Emin Əlizadə.

5 Yanvar 2022, 10:40

İL 2057 (2-ci hissə)

İl 2049

Mərkəz ittifaqının da ömrü bura kimi oldu. Rusiya və Türkiyə arasında çəkişmələr ittifaqın sonunu gətirdi. Ancaq bu iki ölkə Çin və ABŞ kimi əvvəlki düşmən vəziyyətə qayıtmadılar, açıq müharibəyə keçdilər. Müharibə isə Əfqanıstanda və İran dağlarında gedir, nə Türkiyə, nə də Rusiya ərazisi döyüş görüb. Sanki müharibə deyil də, dostluq nümayiş etdirilən güləşə çıxıblar. Hər iki ölkə bir-birinin sərhədlərinə hörmət edir, müharibədən ancaq Mərkəzi Asiya, İran və Əfqanıstan əhalisi əziyyət çəkir.

Avropa hələ də təsir dairələrindədir, ancaq mərkəz ittifaqının yoxluğu yeni siyasi oyunun başlaması demək idi. ABŞ və Çin hər hansı güclə boş qalan hissəni ələ keçirə bilməzdilər, yerli əhali könüllü şəkildə qoşulmalı idi. Çin öz nəhəng iqtisadi bazasından istifadə etdi, kasıb təbəqəni yanına çəkdi, öz payını aldı. ABŞ isə azadlıq eyforiyasından istifadə edərək varlı təbəqəni yanına çəkdi.

Türkiyə və Rusiya arasındakı bu müharibə isə qanlı müharibədən çox, orta əsrlərdəki professional orduların çarpışmalarını xatırladır. Əsgərlər hər hansı ideya və ya motivasiya əsasında deyil, sadəcə pul və həyatda qalmaq instinkti səbəbindən döyüşürlər. Türkiyədə Rus irqçiliyi heç olmadığı qədər yüksək səviyyələrə çıxıb, xalqın hər bir təbəqəsində bu nifrət görünür, təkcə əsgərlərdən başqa. Rusiyada da vəziyyət eynidir, hər kəs Türkiyəyə nifrət edir, qələbə gözləyir, amma hamı çox yaxşı başa düşür ki, müharibədən nəticə almaq qeyri-mümkündür. Düzgün hərəkət etməsələr, əvvəl-axır Çin və ya ABŞ təsirinə girəcəklər, ancaq hər iki ölkədəki fanatizm və irqçilik buna qarşı hazırlıq görməyin qarşısını alır.

İnsanlar da artıq beziblər, həyatda qalmaq üçün qonşusunu satmaqdan, günlük ehtiyacını qarşılamaq üçün bütün enerjisini verməkdən, ortada səbəb olmadan bütün haqqlardan məhrum olmaqdan, boş bir təxribata qurban verməkdən, terroristlərdən, hər şeydən, yaşamaqdan. Etirazların səsi artıq daha yüksəkdir. Heç kim bu şəraitdə yaşamaq istəmir. Elə bu vəziyyətdə də, səsi ən bərk çıxanlar fərdiyyətçi anarxistlərdir. Onların istəklərinə nail olacağını anlamaq üçün gələcəyi görməyə ehtiyac yoxdur. İnsanlar şirkətlərdən və onların liberal səfsətələrindən də, dövlətlərdən və onların sosialist cəmiyyət adı altında onları əzməsindən də beziblər.

 

5 il sonra

Gözlənildiyi kimi anarxist çevrilişi oldu, fərdiyyətçi cəmiyyət, qanunsuz icma quruldu. Hər şey mükəmməl oldu, insanlar istədiklərini edə bilirlər. Dünyanın bütün problemləri həll edildi. İnsanlar artıq özlərini daha xoşbəxt hiss edirlər.

Əlbəttə ki, bütün bunlar bir yalandır. İnsanların olduğu bir yerdə problemlərin olmaması, mükəmməl cəmiyyətin qurulması mümkün deyil. Anarxist dünyada yeraltı qanunları işləyir, dünyanı korporativ şirkətlər və ya əzici bürokratik dövlətlər deyil, mafialar, baronlar idarə edir. Belə bir sonluğun gələcəyi hamı üçün məlum idi, amma bu şərait nə qədər pis görünsə də, əvvəlkilərdən daha yaxşıdır. İnsanlar mafiaların kiçik istəklərini yerinə yetirirlər və istədiklərini edə bilirlər. Əvvəlki qeyri-insani şərtləri nəzərə aldıqda, mafiaları tətmin edib həyatlarına davam etmək insanlar üçün qəbul edilə biləcək bir vəziyyətdir. Onsuz indiyə kimi heç bir sistem yaxşı olduğu üçün deyil, qəbul edilə bilən olduğu üçün sağ qalmağı bacarıb. Qəbul edilə bilməyəcək səviyyəyə gəlib çıxanda isə, qəbul edilə biləcək başqa bir sistemlə əvəzlənib.

