Ruslan Ələkbərov

2 Yanvar 2022, 2:19

İnsan hüquqlarının üç nəsli

İnsan hüquqları "insan kimi yaşamağa" imkan verən sosiumun üzvü və dünyada bilinən canlılar arasında yeganə şüurlu varlıq olan insanla bağlı olan, özgəninkiləşdirilməyən hüquqlardır. İnsan adlı bioloji varlıq yer üzünə gəlib yaşayırsa deməli, artıq onun müəyyən hüquqları var, yox əgər onun hüquq və azadlıqlarından söhbət getmirsə deməli, o artıq mövcud deyil.

İnsan hüquqları müxtəlif təsnifat sistemləri adı altında təsnifləşdirilir. İnsan hüquqlarının hər kəs tərəfindən bilinən və sadə formada anlaşılan kimi təsnifləşdirsək, onu mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara ayırmalıyıq. Digər tərəfdən universal və regional səviyyədə bağlanan müqavilələr belə əksər halda bu bölgüyə uyğun şəkildə təsnifləşdirilir. Geniş formada yayılmış digər bir təsnifat isə tarixi meyara söykənir. Beynəlxalq İnsan Hüquqları İnstitutunun üzvü çex alimi Karel Vasak tərəfindən 1979-ci ildə irəli sürülmüş "İnsan hüquqlarının üç nəsli" konsepsiyası digər önəmli sinifləndirilməni formalaşdırır. Təbii ki, bu konsepsiya da öz ilkin başlanğıcını Avropa hüququndan aldığı üçün, özündə geniş şəkildə Avropa dəyərlərinin ağırlığını daşıyırdı. Qısa şəkildə bu konsepsiyaya ilkin açıqlama versək, müasir dövrümüzdə mövcud olan bütün əsas insan hüquq və azadlıqları öz inkişaf tarixində üç mərhələ şəklində təkamül etmişdir və keçdiyi bu üç mərhələ onu üç nəsil hüquqları şəklində formalaşdırmışdır.

İnsan hüquqları nəzəriyyəsi Qərb mədəniyyətinin bir məhsuludur. Bunu digər tərəfdən Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilməsi kimi başa düşmək lazımdır, lakin konsepsiyanın birinci dərəcəli hüquqları Avropada yenə də əsasdır. Avropa qitəsində hakim olan Sosial hüquq dövləti anlayışıdır. Bunu anlamaq üçün ilk olaraq səbəblərə diqqət yetirmək lazımdır, həmçinin eyni zamanda, II Dünya müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərakatlar da bunda vacib rol oynamışdır. İlkin sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqları əsas prioritet halına gətirməklərinə baxmayaraq, birinci nəsil hüquqları təmin etməkdə heç də uğurlu olmayıblar. Misal kimi, SSRİ-də pulsuz müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı, hakimiyyətin xalq tərəfindən formalaşması kimi digər əsas hüquqları qətiyyən təmin etmirdi. Əksinə olaraq, Avropa və ABŞ-da isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunmalı hüquqlar hesab edilmirdi.

Mülki və siyasi hüquqlar olmadan konsepsiyanın ikinci nəsil olaraq təsnifləndirdiyi hüquqları həyata keçirmək mümkün deyildir. Bunu açıqlamaq üçün 1983-cü ildə ortaya atılmış full-belly thesis-inə ("dolu qarın" tezisi) də deyilir) qısa şəkildə göz atmaq lazımdır: bioloji və şüurlu varlıq olan insan üçün gərəkli olan iş yeri və yaşayış yeri olmadıqdan sonra, özünü aclıq içində hiss edərkən onun birinci nəsil hüquqlarını yaşaması çətin və mümkünsüzdür. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə həm birinci, həm də ikinci nəsil hüquqların daxil edilməsi bu hüquqları bir-birindən ayrı şəkildə təsəvvür etməyin mümkün olmadığını və onların sadəcə biryerdə vahid sistemin bir həlqəsi kimi çıxış etməsinin mümkün olacağını, hər birinin digərinin tamamlaması kimi düşünmək lazımdır.

