Əli Novruzov

14 Mart 2023, 8:23

Azərbaycan SSR-in və Tacikistanın ilk dövlət başçısı

Müsəlman Şərqində ilk sosialist respublikanın, Azərbaycanın dövlətçilik tarixində isə İkinci respublikanın qurulmasında rol oynayan ictimai-siyasi xadimlərdən biri də Mirzə Davud Hüseynovdur. Mirzə Davud Hüseynov eyni zamanda Tacikistanın da ilk dövlət başçısıdır. Məqalədə  Mirzə Davud Hüseynovun siyasi fəaliyyətinə, xüsusilə Azərbaycan dövlətçiliyi və Tacikistanın dövlətçiliyi tarixindəki roluna geniş yer verilmişdir..

 

Mirzə Davud Hüseynovun siyasi fəaliyyətinin ilk illəri. Hüseynov Müsavat partiyasının üzvü kimi


Mirzə Davud Hüseynovun siyasi karyerası Müsavatın üzvü olduğu illərə təsadüf edir. Hüseynovun Müsavat partiyasına nə zaman qoşulması ilə bağlı konkret mənbə qarşımıza çıxmasa da Nəriman Nərimanov onun 1918-ci ildə Müsavatın üzvü olduğunu və bolşeviklərə qarşı olduğunu 1923-1924-cü illərdə Stalinə göndərdiyi məktubunda yazırdı:

Buna qədər mən Hüseynovun və onun məsləkdaşı Qarayevin çıxışlarına o qədər də əhəmiyyət vermirdim, lakin bilirdim ki, Hüseynov Müsavat partiyasının keçmiş katibi kimi və Qarayev menşevik kimi 18-ci ildə bizə qarşı çıxış edirdilər. Mən Qarayevi yetkinləşmiş bir oğlan uşağı kimi, lakin Hüseynovu aşkar, qatı millətçi kimi tanıyırdım. Hələ dünənə qədər o, Hüseynov, məni ona görə söyürdü ki, mən bir kommunist kimi 18-ci ildə azərbaycanlı kütlələrə Rusiya fəhlələrilə birləşməyi təklif edərkən, millətin mənafeyini satmışam. İndi isə 20-ci ildə o, mənə qarşı çıxış edərək, hər yerdə məni millətçi kimi qələmə vermək istəyir. Hüseynov yol. Çiçerinə yazır: “Nərimanov sağ qanadda durur, məncə sol, belə bir şəraitdə çətin ki, onunla işləmək mümkün olsun”. Mənim üçün bir şey aydın idi: Hüseynov da, Qarayev də öz keçmişlərindən qorxurdular və hazırda heç bir qüvvəyə malik olmadıqları üçün solluq oyunu oynamalı idilər..

Mirzə Davud Hüseynovun Müsavata rəğbət bəslədiyini Almaniya tarixçisi Yorq Baberovski də qeyd edir. Baberovskiyə görə, Hüseynov 1918-ci ilin payızında-Osmanlı qoşunları Bakıya daxil olana qədər Müsavata rəğbət bəsləyirdi. Ancaq Osmanlı qoşunlarının Azərbaycan ərazisində yol verdiyi özbaşınalıqlara görə və Müsavat partiyasının Azərbaycan xalqının heç bir həyati problemini həll etmədiyini görən Hüseynovun Müsavatın olan inamını sarsıtdı. Beləliklə Mirzə Davud Hüseynov 1918-ci ilin noyabrında Hümmət partiyasına üzv oldu (Baberovski, 2021: 187). Mirzə Davud Hüseynov bir zamanlar rəğbət bəslədiyi Müsavat partiyasının tarixi haqqında 1929-cu ildə “Müsavat firqəsi keçmişdə və indi” adlı kitabında geniş məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, sonralar Hüseynovun 1930-cu illərdə repressiya edilməsi onun müsavatçı keçmişi  ilə əlaqələndiriləcəkdi.

