 3-ü sol eser olmaqla sosialist hökumət-Bakı Xalq Komissarları Soveti yaradıldı. Şəhər təsərrüfatı komissarı kimi Nərimanov Bakı şəhərinin abadlaşdırılması işinə və Bakının müdafiəsi işinə bilavasitə rəhbərlik edirdi. Bu mübarizənin ən gərgin vaxtında ağır xəstələnən N.Nərimanov Həştərxana göndərilir və buna görə də təsadüfi olaraq, 26-ların başına gələn fəlakətdən xilas ola bilir. [1]

Bu hadisələrin nəticəsində N.Nərimanovun vəziyyəti haqqında “Hümmət” qəzeti 1918-ci il 10 iyun tarixli nömrəsində yazırdı: “Mart ayının facieyi-əliməsindən qabaq müxtəlif məclislərdə və yığıncaqlarda müsəlman füqarayi-kasibəsinin halına qalıb, onları həmişə ayıq olmağa dəvət edən və məzkur hadisələrdən sonra da küçələrdə, künclərdə və bucaqlarda boyunları çiyinlərində qalıb, orda-burda acından ölənlərin qabağını almaq üçün yorulmaqsızın iş görməkdə olan möhtərəm yoldaşımız N.Nərimanov neçə gündür ki, azarlayıbdır. Həkimlərin məsləhətinə bina əvvəlcə evindən xəstəxanaya aparıldı. İndi də Həştərxana göndərilərək müalicə etdirməyi məsləhət görüldüyünə cəhət yenə də evinə gətirilibdir. Eşitdiyimizə görə Həştərxana göndəriləcəkdir. Belə ciddi fəal insanın tezcə şəfayıb olub yenə də səlamat övdət etməsini rica edirik” (Sarıahmetoğlu, 2012: 265). 1918-ci il iyunun 10-da N.Nərimanov xəstələnərək Həştərxana köçmüş və siyasi fəaliyyətini orada davam etdirmişdir. Burada o, siyasi qurumların tərkibinə seçilmiş, quberniya maarif şöbəsinin müdiri təyin edilmişdir (Həsənov, 2005: 52).

N. Nərimanovun Həştərxan dövrünün 2-ci mərhələsi- Nərimanovun Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə və Azərbaycan Cümhuriyyətinə aid baxışları

1918-ci ilin iyulunda Bakı kommunasının süqutundan sonra, Hümmət təşkilatının bolşevik qanadının üzvləri Sovet Rusiyasının göstərişi ilə Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıq yaratdıqları Həştərxana gedirlər. Demək olar ki, əksər hümmətçilər-Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Ayna Sultanova, Mustafa Quliyev və başqaları Hümmətə daxil idilər. Onun aparıcı simaları Səməd Ağamalı oğlu və Əliheydər Qarayev, sol deputatlar olaraq, Azərbaycan Respublikasının parlamentində təmsil olunurdular. “Hümmət”in hər iki cərəyanı 1920-ci ilin əvvəlində birləşdi və gələcək Sovet Azərbaycanı hökumətinin nüvəsini təşkil etdilər. Lakin müstəqilliyə doğru gedən yolda Sovet Rusiyasının müqavimətini dəf etmək lazım gəlirdi. Hələ 1918-ci ilin sonunda hümmətçilər Həştərxanda Azərbaycanın müstəqilliyi məsələsini müzakirəyə çıxardılar (Baberovski, 2021: 188). N.Nərimanov da Qafqazdakı siyasi vəziyyət haqqında məruzələrlə çıxış etmiş və 1918-ci ilin noyabrında V.İ.Lenin onunla Azərbaycanın gələcək taleyi haqqında məsləhətləşmələr aparmışdır. Nəriman Nərimanov, 1919-cu ilin iyununda Moskvaya gələndən sonra Xarici işlər Komissarlığı üzrə Yaxın Şərq bölümü’nə rəhbərlik etmiş və daha sonra Milli Məsələlər üzrə Komissar köməkçisi təyin edilmişdi. Nərimanov sosializmin bütün müsəlman Şərqinə yayılmasını istəyirdi və o, yeni yaranacaq Azərbaycan Sovet Sosialist Respublikasını bütün məzlum müsəlman millətləri üçün nümunə kimi görürdü (Swietochowski, 1985: 227).   Sovet Azərbaycanının müstəqilliyi haqqında Azərbaycan kommunistləri arasında da ciddi fikir ayrılıqları var idi. Bəziləri Azərbaycanı Rusiya tərkibində muxtariyyət statusunda görürdülərsə, N.Nərimanov birmənalı olaraq müstəqil Sovet Azərbaycanı ideyasının tərəfdarı olmuşdur (Həsənov, 2005: 53).

