Emin Əlizadə.

2 Yanvar 2022, 11:16

İL 2057

Onlar da prinsiplərdə razılığa gələ bilmirlər. Gələcək heç ümidli görünmür. Nətər gəlib çıxdıq bu günlərə, heç onu da bilmirəm.

İl 2023

Türkiyədə seçkilər, Amerikada seçki kompaniyaları, Çin rəhbərinin səhhətində problemlər, Rusiyada hələ də oliqarxiya rejimi, Almaniyada neçə illik mübarizəsinə baxmayaraq, hələ də vəzifəsindən ayrıla bilməyən kansler.

Türkiyə seçkiləri heç yaxşı getmədi, insanlar öz aralarında müharibəyə başlamağa belə hazırdı, əhalini bu yerə gətirib çıxaranlar isə sakitcə aradan çıxıb. Sanki Türkiyə yenidən Ecevit dönəmini yaşayır, sağ-sol mübarizəsinə görə insanlar bir-birini öldürməyə hazırdılar. Bu dəfə isə sağ-sol yerinə partiya adlarıdır, dəyişən bir şey isə yoxdur. Stabilliyini get-gedə itirən Orta Asiya ölkəsi elə qonşularının taleyini yaşamağa başlayır. Artıq vətəndaş müharibəsindən qaçış yoxdur.

Amerika hər zamankı kimi, böyük şirkətlərlə insanlar arasında mübarizə meydanıdır, siyasətcilər isə insanların səsləri ilə şirkətlərin pulları arasında qalıblar. Nə edəcəklərini bilmirlər. Son seçkilərdə baş verənlər hamının xatirəsindədir, heç kim təkrarlanmasını istəmir bu hadisələrin. Böyük şirkətlərin insanlara qarşı birləşməsinə isə öz hərislikləri imkan vermir. İnsanlar da işlərdən asılı olduğu üçün, açıq etirazlara başlaya bilmir, sadəcə sosial mediada səslərini çıxarmaqla kifayətlənirlər.

Çin artıq öz vətəndaşlarını idarədə saxlamaq üçün nə edəcəyini bilmir. Sosial kredit sistemi insanlarla texnologiya arasında müharibəyə səbəb olur. VPN işlətməyən Çinli yoxdur artıq, bütün dünya isə öz serverlərini onlar üçün VPN-ə çevirib. İnsanlar güzgülərdən istifadə edir, nanotexnologiya ilə təchiz olunmuş boyalardan üzlərinə vururlar ki, kameralar onları tanımasın. Xaricdə təhsil alıb öz ölkəsinə geri qayıdanlar əllərindən gələni ediblər, yeganə istəkləri öz övladları üçün yaşanıla biləcək bir ölkə qurmaqdır. Belə bir vaxtda isə, Çin rəhbərinin vəziyyəti pisləşib, kommunist partiyası artıq növbəti lideri seçmək üçün səsverməyə başlayıb, namizədlər arasında nifaq son səviyyədədir.

 

Rusiya hələ də eyni hakimiyyət altında yaşayır, dünyanın neftdən, qazdan imtina etməsi rus hakimiyyətini uzaq sibirin dizlərinə salıb. Artıq Ural dağlarından daha çox istifadə etməyə başlayıblar. Sibir platformasının bütün resursları çıxarılır, insanların kiçik bir hissəsi etiraz edir, qalanları isə evlərinə yemək gedəcək deyə bu vəhşiliyi dəstəkləyirlər. İnsandı da, nə deyəsən, evinə yemək getmir, acından ölürsə, gəlib təbiət düşünəcək? Oliqarxlar isə tamamilə azğınlaşıblar, rüşvətsiz dövlət idarəsinin qapısından keçmək belə mümkün deyil.

Mədəniyyətin də, ədalətin də son qalası olan avropa. İnsanlar necə də xoşbəxtdir, yoxsa deyillər? Almaniya kansleri artıq vəzifəsindən getmək istəyir, avropanın isə kanslerə ehtiyacı var, insanların ona ehtiyac duyduğu üçün kansler istirahət edə bilmir. Öz şəxsi nüfuzu ilə bir qitəni ayaqda tutan biri necə dincəlsin axı? Yavaş-yavaş isə o, öz gedişinin sonrasında avropanının davamlılığını qorumaq üçün hazırlıqlar görür. Sosial proqramlar, təbiətə ayrılan diqqət, alternativ enerji üsullarına iqtisadi dəstək, beyin axınını qitəyə yönəltmək, nə istəsən var. Bu gedişlə avropa dünyanın mərkəzinə çevriləcək sanki, bir daha.

