Ramazan Rizvan

5 Aprel 2022, 16:26

Metamorfozadan məhkəməyə.

Yanlış başa düşülmək istəmirəm, əzizlərim. Məqsədim asanlıqla əldə edib oxuyacağınız kitab barədə spoyler vermək, uzun-uzadı təhlil yazıb ağıllı görsənmək deyil əsla.. Sadəcə oxumağı şiddətlə tövsiyə etdiyim bir əsər barədə söhbət açacam... Ümid edirəm ki, bu, maraqlı və darıxmayacağınız söhbət olacaq..

Yayğın olan belə bir yanlış ifadə var; "Daxili azadlıq insana verilmiş ən önəmli hüquqlardandır". Maraqlıdır, bu azadlıq bizə verilir, yoxsa bizimlə birlikdə yaranır? İnsanın şüuru ona başqası tərəfindən verilmədiyi kimi daxili azadlığı da başqası tərəfindən bəxş edilmir, məhz onun varoluşu ilə birgə yaranır.. Amma bir həqiqət.. İnsan öz daxilində belə məhkum kimi yaşaya bilər.. Bir anlığa təsəvvür edin, əliniz və ayağınız açıq, sərbəst hərəkət edə bilirsiniz, amma ruhunuz, düşüncəniz zəncirli, "buxovlu"dur.. İndi haqqında bəhs edəcəyimiz "Məhkəmə" (daha dəqiq tərcümə ilə “Məhkəmə prosesi) romanında Frans Kafka belə bir obrazı oxucu ilə üzbəüz qoyur...

 Əsərdə insanın mənəvi məhkumluğunun, bu məhkumluq altında yaşamasının bədii təhlili verilir, bir sıra problemlər Kafka metaforu ilə təqdim olunur. “Məhkəmə” əsərinin qəhrəmanı Yozef 30-cu ad gününün səhərini dustaq kimi açır. Burada Kafka kiçik ironiya edib, 30-cu yaşının səhərini məhbus kimi açması yəqin ki, təsadüfi deyildi. O xidmətçisini çağırır ki, səhər yeməyi gətirsin. Amma elə bu anda otağa tanımadığı kəslər daxil olur və onun məhbus olduğunu elan edirlər. Qəribədir... evindəcə və heç bir təqsiri ağlına gəlmədiyi halda məhbus kimi aşağılanmağı, əsir duruma düşməyi olduqca paranormal idi. Öncə olayların dostlarının zarafatı olduğunu düşünsə də, tədricən məsələnin ciddi olduğunu görüb əsəbiləşir, etiraz edir, hay-küy salır, daha sonra şahmat taxtasında vasitə olmuş fiqur olduğunu anlayaraq susmaq, taleyin diktəsini gözləmək məcburiyyətində qalır. “Axı bu adamlar kim idi? Nə danışırdılar? Hansı idarədən gəlmişdilər? Axı o hüquqi bir dövlətdə yaşayırdı, hər yanda əminamanlıq idi, bütün qanunlar işləyirdi, kimin nə ixtiyarı vardı ki, onun evinə soxulaydı?!” Bəli, amma soxulmuşdular. Burada “ev” anlayışı onun mənəvi asudəliyinin ərazisi mənasını ifadə edir...

Kafka bütün olayların qurğu oyunu olduğu, məhkəmə və hakimlərin yüksək dairələr, mücərrəd güclər əlində vasitə, kukla olduqlarını bu sətirlərdə göstərir:  “...şübhə yoxdur ki, bu məhkəmə prosesinin, mənim həbs olunmağımın, indiki istintaqın arxasında böyük bir təşkilat dayanır. Elə bir təşkilat ki, yalnız rüşvətxor keşikçilərdən, lazım gələndə özlərini təvazökar aparmağı bacaran səfeh inspektorlardan, müstəntiqlərdən ibarət deyil, onun, hər halda, yüksək, çox yüksək səviyyəli hakimləri, buna uyğun da xidmətçiləri, katibləri, jandarmları, digər köməkçi heyəti, hətta bəlkə – mən bu sözü çəkinmədən deyirəm –cəlladları da var. Bəs bu böyük təşkilat nədən ötrüdür, cənablar? Ondan ötrü ki, günahsız adamlar həbs olunsun, mənasız, elə mənimlə olduğu kimi, nəticəsiz bir istintaqa cəlb edilsin!

Belə bir mənasızlıqda məmurların dəhşətli rüşvətxorluğundan qaçmaq olarmı? Bu mümkün deyil və ən yüksək səviyyəli hakim də burda təmiz qala bilməz. Buna görə də keşikçilər az qalır həbs etdikləri adamın paltarını əynindən çıxarsın, buna görə də inspektorlar tanımadıqları evlərə soxulurlar, buna görə də günahsızlar dindirilmək əvəzinə dəstə-dəstə adamların qarşısında alçaldılırlar.”

 

İkiüzlülük, yalanlar, süründürməçilik və rəzalət bataqlığında boğulan Yozef bütün ədalətsizliklərə açılan qapıları yumruğu ilə döyəcləyir, haqsızlığa meydan oxuyur, çox zaman haqsızlıq qarşısında ağlamaqdan başqa bir iş bacarmır...