 

Mirzə Davud Hüseynovun Birinci Respublika illərindəki (1918-1920) fəaliyyəti


Mirzə Davud Hüseynovun 1918-1920-ci illərdəki siyasi kariyerası onun Hümmət partiyasına üzv olduğu illərə təsadüf edir. Hüseynov həmçinin Müsavat iqtidarının Maliyyə Nazirliyində şöbə müdiri kimi də fəaliyyət göstərmişdir. Təbii ki, Hüseynovun siyasi karyerasının ən mühüm dövrü onun Hümmət partiyasındakı fəaliyyət illərinə təsadüf edir. 1918-1919-cu illərdə Hüseynov Hümmət partiyasının üzvü, sədr müavini və sonra da sədri kimi Bakının müsəlman fəhlələri arasında təbliğat işi aparmışdır. Ehtimal edə bilərik ki, 1919-cu il mayın 1-də Bakıda menşeviklər və bolşeviklərin “Müstəqil Sovet Azərbaycanı” təbliğatının aparmasında və 1919-cu ilin mayın 28-də müstəqilliyin bir illiyi münasibəti ilə keçirilən tədbirlər zamanı fəhlələri öz tərəfinə çəkmək üçün “Yaşasın müstəqil Azərbaycan Sovet Sosialist Respublikası” şüarları səsləndirilməsində Hüseynovun da rolu olub.

Hüseynovun Müsavat iqtidarı illərindəki digər fəaliyyəti də Müsavat iqtidarının müttəfiqi olan ingilis komandanlığının denikinçilərə su və dəmir yolu ilə silah göndərməsinə qarşı 1919-cu il 6-12 may tarixlərində baş verən tətilin təşkilatçılarından biri olması idi. Tətil zamanı bütün mədən, zavod, fabrik və s. yerlərdə işlər dayandırıldı. Ancaq Müsavat hökuməti tətilin təşkilatçılarını və fəal iştirakçılarını təqib və həbs etməyə başladı. Buna görə də M. Hüseynov həbs olunacağından xəbər tutaraq gizli inqilabi fəaliyyətə keçir. M.Hüseynov 1919-1920-ci illərdə Sabunçu, Balaxanı və Suraxanıda fəhlələr arasında gizli təbliğati işini davam etdirmişdir.

 

Mühacir Azərbaycan Sovet Respublikasının qurulması və Bakıya köçürülməsi


1918-ci ilin iyulunda Bakı kommunasının süqutundan sonra, Hümmət təşkilatının bolşevik qanadı böyük zərbə aldı və bolşevik qanadının bütün rəhbərləri-Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Ayna Sultanova, Mustafa Quliyev və başqaları Rusiyaya getdilər(Baberovski, 2021:188).  Bakıda Sovet hakimiyyətinin süqutu (birinci dəfə üçün) Rusiya kommunistlərinin Azərbaycanla bağlı siyasətlərində dəyişiklik etmələrinə səbəb oldu. 1918-ci ilin sonunda hümmətçilər Həştərxanda Azərbaycanın müstəqilliyi məsələsini müzakirəyə çıxardılar.

1918-ci ilin payızında Azərbaycan kommunistləri arasında iki fikir cərəyanı mövcud idi. Birinci fikir cərəyanına görə Bakı və Azərbaycan sovetləşdikdən sonra Azərbaycanda müstəqil Sovet Sosialist Respublikası yaradılmalı idi. İkinci fikir cərəyanına görə isə Azərbaycan parçalanaraq quberniyalar formasında RSFSR-ə birləşdirilməli idi. Lenin birinci fikir cərəyanını ““Müstəqil Sovet Azərbaycanı” ideyasını dəstəkləyərək ikinci fikir cərəyanını müstəmləkəçilik və axmaqlıq adlandırırdı (Baberovski, 2021:189).  Son nəticədə 1919-cu ilin iyulun 19-da Rusiya SFSR Azərbaycan Sovet Respublikasının müstəqilliyini tanıdı. Azərbaycanın müstəqilliyinin tanınmasından sonra Həştərxanda qurulan mühacir Azərbaycan Sovet Respublikasının Bakıya köçürülməsi üçün ölkədəki bütün sol partiyaları vahid mərkəzdə formalaşdırılması prosesinə başlanıldı. Lakin bu məsələ ciddi fikir ayrılıqlarına səbəb oldu. Mirbəşir Qasımov və Dadaş Bünyadzadə vahid Azərbaycan Kommunist Partiyasının yaradılmasını qəbul etsələr də bu partiyaya rusların və ermənilərin üzv olmasına razı deyildilər. Onlara görə  partiya məsələsi milli məsələnin əsasını təşkil edirdi (Baberovski, 2021:189). Sol Sosialist-İnqilabçılar (sol eserlər) partiyasının nümayəndəsi Ruhulla Axundov da bu məsələdə kəskin inadlı mövqeyi ilə seçilirdi. Sol eserlər  Azərbaycan Respublikasının müstəqilliyinin tam tanınmasının, onun idarəçiliyinin azərbaycanlılardan təşkil edilməsinin tərəfdarı idilər. Menşeviklər isə ümumiyyətlə vahid partiya olmağın əleyhinə çıxış edirdi. Sonda sol partiyaların kompromisi əldə olundu. 1920-ci il fevralın 11-dən 12-nə keçən gecə ilk qurultayda Hümmət partiyasının bolşevik və menşevik qanadları, iranlı mühacirlərin Ədalət partiyası və Sol Eser partiyası Azərbaycan Kommunist Partiyasının qurulduğunu elan etdilər. Mirzə Davud Hüseynov Azərbaycan KP (b) Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri seçildi. Bu tarixdən etibarən Mirzə Davud Hüseynov mühacir Azərbaycan Sovet Respublikasının ilk dövlət başçısı da hesab olunur.  M. D. Hüseynov bu vəzifədə 1920-ci ilin iyulun 20-nə qədər qaldı. Sovet Azərbaycanının ilk dövlət başçısı olmuş M. Hüseynov Azərbaycan KP (b) Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri seçildikdən sonra partiyaların sıralarının artması və təşkilatların sayının artması üçün fəaliyyət göstərdi. Azərbaycan KP-nin yaranması ölkədə kommunistlərin mövqeyini xeyli gücləndirdi. Azərbaycanın Bakı, Dəvəçi (Şabran), Gəncə, Şamaxı, Şəmkir, Lənkəran, Salyan, Göyçay, Qazax, Zaqatala, Şuşa və Cəbrayıl uyezdlərində Azərbaycan KP-nin partiya komitələri yaradıldı.

