Ramazan Rizvan

15 İyul 2022, 13:47

Keçid dövrü

Giriş


Şübhəsiz ki, insan cəmiyyətləri meydana gəldikləri andan etibarən zamanın və şəraitin tələblərinə uyğun olaraq inkişaf edir. Bu proses həmin inkişafın bir mərhələsindən digərinə keçməklə, əvvəlki quruluşun daha mütərəqqi quruluş əvəz edilməsi ilə müşayiət olunur. Tarixə nəzər salsaq görərik ki, bu proses həm yavaş-yavaş, dinc yolla və uzun zaman kəsiyində, həm təkamül yolu ilə, həm də qəfil sıçrayışla, inqilabi yolla baş verir. Əvvəlki formanı daha yenisi əvəz etdiyi üçün bu əvəzolunma dövrü keçid dövrü adlanır.

"Keçid dövrü" ifadəsi fərqli məqamlarda işlənə və fərqli mənalar ifadə edə bilər. Siz bu ifadəyə daha çox iqtisadi anlamda rast gələ bilərsiniz, çünki bunun tarixi nisbətən daha qədimdir. Siyasi anlamda isə keçid dövrü keçmiş və onun yerinə gəlmiş rejimlər arasındakı dönəmə deyilir. Köhnə rejim tamamilə tənəzzülə uğraya və ya tənəzzülə uğramadan mühüm dəyişikliklərə məruz qala bilər. Geniş anlamda keçid dövrü yeni rejimin köhnə rejimi əvəz etməsinə deyilir, fəqət dövrümüzdə bu anlayış daha çox əvvəlki müstəbid rejimin daha demokratik və mütərəqqi rejimlə əvəz olunması məqamında işlənir. Əvvəlki rejimin möhkəm, oturuşmuş qanunlarının, bu qanunların icrası üsullarının və institutların yenisi ilə əvəz olunması zərurəti yaranır ki, bu da keçid dövrü üçün xarakterikdir. Keçid dövründə yeni rejim bu üç əsas amilin yenidən təsisini həyata keçirməlidir. Yeni qanunvericilik aktları qəbul etmək, məcəllələr, normativ aktlar tərtib etmək və bunların icrasına nəzarəti həyata keçirmək nisbətən asan görünür, lakin əvvəlki rejimin püxtələşmiş, bərkimiş institutlarının yenidən təsisi əziyyətli və çox uzun zaman alan prosesdir. Çünki bu zaman yeni rejim obyektiv amillərlə yanaşı subyektiv amilləri də göz önünə almalıdır. Əsas çətinlik də həm subyektiv, həm də obyektiv amillərin əvvəlki rejimin möhkəm və köklü ənənələrinə bağlı olmasıdır.

Keçid dövründən bəhs ediriksə, bu prosesi 2 əsas qismə ayırmaq olar: retrospektiv və retroaktiv tədbirlər məcmusu. Retroaktiv tədbirlər gələcəyə yönəlir, daha çox gələcək yenidənqurma və təsisat planlarını özündə əks etdirir. Retrospektiv tədbirlərin isə mahiyyəti keçmiş rejimin qalıqlarının yeni rejimin fəaliyyətinə mənfi təsirinin qarşısını almaq üçün bir növ keçmiş rejim dövrünə nəzər salmaq, həmin dövr edilmiş nöqsanları üzə çıxarmaq və problemləri həll etməkdə özünü göstərir. Retrospektiv tədbirlər bir növ retroaktiv tədbirlər üçün sağlam zəmin hazırlayır. Lakin retrospektiv tədbirlər ilə revanşist siyasəti qarışdırmamaq lazımdır. Retrospektiv tədbirlər tam ədalətli və şəffaf olmalı, qisas və bu kimi qərəzli mövqedən, opportunist mühakimədən arınmalıdır. Yalnız bu halda bu proseduru keçid dövrünə aid etmək olar. Retrospektiv keçid  tədbirlərinə aiddir:

  1. Lüstrasiya
  2. Reablitasiya tədbirləri
  3. Keçid ədalətinin təmini (cinayət işlərinin açılması)
  4. Arxivlərin açılması
  5. Memorial tədbirlər (xatirə günlərinin keçirilməsi və s.)

