Əli Novruzov

18 Mart 2022, 23:14

Nəriman Nərimanov - olduğu kimi.

Nəriman Nərimanov olduğu kimi. I hissə

Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinin I mərhələsi. Nərimanov maarifçi-demokrat kimi.

XX əsr Azərbaycan tarixinin görkəmli ictimai-siyasi, marksist nəzəriyyəçi və milli sosial-demokrat xadim Nəriman Nərimanovun vəfatından 97 il ötür.  Bu məqalədə Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinə və Nərimanova XX əsr Rusiyasında baş verən sosial-demokratik hərəkatın ön cərgəsində olan bir şəxsiyyət kimi yanaşılacaqdır. Ancaq yenə də ilkin tanışlıq üçün Nərimanovun qısa bioqrafiyasını oxuculara təqdim etməyi vacib hesab edirik.

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1871-ci il aprel ayının 14 (2)-də Tiflis şəhərində yoxsul azərbaycanlı ailəsində anadan olmuşdur. 1882-ci ildə N.Nərimanov Qori müəllimlər seminariyasına daxil olur. O, hələ kiçik yaşlarından tarix və ədəbiyyata böyük maraq göstərir. Onun nəzər-diqqətini rus klassikləri xüsusilə daha çox cəlb edirdi. N.Nərimanov, özünün qeyd etdiyi kimi, Puşkin, Lermontov, Qoqol və başqa məşhur rus yazıçılarını xüsusilə sevir və onların yaradıcılığı ilə maraqlanırdı. Bu zaman Qori seminariyasında təhsil alan N.Nərimanov xalqlar  dostluğunun əhəmiyyətini aydın surətdə dərk edirdi. Hələ bu zaman gənc N.Nərimanovda, xalqı yoxsullaşdıran çar mütləqiyyətinə və onun havadarları olan yerli istismarçılara qarşı böyük qəzəb, xalqa dərin məhəbbət hissi oyanmışdı. Məhz burada, Qori seminariyasında o, ədəbi yaradıcılığa başlayaraq, özünün «Nadanlıq» adlı ilk dram əsərinin iki pərdəsini yazır. Seminariyanı bitirməyə iki ay qalmış N.Nərimanovun atası Kərbalayi Nəcəf vəfat edir. Bu barədə o, öz tərcümeyi-halında yazırdı: «Bu hadisə mənə elə təsir etdi ki, təhsili davam etdirmək arzumla vidalaşıb, atamın ölümündən sonra yaşamaq üçün heç bir vəsaiti olmayan ailəmizi saxlamaq haqda düşünməyə başladım». 1890-cı ildə seminariyada təhsilini bitirən N.Nərimanov Tiflis quberniyasının Qızılacal kəndində müəllimliyə başlayır. Burada o, xalqa daha da yaxınlaşır, kəndlilərin hüquqsuz və ağır həyatının şəxsən şahidi olur.

Kənddə bir il müəllimlik edən N.Nərimanov, tezliklə Bakıdakı Progimnaziyaya (gimnaziya tipli pullu məktəbə) təyinat alır. N.Nərimanovun Bakıya gəldiyi XIX əsrin 90-cı illəri Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi, burada çoxmillətli proletariatın təşəkkül tapması və onun kapital əsarətinə qarşı mübarizəyə başlaması ilə bir dövrə təsadüf edirdi. Xalq müəllimi N.Nərimanov öz müəllimlik fəaliyyəti ilə bərabər tədricən Bakı fəhlələri ilə əlaqə yaradır. Məhz bu illərdə bədii ədəbiyyata maraq etməsi Nəriman Nərimanovun fəaliyyətinə təsir etmişdi. O, böyük bir maraqla  ədəbiyyatda sosialist cərəyanları oxuyur, ölkədəki milli azadlıq hərəkatına meyil göstərir.  Məhz burada, Bakıda o, sosialist prinsiplərinə sadiq qalaraq qabaqcıl xalqpərvər-maarifçidən peşəkar ictima-siyasi xadimliyə qədər uzun və çətin bir yol keçir. [1]