Başdan başa real həyatın parodiyası olan "Məhkəmə" romanında heç nəyə müdaxilə edə bilməyən, məğlub, aşağılanmış, müxtəlif, sirli vəkil surətləri yaratmaqla Kafka müdafiə, haqqa kömək nişanı kimi tipikləşdirilmiş “vəkillik” sənətinin əslində formal xarakterə salındığını göstərir. Kafka göstərir ki, düşüncə, ifadə azadlığının olmadığı cəmiyyətdə vəkil heç nə edə bilməz. Çünki onun da ifadə azadlığı əlindən alınıb. Məhkəmə sistemi isə kütlənin çox hörmət etdiyi, öz problemlərinin həlli yolu kimi gördüyü, amma əslində kütlə üçün çox mücərrəd, heç çəkisi olmayan və ədaləti bərqərar etmək əvəzinə, öz əlləri ilə boğan quruluşdur. Kafka müxtəlif metaforlarla öz insanını yaratmışdı. Həmin insanı müxtəlif vəziyyətlərə salaraq, gah "Çevrilmə"dəki kimi həşərat vəziyyətinə, gah da "Məhkəmə"dəki kimi məhbus halına gətirərək öz fikirlərini çatdırırdı...

Göründüyü kimi, Kafkanın digər obrazları kimi bu obrazı da metaforik səciyyə daşıyır. Bəşər övladı "Məhkəmə"nin baş qəhrəmanı kimi, sabah başına nə gələcəyini, hansı prosesə girəcəyini və bu prosesin necə bitəcəyini bilmir. Kafka dediyi kimi, bizim ən böyük qorxumuz qeyri-müəyyənlikdə, naməlumluqda gizlənir və biz özümüzü ona təslim edirik... Polis tərəfindən axtarılan bir cinayətkarı nümunə kimi çəkmək kifayət edər; tapılana və hətta tapıldıqdan sonra barəsində hökm oxunana qədər onda gələcək barədə qeyri-müəyyənlik formalaşır və bu qeyri-müəyyənlik təşvişə, peşmançılığa çevrilir. Onun qorxusu dəqiq bir hal almağa başladığı andan, hakim qarşısına çıxması gərəkdiyi andan etibarən hiss etdiyi peşmanlıq isə keçici olaraq yoxa çıxır və itib gedir. Stefan Şveyq "Qorxu"sunda demişkən, qorxu cəzadan daha çox pisdir. Çünki cəza məlumdur, ağır, ya da yüngül olsa da. Cəza heç bir zaman qeyri-müəyyənliyin dəhşəti qədər, o sonsuz gərginliyin verdiyi ağrı qədər pis deyil...

Kafka bir modernist idi. Və o da başda olmaqla bütün modernstlərin yaradıcılığı bir təcrübə laborotoriyasıdır. Necə ki bir zamanlar İsa bəşəriyyəti xilas etmək üçün özünü qurban seçdi və çarmıxda çəkdiyi əzablarla insanlığa yeni «nəfəs» verdi. Modernistlər də sanki insanlığı və sivilizasiyanı öz əsərlərində yaratdıqları obrazların dəhşətli əzabları ilə xilas etməyə cəhd edirdilər. Onların işlətdikləri əsas xammal hansısa ideologiyalar deyil, məhz insanın özü və onun psixologiyasıydı. Amma Kafkanın məqsədi insanın psixologiyasını dəyişmək deyildi. O, insanın ilkin təbiətini və proqramlaşdırılmış mahiyyətini dəyişmək istəyirdi. Kafkanın bu arzusunun, “yeni-azad insan” ideyasının gerçəkləşib-gerçəkləşmədiyini söyləyə bilmərəm. Amma Kafka arzu edirdi ki, insan adlanan varlıq bir gün mütləq azad olacaq. Heç bir mücərrəd qorxu, qeyri-müəyyən “məhkəmə" onu özündən asılı hala salıb sıxmayacaq, məhv etməyəcək...  Sizə belə bir sual ünvanlayıb yazını bitirim:  “Məhkəmə" əsəri dolayısı ilə bizim həyatımızı təsvir etmirmi? Kafka arzusuna çatdımı?

Paylaş:

3095
10

6 Aprel 2022, 0:11

👍👍👍👍


6 Aprel 2022, 0:12

Çox əla yazıdır. Əhsən


Röyal Qarayev

11 May 2022, 16:38

Əhsən. Maraqlı idi


Gülnar Hacıyeva

7 İyun 2022, 11:39

Fərqli yanaşmadır. Öz düşüncələrinizi də Məhkəmə əsəri ilə sintezdə uğurla təqdim edə bilmisiniz. Uğurlar!


Aynurə Məmmədova

3 İyul 2022, 9:37

Maraqlı və fərqli aspektdən baxmısınız. Əsər çox maraqlı gəlməmişdi, amma təhlilinizdən sonra bir də oxuyacam


Məhbubə H-ova

10 İyul 2022, 17:44

Mövzu adı da mövzu qədər maraqlı seçilib. Uğurlar!


Mahir Cavadlı

14 İyul 2022, 20:48

Uğurlar! Axarıncı olsum


Rüfət Abasov

2 Avqust 2022, 2:49

Maraqlıdır. Əllərinə sağlıq, Ramazan!


Səyyarə Yusifova

9 Avqust 2022, 17:45

Maraqlı stili var Ramazanın.uğurlar!


Günel Quliyeva

21 İyun 2023, 4:08

Eynilə Bəli düşünürəm yaşadığımız bu zaman, siyasi,sosial,iqtisadi vəziyyət həmçinin insanlığın özü hələdə Kafkanın dəyişməyə çalışdığı o vəziyyətdir.İnsanların bir qorxu ilə yaxşı insan olmaları bu dəyişəcəkmi heç ümidli deyiləm! Amma bəzi insanların bunu bilib ömrünün sonunadək əzab çəkəcəyinə isə əminəm....