 

Tarix


Keçid dövrü adlandırma ənənəsi ümumən Fransa inqilabından qalsa da, bu anlayışın 20-ci əsrdə, xüsusən 90-cı illərdə daha çox işləndiyini görmək olar. Həm Nürnberq tribunalında, həm də Uzaq Şərq beynəlxalq hərbi tribunalında müharibədə iştirak etmiş yüksək rütbəli zabitlər mühakimə edilmişdilər. 1975-ci ildə Yunanıstanda, 1985-ci ildə isə Argentinada baş verən proseslər, yeni rejimin köhnə rejimi "mühakimə etməsi", lüstrasiya, cinayət işlərinin və arxivlərin açılması və reabilitasiya prosesi özündə tam mənası ilə keçid dövrünü ifadə edirdi. Bu xüsusən demokratiyanın üçüncü dalğası ilə əlaqəli idi. 1974-cü ildə Portuqaliyada baş qaldıran Qərənfil inqilabı 1980-ci illərdə Latın Amerikasında, Filippində, Cənubi Koreya və Tayvanda baş verən proseslərə təkan verdi. SSRİ dağıldıqdan sonra bu dalğa daha da sürətləndi, Mərkəzi və Şərqi Avropadakı rejimlər yenisi ilə əvəz olundu və həmin ölkələrdə keçid dövrü başlandı. Şərqi Avropa ölkələrindəki keçid dövrü prosesini kifayət qədər uğurlu hesab etmək olar. Lakin analoji proses Rusiya başda olmaqla Qafqaz və Mərkəzi Asiyada uğursuz başa çatdı.
 

Məqsədlər

Keçid dövrü tədbirlərinin əsas məqsədi yeni rejimin sağlam, möhkəm və mütərəqqi institutlarının qurulması, fakültativ məqsədlərə isə demokratik idarəetmə kontekstindən kənara çıxmamaqla və revanşist niyyətdən tam kənar şəkildə köhnə rejim dönəmində bu və ya digər şəkildə cinayətlər törətmiş, korrupsiya ilə məşğul olmuş və avtoritar rejimə tam sədaqətli rütbəliləri mühakimə etmək və ya onları yeni rejim dönəmində vəzifə tutmalarını əngəlləmək, köhnə rejimin törətdiyi əməlləri ifşa etməklə onların cəmiyyət tərəfindən qınanılmasına nail olmaq və s. aiddir. Bu proses zamanı yeni rejim cəmiyyətə insan hüquqlarına hörmət etdiyini və hesabatlılığın müntəzəm olaraq əsas vəzifələrdən biri kimi həyata keçiriləcəyini söyləyir. Keçid dövründə mütərəqqi rejimin məqsədlərini bu şəkildə sadalamaq olar:

 

 

  • Əvvəlki rejim dönəmində baş vermiş insan hüquqları pozuntularını dayandırmaq;

  • keçmiş cinayətlərin araşdırılması;

  • İnsan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi;

  • Məsul şəxsləri cəzalandırmaq (mümkünsə);

  • Zərərçəkmişlərin reabilitasiyasının həyata keçirilməsi.

Tədbirlərin effektivliyinə nail olmaq üçün bütün bunlar vahid yanaşmanın bir hissəsi olmalıdır. Bu zaman daimi tərkibdə komissiyalar təşkil olunmalı, həmin komissiyalar keçid dövründə baş verən proseslərə xüsusi nəzarəti həyata keçirməlidir. Çünki bəzən keçid dövründə sui-istifadə hallarına da rast gəlmək mümkündür. Belə ki, keçid dövrü retrospektiv tədbirlər adı altında siyasi meydanda potensial rəqib kimi görünən və köhnə rejim dövründə heç bir pozuntuya yol verməmiş şəxslərin mühakimə olunması və s. bu kimi hallara örnək göstərilə bilər.
 