N.Nərimanov 1902-ci ildə özünün çoxdankı arzusunu həyata keçirmək – tibbi təhsil almaq məqsədilə Odessaya gedir və böyük çətinliklə Novorossisk universitetinin tibb fakültəsinə daxil olur. "Nəriman Nərimanov Odessada olan zaman Rusiyada başlayan azadlıq hərəkatına qoşulur. O, ilk öncə tələbərlə, daha sonra isə Odessa limanı fəhlələri ilə birgə təşkilati fəaliyyətə başlayır. Belə ki, bir müddət sonra iğtişaşlarda iştirak etməkdə təqsirləndirilərək həbs edildiyi zaman onun üstündən, Odessanın fəhlə sinfi arasında apardığı geniş təbliğat işlərini sübut edən bir çox sənədlər tapılmışdı.

Lakin qeyd etməliyik ki, Odessada cərəyan edən proseslərə qədər Nəriman Nərimanovun fəaliyyətində ictimai-maarifçilik təmayülü əsas yer tutur, o, daha çox ziyalı kimi çıxış edirdi. Odessada yaşadığı dövürdə isə o, mübarizənin alovları içərisində praktiki təcrübə qazanır, öz həyatını həmişəlik olaraq fəhlə sinfinin taleyi ilə bağlayır.[2]

Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinin II mərhələsi. Nərimanov sosial-demokrat kimi.

Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinin mühüm mərhələsi də, onun Rusiya Sosial-Demokrat İşçi Partiyasının sıralarına qoşularaq hərəkatda fəal iştirakı ilə bağlıdır. Nəriman Nərimanov 1903-cü ildə əvvəlcə RSDİP-nin Bakı komitəsinin üzvü oldu. Nəriman Nərimanov bununla yanaşı marksist partiya olmuş Hümmətin həm qurucu xadimlərindən biri olmuş, həm də partiyanın ideoloji bazasının formalaşmasında mühüm rola malik olmuşdur. Ancaq toxunmalı bir məqam da var ki, o da Nəriman Nərimanovun Hümmət təşkilatının qurucusu olub-olmaması haqqında tarixçilər və tarixi monaqrafiyalarda olan fikir ayrılığıdır. Türkiyə tarixçisi Nesrin Sarıahmetoğlu Nəriman Nərimanovun Hümmət təşkilatına nə zaman qoşulmağı barədə dəqiq məlumat vermir və Nərimanovu Hümmətin qurucuları sırasında göstərir (Sarıahmetoğlu, 2012: 209).  Polyak əsilli ABŞ tarixçisi Tadeuş Svetaxovski Nəriman Nərimanovun Hümmət təşkilatına 1905-ci ildə qoşulduğunu qeyd edir (Swietochowski, 2004: 52). Nəriman Nərimanov “Seçilmiş Əsərləri, I cild” adlı Sovet tarixi ədəbiyyatında Nəriman Nərimanovun Hümmət təşkilatına 1905-ci ildə qoşulduğunu qeyd edilir (Nərimanov, 1988: 9).  Nəriman Nərimanovun Hümmət partiyasının qurucusu olub-olmaması məsələsi barədə ikili fikir yaransa da, Nərimanovun partiyanın ideoloji bazasının formalaşmasında oynadığı rol şübhəsizdir.

Nəriman Nərimanov “Fransız inqilabı”, “Bu gün”, “Bizim Rusiya inqilabına nəzərimiz”, Zaqafqaziya Komissarlığının sosialistlərinə açıq məktub”, “Mən İttifaqa Dəvət Edirəm”, “Nə etməliyik” məqalələri və felyetonlarını Hümmət qəzetində nəşr edərək xalqı istismarçı çar hakimiyyətinə qarşı mübarizəyə və beynəlmiləlçi birliyə çağırırdı (Sarıahmetoğlu, 2012: 221). 

Hələ bu illərdə N.Nərimanov xalqı cəhalətdən ayılmağa, ictimai həyata atılmağa çağıraraq yazırdı: “Müsəlman kütlələrinin avamlığı və geridə qalması, mənim qarşımda, öz ədəbi və ictimai işimlə onları oyandırmaq kimi bir vəzifə qoyur” [3]

Nəriman Nərimanovun fəlsəfi sosial baxışları.

