Əhməd Qurbanov

9 Yanvar 2022, 22:18

İştirakçı demokratiya nədir?

İştirakçı Demokratiya: Çətin vaxtlarda söz sahibi olmağın əhəmiyyəti

“Sarı Jiletlilər” hərəkatı, populist siyasətçilər, pandemiya və məhdudlaşdırılmış azadlıqlar: son bir neçə ildə dünyanın hər yerində demokratik institut və ideyalar ciddi şəkildə sınağa çəkildi. Eyni zamanda da, gənclər siyasi debatların aktiv iştirakçısına çevrilir, onlayn aktivizm effektiv üsul olurdu. Demokratiyanın dinamiklərinin bu təkamülü gündəlik siyasi iştirak təcrübəsinin üzərində yenidən düşünməyə çağırırdı. Bunları nəzərə alanda, iştirakçı (participatory) demokratiya yeni bir kollektiv qərar qəbul etmə və yeni bir yol aşılama vədi ilə daha da gücləndi və dəstək görməyə başladı.

Vestminster Demokratiya Fondunun Baş məsləhətçisi Culiya Kuqten iştirakçı demokratiya, sivil iştirak və hesabatlılıq haqqında fikirlərini bölüşür.

 

İştirakçı demokratiya siyasi iştirakçılığın yeni xüsusiyyətinə necə çevrildi və niyə bu qədər önəmlidir?

Siyasi iştirak dünyada demokratiyanın əsasını təşkil edir, lakin onun tətbiqi keyfiyyət və ya növ tərəfdən çox fərqli ola bilər. Bütün demokratiyalarda siyasi iştirakın ən yayğın forması seçki prosesidir. Bir vətəndaş olaraq, biz səsverməyə gedirik, ki bu proses bizi təmsil edəcək insanlara birbaşa təsir vasitəsidir. Lakin iştirakçı demokratiya, vətəndaşların öz həyatlarına təsir edən qərarlarda birbaşa və ya dolayı şəkildə iştirak etmək imkanının təmin edilib edilməməsi ilə maraqlanır.

Bugün, insanlar ictimai siyasətdə söz sahibi olmaq istəyirlər. Məsələn, urbanizasiyalaşmış ərazilərdə, insanlar getdikcə daha yaşıl şəhərləri müdafiə edirlər. Barselonada vətəndaşlar, avtomobillərdən azad, böyük əraziləri yenidən formaya salan "super bloklar" yaratmaqla ictimai yerlərin demokratikləşməsinə təkan verdilər. Onlar, bu qərarın həyata keçirilməsini “Decidim Barcelona” (isp. decidim - biz qərar veririk) kimi vətəndaşların iştirakı üçün qurulan platformalar vasitəsilə edirlər. Bu cür lokal və kommunal birliklər yalnız lokal səviyyəylə məhdudlaşmayan iştirakçı demokratiyanın açarıdır. İqlim dəyişikliyi kimi hər kəsin həyatına təsir edən sistemli problemlər insanları səslərinin qlobal miqyasda eşitdirməyə cəhd etməyə çağırdı.

Bəzi siyasətçilər, iştirakçı demokratiyanı təhlükə kimi görürlər. Əslində isə tam əksinədir. İştirakçı demokratiya nümayəndəli (representative) demokratiyanı tamamlaya bilər. Lakin bir arada mövcudluğun reallaşması üçün, şərtlərin qarşılanmağı və demokratik təsisatlarımızda şəffaflığın və açıqlığın tərəfdarı olan və ictimai rəyin uyğunluğunu qəbul edən bir mədəni dəyişiklik (cultural shift) baş verməlidir.

Dünyada iştirakçı demokratiyanın çox sayda uğur hekayəsi var. Lokal səviyyədə müxtəlif şəhərlərdə, misal üçün Parisdə vətəndaşların şəhər büdcəsinin bir hissəsinin necə istifadə ediləcəyinə dair səs verə biləcəyi müştərək büdcələr praktikası mövcuddur. Ölkə səviyyəsində də yaxşı nümunələr mövcuddur. Birləşmiş Krallıqda son 3 ildə 30-a yaxın demokratik müzakirə həyata keçirilib. Bu müzakirələr təsadüfi seçilmiş vətəndaşları iqlim dəyişikliyindən tutmuş Covid-19 pandemiyasının təsirini azaldılmasına qədər müxtəlif mövzularda müzakirələrdə iştirak etməyə və tövsiyələr verməyə dəvət etməkdən ibarət idi. Ümumiyyətlə, indi demokratik proseslər və institutlar daha çox vətəndaşın cəlbinin təmin edilməsi kimi daha müştərək trendi izləyir və vətəndaş cəmiyyətinin fikirləri getdikcə daha çox nəzərə alınır.