Lüstrasiya tədbirləri  
 

Bu tədbirlər sistemi köhnə rejimə sadiq, onun fəaliyyətində yaxından iştirak etmiş dövlət rəsmilərinin və məmurların toplu şəkildə işdən çıxarılmasında və yeni rejimdə vəzifə tutmasını əngəlləməkdə ehtiva olunur. Lüstrasiya tədbirlərinin mühüm xüsusiyyəti köhnə rejimin törətdiyi əməllərdə bilavasitə iştirak etmiş, korrupsiya fəaliyyəti ilə “məşhur" və insan hüquqları pozuntularına yol vermiş vəzifəlilərin yeni rejim dövründə vəzifəyə gəlməsinin məhdudlaşdırılmasında özünü göstərir. Məqsəd yeni rejimin fəaliyyətinin bu kimi şəxslər tərəfindən korlanmamasına nail olmaq, həmçinin onların mümkün pozuculuq fəaliyyətlərinin qarşısını almaqdır. Lüstrasiya inzibati xarakterli tədbirdir, burada cəzalandırmaq məqsəd kimi çıxış etmir, əsas mahiyyət potensial təhlükələrin və risklərin qarşısını almaqdır.

Lüstrasiya prosesi revanşist niyyətlərdən uzaq olmalıdır, heç bir qərəzli niyyətin təsiri altında olmamalıdır. Məhz bunun üçün xüsusi lüstrasiya komissiyaları və tribunallar təşkil olunur. Lüstrasiya tədbirlərinə ən bariz nümunələr elə Mərkəzi və Şərqi Avropa ölkələrinə aiddir. Belə ki, Çexiyada 1992-ci ildə edilən konstitusiya dəyişikliyinə əsasən, korrupsiyaya cinayətlərində adı hallanan, köhnə hökumətin həyata keçirdiyi repressiyalarda icraçı və köməkçi fəaliyyətdə olan, insan hüquqlarını pozmuş məmur və dövlət rəsmilərinin siyahısı tutulmalı və onların yeni rejimdə vəzifəyə gəlmələri qadağan olunmalı idi.

Qəbul edilmiş lüstrasiya qanunları bir-birindən mahiyyətcə fərqlənə bilər. Bu, onu qəbul etmiş rejimin prosesə münasibətindən asılıdır. Bəzi ölkələrdə qəbul edilmiş lüstrasiya qanunları dispotiziv, bəzi ölkələrdə isə imperativ xarakter daşıyıb. Məsələn, Macarıstanda qəbul edilmiş lüstrasiya qanunu (1994-2003) keçmiş dövlət məmurlarının ifşa edilməsinə yönəlmişdirsə, Polşadakı lüstrasiya qanunu (1999-2005) isə daha çox məmurların etirafından və səmimi peşmançılığından asılı idi. Bu halda onların müəyyən şərtlər daxilində yeni rejim strukturlarında fəaliyyətinə izn verilirdi. 1996-cı ildən etibarən Çexiya, Slovakiya, Macarıstan, Makedoniya, Albaniya, Bolqarıstan, Litva, Latviya, Estoniya, Almaniya, Polşa və Rumıniyada müxtəlif miqyasda müxtəlif lüstrasiya qanunları tətbiq edilmiəlif miqyasda müxtəlif lüstrasiya qanunları tətbiq edilmişdir.

Lüstrasiya qanunları adətən seçkilərdən əvvəl qəbul edilir. Hakimiyyətə sağçı partiyalar gələrsə, bu proses bir qədər sərt, sosial-demokrat partiyalar gəldikdə isə güzəştli şəkildə tətbiq olunur. Lüstrasiya tədbirləri əhalinin yeni hökumətə inamı artırır.