İnsan hüquqlarının ilk nəsli – bu hüquqlar XVII - XVIII əsrlərdə bir nəzəriyyə olaraq ortaya çıxmağa başladı və əsasən siyasi polemik kökənlərə söykənirdi. Bunlar burjua inqilabı prosesində formalaşmış, daha sonra demokratik dövlətlərin normalarında əksini tapmışdır. Hər şeyə gücü çatan hökmdarların etməməli olduğu bəzi şeylərin olduğu və insanların özlərinə təsir edən məsələlər üzərində bir miqdar aktiv təsirə sahib olmasının gərəkliliyi anlaşılmağa başlanmışdır. Birinci nəsil hüquqlarına əsasən mülki (və ya şəxsi) və siyasi hüquqlar aiddir. Bu hüquqlara əsasən: yaşamaq hüququ, işgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququ, köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ, sərbəst hərəkət etmək hüququ, fikir, vicdan və din azadlığı, sərbəst toplaşmaq hüququ, səs vermək haqqı, dövlət işlərinin aparılmasında iştirak etmək hüququ; və başqa hüquqları aid etmək olar. Bu gün mədəni ve siyasi hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası”nda, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 3-21-ci maddələrində, həmçinin 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"da öz əksini tapmışdır.

İnsan hüquqlarının ikinci nəsli – bu hüquqlar insanların mülki hüquqlardan fərqli olaraq insanların yaşayış səviyyəsinin, rifah halının yaxşılaşdırılması uğrunda apardığı mübarizə prosesində formalaşan hüquqlarıdır. Bu hüquqlar, əsas bərabər şəkildə əsas sosial və iqtisadi mallara, xidmətlərə, imkanlara zəmanətli çıxış, yəni əlçatma fikirlərinə söykənir. Belə hüquqlar erkən sənayeləşmə və işçi sinifinin yüksəlişi nəticəsində dilə gətirilməyə başlandı, lakin əsas II Dünya müharibəsindən sonra əsas müzakirə mövzusuna çevrildi. İkinci nəsil hüquqların formalaşması ləyaqətli yaşayış anlayışı haqqında yeni tələblər və fikirlərə yol açdı. Artıq insanlar başa düşdülər ki, insan ləyaqəti, mədəni və siyasi hüquqların təklif etdiyi kimi, dövlətin müdaxiləsinin minimuma endirilməsindən daha çox şey tələb edir. Bu hüquqlara əmək hüququ, sərbəst iş seçmək hüququ, sosial təminata olan hüquq, istirahət, analığın və uşaqların müdafiəsi, təhsil hüquqları, layiqli həyat səviyyəsi hüququ və s. daxildir.

İkinci nəsil hüquqlar XX əsrin əvvəllərində Meksika və Rusiya konstitusiyalarında ortaya çıxmışdır. Daha sonra isə İkinci Dünya müharibəsindən sonra bu hüquqlar daha da normativləşərək beynəlxalq sənədlərdə – Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Avropa Sosial Xartiyasında və geniş şəkildə 1966-cı il "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt"da təsbit olunmuşdur.

Ümumdünya İnsan hüquqları Bəyannaməsində bəhs etdiyimiz hər iki nəsil hüquqlar birgə halda təsbit olunmuşdur. 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt" və "İqtisadi, siyas və mədəni hüquqlar" haqqında paktlarda ayrı şəkildə öz əksini tapmışdır. Bunu belə açıqlamaq daha düzgün ola bilər ki, onların ayrı sənədlərdə tənzimlənməsi, fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Dövlətlər üçün sosial hüquqları təmin etmənin həm ideoloji, həm də iqtisadi yönləri var: hər dövlətin iqtisadi və siyasi şəraiti buna uyğun deyildir. Mülki və siyasi hüquqlara baxış bucağını bir qədər dəyişdirsək, bir cəhəti daha görə bilərik, bunu dövlətlərin siyasi quruluşu ilə izah etsək görə, ilk olaraq SSRİ olmaqla, bəzi dövlətlərin öz vətəndaşlarına bütün bu sadaladığımız hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara qeyd-şərt imkanları gətirilməsi vacib nüans idi, həm də hüquqlar ayrı-ayrı sənədlərlə tənzimlənməsi vacib idi.