Müsavat hökumətinin 1920-ci il martın 15-də Dadaş Bünyadzadə, Sumbat Fətəlizadə, Qasım İsmayılov və Əli Bayramovun da daxil olduğu bir çox kommunist həbs edərək fəhlə klubunu bağlaması hökumətə qarşı çox güclü etirazlara səbəb oldu. 1920-ci il martın 15-dən sonra Qazax, Tovuz, Zaqatala və Qaryagində (indiki Füzuli) güclü üsyan qalxdı. Museyib Əliyevin rəhbərlik etdiyi dəstələr Tovuz və Qazaxda üsyan qaldıraraq Müsavat hökumətini tanımadığını bildirdilər və hər iki bölgədə hakimiyyət Azərbaycan Kommunist partiyasının yerli şöbələri tərəfindən ələ keçirildi. Müsavat hökumətinə qarşı ikinci uğurlu üsyan Qaryagində baş verdi. Mart ayının sonunda isə Zəkəriyyə Balaxlinski Zaqatalada hakimiyyəti ələ keçirərək Bakıya tabe olmadığını bildirdi. Bununla da Azərbaycanda Sovet hakimiyyəti elan edilməmişdən 1 ay əvvəl Azərbaycanın şimal-qərb və qərb bölgələrində Müsavat hökuməti süqut etmiş oldu.

1919-cu ilin sonlarından başlayaraq Azərbaycan kommunistləri hakimiyyəti ələ keçirmək üçün silahlı üsyana da hazırlıq görürdülər. AKP(b)-nin 1920-ci il fevralın 11-dən 12-nə keçən gecə keçirilən I qurultayının qərarına görə  Azərbaycan Kommunist Partiyası mövcud hökuməti devirmək, fəhlə və kəndlilərin hakimiyyətini bərqərar edilməli idi.  Mirzə Davud Hüseynov isə 1920-ci il fevralın 1-də silahlı üsyanı hazırlamaq üçün Bakı vilayəti Döyüş Təşkilatının Mərkəzi Qərargahının sədri təyin edildi (Darabadi, 1991: 148).

XI Ordunun silahlı üsyana dəstək verməsi üçün Azərbaycan KP (b) Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri və mühacir Azərbaycan Sovet Respublikasının dövlət başçısı Mirzə Davud Hüseynov Qafqaz Regional Komitəsinə müraciət etdi (Quseynov, 1976: 38-39).

