Ramazan Rizvan
17 Mart 2022, 20:47Məhkəmə sisteminin “iki üzü" – praqmatik və opportunist mühakimə

Məhkəmələrin əsas məqsədi ədaləti bərqərar etmək, hüquq və azadlıqları təmin edərək ictimai balansı qorumaqdır. Bu məqsədə nail olmaq üçün isə hər bir məhkəmə sistemi milli və beynəlxalq hüquqla müəyyən edilmiş prinsiplərə əməl etməlidir. Prinsipsizlik və məqsədsizlik məhkəmələri və məhkəmə sistemini praqmatizmə deyil, opportunizmə aparır. Bəs praqmatizm və opportunizm nədir?
Hər bir hüquqşünas, nəinki hüquqşünas, vətəndaş bu 2 anlayışı bir-birindən ayırmağı bacarmalıdır. Praqmatizm (səmərəlilik) və opportunizm (fürsətçilik) anlayışları arasında oxşarlıqlar olsa da, mahiyyətlərində nəzərəçarpan fərqlər var. Əvvəla fəlsəfi anlayış olaraq fərqli şeylərdir, amma hüquqi anlamda praqmatizmi opportunizmlə asanlıqla qarışdırmaq mümkündür.
Qeyd etdiyim kimi, bu 2 söz sırf hüquqi termin deyil, amma hüquqla əlaqəsi danılmazdır. Əvvəla fəlsəfi anlayışını verək. Praqmatizm doğruluğu təktərəfli olaraq, yalnız hadisələrin nəticələri əsasında dəyərləndirən və onlara yalnız ortaya qoyduğu fayda nöqteyi nəzərindən baxan cərəyandır.
Bu cərəyana görə reallıq və doğruluq insan fəaliyyətindən aslıdır. Buna görə də gerçəklik, doğruluq və insan fəaliyyətinin nəticələri ortaya qoyduğu faydaya, yarara görə dəyərləndirilir. Bir növ praqmatizmdə əsas olan proseslərin məntiqi sonu olan nəticədir, bütün proses sondakı nəticə ilə qiymətləndirilir.
Bu anlayışda cüzi yanılma şəxsi oppotrunizmə çəkəcək. Çünki opportunizmdə ümumi prinsip, daimi məqsəd yoxdur. Fərdi maraqlar bu anlayışın mərkəzini təşkil edir. Əsas prinsipi də şəxsin maraqları və eqosu müəyyən edir. Praqmatizmdə obyektivlik əsasdırsa, opportunizmdə kin, nifrət, qısqanclıq, şəxsi maraqlar kimi qərəzli, idarə olunması çətin olan duyğular əsasdır. Hər opportunist praqmatik ola bilər, amma bunun əksi mümkün deyil. Fürsətçiliyin (opportunizmin) şüurlu siyasəti eqoya əsaslanır.
Bu baxımdan hər bir məhkəmə praqmatist olmalıdır, hüquqda opportunizm ədalətsizliyə və qərəzə gətirib çıxarır. Praqmatizm isə mühakimənin vazkeçilməz xüsusiyyəti olmalıdır. Rəhbər tutduğu üsul və prinsiplərlə vahid məqsədə - ictimai asayişi qorumağa yönələn məhkəmənin öz "yolundan azması" onu opportunizm bataqlığına atır. Bu bataqlıq nəinki məhkəməni, həm də ona arxalanan bir xalqı və onun üzərində qurulmuş sistemi - dövləti də fəlakətə sürükləyir. İş o yerə gəlib çata bilir ki, adından qərar verdiyi xalqın nümayəndələri də opportunist bir mühakimənin yanlış, qərəzli qərar və bu qərarların doğurduğu nəticələrin acısını çəkir.
Opportunist yanaşmanı açıq şəkildə qəbul etməsi həmin məhkəmə sisteminin qanunsuzluğunu və ya əxlaqsızlığını göstərir. Bununla belə, praqmatizm pərdəsi arxasında gizlənən opportunist hakimi, ədliyyə işçisini müəyyən etmək, aşkara çıxarmaq və onlara qarşı tədbir görmək çətindir, bəzi hallarda isə qeyri-mümkündür. Opportunizmi məhkəmə sistemindən tamamilə çıxarmaq mümkün deyil. Çünki fərdin duyğularını, subyektiv meyllərini idarə etmək, onlara nəzarət etmək təbiət qanunlarına ziddir və hər kəsin imkanı xaricindədir. Edilməsi mümkün olan isə bu "azğınlığı" minimuma endirəcək üsulların hazırlanması və bu aşkar edilərsə, ən qısa müddətdə minimum itki ilə aradan qaldırılmasıdır.
Bu məqamda məhkəmə sistemində opportunizmin yayılmasına və inkişafına mane olacaq şey yenə də məhkəmənin prosedur və prinsiplərinin sağlam olması və şəffaf şəkildə həyata keçirilməsi, bu proseslərə düzgün şəkildə nəzarət edilməsidir. Əks halda, məhkəmə sisteminin qarantı və daşıyıcısı olan hakimlər və onların şəxsi maraqları cəmiyyətə və ədalət sisteminə yönələn təhlükəyə çevrilir.
Nuray Dadaşlı
17 Mart 2022, 21:41Maraqlı və fərqli prinsipləri işıqlandırmaq gözəl bir fəaliyyətdir. Tam davam.
Afərinnnnn
Eşq olsun
Maraqlı yanaşmadı
Aydan Əzizova
23 İyun 2022, 12:25Belə faydalı və maraqlı araşdırmaların davamını gözləyirik