 Nərimanov üçün sovetləşmə və öz milli taleyi’ni təyin etmə arasında qırılmaz əlaqə var idi. Hümmətçilərin yalnız kiçik bir hissəsi Azərbaycanın RSFSR-in tərkibində muxtar dövlət olmasının tərəfdarı idilər (Baberovski, 2021: 188). Azərbaycan bolşevik xadimlərindən D.Bünyadzadə etiraf edirdi ki, 1918-ci ildə hələ Həştərxanda olarkən N.Nərimanov Leninin adına Cənubi Qafqaz sovetləşdikdən sonra müstəqil dövlətlərin yaradılması haqqında xüsusi məruzə hazırlamışdır. D.Bünyadzadə xüsusi vurğulayırdı ki, “o zaman bəzi yoldaşlar bu xətlə razılaşmırdılar. N.Nərimanov öz təklifi ilə Moskvaya Leninin yanına getdi. Nəticəsi göz qabağındadır. Lenin çevrilişin elə birinci günü Sovet Azərbaycanının müstəqilliyini tanıdı” (Həsənov, 2005: 53).

1919-cu ilin iyulun 19-da hümmətçilər Azərbaycanın müstəqilliyi məsələsini Zaqafqaziya Polibürosunda (Siyasi Büro) gündəmə gətirdilər və Zaqafqaziya Polibürosu Nərimanovun rəhbərlik edəcəyi gələcək Sovet Azərbaycanının müstəqilliyini tanıdı. Hümmətçilərin Azərbaycanın müstəqilliyi məsələsini gündəmə gətirdiyi zamanın beynəlxalq vəziyyətinə nəzər salsaq Rusiyada Denikin ilə bolşeviklər arasında vətəndaş müharibəsi baş verirdi və Polşa, Finlandiya və Estoniyanın müstəqillikləri bolşeviklər tərəfindən tanınmışdı (Swietochowski, 2004: 227).  Azərbaycanın müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınmasını iki əsas səbəblə izah etməklə mümkündür. Bu səbəblərdən birincisi Nəriman Nərimanovun Sovet Rusiyasındakı nüfuzu və diplomatik bacarığı ilə bağlı idisə, digəri də hümmətçilərin Sovet Rusiyasının hakim elitalarına təsir edəcək qədər güclü nüfuzunun olması ilə bağlı idi (Baberovski, 2021: 188; Swietochowski, 1985: 227).

1919-cu il iyulun 18-də Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Mərkəzi Komitəsi N.Nərimanova Həştərxandan Qafqaza getməyi təklif etmişdisə də, N.Nərimanov Qafqaza deyil, Rusiya Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinə rəhbərlik etmək üçün Moskvaya dəvət olunduğuna görə oraya getdi (Həsənov, 2005: 53). N.Nərimanovun Qafqaza getməməyinin səbəbini onun öz əsərlərindən öyrənmək olar. 1919-cu ilin fevralında Moskvaya yazdığı məruzədə N.Nərimanov Azərbaycanda sovet hakimiyyətinin qurulmağına hərb yolu ilə deyil, təbliğatı qüvvətləndirərək nail olmağı təklif edir (Nərimanov, 1989: 185). Moskvada işləyərkən N.Nərimanov Leninlə tez-tez görüşmüş, Azərbaycanın sovetləşməsi şərtlərini və Rusiya xarici siyasətinin Şərqə doğru meylini daha da inkişaf etdirmiş və Şərqin xüsusiyyətlərini nəzərə almağı tövsiyə etmişdir (Həsənov, 2005: 53).

N.Nərimanovun siyasi fəaliyyətində Azərbaycan Cümhuriyyətinə münasibəti xüsusi yer tutmuşdur. Nərimanovun, Azərbaycan Cümhuriyyətinə dair baxışlarını 2 mərhələyə əsasən nəzərdən keçirmək olar. N.Nərimanovun Azərbaycan Cümhuriyyətinə münasibətini Həştərxanda olarkən hazırladığı “Qafqazın işğalına baxış” məruzəsindən öyrənmək olar. Bu məruzə N.Nərimanovun siyasi cəsarətini səciyyələndirir. O deyirdi ki, “əgər 1918-ci ilin sentyabrında, yaxud oktyabrında mənə desəydilər ki, fəaliyyət dairəmizi genişləndirmək üçün Qafqaza gedəkmi? Deyərdim ki, yox! Çünki sovet hakimiyyətinin təbliği bizim üçün nə mənəvi, nə hüquqi, nə də siyasi nöqteyi-nəzərdən məqsədəuyğun deyildi... Biz gərək etiraf edək ki, bizim Cənubi Qafqazdan getməyimiz heç kimdə heyfsilənmə hissi doğurmadı. Çünki biz yerli əhalinin milli-tarixi düşüncələrini, sosial-məişət ənənəsini, mənəvi tələblərini, psixologiyasını nəzərə almayan bir siyasət həyata keçirirdik. Biz onlara qarşı yad tərəfin siyasətini həyata keçirirdik” .[2]