Qısaca ikinci nəsil hüquqları toparlasaq bu hüquqlara aiddir: tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sərvətlərdən istifadə etmək hüququ və s.

İnsan hüquqlarının üçüncü nəsli – Keçən illər ərzində Beynəlxalq səviyyədə tanınan insan hüquqlarının siyahısı illər ərzində sabit qalmamışdır. Hər iki Paktda qeyd etdiyimiz hüquqlardan heç biri mövcud olduğu 60 ildən çox bir zaman ərzində ciddi bir mübahisə mövzusuna çevrilməsə də, yeni müqavilələr və sənədlər həmin orijinal sənədlərdə qeyd olunan bəzi əsas anlayışları daha aydınlaşdırdı və inkişaf etdirdi. Bu əlavələr bir sıra amillərin nəticəsidir: bunlar əsasən insan ləyaqəti və həyat səviyyəsi haqqında dəyişən fikirlərə uyğun olaraq, qismən də ortaya çıxan yeni təhdidlər və imkanlar nəticəsində meydana gəlmişdir. Üçüncü nəsil hüquqları kimi təklif olunan xüsusi hüquqlar kateqoriyasına gəldikdə, bunlar birinci və ikinci nəsil hüquqlarının həyata keçirilməsinə mane ola biləcək müxtəlif növ maneələrin daha dərindən dərk edilməsinin məntiqi nəticəsidir.

Üçüncü nəsil hüquqların əsas konspesiyasını təşkil edən ideya həmrəylikdir. Bu hüquqlar cəmiyyətin və ya xalqların davamlı inkişaf, sülh və ya sağlam bir mühitdə yaşayıb, inkişaf etmək haqqı kimi kollektiv hüquqlarını əhatə edir. Dünyanın bir çox hissəsində geniş yayılan həddindən artıq yoxsulluq, müharibə, ekoloji və təbii fəlakətlər insan hüquqlarına çox ciddi təsir etmiş və yalnız məhdud bir irəliləyiş olmasına gətirib çıxarmışdır. Bu səbəbdən, bir çox insanlar yeni bir insan hüquqları kateqoriyasının tanınmasının zəruri olduğunu hiss etdilər. Bu hüquqları təsnif edərkən, xüsusilə inkişaf etməkdə olan ölkələrdə cəmiyyətlərin, birinci və ikinci nəsil hüquqlarını təmin edə bilmələri üçün bu hüquqların uyğun zəmin yaradacağı qənaətinə gəlmək mümkündür.

Bu hüquqları 1955-ci il Bandunq konfransından sonra üçüncü dünya ölkələri irəli sürmüşlər. Başqa sözlə, bu mərhələyə II Dünya müharibəsindən sonra formalaşmış hüquqlar daxildir. Üçüncü nəsil hüquqları kateqoriyasına daxil edilən xüsusi hüquqlar inkişaf, sülh, sağlam bir mühit, öz müqəddəratını təyin etmə, təbii sərvətlərdən istifadə haqqı, ünsiyyət və humanitar yardım hüquqlarıdır.

Bu hüquqlara kollektiv hüquqlar və həmrəylik hüquqları da deyilir. Lakin bu nəsil hüquqlar haqqında konkret fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu tam dəqiq deyildir. Bu hüquqların hüquqi rejimi də bir qədər mübahisəlidir. Üçüncü nəsil hüquqların yaranması son dövrün inkişaf xüsusiyyətləri ilə izah edilir.

Bu hüquqlar tam formalaşmadığından onlar dəqiq normativ hüquqi akt şəklində məzmuna malik deyildir. Üçüncü nəsil hüquqlar haqqında hansısa beynəlxalq sənəd təsbit olunmamışdır. Bunu həmrəylik hüquqları haqqında tam bir hüquqi uzlaşmanın olmaması ilə də izah etmək olar.

Paylaş:

587
0