Əli Novruzov
31 Yanvar 2022, 10:01Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin ilk illəri: sosial-demokratik prinsiplər

Məhəmməd Əmin Rəsulzadə XX əsr Azərbaycan və Yaxın Şərq tarixində mühüm rol oynamış ictimai-siyasi xadimlərdən biri olmuşdur. Məhəmməd Əmin Rəsulzadə həmçinin Azərbaycan milli hərəkatının inkişafında və Azərbaycanda millət-dövlətin ilk modifikasiyasının-birinci cümhuriyyətin meydana gəlməsində fövqəladə xidmətləri olmuş ictimai-siyasi xadimdir.
Məhəmməd Əmin Rəsulzadənin siyasi görüşlərinə tam olaraq bələd olmaq üçün bu siyasi xadiminin memuar ədəbiyyatlarına və Məmməd Əmin Rəsulzadə haqqında yazılan əsərlərə diqqət yetirmək vacibdir.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. M.Ə.Rəsulzadə ilk təhsilini Sultan Məcid Qənizadənin müdirlik etdiyi “İkinci Rus-Tatar məktəbi”ndə aldıqdan sonra “Bakı-Texniki məktəb”ə daxil olmuşdur. Burada bir qədər oxuduqdan sonra təhsilini yarımçıq qoyub, bütün fəaliyyətini siyasətə yönəltmişdir. Tarixçi Nəsiman Yaqublu Rəsulzadənin təhsilini nəyə görə yarımçıq qoymasına toxunmasa da, Rəsulzadə üzrə tədqiqatçı-alim Aydın Balayev Rəsulzadənin nəyə görə təhsilinin yarımçıq qoymasının hələ dəqiq məlum olmadığını qeyd etsə də, sonradan bunu maddi səbəblərlə yanaşı XX əsr Bakısının qaynar siyasi həyatı ilə də əlaqələndirir (1,2).
Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinə toxunan zaman mətbuatda olan fəaliyyətini xüsusilə qeyd etmək önəmlidir. Bu dövrdə mətbuat geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Bununla yanaşı maarifçilik fəaliyyəti Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin erkən dövrlərində ön planda idi. Maarifçilik ideyaları onun ilk yazılarının əsas məzmununu təşkil edirdi. Elə 1903-cü ildə Rəsulzadə Şərqi-Rus qəzetinə yazdığı məqalələrində müsəlman əhalini elmə, təhsilə səsləyir və müsəlman əhalini məktəblər açmağa, övladlarına təhsil verməyə, bir-birinə əl tutmağa çağırırdı. “Bakıdan məktub” başlığı altında nəşr edilən bu məqalədə M.Ə.Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyinə toxunaraq yazırdı: “Qafqaz Müsəlman əhalisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd, niyyət) tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa, məbada-məbada palçıxçı, dükan şagirdi və qeyrə və qeyrəyə razı olsun”.(1,3). Bu fikir onun 1907-ci il noyabrın 30-da Həsən bəy Zərdabinin dəfnindəki çıxışının da əsas məzmununu təşkil edirdi. Həmin çıxışda M.Ə. Rəsulzadə bildirirdi ki, “cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsə, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz”. Bunu üçün isə, onun fikrincə, “cəmaətin gözlərini açmaq, həqqi və batili ona bildirmək lazımdir. Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər”.
Məhəmməd Əmin Rəsulzadənin sosial-demokratizmə və ümumilikdə sosializmdə dair baxışlarına gəldikdə isə digər siyasi xadimlər kimi Məmməd Əmin Rəsulzadə siyasi fəaliyyətinin ilk zamanlarında sosial-demokrat prinsiplərinə meyl etmiş və daima ideologiya axtarışında olmuş siyasi xadim olmuşdur. Bu da təbii ki, bəhs edilən bir zamanda həmin sosialist cərəyanların istismarçı bir rejim olan çarizmə barışmaz mövqedə olması ilə bağlı idi. Bunu Rəsulzadə üzrə tədqiqatçı alim Aydın Balayev də qeyd etmişdir (2, s.11). Sonralar M.Ə. Rəsulzadə də sosializmin istismarçı çar hakimiyyətinə qarşı mübarizədə ən sadiq deyil, ancaq ən münasib müttəfiq hesab edirdi (2, s.11). Azərbaycanda Məmməd Əmin Rəsulzadə kimi siyasi xadimlərin sosializm cərəyanlarına meyl etməsinin digər bir səbəbi də Bakının demoqrafik strukturu ilə bağlı idi. Bakının demoqrafik strukturuna nəzər salsaq müşahidə edə bilərik ki, 1903-cü ildə əhalinin 3-də 1-i rus əsilli idi. Bununla yanaşı ruslar tərəfindən həyata keçirilən sosialist fəaliyyətlər də Azərbaycan əhalisinə təsir edir və əvvəlcədən də qeyd etdiyimiz kimi, istismarçı çar hakimiyyətinə qarşı mübarizə