Əli Novruzov

12 Aprel 2022, 13:34

Nəriman Nərimanov olduğu kimi, II hissə

Nəriman Nərimanovun Bakıda Sovet hakimiyyətinin birinci mərhələsi-  fevral və oktyabr inqilabı illərindəki ictimai-siyasi fəaliyyəti

Nəriman Nərimanov sürgün müddəti bitdikdən sonra 1913-cü ildə Bakıya qayıdır və Qara şəhər xəstəxanasında həkimlik etməyə başlayır. Burada o, fəhlələrin həyatı ilə daha yaxından tanış olur, onlara daima istiqamət verir, xalq universitetində tez-tez məruzələrlə çıxış edir, “Qənaət” kooperativ təşkilatının sədri seçilir. [1]

Bununla yanaşı Nərimanov, maarifçilik sahəsində də fəaliyyət göstərmiş, ictimai və tibbi mövzularda məruzələrlə çıxış etmiş, bu sahədə çalışan cəmiyyətlərə daxil olmuşdur. 1914-cü ilin yanvarında Mövlud bayramını Bibiheybət və Bayıl məscidlərində, “Səfa” məktəbində fəhlələrlə birlikdə keçirmişdir (Həsənov, 2005: 48).

N. Nərimanov öz yaradıcılıq fəaliyyətini də davam etdirirdi. Onun “Pir” adlı povesti məhz bu dövrün məhsuludur. Bu əsərdə o, xurafatı kəskin tənqid edir. “Pir” əsəri xurafat əleyhinə yazılmış ədəbiyyatın nümunələrindən biridir. “Müqəddəs ocaq” və “Dayı” əsərlərində isə N.Nərimanov xalqı istismar altında saxlayan çar istismarçılarını daima kəskin tənqid atəşinə tuturdu. N.Nərimanovun “Traxoma”, “Vərəm” və s. elmi risalələri də hələ bu zaman yazılmışdır. Yenə həmin dövrdə o, rus və xarici yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə etməklə də məşğul olur. İctimai və siyasi həyatda yorulmaq bilmədən böyük fəaliyyət göstərən N.Nərimanov geniş xalq kütlələrinin dərin məhəbbət və hörmətini qazanır. [2]. XX əsrin əvvəllərinə aid Çar Rusiyasının Daxili İşlər Nazirliyinin polis departamentinə daxil olan sənədlər də Nərimanovun xalq arasında necə böyük nüfuzunun olduğunu sübut edir (Həsənov, 2005: 49).

