Əli Novruzov
27 May 2022, 23:09Azərbaycan Cümhuriyyəti dövründə Müsavat partiyasının sol qanadı

Mövzunun əhəmiyyəti. Siyasətdə sol amilinin yaranması
Azərbaycan tarixşünaslığında və ümumilikdə dünya tarixşünaslığında hələ də cavabı tapılmayan bir çox suallar və mövzular vardır. Bu mövzular arasında işlənilməli önəmli mövzulardan biri də Müsavatın sol qanadıdır. Məlumdur ki, bəşər tarixi boyu cəmiyyətdə insanlar arasında fikir müxtəlifliyi olub və bu fikir müxtəlifliyi müxtəlif cərəyanların və ideologiyaların meydana gəlməsi ilə nəticələnib. Yazıda sol ideologiyalar, Müsavatın yaranması və ADR zamanındakı fəaliyyəti və Müsavatın sol fraksiyasının Azərbaycan SSR zamanındakı fəaliyyətinə toxunulub.
Mövzuya keçməzdən əvvəl siyasətdə sol amilinin yaraması, ümumilikdə sol və sağ fraksiyaların formalaşmasına toxunmaq mövzunun marağını və əhəmiyyətini daha da artıracaqdır. Sol ideologiyaların yaranması, ideologiyalar arasında sol və sağ qruplara bölünmə Böyük Fransa İnqilabı zamanı-1788-1789-cu illərdə Milli Konvensiyada (parlamentdə) yaranmışdı. Parlamentin sağ tərəfində əyləşənlər konstitusiyalı monarxiyanın tərəfdarı olanlar-feuillantlar, ortasında əyləşənlər respublikanın mötədil tərəfdarları olanlar-jirondistlər, solda əyləşənlər isə radikal dəyişiklikləri müdafiə edən yakobinlər idi.
19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində siyasi hərəkatlar daha parlaq şəkildə özünü göstərməyə başladı və onlar arasında daha qabarıq fərqlər yarandı. Solçular fəhlə sinfinin və kəndlilərin mənafeyini müdafiə edirdilər. Onlar üçün əsas dəyər sosial və iqtisadi bərabərlik idi. Onlar cəmiyyətin sinfi bölünməsinə qarşı, dövlətin iqtisadiyyatda fəal rolu, xüsusi mülkiyyətin məhdudlaşdırılması və ya ləğvi uğrunda mübarizə aparırdılar.
Sağ ideologiya aristokratiya və burjuaziyanın maraqlarını təmsil edirdi. Onlar üçün ən yüksək dəyər təbii bərabərsizlik ideyasının yarandığı şəxsi azadlıq idi. Onlar kapitalizm ideyalarına sadiq qalaraq, dövlətin iqtisadiyyatda rolunun minimal olmasını müdafiə edirdilər.
Sol ideologiyaya-reformistlər, proqressivlər, kommunistlər, yaşıllar, sosial-demokratlar, sosialistlər, sindikalistlər, sosial-liberallar, demokratik sosialistlər, solçu libertanistlər, sekulyaristlər, avtonomistlər, anti-imperiyalistlər, anti-kapitalistlər və anarxistlər daxildir.
Sağ ideologiyaya-mühafizəkarlar, mürtəcelər, yeni mühafizəkarlar, millətçi-demokratlar, millətçi-liberallar, kapitalistlər, sağçı liberallar, sağçı libertanistlər, millətçilər, sosial-avtoritarlar, monarxistlər, teokratlar, faşistlər, nasional-sosialistlər daxildir.
