Təhmasib Əlizadə

27 May 2022, 23:02

Məhəmməd Əmin Rəsulzadənin “Milli təsanüd” məqaləsinə baxış: 21-ci əsr Azərbaycan iqtisadiyyatı perspektivindən təhlil

Bu yazımda Azərbaycan Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin 1952-ci ildə iqtisadi məsələlərlə bağlı yazdığı “Milli təsanüd” məqaləsinə [“Azərbaycan”, il 1, sayı 12, 1 mart 1952, Ankara] istinad edərək, 21-ci əsrdə Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı fikirlərimi bölüşəcəyəm.

Əvvəlcə, 28 May müasir Azərbaycan Cümhuriyyətinin qurulması günü ilə bağlı Məhəmməd Əmin Rəsulzadə və digər bütün qurucuları hörmətlə yada salıram. 20-ci əsrin əvvəlində belə bir respublikanın qurulması 21-ci əsr Azərbaycanı üçün də əhəmiyyətli bir hadisədir və önəmli istinad nöqtəsidir. Lakin, bu anda belə bir sual ortaya çıxır: hazırda Azərbaycan öz iqtisadi imkanlarını yetərincə istifadə edə bilirmi? Məncə, xeyr. Bu fikrimin səbəblərini yazının gedişatında açıqlayacağam.

Öncə, Məhəmməd Əmin Rəsulzadənin istinad etdiyim məqaləsində irəli sürdüyü fikirlərin qısa xülasəsini təqdim edim. Daha sonra isə məqalənin əsas müddəaları üzərindən 21-ci əsr Azərbaycan iqtisadiyyatının perspektivlərini əhatəedicilik (inklüzivlik) prinsipləri ilə dəyərləndirəcəyəm.

Rəsulzadə məqalənin əvvəlində mülkiyyət azadlığı və sənaye inqilabı arasındakı əlaqəyə toxunur. Bu mənada, Mançester İqtisad Məktəbinin nümayəndələrinin liberal model ilə bağlı fikirlərini izah edir. Liberal modelin fərdlərə təqdim etdiyi iqtisadi azadlıqları, dövlətin daha az müdaxiləsini onun əsas xüsusiyyətləri kimi vurğulayır. Daha sonra isə qeyd edir ki, liberal model artıq bir nöqtədən sonra ifrata vardıqca, bəzi sosial təzadları gücləndirmişdir. Buna nümunə kimi cəmiyyətlərdə fərdlər arasında güclənmiş bərabərsizlikləri qeyd edir.

Liberal iqtisadi modelin əksi olaraq, inqilabçı sosializm quruluşunu, digər adı ilə kommunizmi təqdim edir. Xüsusilə də, Rəsulzadə kommunizmi Bolşevik Rusiyası nümunəsində qeyri-mütərəqqi sistem kimi xarakterizə edir. Kommunist ideoloqların liberal modelin əksinə, cəmiyyəti siniflərə böldüyünü, fəhlə sinfinin zamanla öz hakimiyyətini quracağı ilə bağlı fikir səsləndirdiklərini qeyd edir.

Rəsulzadə bu fikirləri yazarkən həmin dövrün şərtlərinə uyğun olaraq, Azərbaycanın gələcək iqtisadi modelinin nə mütləq liberalizmə, nə də mütləq kollektivizmə əsaslana bilməyəcəyini, bu iki istiqaməti uzlaşdıran solidarizmin=təsanüdün mümkün olduğunu deyir. Məqalənin gedişatında milli təsanüd ideyasını milli istiqlal çərçivəsində əsaslandırır.

Rəsulzadənin bu məqaləsi 20-ci əsrin ortalarında yazıldığı üçün, həmin dövrün şərtlərinin təsirli olduğu görünür. Onun milli təsanüd modelinin Azərbaycan üçün nə qədər keçərli olub-olmadığını müzakirə edə bilərik. Nəzərə alaq ki, 20-ci əsrin ortaları, 1950-ci və 60-cı illər dünya iqtisadiyyatının və ayrı-ayrılıqda milli iqtisadiyyatların transformasiya dövrüdür. Həm II Dünya Müharibəsindən sonrakı dövrdə yeni siyasi şərtlərin yaranması, yeni regional və beynəlxalq birliklərin formalaşması, həm də texnoloji tərəqqinin iqtisadi artımda və inkişafda daha təsirli amilə çevrilməsi 20-ci əsrin ortalarında başlayan proseslərdir. Bu proseslərin nəticəsində, əvvəlcə 3-cü sənaye inqilabının baş verməsi və yayılması, iqtisadi qloballaşmanın genişlənməsi, millətlər arasında azad ticarətin artması ölkələri yeni model qurmağa stimullaşdırdı. Daha sonra, 90-cı illərdə kommunizmin çökməsi ilə yeni milli iqtisadiyyatların yaranması, 2000-ci illərin əvvəlində texnoloji innovasiyaların genişlənməsi, fərqli dövrlərdə dərin iqtisadi böhranların baş verməsi və ən son, 4-cü sənaye inqilabının gerçəkləşməsi hazırda milli iqtisadiyyatları seçimlərlə üzləşdirir. Eynilə, Azərbaycanın da seçimlər etməsinə və 21-ci əsrdə özünə yeni iqtisadi model qurmasına ehtiyac var. Çünki hazırki iqtisadi quruluş Azərbaycan üçün dayanıqlı və əhatəedici artım, inkişaf və rifah təmin edə bilmir. Əslində, Azərbaycanın hazırki milli iqtisadi modelini hansısa xüsusi bir model ilə eyniləşdirmək çətindir. Çünki Azərbaycan iqtisadiyyatı əsasən ənənəvi prinsiplər, struktur olaraq isə əsasən təbii resurslar üzərində qurulub və belə bir quruluş dayanıqlı hesab edilə bilməz.