Müsavat hökumətinin süqutunda Sosialistlər, İttihad və Əhrar fraksiyalarının da güclü təsiri oldu. 20 mart 1920-ci ildə sosialist nazir Əhməd bəy Pepinov növbəti parlament iclasında Fəhlə klubunun bağlanmasına və bolşeviklərin həbsinə etiraz etdi. Ancaq Pepinovun bu bəyanatını təcili olaraq müzakirə etmək təklifi hökumət tərəfindən rədd edildi. Buna cavab olaraq Əhməd bəy Pepinov növbəti parlament iclasında partiyasının qərarına görə istefaya gedəcəyini söylədi. Sosialist nazirin ayrılması vəziyyəti çətinləşdirdi. Həmin gün Azərbaycan hökuməti tərəfindən həbs edilmiş kommunist Əli Bayramovun başı kəsilmiş halda meyidinin tapılması Bakıda çox geniş bir əks səda yaratdı. Pepinov, 23 mart 1920-ci ildə nazirlik səlahiyyətlərindən istefa verdi. 9 aprel 1920-ci ildə Pepinovdan sonra başqa bir sosialist naziri Camo bəy Hacınski də istefa verir (N. Agamaliyeva, R. Xudiyev, 1994: 85)

Sosialistlərin hökumətdən ayrılması hökumət böhranını daha da böyütdü. Əhrar partiyasının rəhbəri Aslan bəy Qardaşov koalisiyadan çıxdığını və nümayəndələrinin hökumətdən çəkildiyini açıqladı. Hökumətdə tək qalan müsavatçılar artıq kabinetin saxlanmasına nail ola bilmədi. Çarəsiz qalan Müsavat partiyası Müsavatın sol fraksiyasından olan Məmməd Həsən Hacinskiyə hökumət qurmağı təklif etdi. Hacinski bolşeviklərlə apardığı danışıqlar zamanı bolşeviklərə hökumət daxilində nazirlik vəzifələrini təklif etsə də bolşeviklər Hacinskinin bu təklifini qəbul etmədilər. Beləliklə, 1920-ci il aprelin 22-də isə Hacinski parlamentə hökuməti qura bilməcəyini bildirdi. Hacinski isə Azərbaycan KP (b) Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri Mirzə Davud Hüseynova kommunist olmaq istədiyini bildirdi. Bununla da Hacinski Müsavatdan ayrılaraq bolşeviklər partiyasına qoşuldu (Kazımzade, 2016: 326). General Əli ağa Şıxlinskinin bolşeviklərlə əməkdaşlıq etməsi isə hökumətin orduda mövqeyini itməsinə səbəb oldu.  Bu vəziyyətdə 1920-ci il  aprelin 26-da AK(b)P MK-nın və Bakı bürosunun keçirilən birgə təcili iclasında üsyana rəhbərlik etmək üçün Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldı. Onun tərkibinə A. Əlimanov, D. Bünyadzadə, Ə. Qarayev, Q. Musabəyov, N. Nərimanov, H. Sultanovla birlikdə M.D. Hüseynov da daxil idi. 27 aprel səhəri isə Azərbaycan kommunistlərinin silahlı dəstələri həm şəhərdə, həm də şəhər kənarında vacib obyektləri ələ keçirməyə başladılar. Tezliklə Bakının poçt, teleqraf, radio stansiyası, polis məntəqələri, böyük neft sahələri və sənaye müəssisələri, hərbi və ticarət limanları Azərbaycan İnqilab Komitəsinin əlinə keçdi. Diversiya qruplarının səyləri ilə Bakı, şimal sərhədi və Gəncə arasında telefon və teleqraf rabitəsi sıradan çıxarıldı. Qiyam başladıqdan qısa bir müddət sonra Bakı qarnizonu bütün əsgərləri ilə birlikdə Azrevkom-un tərəfinə keçdi. Çevrilişin sürətli olmasında türk əsgərləri və kommunistlərinin fəal rolu var idi. Belə ki, türklərin səyləri sayəsində hərbi qubernator general Murad bəy Tlexas da daxil olmaqla, şəhərdəki bəzi vacib obyektlər ələ keçirilmişdi. Orduda bolşeviklərə ən çox dənizçilər simpatiya bəsləyirdilər. Çingiz İldırımın rəhbərlik etdiyi Xəzər Donanmasının Həmid Sultanovun rəhbərlik etdiyi Azərbaycan İnqilab Komitəsinin tərəfinə keçməsi Müsavat hökumətinin taleyini həll etmiş oldu. Aprelin 27-də axşam saat 19:00-da Ərdahan gəmisinin rəhbərlik etdiyi Xəzər dəniz donanması toplarını parlamentin və hökumət idarələrinin binalarına yönəltdi (N. Agamaliyeva, R. Xudiyev, 1994: 92). Beləliklə, aprelin 27-də Azərbaycan İnqilab Komitəsi Həmid Sultanovun rəhbərliyindəki Xəzər donanması, Azərbaycan (Müsavat) Ordusunun bolşeviklərin tərəfinə keçmiş qüvvələri (7-ci Şirvan alayı) və parlamenti mühafizə edən Anadolu türklərindən ibarət “Yardım alayı”nın sayəsində Bakıda nəzarəti tam olaraq ələ keçirdi. Həmid Sultanov Azərbaycan İnqilab Komitəsinin adından parlament zalına gələrək hakimiyyəti 2 saat ərzində Azərbaycan İnqilab Komitəsinə təhvil verilməsi ilə bağlı ultimatiumu parlamentdə oxudu. Çarəsiz vəziyyətdə qalan Müsavat hökuməti aprelin 27-i axşam saat 23:25 radələrində hakimiyyəti Azərbaycan İnqilab Komitəsinə təhvil verdi. Azərbaycan Sovet Respublikasının Həştərxandan Bakıya köçürülməsinə dəstək vermək üçün aprelin 27-dən başlayaraq Yalama-Bakı əməliyyatını həyata keçirən Rusiya SFSR-in XI Qırmızı Ordusuna mənsub “Timofey Ulyantsev”, “III İnternasional” və “Qırmızı Həştərxan” zirehli qatarları mühacir Azərbaycan SR hökumətinin Nəriman Nərimanov istisna olmaqla sürgündə olan üzvləri ilə birlikdə səhər saat 5-də Bakıya gəldi. Nəriman Nərimanov isə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından 18 gün sonra mayın 16-da Sovet Azərbaycanının Baş naziri kimi Bakıya qayıdacaqdı. Qeyd etmək lazımdır ki, XI Qırmızı Ordu ilə birlikdə Bakıya Zülfüqar Axundovun rəhbərlik etdiyi müsəlman könüllülərdən təşkil olunan “Şəriət alayı” da gəlmişdi (Veselov, 2021: 63). Bununla yanaşı Mir Cəfər Bağırovun rəhbərlik etdiyi azərbaycanlı, dağıstanlı və tatarlardan təşkil edilən 290-cı müsəlman polku da XI Qırmızı Ordunun 33-cü Kuban diviziyasının alayı kimi Bakıya gələnlər arasında idi. Sonralar 290-cı müsəlman polku Azərbaycan SSR-in Qırmızı Ordusunun qurulmasında əsas baza rolunu oynayacaqdı. Beləliklə, 1919-cu il iyulun 19-da Həştərxanda qurulan Azərbaycan Sovet Respublikası hökuməti 9 aydan sonra Həştərxandan Bakıya köçürüldü.