Müsavatın yaranması
Ərəbcə bərabərlik anlamına gələn Müsavat 1911 ildə Bakıda keçmiş hümmətçilər Abbas Kazımzadə, Tağı Nağıoğlu və Məmmədəli Rəsulzadə (Rəsuloğlu; Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu) tərəfındən yaradılmışdır. Müsavatın qurulduğu ilk vaxtlarda partiyanın başlıca proqramında müsəlman xalqlarının birliyi-“ittihadi-islam” ideyası irəli sürülmüşdü. (Balayev, 2012: 29) 1913-cü ildən partiyaya mühacirətdən qayıtmış Məhəmməd Əmin Rəsulzadə rəhbərlik etmişdir. Bununla yanaşı Partiyanın mətbuat orqanı "Açıq söz" qəzeti idi. 1914-cü ildən Rəsulzadənin ideyalarında türkçülük müşahidə edilsə də, ümumilikdə 1917-ci ilə qədər Müsavatın dəqiq proqramı olmamışdır. Bununla yanaşı Müsavat gələcəkdə Çar hökumətinin müsəlman əhalisinə hüquqlar verəcəyini nəzərə alaraq Çar Rusiyasını 1-ci dünya müharibəsi illərində dəstəkləmişdi. (Rəsulzadə, 2012:173). Partiya Fevral inqilabına (1917) qədər qizli fəaliyyət göstərmiş və "Cəmiyyət" adlanmışdır. Fevral inqilabından sonra isə gizli fəaliyyətdən açıq fəaliyyətə keçmiş və 1917 ilin martında Nəsib bəy Yusifbəylinin başçılığı ilə Gəncədə yaradılmış və Azərbaycanın Rusiya imperiyası daxilində muxtariyyətini özünün məqsədi elan etmiş "Türk Ədəmi-Mərkəziyyət" partiyası ilə əməkdaşlığa başlamışdı. 1917 il iyulun 3-də Müsavatla "Türk Ədəmi-Mərkəziyyət" partiyaları birləşməsi ilə "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyası" yaradıldı. Müsavatın sağ mühafizəkar millətçi (Gəncə) qanadı adlanan Türk Ədəmi-Mərkəziyyət partiyasına mülkədar sinfinin nümayəndələri Rəfi bəy Rüstəmbəyov, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov və başqaları daxil idi. Müsavatın sol qanadı adlanan burjua qanadına isə M. Ə. Rəsulzadə, M. H. Hacınski, M. Vəkilov daxil idi. Federalistlərlə birləşdikdən sonra əvvəlki illərdən fərqli olaraq təşkilatda başçılıq və ideya hegemoniyası Gəncə mülkədar elitasının əlində idi. (Hüseynov, 1929:6,13). Müasir Azərbaycan tarixşünaslığında Müsavatın Gəncə federalistləri ilə birləşməsi Azərbaycanın muxtariyyət məsələsi ilə əlaqələndirilir. Ancaq Müsavatın federalistlərlə birləşməsi siyasi faktordan çox iqtisadi səbəblərlə əlaqəli idi. Bakı (türk) burjua qanadının (Müsavat) iqtisadi baxımdan üstün olan Gəncə qanadı (Türk-Ədəmi Mərkəziyyət partiyası) ilə birləşməsinin əsas səbəbi də Bakı burjuaziyasının erməni və rus burjuaziyasından zəif olmasından irəli gəlirdi. Bütün banklar və neft sənayesinin çox hissəsi erməni və rus burjuaziyasının əlində idi. Digər tərəfdən Azərbaycana muxtariyyət verilməsi məsələsi Bakı burjua qanadı tərəfindən deyil, Gəncə qanadı tərəfindən təklif olunmuşdu. Fevral inqilabının ilk illərində Bakı burjua qanadı federalistlərlə birləşənə qədər demokratik Rusiya respublikasının tərəfdarı kimi çıxış edir, Rusiyada yaşayan bütün millətlər kimi müsəlman əhalisinə bərabərhüquqlu şəkildə sərbəst yaşamaq haqqının verilməsini istəyir və iqtisadi sahədə də burjuaziya üçün geniş və sərbəst bazarın verilməsini nəzərdə tuturdu. (Hüseynov, 1929: 10). Müsavatın Bakı qanadının qəbul etdiyi bəyannamədə partiya özünü "Əməkçi kütlələrə, habelə Rusiyanın türk və digər müsəlman xalqlarının milli-mədəni istəklərinə arxalanan demokratik" partiya kimi təqdim edirdi. Ümumi nəticədə isə iqtisadi baxımdan zəif Bakı qanadı iqtisadi baxımdan güclü olan Gəncə qanadının dəstəyini qazanmaq üçün Azərbaycanın muxtariyyəti təklifini qəbul etməli olmuşdu.