1905-1907-ci illərdə N.Nərimanov birinci rus inqilabı və xalqın ictimai məsuliyyəti haqqında bir çox  məqalələr yazır, bu məqalələrdə, “azadlıq” haqqında danışıb, əslində isə çar hökumətini və istismarçıları müdafiə edən saxta ziyalıları kəskin surətdə tənqid edirdi.

Həyat qəzetində Nəriman Nərimanov “Nər”, “Arı bəy” imzası ilə yayınladığı “Həftə fəryadı”, “Hərdən bir” adlı məqalələrində sosial-siyasi hadisələrə çağdaşlarından fərqli münasibət göstərirdi. O maarifçi görüşlərlə yanaşı, dövrün ictimai-siyasi proseslərinə siyasi xadim yönündən yanaşırdı. Nərimanovun ictimai-siyasi fəaliyyətinin bu mərhələsi Nərimanovu məhz siyasi xadim və ziyalı bir maarifçi kimi xarakterizə etməyə imkan verir (Sarıahmetoğlu, 2012: 141).   

Nəriman Nərimanov məqalələrində özlərini millətin hamisi kimi göstərən, əslində öz şəxsi mənfəətlərini düşünənləri tənqid edirdi. Nərimanov 1906-cı ildə Həyat qəzetində yayımlanan “Həftə fəryadı” adlı məqaləsində xalqı tanımaq, başa düşmək üçün onun məişət və həyatını daha da dərindən öyrənməyə çağırır və xalqı maariflənməyə, çar hökumətinin şirin vədlərinə aldanmamağa çağırırdı (Nərimanov, 1988: 84).

Birinci rus inqilabı illərində Nəriman Nərimanov Həyat və İrşad qəzetlərində yayınlanan məqalələrində çar hökumətini sərt şəkildə tənqid edir və çar istibdadının hər kəsi bezdirdiyini qeyd edərək xalqı çar hakimiyyəti və burjuaziyaya qarşı qəti mübarizəyə çağırırdı (Sarıahmetoğlu, 2012: 144). N.Nərimanov yazırdı ki, “mübarizədə ancaq güclü iradəyə malik olan və ümumi iş üçün şəxsi mənafeyini yaddan çıxaran qalib gələcəkdir”. [4]

Sarıahmetoğlu Nərimanovun, birinci rus inqilabının Azərbaycan xalqının sosial fikirlərinə və milli azadlıq hərəkatına faydalı təsir göstərdiyini dəyərləndirdiyini qeyd edirdi. Çünki birinci rus inqilabı çarlığın geniş xalq kütlələrinə olan riyakarlığını açıq-aydın biruzə vermişdi. Nərimanov, öz məqalələrində marksizm ideologiyasına da toxunur, “Hüriyyətə dair bir neçə söz” adlı məqaləsində Nərimanov, Rusiyada yalançı marksistlərin saylarının çox olduğunu təəssüf hissi ilə qeyd edir və Karl Marksı anlamaq üçün Marksa qədərki  fəlsəfi tarixi bilməyi vacib hesab edirdi (Sarıahmetoğlu, 2012: 146).

Nəriman Nərimanovun milli məsələ və millətçiliyə aid baxışları.

Nəriman Nərimanov, dövrün mətbuatında yazdığı məqalələrində beynəlmiləlçiliyi, xalqların dostluğunu, millətlərin bərabərliyindən bəhs etmiş və hər bir xalqın öz müqəddaratını təyin etmək hüququnu müdafiə etmişdi. 1906-cı il aprelin 30-da yazdığı “Aqibəti nə olacaq” adlı məqaləsində Nərimanov, bütün millətlərin bərabərhüquqlara malik olmalı olduğunu qeyd etmişdi (Adıgüzel, 2005: 177).