 

 Sovet Azərbaycanının ilk dövlət başçısı - Mirzə Davud Hüseynov 


1920-ci il aprelin 28-də Həştərxanda qurulan Azərbaycan Sovet Respublikası hökuməti Bakıya köçürüldü. Bununla da müsəlman Şərqində ilk sosialist respublika, Azərbaycan tarixində isə 2-ci respublika olan Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Nəriman Nərimanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Komissarları Soveti yaradıldı. İclasda Nərimanov Azərbaycan XKS-nin sədri və xalq xarici işlər komissarı, Mirzə Davud Hüseynov isə XKS-nin sədr müavini və xalq maliyyə komissarı təyin edildi.  Nəriman Nərimanov Sovet Azərbaycanının ilk hökumət başçısı təyin edilsə də Nərimanov 1920-ci ilin mayında Bakıya qayıdana qədər bütün səlahiyyətlər Sovet Azərbaycanının dövlət başçısı (Azərbaycan KP (b) Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri), Nərimanovun müavini və maliyyə komissarı kimi bütün səlahiyyətlər Mirzə Davud Hüseynovun əlində idi. M. D. Hüseynov Nərimanov Bakıya gələnə qədər rəsmi olaraq istər Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə, istərsə də Azərbaycan SSR XKS-ə rəhbətlik etmiş, Azərbaycan MİK və Azərbaycan SSR XKS-nin verdiyi dekret və sərəncamları imzalamışdır.