1918-ci il mayın 26-da Gürcüstanın Zaqafqaziya Seymidən çıxması ilə Seym öz fəaliyyətini dayandırdı. 34 gün mövcud olan Zaqafqaziya Seyminin dağılmasının əsas səbəbi isə Seymdə erməniləri təmsil edən daşnakçıların, gürcüləri təmsil edən menşeviklərin, müsəlman əhalini təmsil edən müsavatçıların bir-biriləri ilə ortaq məxrəcə gəlməməsinə görə idi. Xüsusilə menşeviklərin Almaniya ilə separat danışıqlara başlaması, müsavatçıların isə Bakıda hakimiyyəti ələ keçirmək üçün Osmanlı ilə hərbi alyansa girməsi Seymin dağılmasını sürətləndirdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005:228). Nəticədə Tiflisdə 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan respublikaları öz müstəqilliklərini elan etdilər. Azərbaycan öz müstəqilliyini elan edən kimi dərhal Osmanlı dövləti ilə hərbi alyansa daxil oldu və 1918-ci ilin 4 iyununda imzalanan Batum müqaviləsi Osmanlıdan hərbi yardım vədi aldı. İyunun 16-da hökumət Gəncəyə köçdü, sentyabrın 17-də isə ADR hökuməti Bakıya köçdü.
ADR dövründə Müsavatın sol fraksiyası
Müsavat Azərbaycanda iqtidarı tam olaraq öz əlinə aldıqdan sonra belə partiyada sol (Bakı) və sağ (Gəncə) fraksiyalara bölünmələr var idi. Müsavatın sol qanadının əsas fəaliyyətində hökumətin daxili və xarici siyasətinin tənqidi əsas yer tuturdu. Müsavatın sol qanadı hökuməti əsas aqrar məsələ və işsizlik problemi kimi əsas mövzularda tənqid edirdi. Ümumiyyətlə ADR öz müstəqilliyini elan etməmişdən əvvəl də aqrar məsələ və sosial islahatlar Müsavatın gündəliyində dayanan əsas məsələlər idi. 1917 il oktyabrın 25-dən 31 -dək Bakıda birləşmiş “Müsavat” partiyasının Birinci qurultayı keçirildi. “Müsavat”ın qurultayda qəbul olunmuş proqramı fəhlə və torpaq məsələlərini, milli və dini məsələləri, mülki hüquqları və s. əhatə edən 9 bölmədən və 76 bənddən ibarət idi. Əsas məsələlərdən biri arqar məsələ idi. Torpaqların dövlət fonduna verilməsi nəzərdə tutulurdu. Bütün xəzinə, xanədan, mülkədar torpaqları və xüsusi mülkiyyətdə olan torpaqlar təmənnasız olaraq, kəndlilərin tam mülkiyyətinə verilirdi. Sənəddə göstərilirdi ki, ayrı-ayrı şəxslərə məxsus maksimum torpaq həddi qanunla müəyyən edilir. Xüsusi mülkiyyət yalnız torpağın səthinə şamil olunurdu. Yerin təki isə dövlətə məxsus olmalı idi. Keçmiş torpaq sahiblərinə dəyən zərəri ödəmək üçün varlı təbəqədən mütərəqqi vergi tutmaq vasitəsilə yaradılan xüsusi fonddan ödənc verilməsi nəzərdə tutulurdu. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005:228). Birinci qurultayda Müsavatın Bakı qanadının aqrar məsələ ilə bağlı layihə irəli sürməsinə baxmayaraq Müsavatın Bakı qanadının mövqeyi sonunda Gəncə qanadının təklifi ilə uzlaşdı və aqrar məsələ həll edilməmiş qaldı. Çünki əvvəlcədən də qeyd edildiyi kimi Müsavatın solçu Bakı qanadının sağçı Gəncə qanadının iqtisadi dəstəyinə ehtiyacı var idi.
Aqrar məsələ ikinci dəfə bir də 1919-cu il sentyabrın 2-də gündəmə gətirildi. 1919-cu ilin sentyabrın 2-də Qazax mahalında hökumətin torpaq siyasəti ilə bağlı I kəndli qurultayı keçirildi. Müsavatçılar bu qurultaya gəlmədilər. Ancaq 1919-cu il 2-11 dekabr tarixlərində müsavatçıların hökumətin torpaq siyasəti ilə bağlı II qurultayı keçirildi. Məhəmməd Əmin Rəsulzadə qurultayda çıxış edərək aqrar məsələni hələlik həll etməyin mümkün olmadığını, lakin hökumətin parlamentə bununla bağlı geniş səlahiyyətlər verdiyini qeyd edir. Müsavatın sol qanadının üzvü Mirzə Bala Məmmədzadə isə əsasən müsavatçılardan ibarət olan hökumətin bəylərlə kəndlilər arasındakı münaqişəni həll edəcəyi ilə bağlı vədinə əməl etmədiyini və kəndlilərdən vergi yığılmasının dayadırılması təklifi ilə çıxış etdi. (N. Agamaliyeva, R. Xudiyev, 1994:66-68). ). Ancaq ölkədə olan sinfi təbəqələşmə, torpaqların əsasən 29,5%-inin mülkədarlara, 68,7%-i dövlətə 1,8%-i isə kəndlilərin payına düşməsi ölkədə olan torpaq məsələsini həll etməyə imkan vermədi və aqrar məsələ həll olunmamış qaldı. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:126).
