Fəridə Alışova
5 Yanvar 2022, 10:33Natamam ailələr

Natamam ailələrdə tərbiyə olunmuş uşaqların psixoloji xüsusiyyətləri
Hal-hazırda təkcə bizim ölkə deyil, bütün dünyada natamam ailələr sürətlə artan müasir sosial-demoqrafik ailə tipi olmağa başlamışdır. Bu gün, əvvəllər olduğuna nisbətən daha çox adamlar boşanır, həyat yoldaşını tərk edir, ayrı yaşayır və ya nikahdan kənar uşağa sahib olur. Bütün bunlar, milyonlarla valideyn və uşaqlara güclü təsir göstərir.
Natamam ailələrin artmasının bir çox səbəbləri var: Bunlardan ən əsası ailə həyatında həyat yoldaşları arasında yaşanan qeyri-normal münasibətlərdən asılıdır. Buna misal kimi:
1. cinslərarası münasibətlərin deformasiya olması;
2. ailədə ənənəvi rolların (kişi, qadın) dəyişilməsi;
3. nəsilartırma funksiyasının “qeyri-populyarlığı”;
4. gənclərin ailə həyatına hazırlıqsızlığı;
5. nigah portnyoruna qarşı yüksək tələblərin qoyulması;
6. alkoqolizm və narkotik maddələr;
7. ailələrdə övladlarına qarşı hiperqayğı;
8. şəxsiyyətin tam formalaşmaması, öz mənini tapmama;
Ailənin əsas məqsədi ailə üzvlərinin ictimai, qrup və fərdi tələbatlarının ödənilməsinə nail olmaqdır. Cəmiyyətin kiçik sosial qrupu olan ailə bir çox vacib funksiyaları yerinə yetirir. Ailənin yerinə yetirdiyi funksiyalar sırasında reproduktiv, ekonomik, tərbiyələndirici, kommunikativ, istirahət vaxtının birgə keçirilməsi və s. funksiyalar daxildir.
Ailənin quruluşundan (natamam və ya tam) asılı olmayaraq ailə tərbiyəsinin əsasını uşaqda şəxsiyyətin və əxlaqi dəyərlərin inkişafı durmalıdır. Düzdür, natamam ailələrdə bu məqsədə çatmaq müəyyən qədər çətin olur. Bununla belə, bu ailələrdən olan uşaqların cəmiyyətdə sağlam bir şəxsiyyət kimi yetişməsini təmin etmək çox zəruridir. Ona görə də natamam ailədə böyüyən uşağın tam ailədə böyüyən uşaqdan mümkün qədər az fərqlənməsi üçün bu cür ailələrdə uşağın tərbiyəsini öz üzərinə götürən şəxslər əlindən gələni etməlidirlər.
Ən çox yayılmış natamam ailə ana və övladdan ibarət olan ailələrdəndir. Boşanma səbəblərinin nə olmasından asılı olmayaraq bütün ailə üzvləri boşanmadan əziyyət çəkir, daha sonra valideynlərin bir-biri ilə normal münasibət saxlamaması vəziyyəti daha da pisləşdirir, bu da öz növbəsində uşağın normal inkişafına mane olur. Əksər vaxtlar ana boşanmadan sonra nəinki atanın övladının həyatında müəyyən yer tutmasına, hətta onunla görüşməyi belə qadağan edir. Valideynlərindən biri ilə görüşə bilməmək hissi, uşaqda dərin psixoloji travmalar yaradır. Uşağın psixikasına daha ağır travmanı boşanmadan sonra valideynlərin bir-birinə olan pis münasibətlərini heç gizlətməyə çalışmamaları, bundan başqa uşağı aralarında yaşanan mənfi münasibətlərin seyricisinə çevirməsi faktıdır. Bu cür şəraitdə böyüyən uşağın xarakterində illər keçsə belə düzəlməyən mənfi hallar özünü təzahür etdirməyə başlayır.
Boşanmadan sonra yaranan boşluq zamanı uşaqlarda aşağıdakı hallar baş verə bilər:
1. uşaqlarda intellektual, analitik və s qabiliyyətlər inkişafdan qalır;
2. oğlan və qızlarda cinsi ayrılma fərqləri bir o qədər aydın seçilmir;
3. yeniyetmə uşaqlarda əks cins ilə münasibətlərin yaradılmasında çətinliklər meydana çıxır;
4. çatışmayan valideynə olan sevgi ailədə olan valideynə yönəlir və bunun da nəticəsində bir valideynə hədsiz dərəcədə bağlantı yaranır;
Tədqiqatlar və eyni zamanda tibbi araşdırmalar göstərir ki, hətta ana bətnində olan uşaq belə valideynlərin ayrılması prosesini çətin emosional hallarla müşaiət olunan vəziyyətdə keçirir.