1917-ci ilin yanvarından başlayaraq Bakıda siyasi təşkilat olan “Hümmət” təşkilatının və ictimai təşkilatlar olan “Xalq yurdu”, “Ədəb yurdu”, “Xalq evi”, “El yurdu”, “Qənaət”, “Nicat” adlı cəmiyyətlərin fəaliyyətlərini genişləndirdilər. N.Nərimanov bu təşkilat və cəmiyyətlərin fəal təşkilatçılarından və siyasi mövzularda mühazirəçilərindən biri olmuşdur. O, mühazirələrində Rusiyada baş verən ictimai-siyasi proseslər haqqında mütəmadi məlumatlar vermişdir. 1917-ci il martın 27-də Bakıda “müsəlman işlərində yolbaşçılıq (rəhbərlik) etmək üçün bir büro seçildi”. Büronun tərkibinə Ə.M.Topçubaşov, F.Xoyski, N.Nərimanov və Ə.Əmircanov seçildilər N.Nərimanov 1917-ci ilin aprelində Bakıda başlayan Qafqaz müsəlmanlarının birinci qurultayında iştirak etmiş, Ə.Topçubaşov, F.Xoyski, N.Usubbəyov və M.Hacınski ilə birlikdə qurultayın rəyasət heyətinə seçilmiş və orada çıxış etmişdir (Həsənov, 2005: 49). Bu qurultayda N. Nərimanovun müsəlmanların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı görüşləri də digər sosial-demokratların görüşləri ilə eynilik təşkil edirdi.  Nərimanov, Qafqaz müsəlmanlarının birinci qurultayında müsəlmanları Rusiyada baş verən proletar inqilabının ətrafında birləşməyə çağırırdı.  Həmid Sultanov “Oktyabr Azərbaycanda” adlı məqaləsində qurultayın vəzifəsini və qurultayda Nərimanovun fəaliyyəti ilə bağlı yazırdı: “Qurultayın əsas məsələsi öz müqəddəratını təyin etmək məsələsi idi. Qurultay tələb edirdi ki, müstəqil dövlət yaradılsın, həm də onların proqramı Qafqazı, Krımı və qismən Volqaboyunu əhatə edirdi. Nümayəndələrdən biri, Nəsib bəy Yusifbəyov, üzərində yaşıl rənglər olan etnoqrafik xəritəni toplaşanlara göstərərək izah edirdi ki, yaşıl rənglə müsəlmanların məskən saldığı yerlərdir. O, təşkil olunmuş «Türk ocağı»2 adından deyirdi ki, müsəlmanlar Rusiyadan ayrılmaq istəyirlər; o, hamını yaşıl bayraq altına toplaşmağa çağırırdı. Bu zaman Nəriman Nərimanov tribunaya qalxaraq, aşağıdakı sözlərlə qurultaya müraciət etdi: “Zəhmətkeş müsəlmanların nicatı qırmızı bolşevik bayrağı ətrafında toplaşmaqdadır. Proletar inqilabından və onun bayrağından başqa heç bir yaşıl rəng heç kəsi xilas edə bilməz”.

 Bu sözlərdən sonra qurultayda bərk səs-küy qopdu.” [3].  Qurultayda olan anlaşılmazlığa baxmayaraq Həmid Sultanov bolşeviklərin proqramının gündəliyə salındığını qeyd edir (Dubinski-Muxadze, 1977: 115). Nərimanovun müsəlmanları proletar hərəkatının ətrafında birləşməyə çağırması əslində iki səbəblə bağlı olan məsələ idi:

  1. Bəhs edilən dövrdə bolşeviklərin xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı tam və dolğun formada konsepsiyası yox idi. Bolşeviklər Zaqafqaziya xalqlarının vahid idarəçilikdə (kommuna quruluşu əsasında) idarə edilməsinin tərəfdarı idilər, Müsavat partiyası isə mərkəzləşməyə qarşı idi, muxtariyyət və federalizm uğrunda mübarizə aparırdı. 1919-cu ildə isə bolşeviklərin müsəlmanlarla bağlı proqramında dəyişikliklər edildi ki, irəlidə bu məsələyə də toxunmağa çalışacayıq.
  2. İkinci bir məsələ də bolşeviklərin nəzərində milli hərəkatların istimarçı hərəkat kimi qəbul olunması idi. Xüsusilə Cənubi Qafqazda Azərbaycan milli hərəkatının başlıca qalası olan Müsavatın getdikcə güclənməsi bolşeviklərin bu partiyanı özlərinə başlıca rəqib kimi görmələrinə səbəb olmuşdu. (Baberovski, 2021: 99). Məhz bolşeviklərin həm xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı dolğun konsepsiyasının olmaması, həm də qarşıdan gələcək vətəndaş müharibəsində müsəlman əhalinin təhlükə ilə qarşı-qarşıya qalma ehtimalını görən Nərimanov, müsəlman əhalini baş verən proletar hərəkatı ətrafında birləşməyə çağırmışdı.