azərbaycanlı siyasi xadimlərin xüsusilə Rəsulzadənin sosializm cərəyanlarına meyl etməsinə səbəb olurdu. İdeoloji səviyyədə baxıldıqda, sosializm əzilən xalqın bərabərliyini vəd edirdi. Həmin dövrün ideoloqları arasında, sosializm kasıb və geridə qalmış millətlərə inkişaf və bərabərlik ideyaları ilə xalqa olduqca cəzbedici gəlirdi. Məhz bu ideoloji amillərə görə Azərbaycan millətçiləri Rusiya sosialistləri ilə əməkdaşlıq etməyə çalışırdılar. Məhz bunun nəticəsi olaraq da 1898-ci ildə Rusiya Sosialist Demokrat İşçi Partiyası (RSDİP) Bakıda da kiçik sosialist çevrə yaradaraq öz gizli fəaliyyətinə başladı. Maraqlısı budur ki, bəhs edilən dövrdə millətçiliklə marksizm paralel olaraq və bir-biri ilə əlaqəli şəkildə inkişaf edir və əksər marksist ideoloqları millətçilikdən lazım gələrsə beynəlmiləlçilik (internasionalist) hərəkatda istifadə etməyi də labüd görürdülər. Walker Connora görə, Lenin milli problemə instrumentalist gözü ilə baxırdı: yəni lazım gəldikdə millətçiliklə mübarizə aparmalı və mümkün olduqca onu internasionalist hərəkatda öz xeyrinə istifadə etməli idi. Milli məsələni və marksistlərin millətçiliyə tam olaraq münasibətini aydınlaşdırmaq üçün qeyd etmək xüsusilə yerinə düşərki yalnızca azərbaycanlı sosialistlər deyil, Azərbaycan əsilli kapitalistlərin də inqilabi hərəkata simpatiyası var idi. E.L. Keenan yazırdı ki, rus olmayan burjuaziyanın da bəzi hissəsinin sosialistlərə simpatiyası var idi. O dövrün görkəmli liberallarından Topçubaşov da sosialistlərin istirahət günü, fabrik komitələrinin yaradılması və digər millətlərdən olan işçilərin eyni işə görə eyni miqdarda pul alması kimi tələblərini dəstəkləyirdi. Ancaq qeyd edilməli xüsusi məqam da vardır ki, azərbaycanlı siyasi xadimlər din və dil problemlərinə görə sosial-demokrat hərəkatı dəyərləndirə bilmirdilər. Azərbaycanlı intellektuallar bunun səbəbini heç bir yerli üzvü olmayan Rusiya Sosialist Demokrat İşçi Partiyasının müsəlmanlar arasında siyasi təşviqat aparmaması ilə izah edirdilər. Lakin bu arqumentlə razılaşmaq biraz çətindir. Çünki Sultan Məcid Əfəndiyev “Hümmətin yaranması” adlı məqaləsində müsəlmanların geridə qalmasına görə Rusiya Sоsial-Demоkrat İşçi (bоlşevik) Firqəsinin qarşısında duran mühüm məsələlərdən birinin müsəlman işçilərini ümumi cərəyana sövq etmək, оnların sinfi cəbhədə iştiraklarını asanlaşdırmaq üçün tədbirlər axtarmaqdan ibarət olduğunu qeyd edir. Bundan əlavə Hümmətin bоlşeviklərsiz hərəkət etməyin mümkün olmadığını, çünki “Hümmət”ə əsas yоl göstərənlərin Bakı təşkilatı rəhbərləri оlan Stalin, Şaumyan, Caparidze və sairə möhkəm bоlşeviklərdən ibarət olduğunu qeyd edir. Məhz bu surətlə, bоlşeviklər sırasında оlan azərbaycanlılardan müsəlman işçiləri arasında işləmək üçün aktivlər hazırlamaq məqsədi ilə Bakı sоsial-demоkrat işçi bоlşevik firqəsinin ayrılmaz hissəsi sifətilə “Müsəlman sоsial-demоkrat qruppası” təşkil edilir (6).
Təsadüfi deyil ki, Müsəlman sosial-demokratik Hümmət təşkilatının liderlərindən bəziləri RSDİP üzvləri, bəziləri isə Hümmət üzvü olan M.Ə.Rəsulzadə və M.H.Hacinski kimi siyasi xadimlər idi. Rəsulzadə, müsəlmanlar arasında sosializmi yayan, Azərbaycan işçilərinin kapitalist istismara qarşı birləşməyə çağıran şəxslər arasında başlıca yeri tutur. (4, s. 172, 175). Rəsulzadəyə görə, İslam da sosializm ilə uyğunluq içərisində idi. Hümmət partiyası yəgin ki, bunun ən yaxşı örnəyidir. Hətta partiyanın adı Hümmət Müsəlman Sosialist Partiyası olaraq yazılırdı ki, burada “Müsəlman” sözü azərbaycanlıları xristian olmayan toplum kimi göstərmək üçün istifadə edilirdi. Din həm də milli məqsədlər üçün istifadə edilirdi də deyə bilərik çünki, Hümmət məhəlli deyil, etnik bazada fəaliyyət göstərirdi. Dahası, 20-ci əsrin əvvəlində sosializm və millətçilik bütün dünyada eyni dərəcədə məşhur idi və bu da dünyanın fərqli yerlərində partiya ideologiyalarına təsir göstərirdi (4, s.176).