Müsavatın sol qanadının hökuməti tənqid etdiyi digər məsələ də fəhlə məsələsi və ölkədəki işsizlik ilə bağlı yaranan problem idi. Fəhlə məsələsi "Müsavat" partiyasının 1917-ci il oktyabr tarixli qurultayında qəbul olunmuş proqramında öz əksini tapmış və Müsavat, fəhlə məsələsi ilə bağlı RSDFP-nin II qurultayında (1903 il) qəbul olunmuş proqramı əsas götürmüşdü. Bu proqrama əsasən, bütün fəhlələr üçün 8 saatlıq iş günü və həftədə 24 saatlıq fasiləsiz istirahət müəyyən olunurdu. İş vaxtından əlavə əmək fəaliyyəti qadağan edilirdi. 16-18 yaşlı yeniyetmələr üçün 6 saatlıq iş günü müəyyən edilir, eyni zamanda, uşaqların və məktəb yaşlı yeniyetmələrin muzdlu əməyindən istifadə qadağan olunurdu. Qadın əməyindən istifadə olunan fabrik və zavodlarda südəmər uşaqlar üçün körpələr evləri açılmalı, qanunlara əməl olunmasına nəzarət etmək üçün müəssisələrdə fəhlə müfəttişliyi yaradılmalı idi. Əmək qanununu pozan sahibkarlar cinayət məsuliyyətinə cəlb olunurdular. Ancaq buna baxmayaraq Müsavat hökuməti zamanında işsizlik problemi də öz həllini tapmadı. Hətta işsizliklə bağlı mövzuya toxunan zaman Məhəmməd Əmin Rəsulzadənin partiyanın müəssisələrin milliləşdirilməsini dəstəkləmədiyini və partiyanın fəhlə və kəndlilərin iş şəraiti ilə bağlı mümkün olan hər şeyi etdiyini qeyd etməsi qurultayda qızğın müzakirələrə səbəb olmuş və Müsavat partiyasının üzvü olan məşhur azərbaycanlı dramaturq Cəfər Cabbarlının qurultayda çıxışı isə bu sözlərlə yadda qalmışdı: “Hökumətin xalqın siyasi problemlərindən əlavə iqtisadi məsələlərinin həll etmək öhdəliyi də var idi. Azərbaycanda hakimiyyəti ələ alan partiyamız verdiyi öhdəliklərini unutdu.” (N. Agamaliyeva, R. Xudiyev, 1994:66-68).
Ümumiyyətlə Azərbaycanda Müsavat hökuməti zamanında iqtisadi və sosial durumun pis olması 2 səbəblə- ölkənin xarici siyasətində İngiltərə ilə müttəfiqlik əlaqələri ilə və 2 il ərzində hökuməti Müsavatın sağ mühafizəkar millətçi qanadının idarə etməsi ilə bağlı idi. Xüsusilə ingilislərin işğalından sonra ingilislər Azərbaycan hökumətinin qarşısına Həştərxana neft göndərməmək tələbini qoymuşdular. İngilislər neft boykotu ilə bolşevik Rusiyasını zəiflədib gücdən salmağı planlaşdırmışdılar. Ancaq Rusiyaya qarşı yönəlmiş neft boykotu, Azərbaycanın da iqtisadiyyatına mənfi təsir edərək ölkənin həm iqtisadi durumunun bərbad hala düşməsinə səbəb olur, həm də neft sənayesini iflic vəziyyətinə salırdı. (Baberovski, 2003: 127).