Nərimanov, Azərbaycan və erməni xalqlarının zəhmətkeş sinfinə çar hakimiyyətinin fitnəsinə uymamağa çağırırdı (Sarıahmetoğlu, 2012: 147).  “Müsəlman-erməni kasıb-fəqirlərinə bir neçə söz” adlı məqaləsində Nərimanov, xalqları birgəyaşayışa və sülhə çağırırdı. [5]

Nərimanov məqalələrində çarlıq rejiminin və onun havadarlarının zülmünün artdığını göstərərək, insanların çar əsarətindən xilas olmağın yeganə yolunu çar mütləqiyyətinə və onun havadarlarına qarşı mübarizədən keçdiyini qeyd edirdi.  (Sarıahmetoğlu, 2012: 148). Bununla yanaşı Nərimanov məqalələrində millətçiləri tənqid edərək, onların yalnız öz mənfəətlərini güddüyünü qeyd edirdi. “Həftə fəryadı” adlı məqaləsində Nərimanov bununla bağlı yazırdı:

“İndi hər kəs özünə millətçi dediyi zaman böyük bir şey baş verir? Cənab Qoremkin özünə millətçi, vətənpərvər deyərək həm kəndliləri aclıqdan qırır, həm də insanlara həbsxanalarda olmazın işgəncələr verir” .

Nəriman Nərimanovun müharibə və sülhə aid baxışları.

Nəriman Nərimanovun müharibə və sülh haqqındakı düşüncələrini onun rus-yapon müharibəsi ilə bağlı yazılarında görmək olar. Nərimanov, rus-yapon müharibəsi kimi imperialist müharibə xarakterini daşıyan müharibələrin istismarçı siniflərin mənafeyinə xidmət etdiyini və əməkçi xalqa isə sonsuz müsibətlər və fəlakətlər gətirdiyini qeyd edirdi. Nərimanov, 1905-ci ildə rus-yapon müharibəsində çar hökumətinin məğlubiyyəti münasibəti ilə Həyat qəzetində yayınladığı “Nə yaman iş” adlı məqaləsində insanların müharibədə əlil vəziyyətinə düşməsinə səbəb olan çar hökumətinin məmurlarını və generallarını tənqid edir və xalqı müharibə canilərinə qarşı mübarizəyə çağırırdı.  Nərimanov, müharibələr və onların ağır nəticələrindən bəhs etdiyi məqalələrində xüsusilə Birinci Dünya müharibəsi zaman çar ordusu tərəfindən əsir alınan və Azərbaycanın Nargin adasında əsir həyatı yaşayan  əsgərlərin və sivil insanların düşdüyü şərait haqqında ürək ağırısı ilə yazmış və əziyyət görən həmin insanların taleyi ilə maraqlanmışdır.  Nərimanov, Hümmət qəzetində nəşr olunan 1917-ci il tarixli “Göz yaşı tökdürən cəzirə” adlı məqaləsində əsir düşərgələrində şahidi olduğu və əsirlərin düşdüyü vəziyyəti ürək ağırısı ilə qeyd etmiş və hətta göz yaşlarını saxlaya bilməmişdi. Nərimanovun bu məqaləsi ictimaətin diqqətini çəkmiş və təcili şəkildə Bakı Şəhər Dumasının nəznində əsirlərlə bağlı komitə qurulmuşdu. Nərimanov 1917-ci il 15 dekabr tarixli komitəyə verdiyi təklifdə, Nargin adasına əsir göndərilməməsini və xüsusilə xalqın müharibədə iştirak etməyən hissəsini- qocaların və uşaqların vətənlərinə göndərilməsini təklif etmişdi (Sarıahmetoğlu, 2012: 155).

Nəriman Nərimanovun müstəmləkəçiliyə aid baxışları.

Nərimanov, məqalələrində müstəmləkəçiliyi və imperialistləri sərt şəkildə tənqid edir və məzlum müstəmləkə xalqlarının azadlıq hərəkatını dəstəkləyirdi. Mərakeş məsələsi” adlı məqaləsində Nərimanov, qərbin imperialist dövlətlərinin məqsədlərinin Mərakeşdə xalqları müstəmləkə əsarəti altına salmaq olduğunu qeyd edərək Mərakeş xalqını müstəmləkəçilərə qarşı mübarizəyə çağırırdı (Sarıahmetoğlu, 2012: 156). Bununla yanaşı Nərimanov, “Səsə səs” adlı məqaləsində Əlcəzair məsələsinə də toxunaraq Fransa imperialistlərinin Əlcəzairin məzlum xalqlarına etdiyi zülmün bütün dəhşətlərini açıb göstərir və Əlcəzair xalqının milli-azadlıq hərəkatını dəstəklədiyini qeyd edirdi. [6]

Nəriman Nərimanovun İran inqilabı illərindəki fəaliyyəti.