Bundan əlavə, gənc nəslin bu proseslərdə iştiraka can atdığı aydındır. "İqlim naminə Gənclər" hərəkatını biz buna misal göstərə bilərik. İştirakçı demokratiya belə çağırışlara cavab verərək, nəsillərin səslərinin eşidilməsini təmin edə bilər. İnsanlar iştirak etmək istəyir, indi əsas onlara bunu edəbiləcəkləri yerlər, platformalar tapmaqlarına kömək etmək lazımdır.

 

Demokratiyanı aşılamaq və güvən yaratmaq üçün hansı yol və vasitələr var?

İştirakçı demokratiyanın nümayəndəli institutlarda möhkəmlənməsi lazımdır. Konkret olaraq parlamentlər üçün bu, vətəndaşların və vətəndaş cəmiyyəti təşkilatlarının fikirlərini səsləndirmələri üçün yer yaratmaq deməkdir. Bu, "kimləri gətirək", "hansı məqsədlə" və "hansı səviyyədə" suallarını sorğulayan kommunikasiya kanalları vasitəsilə insanları cəlb etməklə əldə edilə bilər. Misal üçün, Böyük Britaniya İcmalar palatası hal-hazırda Qlazqo şəhərində keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransı üçün araşdırmalar toplayır. Biznes, Enerji və Sənaye Strategiyası Komitəsi hökumətdən hesabatın alınması məqsədiylə bir neçə ay ərzində vətəndaşlardan, vətəndaş cəmiyyəti təşkilatlarından, biznes assosiasiyalarından, akademik dairələrdən və s. datalar yığır.

Təmsilçilik və demoqrafik inklüzivlik iştirakçı demokratiya üçün xüsusi bir problem olaraq qalır. Nə qədər vətəndaşın bu proseslərdə iştirakı sizin üçün kifayət qədər iştirakçılıq (sufficiently representative) sayılır. Kimlər bu prosesdə iştirak edəcək? Bu sualları verdiyimiz zaman daha çox yeni sual və problemlər ortaya çıxır. Məsələn, hər kəsin siyasi prosesləri və bunların leqal tərəfini başa düşmək qabiliyyəti yoxdur. Əgər vətəndaşlara bunları izah etmək üçün cəhd edilməzsə, bərabər əlçatanlıq (access) məsələsi üzə çıxır. Bu problemi düzəltmək üçün iki yol deyə bilərik: birincisi insanlara debatların kontekstini, mənasını anlamaları üçün müxtəlif vasitələr təqdim edilməlidir. İkincisi, qərar vermə prosesinin hər bir mərhələsinin tam şəffaf olması lazımdır. Bu iki məsələdə də vətəndaş cəmiyyəti vətəndaşların fikirlərini öyrənmək və onları qərar vermə prosesinə yollamaq üçün effektiv bir vasitə ola bilər.

Oxşar olaraq, informasiya və kommunikasiya texnologiyaları vətəndaşların iştirakını asanlaşdırmaqda çox faydalı olmuşdur. Baxmayaraq ki, yeni texnologiyalar xüsusilə gənclər üçün yeni imkanlar yaratsa da, bu vasitələrin hər kəs üçün eyni şəkildə işləmədiyini nəzərə almaq lazımdır. Buna görə də texnologiya vətəndaşları cəlb etməyin yeganə yolu kimi deyil, seçimlər arasında bir çox əla variantdan biri kimi qəbul edilməlidir.