1917-ci ilin fevral burjua inqilabı və ondan sonra oktyabr sosialist inqilabı dövründə N.Nərimanov «Hümmət» təşkilatında təşkilat-siyasi fəaliyyəti daha da genişləndirir, bu təşkilatın işinin nizama salınmasında yaxından iştirak edir. «Hümmət» qəzetində onun oktyabr inqilabının qələbəsinə həsr olunmuş bir sıra məqalələri çap olunur. Bu məqalələrdə o, oktyabr inqilabının qələbəsini alqışlayır, xalqların çarizm zəncirindən xilas olmasında Rusiya zəhmətkeşlərinin həlledici rolunu göstərir, V.İ.Leninin adını, onun tarixi xidmətlərini xüsusilə qeyd edir. [4]

Bununla yanaşı Hümmət qəzeti də Nərimanovu redaktor və xalqın əməkçi nümayəndəsi kimi təqdim edir və onun bir sosialist kimi formalaşmasına mühüm təsir göstərirdi (Sarıahmetoğlu, 2012: 221). N. Nərimanov 1917-ci ilin inqilabi illərində “Hümmət təşkilatının məqsədləri və vəzifələri”, “Yaşasın bütün millətlərin qardaşlığı”, “Fransız inqilabı”, “Bu gün”, “Bizim Rusiya inqilabına nəzərimiz”, Zaqafqaziya Komissarlığının sosialistlərinə açıq məktub”, “Mən İttifaqa Dəvət Edirəm”, “Nə etməliyik” məqalələri və felyetonlarını Hümmət qəzetində nəşr edərək xalqı istismarçı çar hakimiyyətinə qarşı mübarizəyə və beynəlmiləlçi birliyə çağırırdı (Sarıahmetoğlu, 2012: 221).  Xüsusilə “Hümmət təşkilatının məqsədləri və vəzifələri” və “Yaşasın bütün millətlərin qardaşlığı” adlı məqalələrində Nərimanov, reallığı analiz edir və xalqlar arasındakı sülhü qorumaq üçün həm müsəlman əhalisini Hümmət təşkilatının ətrafında sıx birləşməyə çağırır, həm də bütün millətləri qardaşcasına birləşməyə çağırırdı (Nərimanov, 1988: 194, 196).  “Milli komitələr şovinistlərin təşkilatıdır” adlı məqaləsində Nərimanov, artıq müsəlmanlar və ermənilər arasında ədavətin başlandığını, millətçilərin əvvəlki demokratik təşkilatları yıxaraq yerinə milli komitələr qurduğunu və istismarçı düşüncəli insanların rəhbərlik etdiyi bu milli komitələrin müsəlman, erməni və gürcülərin yaşadığı yerlərdə propaqanda apararaq xalqlar arasında milli ədavət saldığını qeyd edir. Nərimanov, bunun yeganə səbəbinin Rusiyada köhnə idarə etmənin (Müvəqqəti Hökuməti nəzərdə tutur- Ə.N) hələ də mövcudluğunun saxlaması ilə əsaslandırır. Bununla yanaşı, Nərimanov Rusiyanın Müvəqqəti Hökuməti tərəfindən qurulan Xüsusi Cənubi Qafqaz komitəsinin Cənubi Qafqazda ümumi vəziyyəti qaydaya salmaq üçün qurulduğunu, ancaq bu komitəyə təyin olunan ayrı-ayrı millətlərin nümayəndələrinin vəziyyəti qaydaya salmaq yerinə millətlərin məsələlərini ortaya atdığını qeyd edərək, komitənin də fəaliyyətini də tənqid edir (Nərimanov, 1988: 230-232).

Nəriman Nərimanov Bakı sovetində (1917-1918 mart)

