Kənan Bağırov
2 Yanvar 2022, 11:04Mövcudluğun tamamlanmasına cəhdlər: Leos Carax sineması.

Özünə saxta
Yüzlərlə xatirəylə əhatəli
Qeyri-müəyyən
Yaralardan bezmiş
Öz iplərinə dolaşmış
Özünü bilən, özünü aşan...
Frederich Nietzsche
“Sinema du look” (Baxışın sineması) XX əsrin 80-ci illərində formalaşan və cəmi 10-15 il davam edən sinema axınıdır. Axına aid filmlərin ümumi məzmununa cəmiyyətdən kənarlaşmış, yadlaşmış, hüquqları əlindən alınmış, toksik və qarışıq münasibətləri olan personajlar, filmin standart düsturlarını yıxan qurğu, vurucu, sərt rəng palitləri və s. aiddir. Son 20 ildə isə “Artform” dərgisinin tənqidçi yazarı James Quandtın “New French Extremity” adlandırdığı [1], bizim dilə isə “Fransız Yeni Dəhşət Dalğası” kimi tərcümə etdiyim, sərt, tənqidi, vurucu, sosial quruluşu yıxan filmlər çəkən, bir o qədər də tənqid atəşinə tutulan (xüsusən də mühafizəkar izləyicilər tərəfindən), tam əksi müsbət rəylər də almağı bacaran rejissorların (Gaspar Noe, François Ozon,Julia Ducournau və s.) sinema dilinə baxdıqda bu axının təsirlərini görə bilirik. “Sinema du look” axını 3 rejissorun adı ilə bağlıdır: Jean-Jacques Beineix, Leos Carax ve Luc Besson [2]
Bu yazıda Leos Caraxı və onun şəxsiyyəti üzərindən Alex trilogiyasının Boy Meets Girl (1984), Mauvais Sang (1986), Les Amants du Pont-Neuf (1991) filmlərindəki Alex, Tokyo (“Merde” hissəsi) (2008), Holy Motors (2012) filmlərindəki Müsyo Merde (və ya Cənab Pox) və bu il keçirilən 74-cü Cannes Film Festivalının açılışını edən Annette(2021) filmindəki Henry McHenry obrazlarının psixoanalitik oxunması yer alacaq.
Qeyd: filmlərin quruluşu etibarilə hər-hansısa məlumat filmin kilidini açmadığı üçün bəhs edilən məlumatlar spoiler xarakteri daşımır.
Anası amerikalı, atası fransız olan Leos Carax 1960-cı ildə Fransada doğulub. Alex Christophe Dupont olan adını kino kariyerasına başlamadan öncə dəyişdirərək Leos Carax edir. Bu addımın arxasında isə yeni şəxsiyyət yaratmaq istəyi durur [3]. Caraxın xaotik filmlərini oxuya bilmək üçün şəxsiyyətini və yaradıcılığını ayırmadan tədqiq etmək lazımdır. Bu ilk detal-ad dəyişdirərək yeni şəxsiyyət yaratmaq arzusu doğulduğu və yaşadığı ailəyə, ölkəyə, mədəniyyətə və fərdin mövcudluğuna aidiyatsızlıq, yadlıq hissinin ilk təzahürüdür. İlk 3 filmini, yəni trilogiyasını Paris küçələrində çəkməsinin səbəbi onun şəhərə sevgisinə görə deyil, maddi çətinliklər səbəbi ilə başqa şəhərlərdə çəkilişin qeyri-mümkün olmasıdır.
"Daima özümü fransız sinemasına yad hiss elədim. Özümü fransız olaraq hiss etmirəm. Həmçinin özümü amerikalı və alman da hiss etmirəm. Kino çəkdiyim zaman özümü sinemaçı hiss edirəm. Mənim ölkəm sinemadır deyə bilərəm"
Yuxarıda adı çəkilən filmlərdən sonuncusunu çıxmaqla qalan 5 filmdə Denis Lavant rol alır. Carax xüsusən də fiziki görünüş olaraq özünə bənzəyən Denisi mənimsəyərək öz prototipini onun canlandırdığı obrazlarda yaradır. Trilogiyada əsas obrazın Alex adlanmasının səbəbi də elə Caraxın ilk adı ilə bağlıdır. Trilogiyanın hər 3 filmin əsas problemi uğursuz münasibətlərdir.