Ölkədə torpaq məsələsinin həll olunmaması və iqtisadi, sosial durumun bərbad vəziyyətdə olması bolşeviklərin ölkədə aktiv fəaliyyətə keçməsinə şərait yaradır və Müsavatın özündə də parçalanmağa gətirib çıxardı. Yaranan hökumət böhranları Müsavatın sol qanadının güclənməsinə və ADR-in Sovet Rusiyası ilə yaxınlaşma ilə bağlı tərəfdarların sayının artmasına gətirib çıxardı. (Mustafazade, 2006:61). Xüsusilə Müsavatın sol fraksiyasının üzvü Məhəmməd Həsən Hacınski və bitərəf Behbud xan Cavanşir Sovet Rusiyası ilə dostluq münasibətlərinin qurulmasının tərəfdarları idilər. 1920 il martın 30-da hökumət istefa verdikdə, ADR parlamenti yeni hökumətin təşkilini Hacınskiyə tapşırdı. O, bir müddət parlamentdə fəaliyyət göstərən partiya və fraksiya nümayəndələri ilə danışıqlar apardı, hətta bolşeviklərlə də görüşdü və onlara öz hökumətində nazir vəzifələri də təklif etdi. Bolşeviklərdən müsbət cavab almayan Hacınski aprelin 22-də yeni hökumət təşkil etməyin mümkün olmadığını, parlamentin sədrini əvəz edən Məmməd Yusif Cəfərova bildirmiş, həmçinin “Müsavat”partiyasından çıxdığını və bolşeviklər partiyasına daxil olduğunu bəyan etmişdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2004:444).
Hökumət böhranları bolşeviklərin hakimiyyətə gəlməsini asanlaşdırırdı və 1920-ci il aprelin 27-də hakimiyyətin bolşeviklərə verilməsi məsələsi gündəliyə çıxarılarkən Rəsulzadənin etirazına baxmayaraq Müsavat partiyası çoxluğun fikrinə qoşulmalı oldu. (Agamaliyeva, 1998:265,266). Maraqlıdır ki, hakimiyyətin bolşeviklərə təhvil verilməsinin əleyhinə ilk çıxan Rəsulzadəni polyak əsilli ABŞ tarixçisi Tadeuş Svetaxovski Müsavatın sol qanadının üzvü olduğunu qeyd edir. (Swietochowski, 1985: 170). Bu onu göstərir ki, hakimiyyətin təhvil verilməsi məsələsində sol qanadın özündə də fikir ayrılığı var idi.
Müsavat Azərbaycan SSR qurulduqdan sonra. Sol Müsavat (Gizli Müsavat)
1920-ci il aprelin sonunda sovet hakimiyyəti qurulana qədər bolşeviklər Azərbaycanda mövcud olan partiyalarla saziş bağlamışdı. Bu sazişə əsasən ilk vaxtlar Müsavat partiyası açıq fəaliyyətini davam etdirirdi. Müsavatçıların sol qanadı da Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra partiyadan ayrılaraq öz Mərkəzi Komitəsini seçdi. (Azərbaycan tarixi 7 cilddə 6-cı cild, 2008:10). 1920-ci ilin aprelin 27-də axşam, Bakıda Süleyman Abdullayevin Voroşilov küçəsindəki mənzilində yığıncaq keçirildi. Yığıncaq Müsavat partiyasının başda Mirzəbala Məmmədzadə Əbdülvəhab Məmmədov, Məmməd Sadıq Quliyev, Qasım Qasımov və Seyid Zərgər sayı 25 nəfərə çatan sol fraksiyasının təşəbbüs qrupu tərəfindən keçirilmişdi. Məmməd Sadıq Quliyevin sözlərinə görə yığıncağın əsas məqsədi “Partiyanın (solların) ümumi toplantısını çağırmağa nail olmaq və burada partiyanın leqal fəaliyyəti üçün Sovet hökuməti ilə danışıqlar aparmaq, nümayəndə seçmək olmuşdur”. Bununla yanaşı Məmməd Sadıq Quliyevin sözlərinə görə, partiya üzvləri sol qanadı “partiyaya nüfuz etmiş bürokratiya və burjua ünsürlərinə qarşı mübarizə” adı altında formalaşdırmışdılar.