Bu çətin günlərdə Nərimanovun rəhbərlik etdiyi Hümmət təşkilatı Bakıda Sovet hakimiyyətini möhkəmləndirməyə çağırır (Sarıahmetoğlu, 2012: 221).  Bununla yanaşı  məqalələrində xalqlar arasında milli ədavət salan Zaqafqaziya Komissarlığını da tənqid edirdi. “Açıq söyləmək gərək” adlı məqaləsində Nərimanov, Zaqafqaziya Komissarlığını millətlər arasında ədavət saldığına görə tənqid edir, müsəlmanları yerlərdə Sovet hökuməti quraraq bütün millətləri Sovet hakimiyyəti ətrafında birləşməyə çağırırdı.[5]. “Təzəpir mitinqindən çıxış” adlı məqaləsində Nərimanov, insanların seçimlərində diqqətli olması üçün onları maarifləndirir, Hümmət partiyasının proqramını izah edir və Müsavat partiyasının yalnız ibtidai məktəblərin pulsuz olması ilə bağlı proqramını tənqid edərək, Müsavatın proqramının ilkin dövrlər keçərli olsa da, sonradan  imkanı olmayan əməkçi insanların təhsillərini davam etdirməkdə böyük çətinliklərlə qarşılacağını qeyd edirdi (Nərimanov, 1988: 257-258). “Nə etməliyik?” adlı məqaləsində isə Nərimanov, yeni qurulacaq Müəssislər Məclisi haqqında insanları maarifləndirməyin və Müəssislər Məclisində xalqı həqiqətən təmsil edəcək nümayəndələrin olmasının vacibliyini qeyd edir, zəhmətkeşlərin inqilabın təhlükəsindən xilas olmanın yeganə yolunu, şəhərlərdə və kəndlərdə sovet hökuməti orqanları quraraq xalqı yeni hökuməti dəstəkləməyə çağırırdı. [6]

N.Nərimanov bütün bunlarla yanaşı dünyanın ayrı-ayrı ölkələrinin əməkçi siniflərinin artıq  qırmızı proletar bayrağı ətrafında birləşdiyini, Qafqaz zəhmətkeşlərinin də birləşməsinin vacibliyini qeyd edərək Cənubi Qafqazda hakimiyyəti öz əllərinə almağın vacibliyinə toxunur. “Bolşeviklərin məramnaməsi ilə hərəkət ediniz” adlı məqaləsində Nərimanov, müsəlman zəhmətkeşlərini millətçilərin vədlərinə aldanmamağa, fəhlə və kəndlilərin qırmızı bayrağı ətrafında birləşməyə çağırırdı (Adıgüzel, 2005: 75-77). “Zaqafqaziyada yaşayan müsəlman, rus, erməni, gürcü fəhlə və kəndçiləri birləşib hakimiyyəti öz əllərinə almalıdırlar” adlı məqaləsində isə Nərimanov, həm millətlər arasındakı gərginliyin bitməsinin yeganə yolunun, həm də torpaq məsələsinin həll edilməsinin yeganə yolunun Qafqaz fəhlə və kəndlilərinin birləşərək tez bir zamanda hakimiyyəti öz ixtiyarlarına almalı olduğunu  qeyd edirdi. [7]

1918-ci ilin mart hadisələrinə Nəriman Nərimanovun münasibəti

Mart hadisələri zamanı N.Nərimanov bir bolşevik olaraq hakimiyyətə gəlməkdə maraqlı olsa da, müsəlman kasıb-füqərasının maraqlarını üstün tutaraq, yaranmış vəziyyəti zərərsizləşdirmək yolunda fəaliyyət göstərmişdir. O, özünü hakimiyyətə gəlməkdə maraqlı olan siyasi partiyanın nümayəndəsindən daha çox ictimai xadim kimi aparmışdır. Onun tarixin bu anında atdığı bəzi addımlar haqqında tarixi sənədlər indi də saxlanılır.

1918-ci il fevralın 24-də başda general Talışinski olmaqla müsəlman diviziyasının qərargahı Bakıya gəldi və qərargah tam tərkibdə həbs olundu. Eser M.Vəzirov və N.Nərimanovun təkidi ilə Talışinski azad olundu. Bir neçə gündən sonra Vəzirov öz xahişindən imtina etsə də N.Nərimanov mövqeyini dəyişdirmədi. Silahlı qarşıdurmaya bir gün qalmış N.Nərimanov yenə də tərəflərə müraciət etdi. O, S.Şaumyandan xüsusi iclas çağırıb baş verə biləcək qarşıdurmanın qarşısını almağı tələb etmişdir (Həsənov, 2005: 50). Bu iclas keçirilmişdir, ancaq S.Şaumyan vəd versə də, gözlənildiyi kimi vədinə naxələf çıxmışdır (Sarıahmetoğlu, 2012: 260).  