John Beebe, Karl Qustav Yunqun psixoanalitik tədqiqatları barədə yazır ki, Yunq, kişilərin münasibətdə olma prosseslərinin qadınlara nisbətən daha çox şüurdan kənar ( “Şüuraltı” da demək olar, lakin sonralar Freyd bu terminin “şüurdan kənar” yaxud “şüur xaricində” şəklində istifadə edilməsini daha düzgün olacağını qeyd edir və Yunq da bu termini istidadə etməyə başlayır [4].) baş verdiyini müşahidə etmişdir [5.s.16].
Boy Meets Girl filmindən kadr.
Trilogiyanın ilk iki filmində Alexin müxtəlif qadınlarla birlikdə olduğunu görürük. Bu birlikdəliklər manipulyativ şəkildə baş verir. Amma Alexi bu münasibətlərə sövq edən manipulyatorlar xaricdə (başqa şəxs) yox öz daxilindədir. O, bu qadınlarla, əsasən, təsadüfən və qeyri-adi şəkildə qarşılaşır. Leos Caraxın ölkəyə, mədəniyyətə, fərdə aidiyyatsızlıq hissi heteroseksual fərd olaraq qadına da aid ola bilməmə hissi kimi Alexdə təzahür edir. Alex qadınlara qarşı güclü bir duyğu bəsləmir və istəyi ani olaraq yoxa çıxıb başqa bir qadına yönəlir. Mauvais Sangda Alex ilə Annanın dialoqundan bir hissədə bu dilemmanın ifadə edilməsini görürük:
"Eşqin birdən-birə, amansızca gəldiyinə inanırsan?
Amma hansı əbədi olaraq davam edir ki?"
Psixoanalitik yanaşmalara əsasən Alexi münasibətlərə doğru itələyən daxili manipulyatorun libido olduğu qənaətinə gəlmək olar.
Lakin bu cinsi arzuların qarşılığsız qalması (həm daxili, həm də xarici), varlığını və mövcudluğunu tamamlaya və tam anlaya bilməyən Alexin gizli eksiztensial böhran içində olmasına səbəb olur. Bu prossesi gizli adlandırmağıma səbəb odur ki, film boyu personajın hər şeyi daxilində yaşayır (və ya yaşamağa çalışır) və biz çox az səhnədə, xüsusən də Caraxın Rock sevgisi nəticəsində bəzi səhnələrdə musiqi fonunda yığılan emosiaların partladığını görürük. Həmçinin bu səhnələr izləyicidə güclü bir sinematoqrafik doyumluluq və tətmin yaradır. Bunlardan Mauvais Sang filmində David Bowienin Modern Love musiqisi fonunda Alexin qaçış səhnəsi xüsusi qeyd edilməlidir [bax video link: 7]. Digər bir səhnə isə Les Amants du Pont-Neuf filmindəki rəqs səhnəsidir [bax video link: 8]. Bu səhnə daha ikonikdir. Michèle Stalens (Juliette Binoche) və Alex(Denis Lavant) Fransa İnqilabının 200-cü ili şərəfinə keçirilən böyük atəşfəşanlıq və şənliklərin fonunda körpü üstündə qarışıq musiqilər müşayiəti ilə xaotik rəqslər edir. Onlar həm fərdi, həm də cütlük olaraq (ola bilməyərək) cəmiyyətdən yadlaşmanın (səfil və dilənçi həyat yaşamaları bunun simvolik ifadəsidir) və əlavə olaraq da münasibət qura bilməməklərinin daxili bağırtısını bu rəqslə ifadə edirlər.
Les amants du pont-neuf filminə aid poster.
Caraxın kariyerasında yeni bir cığır açdığı Tokio və Holy Motors filmlərindəki Mösyo Merde obrazı isə yuxarda danışdığım Alex obrazından tamamilə fərqlənir. Bu iki personaj arasında əlaqə qurmalı olsaq, sanki Alex illər sonra öz mövcudluğunu bədheybət olaraq tamamlayıb. Bir çox müəlliflər Merdenin kağız pullar və gözəllik simvolu çiçəklərlə qidalanması səbəbi ilə anti-kapitalist mövqeyini qabardırlar.
Holy Motors filmindən kadr.
Caraxın uzun müddət sonra çəkdiyi Tokio filminə qədər özünə qapanması və əlavə olaraq bu dövrdə ata olması gənc yaşlarında formalaşdıra bilmədiyi maskulin şəxsiyyətin şüuraltı formada yaranmağa başlamasına səbəb olur. Bu maskulinlik isə möhtəşəm şəkildə Merde obrazında əks etdirilir.
Holy Motors filmindən kadr.