Nərimanov, ingilis qoşunlarının 1918-ci ilin noyabrında Bakıya gəlməsinə qədər Azərbaycan Cümhuriyyətinə müsbət mənada yanaşır və hətta pantürkizm və panislamizm ideyalarının nümayəndələrinin öz millətini sevdiyini düşünür, ancaq ingilis qoşunlarının gəlməsindən sonra millətçilərin öz ideyalarında səmimi olmadığını, zamanla ingilislərin Azərbaycan Cümhuriyyətinin müstəqilliyini məhdudlaşdırdığını qeyd edir. Nərimanov bununla bağlı Nəsib bəy Yusifbəyliyə 1919-cu ilin iyulunda göndərdiyi məktubda yazırdı: Siz və həmfikirləriniz mənimlə siyasi rəqib olduğunuza baxmayaraq mən sizə qarşı nəzakətlə hərəkət edirdim. Nə qədər ki, siz “millət” və “din” sözlərini tez-tez təkrar etməklə məşğul idiniz, mən öz nöqteyi-nəzərimdən sizə geridə qalmış adamlara baxan kimi baxırdım. Mən bu fikirdə idim ki, doğrudan da hamını birdən-birə döndərib beynəlmiləlçi etmək olmaz. Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi sürətdə çıxış etmişəm. Hətta, mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşkar və aydın sürətdə göstərmişdim. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi, lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib məğlub getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar?

İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlarla yaxın dost oldunuz.

Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz? Təkrar edirəm: ingilislər sizə gələnə qədər, necə deyərlər, İngiltərə ilə durub oturmağa başladığınız vaxta qədər sizin dilinizdən eşidilən “pantürkizm”, “panislamizm” sözlərinin mənim üçün mənası var idi, lakin, bağışlayın, siz İngiltərəni  müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar deyilsiniz . [3]

1919-cu ilin fevralında N.Nərimanov artıq sovet hakimiyyətinin Cənubi Qafqazda hakim olmaq vaxtının çatdığını bildirirdi. Niyə məhz bu zaman? sualına N.Nərimanov birbaşa cavab vermir, lakin N.Usubbəyova yazdığı məktubdan bu sualın cavabı bir növ aydınlaşır. 1918-ci ilin sentyabrından 1919-cu ilin fevralına qədərki dövrdə Azərbaycanın siyasi durumunda müəyyən aydınlaşma baş verdi. Məhz bu dövrdə Böyük Britaniya qoşunları Azərbaycana gəldi; Ermənistan və Gürcüstan Sovet Rusiyası ilə birbaşa əlaqələr yarada bildikləri halda, Azərbaycanla Sovet Rusiyası arasında gərginlik qalmaqda idi; Azərbaycanda kütlənin iqtisadi durumunda ciddi dəyişikliklər baş verməmişdi (Həsənov, 2005: 54).

 

İstifadə olunan ədəbiyyatlar

Nesrin Sarıahmetoğlu, (2012), Mücadeleye adanan hayat-Neriman Nerimanov.

Həsən Həsənov, (2005), Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti.

Yorq Baberovski, (2021), Düşmən hər yerdədir. Stalinizm Qafqazda.

Tadeusz  Swietochowski, (1985), Russian Azerbaijan (1905-1920): the shaping of a national identity in a Muslim community. 

Нариман Нариманов, (1989),  Избранные произведения: Т. 2: 1918-1921.

 

Qeydlər

[1] Nəriman Nərimanov. Həyat və fəaliyyəti: nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[2] Nəriman Nərimanov, (1919, fevral), Qafqazın ələ keçirilməsinə baxış: Nəriman Nərimanov – Qafqazın ələ keçirilməsinə baxış – Praksis☭ (wordpress.com)

[3] Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyliyə məktubu: Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyliyə məktubu – Praksis☭ (wordpress.com)

Paylaş:

753
0