Hələ martın 19-da (yeni təqvimlə martın 30-da-Ə.N) Bakıda atışmalar eşidiləndə N.Nərimanovun təşəbbüsü ilə bolşeviklərlə müsavatçılar arasında danışıqlar aparılmışdır. Bolşeviklərin şərtləri çox sərt olsa da, müsavatçılar bütün şərtləri qəbul etmişlər. Amma bu güzəştlər də qarşıdurmanın qarşısını ala bilməmişdir. N.Nərimanov öz evində M.Rəsulzadə ilə S.Şaumyanın görüşünü təşkil etmişdir. Burada qarşıdurmanın qarşısının alınması barədə qərar qəbul olunsa da, atəşkəsə nail ola bilmədilər. N. Nərimanovun təbirincə desək, 1918-ci ilin martın 31-i saat 12-yə qədər  vətəndaş müharibəsi erməni-daşnak hərbi birləşmələrinin müharibəyə daxil olması ilə milli qırğına çevrilmişdir. [8]. Daşnakların müharibəyə daxil olması ilə vətəndaş müharibəsinin milli qırğına çevrilməsi nəticəsində N.Nərimanov 3 aprel 1918-ci ildə “Hümmət” qəzetində milli qırğını törədənlərin (yəni daşnakların) Şura hökuməti ilə heç bir əlaqəsinin olmadığını, Şura hökumətinin bu qara qüvvələrə qarşı yalnızca sözdə deyil, əməldə də mübarizə aparmasını, Şura hökumətinin bu qüvvəyə qarşı mübarizə aparmayacağı təqdirdə sosialistlərin iş başından çəkiləcəyi ilə bağlı Şaumyana və Caparidzeyə  məqalə ilə müraciət etmişdir. [9].  Artıq Şamaxı soyqırımının nəznində vətəndaş müharibəsinin milli qırğına çevrildiyini görən  Nərimanov, sonralar 1919-cu ildə Həştərxanda ikən yazdığı “Biz Qafqaza hansı şüarla gedirik adlı əsərində onun sözlərini heç kimin nəzərə almadığını və bu faciənin getdikcə artacağını və nəticədə müsəlman proletariatın Sovet hakimiyyətindən uzaqlaşaraq öz burjuaziyasının himayəsi altına girərək Türkiyəni xilaskar kimi qəbul etdiyini və buna   tam haqqının da çatdığını qeyd edəcəkdi.[10]

N.Nərimanov bütün bu hadisələrdən nəticə çıxararaq rus bolşeviklərinin səmimiyyətinə inanmasa da, sosialist ideyalarına inanırdı. O tam inanırdı ki, istər öz xalqı, istərsə də bütün Şərq yaranmış acınacaqlı vəziyyətdən məhz o zamanlar dünyanı bürümüş sosialist ideyalarının reallaşması vasitəsi ilə çıxa bilər. Almaniya tarixçisi Yorq Baberovski isə Nərimanovun müsəlmanların öz müqəddəratını təyin etməsi ideyalarına olan inamının sarsıldığını qeyd edir (Baberovski, 2021: 109). Lakin Baberovskinin bu yanaşması ilə razılaşmaq müəyyən qədər çətindir. Əslində isə mart hadisələri nəticəsində N. Nərimanovun müsəlmanların öz müqəddəratını təyin etməsi ilə bağlı baxışlarında müəyyən dəyişikliklər baş vermişdi. Mart hadisələrindən əvvəl Şaumyan, Caparidze və Mikoyan kimi kommuna tərəfdarı olaraq 1918-ci ilin aprelin 25-də Bakı quberniyası ərazisində qurulan sosialist hökumət olmuş Bakı Xalq Komissarları Sovetində şəhər təsərrüfatı komissarı kimi çalışan Nərimanov Həştərxana getdikdən sonra Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış və Qafqaz Polibürosu tərəfindən Sovet Azərbaycanı’ nın müstəqilliyinin tanınmasına nail olmuşdu. Nərimanovun müsəlmanların öz müqəddəratını təyin etməsi hüququna hörmətlə yanaşmasını onun Azərbaycan Cümhuriyyəti haqqında ilkin dövrlərindəki baxışlarında da görə bilərik. Məqalənin növbəti hissəsində Nəriman Nərimanovun Sovet Azərbaycanının müstəqilliyi uğrunda apardığı mübarizəyə və onun Azərbaycan Cümhuriyyəti’nə olan baxışlarına da toxunmağa çalışacağıq.