Demək olar ki, hamı tərəfindən Bauer-Renner tip sosializmin Azərbaycan kimi çox millətli imperiya tərkibində yaşayan kiçik millətlərin tələblərinə uyğun olduğu qəbul edilir. Dolayısı yolla Azərbaycan türk elitasına aid marksistlərin millətçilərlə sıx bağlılıqlar var idi. Bunu Odri Alstadt adlı müəllif də qeyd edir (5, s.281).
Faktiki olaraq, Hümmətin sosializmi, marksist olmayan Müsavat partiyasının yaradılışına qədər, sosializm və millətçiliyin qarışımı kimi görünürdü. Odri Alşdat hətta sosialist və millətçi düşərgələrin bir-birindən termin olaraq açıq şəkildə fərqlənmədiyini qeyd edir (5, s.279).
Lakin qeyd edilməli önəmli məsələlərdən biri odur ki, XX əsrin əvvələrində Hümmət daxil əksər solyönümlü təşkilatlarda millətçiliklə sosializmin qarışımı olsa da, bəhs edilən millətçilik etnik identiklik deyil din üzərində qurulmuşdu. Bunun da iki əsas səbəbi var idi ki, birinci səbəb islam dininin Azərbaycanın ictimai-siyasi həyatında hakim rolda olması, ikinci səbəb də Azərbaycan xalqında özünüdərk etmənin formalaşmaması ilə, dolayısı yolla dini və regional mənsubiyyət hissinin etnik identikliyi açıq-aşkar üstələməsi ilə bağlı idi.
Azərbaycan insanından hansı millətdən olduğunu soruşduqda müsəlman millətindənəm cavabını verməsi də XX əsrin əvvələrində Azərbaycan insanının ictimai şüurunda dinin hakim rolda olmasını isbat edir. Bunu Üzeyir Hacıbəyov da yazılarında qeyd edir (2, s.14). Ananloji vəziyyət təkcə azərbaycanlılar arasında deyil Rusiya imperiyasında yaşayan bütün müsəlman xalqları arasında yayılmışdı.
Qeyd edilməli önəmli məqamlardan biri də odur ki, Azərbaycanın ictimai-siyasi fikrində türk identikliyinin ilkin işartıları XIX əsrin sonlarında özünü biruzə verməyə başlamışdı. Lakin tək-tək təsadüf edilən belə hallar sonradan intişar edib ümumi qayəyə çevrilə bilmədilər. Hər halda, XX əsrin əvvəlində H. Zərdabi və “Kəşkül” qəzetinin mövqeyini hətta Azərbaycan ziyalıları arasında çox az adam bölüşürdü. Bütövlükdə isə, XX yüzilliyin başlanğıcında azərbaycanlıların tam əksəriyyəti özlərini türk deyil, müsəlman hesab edirdilər. Məhz bu amili tənqid edən Rəsulzadənin milli azadlıq hərəkatının önəmli nüvəsini təşkil edəcək ideologiya axtarışında olduğunu sezmək olar. Rəsulzadə 1905-ci ildə Hümmət qəzetində nəşr etdirdiyi “Hümmətür-Ricaltəqləül-Cibal” adlı məqaləsində Azərbaycan ictimai-siyasi düşüncəsində vahid konsepsiyasının olmadığını, ictimai-siyasi xadimlərin müxtəlif ideologiyalara meyl etdiyi qeyd edir. Məqaləni nəzərdən keçirdikdə görmək olar ki, Rəsulzadə hansı ideologiya olursa olsun, həmin ideologiyanın islam dininə zidd olmamasının vacibliyini qeyd edir. Bununla yanaşı Rəsulzadə adı keçən məqaləsində nə sosializmin, nə də demokratizmin islam dininə zidd olmadığını qeyd etmiş olur.
İstifadə olunan ədəbiyyatlar
- Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası, Bakı-2013
- Aydın Balayev. Məmməd Əmin Rəsulzadə (1884-1955), Bakı-2012.
- Məhəmməd Əmin Rəsulzadə. Seçilmiş əsərləri I cild, Bakı-2004
- Cengiz Çağla. XX əsrin əvvələrində liberalizmin və sosializmin millətçiliyə təsirləri, tər. Tərlan Əliyev, səh.168. Millət və Millətçilik. Milliyət Araşdırmalar Mərkəzi, Bakı-2020.
- Audrey L. Altstadt, The Azerbaijani Turks, Power and Identidy Under Russian Rule, 1992.
- Sultan Məcid Əfəndiyev. Hümmətin yaranması, müəllif: Praksis. Sultan Məcid Əfəndiyev – “Hümmət”in yaranması – Praksis☭ (wordpress.com)