Bütün söylənənlərə rəğmən, akademiklərin iştirakçı demokratiyanın vətəndaşların demokratik proseslərə daha çox güvənməsinə səbəb olub olmadığı ilə bağlı yekun fikirdə olmadıqlarını qeyd etmək vacibdir. Ancaq ideal sistem, insanların özünə kor-koranə güvənməyinə də ehtiyac duymur. Biz nə isə bir yeni orta bir yol axtarışında olmalıyıq: tənqidlə birgə güvənən (critical truster). İnandıqları sistemə qarşı tənqidi düşüncəni davam etdirə bilən bir skeptik insan.

 

Son bir neçə ildə biz demokratiyanın zəiflədiyini, bundan əlavə son bir ildə qərar qəbul etmənin mərkəzləşdirilməsini (centralization) və avtoritar üsulların yayılmasını tələb edən bir pandemiyanın şahidi olduq. Bu periodda vətəndaşların iştirakında apardığınız müşahidələrə əsasən, iştirakçı demokratiyanın gələcəyini necə görürsünüz?

Pandemiya həqiqətən dünyada bir neçə idarə üsulunu yenidən sınağa çəkdi. Bu keçirilən tədbirlər 2 il əvvəl güclü və sabit demokratik sistemlərdə tamamilə ağlasığmaz və məntiqsiz gələrdi. Həmin bu fövqəladə tədbirlər pandemiya vaxtı ictimai nəzarət, bəzi hallarda vaxt məhdudiyyəti olmadan və müvafiqlik və ya zərurət testi olmadan həyata keçirildi. Və sonda bu həm oflayn, həm onlayn şəkildə sivil mühitin (civic space), ictimai fikri ifadə və toplaşma hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxardı. Sivil mühitlər sağlam demokratiya üçün həyati önəm daşıyır və onların məhdudiyyətləri çox vaxt siyasi mühitin məhdudiyyətləri ilə paralel şəkildə irəliləyir. Belə trendlər son dərəcə narahatedicidir.

Bunlara rəğmən, pandemiya dövründə biz bir sıra sivil dəstək, nümayişlər və bir sıra vətəndaş cəmiyyəti quruluşları daha sürətlə inkişaf etməsi kimi nümunələrin də şahidi olduq. Civicus saytı bizə dünyada tətbiq edilən məhdudiyyətlərə baxmayaraq vətəndaşların və vətəndaş cəmiyyəti təşkilatlarının səylərini artırdıqları saysız-hesabsız nümunələri göstərir.  Məsələn Çilidə, küçə sənəti siyasi və iqtisadi dəyişikliklər üçün davam edən etiraz aksiyalarının həyati bir hissəsi olmuşdur.

Bəzi demokratik ölkələrdə, vətəndaşların post-covid və daha uzun vadədə pandemiyanın vurduğu ziyanın bərpası prosesində iştirak etməsi ilə yeni mühitlərin necə yarandığının da şahidi olduq. Pandemiyanın başlanğıcından bəri, Tayvan iştirak üçün rəqəmsal vasitələrdən istifadə edərək vətəndaşları qərar vermə proseslərinə daxil etmişdir. İngiltərənin Bristol şəhəri bərpa ilə əlaqədar müzakirə etmək və konkret tövsiyyələr vermək üçün bir vətəndaş yığıncağı qurdu. Fransada bəzi parlament üzvləri vətəndaşların fikirlərini toplamaq üçün milli bir platforma hazırladılar.

Bu 3 müxtəlif nümunə bizə onu deyir ki, pandemiya hər nə qədər vəziyyəti çətinləşdirsə də  iştirakçı demokratiya Covid-19 ilə birgə başa çatmayacaq. Çünki vətəndaşları real, onlayn yerlərdən ayrı yerlərdə məşğul etmək şübhəsiz daha çətindi. İrəlidə, iştirakçı demokratiya daha çox vətəndaşı, xüsusən də siyasi müzakirələrə daha laqeyd olanları cəlb etməyə davam etməlidir. Vətəndaşların maraqlandıqları mövzularda iştirakını təmin etmək məqsədiylə hər kəsin iştirak etməsi üçün öz qapısını açıq qoyaraq yenilikçi yollar axtarmalı olacaq.

 

Mənbə: https://www.institutmontaigne.org/en/blog/participatory-democracy-importance-having-say-when-times-are-hard

Paylaş:

701
0