Azərbaycan SSR-in xarici siyasətində M.D.Hüseynovun rolu
 

Məlumdur ki, Azərbaycanda Sovet hakimiyyəti qurulan zaman Azərbaycan daşnak Ermənistanı və menşevik Gürcüstanı ilə müharibə vəziyyətində idi. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından iki gün sonra 1920-ci il aprelin 30-da Azərbaycan SSR xalq xarici işlər komissarının müavini Mirzə Davud Hüseynov daşnak Ermənistanına öz ordusunu Qarabağdan və Zəngəzurdan çıxarması üçün nota göndərməsi Azərbaycan SSR-in müstəqil xarici siyasətinin ilk mərhələsi idi. Daşnak Ermənistanı hökuməti ultimatiumu yerinə yetirmədiyi üçün Mirzə Davud Hüseynov Ermənistana müharibə elan etdi.  Nəticədə Azərbaycan Qırmızı Ordusu XI Qızıl Ordu ilə birlikdə başladığı hərəkat zamanı Dağlıq Qarabağa nəzarəti bərpa etdi.

Mirzə Davud Hüseynov daşnak Ermənistanına nota göndərdiyi eyni gündə notalardan birini menşevik Gürcüstanına da göndərmişdi. M. D. Hüseynov notada ilk hücum aktının menşevik Gürcüstanı tərəfindən həyata keçirildiyini qeyd edir və Gürcüstan hökumətindən dərhal öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb edirdi.  Lakin Gürcüstanın menşevik hökumətinin Zaqatalaya iddiası Azərbaycan SSR hökumətinin menşevik hökumətinə adekvat cavab verməsi ilə nəticələndi. 1921-ci ilin yanvarın 14-də AK(b)P MK Siyasi və Təşkilat bürosunun iclasında M.D.Hüseynov Gürcüstan Xarici İşlər Nazirinin 12 yanvar tarixli teleqramı barədə məlumat verdi. Teleqramda Zaqatala dairəsinin Gürcüstana mənsubluğu iddia edilirdi və arbitraj komissiyasının təşkili məsələsi bir daha qaldırıldı. İclasda gürcü hökumətinə nümayişkaranə cavab vermək və komissiyaya razı olmamaq qərara alındı. Nəticədə regionda baş verən üsyanlar və təxribatlardan sonra 1921-ci il fevralın 16-da Gürcüstan üzərinə hərbi kampaniya başladı. RSFSR-lə paralel olaraq Azərbaycan SSR-in xarici İşlər komissarı M.D. Hüseynov da Gürcüstana müharibə elan etdi. Fevralın 17-də Lenin və Çiçerinə göndərdiyi teleqramda M.D.Hüseynov bu qərarı doğuran amillər sırasında gürcülərin Zaqatala mahaındakı əks-inqilabi fəaliyyətini də qeyd edirdi. Şərqədən (Borçalı istiqamətindən) Azərbaycan SSR, cənubdan Ermənistan SSR, şimaldan və şərqdən RSFSR və qərbdən Türkiyənin 1921-ci ilin fevralında həyata keçirdiyi ortaq əməliyyatı nəticəsində Gürcüstan işğal edilərək ərazisi bölüşdürüldü. Yeni formalaşdırılan Gürcüstan SSR hökuməti Zaqatala regionunu Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qaldı.

Nərimanovun Bakıya qayıdışına qədər Mirzə Davud Hüseynovun Azərbaycan Xarici İşlər naziri kimi fəaliyyəti dövründə onun bir sıra dövlətlər diplomatik və ticarət əlaqələr qurmaq üçün xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə apardığı diplomatik danışıqlar mühüm yer tutur. 1920-ci il mayın 14-də M. D. Hüseynov Sovet Azərbaycanının xarici işlər komissarı kimi Bakıdakı İran, Hollandiya, İsveç, Danimarka, sonra isə Litva və Latviya və Estoniyanın diplomatik nümayəndəlikləri ilə görüşərək Sovet Azərbaycanının onlarla hərtərəfli əlaqələr qurmağa hazır olduğunu bildirmişdi. Qeyd etmək lazımdır ki, 1920-ci ilin payızına qədər Azərbaycan SSR-in müstəqilliyini Rusiya SFSR, Türkiyə (Ankara hökuməti), Qacar İranı, Gilan Sovet Respublikası, Gürcüstan Demokratik Respublikası ilə yanaşı İtaliya, İsveçrə, Litva, Latviya, Çexoslavakiya, Estoniya, Almaniya və Finlandiya dövlətləri də tanımışdı. 1921-1922-ci illərdə Azərbaycan SSR-in RSFSR, Türkiyə və İranda səfirlikləri ilə yanaşı, İtaliya, İsveçrə, Litva, Latviya, Almaniya, Finlandiya və Estoniyada diplomatik konsulluqları fəaliyyət göstərib.