“Sol Müsavat”ın yeni təşəbbüs qrupuna 25 nəfər, o cümlədən Mirzəbala Məmmədzadə, Əbdül Vəhhab Məmmədzadə (Yurtsevər), Məmməd Sadıq Quliyev, Rasim Qasımov və başqaları daxil idi. Müsavatın sol fraksiyasının Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində fəaliyyət göstərməsi ilə bağlı müxtəlif yanaşmalar irəli sürmək olar. Tarixçi Nəsiman Yaqublu Müsavatın Azərbaycan SSR-də fəaliyyət göstərməsini 2 səbəblə izah edir. Nəsiman Yaqubluya görə Müsavatın fəaliyyət göstərməsinin 1-ci səbəbi bolşeviklərin müsavatçıların nüfuzundan ehtiyatlanması, daxildəki gərginliyin artmasını istəməməsi və bolşeviklərin müsavatçıları milli mübarizədən uzaqlaşdırmaq üçün öz tərəflərinə çəkmək üçün etdikləri cəhdlə bağlıdır. 2-ci səbəb isə bolşeviklərin Müsavatın fəaliyyəti və üzvləri haqqında məlumat toplamaq məqsədi ilə bağlıdır. (Yaqublu, 2012:115). Müəllifin bu fikirləri ilə müəyyən qədər razılaşmaq olar. Ancaq Müsavatın sol fraksiyasının Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində və SSRİ qurulduqdan sonra da bir müddət fəaliyyət göstərməsinin səbəbini yuxarıda sadalanan amillərlə yanaşı aşağıdakı 2 amillə də əlaqələndirmək olar:
-Bolşeviklərin Azərbaycanda demokratik mühit formalaşdıraraq, əhali arasında nüfuz qazanmağa çalışması;
-Sovet sisteminin demokratik əsaslara malik olması.
Yapon müəllifi Kazuko Kawamoto Sovet sisteminin demokratik əsaslara malik olduğunu qeyd edir.
Bolşeviklərin ilk vaxtlarda partiyalara olan loyal münasibətinin və Sovet sisteminin demokratik sistem olmasının nəticəsi idi ki, Müsavat Azərbaycan SSR-də nəinki açıq şəkildə təbliğat aparır, hətta Azərbaycanda Sovet hakimiyyətini devirmək üçün özünün hərbi birliklərini də formalaşdırırdı.
Müsavatın sol fraksiyasından Əbdülvahab Yurdsevər xatirələrin Müsavatın ölkədə təbliğat işini güclü apardığını qeyd edir. Cəfər Cabbarlının, M.B. Məmmədzadənin güclü fəaliyyəti nəticəsində Müsavat Sovet hakimiyyətinin həyata keçirdiyi bütün tədbirləri diqqətlə izləyir, orta və ali məktəblərdə güclü təbliğat işi aparırdı. Bununla yanaşı Müsavat 1921-ci ildə öz hərbi birliklərini quraraq Azərbaycan hakimiyyəti ələ keçirməyə çalışıb (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005:230). Hətta Müsavatın sol fraksiyasının üzvü olan Əbdülvahab Yurdsevər “Gizli Müsavat” Təşkilatının xarakteristik vəzifələri adlı məqaləsində Müsavatın hərbi təşkilatının olduğunu da yazırdı. Müsavatçı Əhməd Hacınski də istintaqa verdiyi ifadəsində hərbi təşkilatda olan M.S.Quliyevin, Ə.V. Məmmədzadənin, D. Həsənovun, Qulubəyovun, İbrahim Axundzadənin və Mövsüm İbrahimovun adlarını çəkir. Müsavatın birinci mərhələdəki fəaliyyətində (1920-1923-cü illər) gördüyü işlərdən biri Azərbaycanın ayrı-ayrı bölgələrində anti-sovet üsyanlarını təşkil etmək idisə, digər bir iş də Şimali Qafqaz və Gürcüstanın milli təşkilatları ilə sıx əlaqə yaratması idi. Xüsusən gürcü gizli Milli Mərkəzi ilə sıx işbirliyi təmin edilmişdi.