Bu illərdə Nərimanov, İranda inqilabi hərəkata dəstək vermək üçün “Mücahid” sosial-demokrat partiyasının rəhbəri kimi İrana göndərilmişdi. İranda inqilabı hərəkata rəhbərlik etmək üçün Nərimanov, əvvəlcə Tiflisə göndərildi. Tiflisdə Nərimanova İran Sosial-Demokrat partiyası tərəfindən partiyanın şöbəsini qurmaq və İrandakı inqilabi hərəkata hər cür dəstəyi vermək üçün şöbə ilə mərkəz arasındakı fəaliyyət birliyini formalaşdırmaqla bağlı tapşırıq verildi. (Dubinski-Muxadze, 1977: 72).

 1909-cu ilin yanvar ayında onun evində jandarma idarəsi tərəfindən axtarış aparılmış, mart ayında N.Nərimanov həbs olunaraq Tiflisin Metex qalasındakı həbsxanaya salınmışdır. N.Nərimanova qarşı irəli sürülən ittiham ondan ibarət idi ki, o, İranın “Mücahidlər” təşkilatının üzvü olmuş, Səttarxanın və Bağırxanın dəstələrinə adam, silah və partlayıcı maddələr göndərmişdir. N.Nərimanovu həbs edərkən onun üstündən 1905-ci ildə yazılmış konstitusiyalı respublika üsul idarəsinin monarxiya üsul idarəsindən üstün olması haqqında referat tapılmışdır. Həmin ilin avqust-sentyabr aylarında Bakının bir qrup ziyalısı Dövlət Dumasının müsəlman fraksiyasını N.Nərimanovun işində yardımçı olmağa çağırmışdır (Həsənov, 2005: 46).

N.Nərimanov 1909-cu il sentyabrın 14-də Qafqazda yaşaması qadağan olunmaq şərtilə azad edilmişdir. N.Nərimanov yaşamaq üçün bir neçə şəhəri - Rostovu, Krım yarımadasında Simferopolu, Aşxabadı seçsə də oralarda yaşamağa qoymamışlar. Nəhayət, ona Həştərxanda yaşamağa (iki illik sürgün) icazəsi verilərkən oraya gedən zaman yolüstü Bakıda bir neçə gün qalmağa da icazə verilməmişdir.

 

İstifadə olunan ədəbiyyatlar

  Nesrin Sarıahmetoğlu, (2012), Mücadeleye adanan hayat-Neriman Nerimanov

 Tadeusz  Swietochowski, (1985), Russian Azerbaijan (1905-1920): the shaping of a national identity in a Muslim community. 

Нариман Нариманов, (1988), Избранные произведения, Т. 1 .

Hüseyin Adıgüzel, (2005), Neriman Nerimanov. Seçme makaleler.

И. Дубинского-Мухадзе, (1977), Нариманов.

Həsən Həsənov, (2005), Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti.

 

Qeydlər

[1] Nəriman Nərimanov. Həyat və fəaliyyəti:nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[2] Nəriman Nərimanov. Həyat və fəaliyyəti: nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[3]  Nəriman Nərimanov. Həyat və fəaliyyəti:nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[4] Nəriman Nərimanov. Həyat və fəaliyyəti:nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

[5] Nəriman Nərimanov. Müsəlman-erməni kasıb-fəqirlərinə bir neçə söz: Nəriman Nərimanov – Müsəlman-erməni kasıb-fəqirlərinə bir neçə söz – Praksis☭ (wordpress.com)

[6] Nəriman Nərimanov. Həyat və fəaliyyəti: nc999riman-nc999rimanov-hc999yat-vc999-fc999aliyyc999ti.pdf (wordpress.com)

Paylaş:

686
0