1918-ci il mart hadisələrinin müsəlman əhalisini bolşeviklərdən uzaqlaşdırdığını hətta A.Mikoyan da etiraf etmişdir. Mikoyan bunun səbəbini müsəlmanların öz müqəddəratını təyin etməsi hüququnun bolşeviklər tərəfindən nəzərə alınmamasının gələcəkdə Sovet hakimiyyətində müəyyən səhvlərə gətirib çıxardığını, ancaq 1919-cu ildən başlayaraq müsəlman əhalini bolşeviklər ətrafında birləşdirmək məqsədilə bolşeviklərin müstəqil milli dövlət olan Sovet Azərbaycanı uğrunda mübarizə apardığını qeyd edir (Dubinski-Muxadze, 1965: 258).

 

İstifadə olunan ədəbiyyatlar

Həsən Həsənov, (2005), Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti.

И. Дубинского-Мухадзе, (1977), Нариманов.

Yorq Baberovski, (2021), Düşmən hər yerdədir. Stalinizm Qafqazda.

Nesrin Sarıahmetoğlu, (2012), Mücadeleye adanan hayat-Neriman Nerimanov.

Нариман Нариманов, (1988), Избранные произведения, Т1 .

Hüseyin Adıgüzel, (2005), Neriman Nerimanov. Seçme makaleler.

И. Дубинского-Мухадзе, (1965), Шаумян.

Qeydlər

[1] Nəriman Nərimanov. Həyat və fəaliyyəti: nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[2] Nəriman Nərimanov. Həyat və fəaliyyəti: nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[3]Həmid Sultanov. Oktyabr Azərbaycanda:Həmid Sultanov – Oktyabr Azərbaycanda – Praksis☭ (wordpress.com)

[4] Nəriman Nərimanov. Həyat və fəaliyyəti: nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[5] Nəriman Nərimanov. Açıq söyləmək gərək: Nəriman Nərimanov – Açıq söyləmək gərək – Praksis☭ (wordpress.com)

[6] Nəriman Nərimanov. Nə etməliyik?: Nəriman Nərimanov – Nə etməliyik? – Praksis☭ (wordpress.com)

[7] Nəriman Nərimanov. Zaqafqaziyada yaşayan müsəlman, rus, erməni, gürcü fəhlə və kəndçiləri birləşib hakimiyyəti öz əllərinə almalıdırlar: Nəriman Nərimanov – Zaqafqaziyada yaşayan müsəlman, rus, erməni, gürcü fəhlə və kəndçiləri birləşib hakimiyyəti öz əllərinə almalıdırlar – Praksis☭ (wordpress.com)

[8] Nəriman Nərimanov, (1919, fevral), Qafqazın ələ keçirilməsinə baxış: Nəriman Nərimanov – Qafqazın ələ keçirilməsinə baxış – Praksis☭ (wordpress.com)

[9] Nəriman Nərimanovun Mart qırğınlarından sonra Şaumyan və Caparidzeyə yazdığı məktub: Nəriman Nərimanovun Mart Qırğınlarından sonra Şaumyan və Caparidzeyə yazdığı məktub – Praksis☭ (wordpress.com)

[10] Nəriman Nərimanov. Biz Qafqaza hansı şüarla gedirik?: Biz Qafqaza hansı şüarla gedirik? (wordpress.com)

 

 

Paylaş:

662
0