1922-ci ilin avqustundan sol Müsavatçıların Mərkəzi Komitəsinin Siyasi Komissiyası millətçilik, turançılıq, fəhlə və iqtisadi məsələlərlə bağlı bir proqram qəbul edir. Ancaq 1923-cü ilin avqustun 14-də “Bakinski raboçi” qəzetində Əbdül Vahab Məmmədzadə və Sadiq Quliyevin imzası ilə “Müsavat buraxıldı” adlı məqalənin çap edildi və bununla da Müsavatın sol fraksiyası Sovet hakimiyyətini dəstəkləyərək Müsavatın fəaliyyətinin dayandırdığını elan etdi. Əslində Müsavatın fəaliyyətinin dayandırması gizli fəaliyyətdən, üsyanlardan və hərbi təşkilatının olmasından daha çox 1923-cü ilin 27 aprelində yaydığı bəyannamə ilə bağlı idi. Bu bəyannamədə Müsavat Sovet hakimiyyətinə və kommunist ideologiyasına zidd olaraq 27 aprel hadisəsini işğal adlandırır. (Yaqublu, 2012:120)
Nəticə
Yazını ümumiləşdirsək belə nəticəyə gəlmək olar ki, Müsavatın sol qanadı 1917-ci ildə hələ Müsavatın federalistlərlə birləşməsindən sonra formalaşmışdı. Bununla belə Müsavatda iqtisadi və ideologiya baxımdan hakim elita Gəncə (sağ mühafizəkar millətçi) qanadı idi. Müsavatın M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi sol fraksiyası (Bakı burjua qanadı) isə ADR zamanında torpaq məsələsi və sosial-iqtisadi problemlərlə bağlı məsələlərinin həll edilməsinin tərəfdarı olan bir fraksiya kimi yadda qaldı. Ancaq buna baxmayaraq üstünlük Gəncə qanadında olduğundan və hökumətdə də əsasən Gəncə elitası təmsil olunduğuna görə ölkədəki aqrar və sosial problemlər öz həllini tapmadı. Azərbaycan SSR qurulduqdan sonra isə Müsavat 2 hissəyə parçalanaraq partiyanın Gəncə (sağ) fraksiyası Tiflisdə Azərbaycan SSR hökuməti əleyhinə fəaliyyət göstərdi və sonradan Gəncə qiyamının həyata keçirilməsində başlıca rol oynadı. Müsavatın sol fraksiyası isə Sovet hakimiyyəti qurulan kimi sağçılardan ayrılaraq Sovet hökumətini dəstəklədiyini bildirdi. Ancaq buna baxmayaraq sağ fraksiya kimi, Azərbaycanın ayrı-ayrı bölgələrində Sovet hakimiyyətinə qarşı üsyanlar təşkil etməsi və sonda da Sovet hakimiyyətinin əleyhinə bəyanat yayınlaması Müsavatın sol fraksiyasının 1923-cü ildə fəaliyyətinin dayandırması ilə nəticələndi. Nəticədə 1923-cü ilin oktyabrın Müsavatın sol fraksiyasının rəhbərləri həbs edilmiş və partiyanın tanınmış solçu üzvlərindən Mirzə Bala Məmmədzadə İrana getmək məcburiyyətində qalmışdır.
Müsavatın sol fraksiyasının 1923-cü ilə qədər fəaliyyət göstərməsinin əsas səbəbi də Leninin demokratik mərkəziyyətçilik siyasəti və Azərbaycandakı bolşeviklərin də partiyalara olan loyal münasibəti ilə bağlı idi.
Mövzu üzrə məsləhətçi: Hikmət Süleymanlı
İstifadə olunan ədəbiyyatlar
Balayev, A. (2012), Məmməd Əmin Rəsulzadə (1884-1955).
Rəsulzadə M. Ə. (2012): Əsərləri: III cild: 1915-1916.
Hüseynov, M.D. (1929), Müsavat firqəsi: Keçmişdə və indi.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2005), II cild.
Агамалиева, Н, Худиев, Р. (1994), Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2004), I cild.
Агамалиева, Н. (1998), Азербайджанская Демократическая Республика (1918-1920).
Baberovski, Y. (2003), Düşmən hər yerdədir. Stalinizm Qafqazda.
Мустафа-заде, Рахман. (2006), Две республики: азербайджано-российские отношения в 1918-1922 гг.
Swietochowski, T. (1985), Russian Azerbaijan, 1905-1920: The shaping of national identity in a muslim community.
Azərbaycan tarixi. (2008), 7 cilddə 6-cı cild.
Yaqublu, N. (2012), Müsavat partiyasının tarixi.
Elektron resurslar
ЧЕМ «ЛЕВЫЕ» ОТЛИЧАЮТСЯ ОТ «ПРАВЫХ»?
Masa Media | Чем «левые» отличаются от «правых»? - Издание о политике, правах и законах Казахстана
Sheri, Berman, “Understanding Social Democracy”.
Али-заде, Айдын. (2018), “Мусават” азербайджанское подполье в борьбе за независимость страны.
Kazuko, Kawamoto (2014). "Rethinking Soviet Democracy
JPSA_Kawamoto_final_July_9_2014.pdf (jpsa-web.org)