1920-ci ilin iyulun 20-dən sonra M. D. Hüseynov Moskvada olmuş, Rusiya və Azərbaycan arasındakı münasibətləri aydınlaşdırmış, hər iki sovet respublikası arasındakı qarşılıqlı münasibətləri nizama salmağa, Şərqdə görüləcək işlərin planını hazırlayıb əlaqələndirməyə çalışmışdır. O, bəhs olunan məsələlər haqqında V. Lenin və G. Çiçerin ilə hərtərəfli söhbətlər aparmışdır. M. Hüseynov eyni zamanda III İnternasionalın 29-31 iyul tarixlərində Moksvada keçirilən iclaslarında iştirak etmişdir.  Bununla yanaşı 1920-ci il sentyabrında Bakıda Şərq xalqlarının çağırılan ilk qurultayında M. Hüseynov nümayəndə kimi də iştirak etmişdir.

Bakı Sovetinin 1920-ci ilin oktyabrın 2-də keçirilən sessiyasında “Çevriliş zamanından Sovet Azərbaycanının xarici siyasəti” adlı məruzə ilə çıxış edən M. D. Hüseynov Sovet Azərbaycanının xarici siyasəti ilə bağlı geniş və ətraflı məlumat vermişdir. O, məruzəsində Sovet Azərbaycanının yaxın qonşuları olan Gürcüstan və Ermənistanla, Azərbaycan neftinə böyük göstərən Qərb dövlətləri ilə apardığı siyasi münasibətlərindən ətraflı danışmışdır. Eyni zamanda Hüseynov Tiflisdə olarkən Antanta dövlətlərinin nümayəndəliklərinin ona yaxınlaşdığını və Azərbaycan üçün çox xeyrli mal mübadiləsi təklif etdiklərini qeyd etmişdir. Onlar Azərbaycan mazutunun əvəzində qatar, vaqon, sistern və s. verməyə hazır olduqlarını bildirmişdilər. Bütün bunlarla yanaşı M. D. Hüseynov məruzəsində qeyd etmişdir: “Bütün məsələ ondadır ki, biz öz neftimizə ancaq əmtəə kimi baxmırıq. Yox. Neft indi bizim qüdrətimizdir,... təkcə mal əldə etməyə deyil, cənab imperialistlərə şərtlərimizi qəti surətdə təklif etməyə imkan verir.”

1921-ci il mayın 6-19-da I Ümumazərbaycan Sovetlər qurultayı oldu. Qurultayda “Xarici siyasət haqqında” məruzə ilə çıxış edən M.D. Hüseynov Azərbaycan İnqilab Komitəsinin çevrilişin ilk günündən Sovet Rusiyas ilə birlikdə Antanta imperialistlərinə qarşı mübarizə apardığını, Sovet Rusiyasının Azərbaycana yardım etdiyini, Azərbaycanın da inqilabı müdafiə etmək məqsədi ilə borcu yerinə yetirmək üçün Sovet Rusiyasına neft göndərdiyini və Azərbaycan SSR-in Avropanın Litva, Latviya, Estoniya, Almaniya, Finlandiya və s. ölkələri ilə dostluq müqavilələrinin bağlandığını və Sovet Azərbaycanının müstəqilliyinin tanındığını qeyd etmişdir.

1921-ci ilin mayında keçirilən I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR-in xarici işlər komissarı təyin edilən Mirzə Davud Hüseynov xarici işlər komissarı kimi bir sıra dövlətlərə, nota, teleqram və məktublar göndərmiş, Tiflisdə ingilis və fransız əsirlərinin dəyişdirilməsinə dair danışıqlar aparmış, Bakıdakı xarici ölkə nümayəndəlikləri və Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə yazışmalar aparmışdır. 1921-ci ilin martında 12-də Leninə göndərdiyi teleqramında M. Hüseynov Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanov tərəfindən Bakı-Tiflis neft kəmərinin açılışının edildiyini qeyd edirdi.