O zaman belə bir sual yaranır ki, Azərbaycan 21-ci əsrdə hansı iqtisadi modeli tətbiq etməli, hansı yolu izləməlidir? Bu suala cavab vermək üçün bəzi əhəmiyyətli məqamları qeyd edəcəyəm. Məqaləyə Rəsulzadənin “Milli təsanüd” yazısına istinad edərək başlamaqda məqsədim, məhz 20-ci əsrdə Azərbaycan iqtisadiyyatı üçün belə bir axtarışın olduğunu vurğulamaqdır. Eyni zamanda, bu məqalə ilə yanaşı Rəsulzadə digər yazılarında Azərbaycan iqtisadiyyatı üçün vergitutmanın gəlir səviyyəsinə mütanasib təşkil edilməsi, yoxsulluğun vəziyyəti və həlli üçün siyasətlər, fəhlə sinfinin vəziyyəti, sənayeləşmə, əməyin vəziyyəti, gəlirlərin ədalətli bölüşdürülməsi kimi iqtisadi mövzularla bağlı şərhlər edir. Bu yazıda həmin şərhələrə geniş toxunmayacağam.

Biraz öncə təqdim etdiyim sualın cavabına gəlsək, Azərbaycanın 21-ci əsrdə öz milli iqtisadi modelini qurması üçün öncə hədəflərin dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Yəni, dəqiq olaraq, Azərbaycan iqtisadiyyatı yaxın, orta və uzun müddət üçün nəyi hədəfləyir, milli iqtisadi model hansı sektor və ya sektorların üzərində qurulacaq? Və ya Azərbaycan iqtisadiyyatının ideoloji əsasları hansılardır? Bunların dəqiq müəyyən edilməsi mühümdür. Doğrudur, bugünə qədər Azərbaycanda müxtəlif iqtisadi prioritetlər müəyyən edilib və açıqlanıb, lakin o prioritetləri dəstəkləyən siyasətlər olmadıqca, iqtisadi inkişaf üçün baza prinsiplər olan ədalətli bölgü, institusional şərtlər, hüququn aliliyi, bərabər imkanlar təmin edilmədikcə, o hədəfləri gerçəkləşdirmək çətinləşir.

Məncə, Azərbaycanın iqtisadi inkişafının keyfiyyətli və əhatəedici ola bilməsi üçün öncə bazarda azadlığın və gerçək rəqabətin təmin edilməsi vacibdir. Dövlət isə öz təsisatları ilə həm bazar şərtlərinin, həm də ümumi iqtisadi şərtlərin əsas təminatçısı və tənzimləyicisi rolunda çıxış etməlidir. Həmçinin, dövlətin təhsil, səhiyyə və sosial xidmətlər kimi insanların təməl hüquqlarını hər kəsə bərabərimkanlı və əlçatan etməsi mühümdür. Bu baxımdan, mən, Azərbaycan iqtisadiyyatı üçün ifrat liberal və ya hər hansısa ifrat başqa modellərin tətbiqinin əlehinəyəm. Bugün, 21-ci əsrdə bir çox millətlər, dövlətlər artıq daha çox iqtisadi bərabərlik, əhatəedici (inklüziv) inkişaf uğrunda çalışırlar. Son onilliklərdə dərinləşən iqtisadi bərabərsizliklər millətləri yeni inkişaf modeli axtarışına məcbur edib. Eynilə, texnoloji tərəqqinin dərinləşməsini də başqa səbəb kimi qeyd edə bilərik. Bütün bu amillər Azərbaycan iqtisadiyyatı üçün də keçərlidir.

O zaman nəticədə bunu demək olar: Azərbaycan iqtisadiyyatının yeni inkişaf modeli əhatəedicilik (inklüzivlik) prinsiplərinə əsaslanmalıdır. Fikrimcə, 21-ci əsrdə müdafiə ediləcək sistem əhatəedici inkişaf modelidir. Hansı ki, özündə bir çox sosial-demokrat prinsipləri birləşdirsə də, bu sistem həm də müxtəlif iqtisadi cinahların ortaq fayda üçün çalışmasını nəzərdə tutur. Yəni, bu modeldə, dövlətin iqtisadiyyata müdaxilələri məhdudlaşdırıcı və istismarçı meyllər yox, əksinə sosial ədalət və hər kəs üçün bərabərimkanlı rifah yaradır. Azərbaycanın 21-ci əsrdə belə bir rifah dövləti qurması üçün həm siyasi, həm iqtisadi, həm də sosial iştirakçılığı gücləndirəcək yeni nizama ehtiyac var.

 

Qeyd: bu yazı Azərbaycan iqtisadiyyatının 21-ci əsr perspektivi ilə bağlı ümumi dəyərləndirmə olduğu üçün əhatəedici (inklüziv) iqtisadi inkişafın fərqli tərəfləri haqqında geniş yazmadım. Daha sonrakı yazılarda bu məqamlara toxunacağam.

Paylaş:

738
0