Anarxist dünyanın da taleyi tam olaraq belə idi. Mafialar küçə-küçə, məhlə-məhlə, şəhər-şəhər idarə etsələr də, bəziləri daha çoxuna can atırdı. Ölkələri geri qaytarıb yeganə hökmdar olmaq bəzi mafia liderlərinin ən böyük arzusu idi. Belə bir dövrdə isə mafialararası münaqişələr qaçınılmaz idi. Tezliklə mafialar resurslarını düzgün xərcləmədiklərini gördülər, onlara yeni əsgərlər, ailəyə daxil olacaq yeni fərdlər lazım idi. Yeni insanları cəlb etmək üçün isə, onlar hər yola əl atdılar. Təbliğat apardılar, iqtisadi resurslar təklif etdilər, şantaj etdilər, manipulyasiya etdilər. 3 il ərzində mafialar artıq münaqişələrdən çox, təbliğata enerji və resurs ayırırdılar. Onlara artıq mafia demək düzgün deyildi, onlar artıq siyasi ideologiyalara bürünmüş təbliğatçılar idilər. Onları siyasi qurumlardan fərqləndirən tək cəhət isə, qəddarlıqları və aşkar hərəkət etmələri idi. Kommunist ideologiyası ilə hərəkət edən siyasi qurumlar müəyyən qədər güzəştlərə gedib, sakit olmağa çalışsalar da, mafia siyasətçiləri ekstremist mövqedən çıxış edirdilər, beləliklə də onların tərəfdarları sürətlə artırdı. Dini istifadə edən ekstremistlər də çoxalmışdı. Keçmişdə qəddar hesab edilən şəriət altında yaşayan insanlar daha pis vəziyyətdə olmadıqları üçün şükür edirdilər. Hitlerin zehni məhsulu olan “Gestapo” anlayışı ən çox istifadə edilən metodlardan idi. İnsanlar kimin gizli mafia üzvü, kiminsə həqiqətən şəraitdən narazı olduğunu anlaya bilmirdilər. İnsan ölümləri artıq adi hala çevrilmişdi. Körpələr isə ancaq siyasi gücü əlində tutan ailələrdə və onlara tabe olmuş kiçik qruplarda dünyaya gəlirdi. Ölümlər dəhşətli dərəcədə artmış, doğumlar isə kəskin azalmışdı. O dərəcə ki, artıq anarxist dünyanın 2-ci ilində əhali sayı yarıya azalmış, gender tarazlığı əhəmiyyətli dərəcədə dəyişmişdi. Qadınlar dünyadakı ən dəyərli resurs hesab edilirdi.

 

İl 2057

“Bir-birindən nifrət etməyən qalmayıb. Hər kəs qorxu və təşviş içində yaşayır. Təkcə insanlar arasında nifaq salıb, hamını bu hala gətirənlər rahatdır. Onlar da prinsiplərdə razılığa gələ bilmirlər. Gələcək heç ümidli görünmür. Nətər gəlib çıxdıq bu günlərə, heç onu da bilmirəm.”

  • İllusandro Kovaçiç, son etirazçılardan

 

“Əvvəllər daş-qaş axtarırdıq özümüzü dəyərli etmək üçün, indi elə varlığımız bizi dəyərli edir, hamı əl üstündə tutur, nə istəsək o da olur. Yağ bal içində, xəzdən dəridən geyinirik, həyatdan daha nə istəyə bilərəm ki?”

  • Seonya Lountro Tremara, mafia gözəli

 

“Az qaldı, çox az qaldı deyə-deyə əlimdəki hər şeyi itirdim. Bir vaxtlar şəhərlər əlimdə idi, az qala böyük bir ölkəyə sahib olacaqdım. Sonda nə oldu bəs? Hər şeyi itirdim, özümü, ailəmi, canımı, mülkümü.”

  • Diablo Merkinyo, Nyu-York meri, mafia başçısı

 

“Rəqiblər qalmayıb artıq, bütöv ölkə idarə edirəm sanki, öl desəm öləcək, öp desəm öpəcək milyonlar var əlimin altında. Üstəlik də sadəcə xoşlarına gələn sözləri deyərək bu hala gəlmişəm. Ölümdən başqa təhlükə yoxdur həyatda.”

  • Enrinyo Pasavis, Polşanın hakim mafiyası

“Mən bu iyrəncliyə dözə bilmirəm artıq, tanıdığım hər kəs, ya özünü kəsdi, ya da asdı. Övladıma görə yaşayırdım, o da məndən ayrılıb qoşuldu onlara. Artıq yaşamağım üçün bir səbəb yoxdur. Ax Seonya, sən nə görmüsən axı bu həyatda?”

  • Paulena Tremara, Seonyanın anası, jurnalist

 

Bütün bunlar reallıqdan tamamilə uzaq xəyali məhsuldur. Ancaq unutmamaq lazımdır ki, böyük gerçəklikləri ortaya çıxaran elə böyük xəyallardır.

Paylaş:

535
0