 

Reabilitasiya tədbirləri

Reabilitasiya köhnə (əsasən avtoritar) rejim dönəmində haqsız mühakimə edilmiş (siyasi, dini və s. zəmində) şəxslərin cəmiyyətə bərpası tədbirlərinin məcmusudur. Bu tədbirlər 2 əsas qismə ayrılır: bərpaedici və kompensasiya. Bərpaedici reabilitasiya tədbirləri zərərçəkmiş şəxsin üzərində məhkumluq varsa, onun götürülməsi və təmiz adının bərpa edilməsindən ibarətdir. Bu, bir çox hallarda simvolik xarakter daşıyır. Kompensasiya tədbirləri isə nəinki zərərçəkmiş şəxslərin təmin adının və nüfuzunun bərpa olunması, həmçinin onlara maddi, mənəvi yardımın göstərilməsi, onlara psixoloji dəstək göstərilməsi, müxtəlif proqramlara cəlb etməklə sosiallaşmalarını təmin etməkdən ibarətdir.

Reablitasiya tədbirlərinin məqsədi bir növ yeni rejimin daha adil davranacağı, haqsız mühakimələrə yol verməyəcəyi, siyasi düşüncələrə və tənqidlərə qarşı dözümlü olacağı barədə cəmiyyətə ötürdüyü mesajdır. Reabilitasiya tədbirləri də cəmiyyətin yeni rejimə rəğbətini artırır, gələcəkdə hər hansı şəkildə hüquqlarının pozulmayacağına təminat almış olur.

 

Keçid ədalətinin təmini

Lüstrasiya tədbirlərində əvvəlki rejimə qulluq etmiş rütbəli və vəzifəli şəxslər müəyyən olunmalı, onların yeni rejimdə vəzifəyə gəlmələri qadağan olunmalı idi. Bu zaman onların hər hansı şəkildə cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Keçid ədalətinin təmini zamanı isə əvvəlki rejim dönəmində irimiqyaslı cinayətlərdə əli olan, insan hüquqlarını kobud şəkildə pozan, çoxsaylı korrupsiya işlərində adı hallanan keçmiş dövlət məmurları və vəzifəlilər barədə cinayət işi açılır, onlar qanun qarşısında öz keçmiş əməllərinə görə cavab verməli olurlar. Siyasi ekspertlərin əksəriyyəti düşünür ki, bu proses çox da şəffaf və obyektiv deyil, çünki əməllərin törədilməsindən uzun zaman müddəti keçdiyi üçün sübutların toplanması, işin araşdırılması və müvafiq sənədlərin toplanması çətinlik yaradır. Lakin bu fikrə əks çıxanlar öz mövqelərini bununla əsaslandırırlar ki, yüksək texnologiyalar sübutların araşdırılmasını asanlaşdırır. Bu baxımdan hər hansı problem meydana çıxmayasıdır, əgər iş anındaca açılar, sübutlar yerindəcə toplanılarsa.
 