Məlumdur ki, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra yeni Sovet Azərbaycanının əsas planı dünya inqilabının Şərqdən yayılması idi. Sovet Azərbaycanı rəhbərliyi inqilabın Şərqdən yayılması üçün əsas körpünün Türkiyə və İran olduğunu düşünürdü. Bu səbəblə Azərbaycan imperialist qüvvələrə qarşı mübarizə aparan TBMM-ə qızıl və neft yardımı, İran inqilabına (Gilanda qurulan İran Sovet Respublikasına) maddi və hərbi dəstək verirdi.  Sovet Azərbaycanının xarici işlər komissarı M. D. Hüseynov 1921-ci ilin aprelin 24-də Ankara hökumətinə vurduğu teleqramda Azərbaycan hökumətinin imperialistlərə qarşı apardığı müharibədə türk xalqını təbrik edərək onun yanında olduğunu qeyd edirdi. Eyni zamanda 1921-ci il martın 23-də Ankara hökumətinə göndərdiyi teleqramında M. D. Hüseynov Azərbaycan hökumətinin Türkiyəyə 30 sistern neft, 2 sistern benzin və 8 sistern kerosin göndərəcəyini də qeyd edib.

Sovet Azərbaycanının xarici siyasətində İtaliya ilə olan münasibətlər də xüsusi yer tutur. Sovet Azərbaycanının xarici işlər komissarı M. D. Hüseynov İtaliyanın Bakıdakı nümayəndəsi Kolainaniyə 1921-ci ilin 8 və 31 may tarixlərində vurduğu teleqramında Sovet Azərbaycanının İtaliya ilə ticarət əlaqələri qurmağa hazır olduğunu bildirmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycan SSR-in müstəqilliyini tanıyan Avropa dövlətlərindən biri də İtaliya idi. 1921-1922-ci illərdə Azərbaycan SSR-in İtaliyada konsulluğu fəaliyyət göstərmişdir.



İstifadə olunan ədəbiyyatlar

Azərbaycan dilində

Baberovski, Y. (2021). Düşmən hər yerdədir. Stalinizm Qafqazda.

Əhmədova, F. (1998). Nəriman Nərimanov-İdeal və gerçəklik.

Hüseynov, M.D. (1929), Müsavat firqəsi: Keçmişdə və indi.

Qasımlı M., Hüseynova E.  (2003). “Azərbaycanın Xarici İşlər nazirləri”.

Məmmədov, F. (2007). Mir Cəfər Abbas oğlu Bağırov. (tərcümeyi ştrixlər, yaxud tarixin həqiqəti həqiqətin tarixi). 

Rəhmanzadə, Ş. F. (2008). Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın Şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri).

 

Rus dilində

Веселов, В : Большевики в Азербайджане (апрель - июнь 1920) ; Издательство · Родина, 2021.

A.Г. Караев. (1926). Из недавнего прошлого: материалы к истории азербайджанской коммунистической партии (б.). ” Bakinskij rabočij.

Гулиева, Д (1989) К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918— 1925. Документы и материалы.

Гусейнов А. Алигейдар Караев (биографический очерк). — Баку: Азербайджанское гос. изд-во, 1976.

Дарабади П. Военные проблемы политической истории Азербайджана начала XX века. — Баку: Элм, 1991.

Дарабади, П. (2013). Военно-политическая история Азербайджана (1917-1920 годы).

Исмаилов Э. Р. История «Большого террора» в Азербайджане. — М.: Политическая энциклопедия, 2015.

История Азербайджана [Текст] : [краткий очерк] /АН Азерб. ССР, Ин-т Истории ; [подгот. И. Г. Алиев [и др.]] ; под ред. Дж. Б. Гулиева. Баку: Элм, 1979.

История государства и права Азербайджанской ССР (1920 - 1934 гг.) / Редкол.: Касумов З.М., Мильман А.Ш., Салимов И.Д., Халафов М.С. - Баку: Элм, 1973.

Н. Нариманов: «Письма и некоторые документы по карабахскому вопросу». — Баку: Азербайджанское гос. изд-во, 2002.

Н.Агамалиева, Р.Худиев. (1994), Азербайsджанская Республи­ка. Страницы политической истории 1918-1920 гг.

 

Türk dilində

Kazımzade, F. (2016). Transkafkasya için mücadele, 1917-1921. Türkiye-İngiltere-Rusya.

Paylaş:

416
0