Bu obrazın Alexdən fərqli olaraq mövcudiyyətini mənfi şəxsiyyət şəklində belə olsa tamamlaması Caraxın Alex obrazını yaratdığı vaxtlardakı 20-30 yaşlarında deyil, 50 yaşında - artıq yetkin fərd olması ilə izah etmək olar.
Caraxın hələlik sonuncu filmi olan Annette Adam Driverin canlandırdığı Henry McHenryin sevgilisi və qızı ilə münasibətinə fokuslanır. Müəllifin Merde obrazları ilə özündən əminliyi və özünü tapması sanki bu filmlə yenidən şübhə altına girir və yenidən sorğulayıcı xarakter alır. Yung fərdin mövcudiyyətini simvol və mifoloji detallar vasitəsilə incələyərək günəşin doğuşdan sonra gecəyə doğru yerini aya buraxması və bunun davamlı şəkildə baş verməsini və bu kimi periodik hadisələri nümunə göstərərək insanın doğuşunu, yaşayışını və uşaq sahibi olduqdan sonra uşağı ilə birlikdə şüuraltı olaraq yenidən doğulduğunu yazır [5.s.17].
Annette filmindən kadr.
Film çəkildiyi dövrdə Caraxın uzun müddətdir ata olması və qızı ilə münasibətinə həssas yanaşması Annette filmindəki Henry obrazını oxumaq üçün əsaslar yaradır. Carax hələ illər öncə Holy Motors filmi ilə bağlı müsahibəsində belə bir fikir səsləndirir:
Dünyadakı bütün münasibətlər içərisində ata-qız münasibətinin ən gözəl münasibət olduğunu düşünürəm. Həmçinin çox qorxuducu bir tərəfi var. Bilmirəm. Şübhələrimi, suallarımı, qorxularımı filmə yerləşdirdim. Beləliklə, ata-qız münasibətinin böyük bir sevgi ilə başladığını amma bir o qədər də qorxuducu ola biləcəyini göstərməyə çalışdım [3].
Annette filminə aid illüstrasiya.
Annette filmində ata-qız münasibətinin problemli olduğu, bunun da əsasən atanın maskulin (və yaxud maskulin olmağa çalışan) şəxsiyyəti səbəbi ilə baş verdiyinin şahidi oluruq. Filmin son səhnəsində isə müəllif yenə özünü izləyiciyə anlatmağa çalışır. Ən yaxşı bacardığı işi- öz prototipini bu dəfə daha radikal şəkildə, hətda öz fiziki görünüşü ilə birlikdə (saç, saqqal, üz mimikaları) Henry (Adam Driver) obrazına köçürür. Bununla da Carax 1980-ci illərdən başlayan film kariyerası və xaotik şəxsiyyəti arasında dövr etməyə davam edir. O, personajını filminin həbsinə salır, oyuncağa çevirir, oynadır və öz tragediyasına baxır. Son epizod özündə çox önəmli və böyük məna yükü daşıyır.
Caraxın öz prototipini yaratdığı personaj bu “yaradılmış həyata” etiraz edərək 4-cü divarı yıxmağa çalışır. Beləliklə, kino tarixində daha bir epizod reallıq ilə qurğunu iç-içə keçirir, izləyiciyə filmdəki mövqeyini sorğuladır.
İstinadlar və ədəbiyyat:
1. http://www.metamodernism.com/2012/08/14/new-french-extremity-an-exigency-for-reality/
2. https://filmloverss.com/cinema-du-look-akimina-kisa-bir-bakis/
3. http://www.altyazi.net/…ec/leos-carax-serra-yilmaz/
4. https://www.youtube.com/watch?v=UlLR4cD5i2k
5. Carl Gustav Yung. Maskülen – erilliğin farklı yüzleri. Tərc: Didem Gamze Erdinç. 2015. İstanbul. Pinhan nəşriyyatı.
6. Mauvais Sang (1986). Film. Rej.: Leos Carax.
7. Alexin qaçış səhnəsi: https://www.youtube.com/watch?v=zMHXugVlzSw
8. Körpü üstündə rəqs səhnəsi: https://www.youtube.com/watch?v=O8fLGeaG91E
9. Les Amants du Pont-Neuf (1991). Film. Rej.: Leos Carax.
10. Boy Meets Girl (1984).Film. rej.: Leos Carax.
11. Tokio (2008).Film.rej.: Leos Carax, Bong Joon-ho, Michel Gondry.
12. Holy Motors (2012).Film.rej.: Leos Carax
13.Conversation with Leos Carax | Locarno Film Festival-https://www.youtube.com/watch?v=8ZTaPUjDr7s