Arxivlərin açılması

Arxivlərin açılması əvvəlki rejimin bütün qanunsuz fəaliyyətinin ifşa olunaraq cəmiyyətə təqdim olunması, onun təhlükəsizlik və hüquq-mühafizə strukturunun açılaraq göstərilməsidir. Bu proses həm gələcəkdə yeni rejimin hüquq-mühafizə və təhlükəsizlik fəaliyyətinin şəffaflığına təminat verir, həm də bu kimi sui-istifadə hallarının qarşısının alınacağına dair cəmiyyətə mesaj ötürür. Bu təcrübə keçmiş sovet ölkələrində uğurla tətbiq olunub. Hətta bəzi SSRİ respublikalarında KQB arxivlərini  tədricən açmağa və cəmiyyətə təqdim etməyə başlayıblar. Məsələn, Ukraynada artıq hər kəs həm özünün, həm də başqalarının repressiya olunmuş əcdadları haqqında hər şeyi öyrənə bilər. Bu günə qədər orada 5000-ə yaxın iş araşdırılıb. Litva KQB sənədlərini 2011-ci ildən açmağa başlayıb. Arxivlərin açılması zamanı məlum olub ki, sən demə Litva sakinlərinin soyqırımı zamanı yerli xüsusi xidmət əməkdaşlarının da casus fəaliyyəti mövcud olub. Tapşırıqlar onların əli ilə yerinə yetirilmişdir, hesabatlara isə onların konkret adları deyil, yalnız ləqəbləri yazılmışdır. Latviyada bu proses 2013-cü ildə baş tutdu. Yaradılan komissiyanın qarşısında duran əsas məqsəd KQB-nin respublika ərazisindəki fəaliyyətinə qiymət vermək idi. Estoniyada bu proses hələ 90-cı illərin əvvəllərində baş tutmuşdu.

 

Memorial tədbirlər (xatirə günlərinin keçirilməsi)

Bu tədbirlər daha çox simvolik xarakter daşıyır. Daha çox təqvimdə xüsusi xatirə günlərinin müəyyən edilməsi, həmin günlərin dövlət səviyyəsində anım günü olaraq qeyd olunması, müxtəlif memorial səviyyəli tədbir və mərasimlərin keçirilməsi və yeni tərtib olunmuş dərsliklərə, materiallara bu barədə məlumatların yerləşdirilməsi ilə müşahidə olunur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd əvvəlki rejimin törətdiyi əməllərin ictimaiyyət tərəfindən qınanılmasına nail olmaq, həmçinin rejim qurbanlarını yad etməkdir. Bununla yeni quruluş belə cinayətlərin törədilməməsinə təminat vermiş olur. Avropada bu nümunə geniş yayılıb. Xüsusən Nasist rejiminin qurbanları barədə (holokost soyqırımı, ayaqqabı taylarının nümayişi) memorial tədbirlər silsiləsi buna misal olaraq göstərilə bilər.

 

Nəticə

Bütün bu tədbirlər keçid dövrünün retrospektiv aspektlərinə aiddir, keçmişə yönəlib, keçmişdə baş vermiş əməllərə və keçmiş rejimin qalıntılarına nəzər salınır, bu qalıntıların yeni rejimin fəaliyyətinə vuracağı mümkün zərərin qarşısı alınır. Əsas məqsəd yeni rejimin konsolidasiyasını təmin etməkdir. Bu proses olduqca çətin və mürəkkəb prosesdir, çünki yuxarıda da qeyd etdiyim kimi, bu zaman sui-istifadə halları yarana, yeni rejim keçid dövrü tədbirləri adı altında öz revanşist niyyətlərini həyata keçirə bilər. Tavtologiyaya yol verməmək üçün qısa həll yolu təklif etmək olar, bu zaman yeni rejimlər diqqətli olmalı, həyata keçirdiyi tədbirlərin revanşist xarakter daşımasını və sui-istifadə hallarını önləməli, demokratik prinsiplərə sadiq qalmalıdır. Buna nail olmaq üçün isə sistemli fəaliyyət göstərməli, müvafiq addımları zamanında atmalı və uyğun mexanizmlər tətbiq etməlidir.

 

 

 

 

Paylaş:

499
4

Uğurlar! Bu barədə yerli məqalə çıxmamışdı qarşıma. Yeni bir şey oldu

15 İyul 2022, 15:06

Aytən Q-ova


Gülşən Dadaşova

15 İyul 2022, 15:10

Uğurlar


Samirə Məmmədzadə

15 İyul 2022, 15:16

Maraqlıdır. Əllərinizə sağlıq!


Əli Mösünov

16 İyul 2022, 10:50

Möhtəşəmdir, Ramazan. Uğurlar!