Növbəti ildə ideoloji mübarizələr artmağa başlayır. Amerika hegemonluğunu qorumaqda çətinlik çəkir, içdən çökməyə başlayır. Çin dünya lideri olur, ancaq resurslarını öz daxilinə ayırmalıdır, hegemonluğu qoruyacaq, dünya lideri kimi çıxış edəcək gücü yoxdur. Türkiyədə qan gölünə dönüb, terroristlər vəziyyətdən çox gözəl istifadə edirlər. Müharibə hələ uzun illər davam edəcək, bütün dünyaya zərər verəcək. Rusiyada insanlar üsyana qalxıb, artıq polislər qartopunun deyil, molotov kokteylinin hədəfidir. Avropa həm özünü xaricdən qorumağa, həm də xaosdan maksimal fayda əldə etməyə çalışır, insanları isə “ikinci dəmir kanslər” ideyasına daha da bağlanırlar.

İl 2030

Son 6 il çox təhlükəli idi, dünya artıq öz arasında iki qütbə bölünüb, özlərinə tərəf seçməyənlər sağ qala bilmirlər. Hindistan çox çalışdı, ancaq tərəfsizliyini qoruya bilmədi, radikallar orda da hakimiyyəti ələ keçirib. Pakistan Banqladeşi yenidən öz nüfuzuna alıb, Hindistandakı müsəlmanlara isə ciddi dəstək verir, elə radikallar buna görə hakimiyyəti ələ keçirə bilib.

Çin qırmızının adətlərini izlədi, 100 milyon insan edam edildi, geri qalanları isə tamamilə istəkdən düşüb, ölkə nüfuzuna çox ciddi zərər vursa da, onlara qarşı çıxacaq bir Amerika yox idi. Çünki Amerika da öz problemləri ilə məşğul idi həmin 7 ildə. Bu dəfə radikallar daha böyük izdihamla yürüş keçirdilər, ordunu işə qatmaqdan çəkinən hakimiyyətin ən sevdiyi sözlər “ifadə azadlığı” idi. Tarix Nevilldən ikinci dəfə səssizliyə şahid oldu. Nəticədə sosial qanunlar tələb edənlərlə radikallar arasında ikinci vətəndaş müharibəsi gedir. Türkiyə və Rusiya eyni talehi bölüşürlər, bir-birinə müttəfiq olub insanları itaətdə saxlamağa çalışırlar, ancaq insanlar sonda qalib gəlir. Əlbəttə ki, bu qələbədə Avropanın rolunu danmaq, axmaqlıq olardı. Almaniya kansleri vəfat etdikdən sonra Fransanın lider mövqeyə keçəcəyi düşünülürdü, ancaq İngilis amilini heç kim nəzərə almamışdı. İngiltərə ən çox ehtiyac duyulan vaxt avropanın köməyinə çatmışdı, baş nazir olaraq hakimiyyətə gələn kraliçanın nəvəsi öz ölkəsindəki nüfuzunu artırdı, kral ailəsi ilə xalqı barışdırdı və avropa birliyinə yenidən qoşuldu, həm də lider olaraq. Almanlar onsuz da özlərinə “ikinci dəmir kansler” axtarırdılar, bu profilə uyğun birinin milliyəti isə onlara maraqlı deyildi.

İkinci dəmir kansler dünyaya əsl diplomatiya dərsi keçdi, Amerikanı da, Çini də özünə müttəfiq edə bildi, ikisinin də resurslarını sömürdü, böyüdü. Əvvəl Amerika ilə dünya liderliyini bölüşdü, daha sonra Çinlə, sonda liderə hakimə çevrildi.

Dünya liderinin Amerika və ya Çin kimi ideoloji sabiti yox idi, dəmir kraliçanın hər zaman işlətdiyi bir söz var idi: Öncə Avropa, öncə Avropalılar!

Avropanın yaxşılığı üçün liberallarla da əməkdaşlıq edildi, sosialistlərlə də, liberallara da xəyanət edildi, sosialistlərə də. Avropaist siyasət öz bəhrəsini verirdi, avropalılar sanki birinci dünya müharibəsindən əvvəlki dövrü yaşayırdılar, hər kəs oraya can atırdı, dünya resursları yenidən Avropada idi. İnsanlar üçün sosial proqramlar təşkil edilir, Ümumi Minimal Gəlir (Universal Basic Income) hamıya verilirdi. İnsanlar ideologiyalardan uzaq idi, ən yaxşı həyatı onlara nə təklif edirdisə, ona da qaçırdılar. Kapitalist kimi biznes qurur, sosialist kimi təhsil və səhiyyədən faydalanır, liberal kimi fikirlərini ifadə edir, konservat kimi adətlərə sadiq qalırdılar. Yer üzündə cənnəti yaşayırdılar.

Ancaq hekayə burda bitmir, hələ qarşıda neçə il var…

Çin və Amerika əməkdaşlığa başlayıblar, Avropa hegemonluğu onların heç biri üçün uyğun deyil. Bax beləcə, dünya Avropanın müdafiə etdiyi öncə insanlar, öncə insanlıq, öncə Avropa ideologiyası və Çinlə Amerikanın müdafiə etdiyi əks cəhbəyə bölünüb. Dəhşətli günlər, qiyamət günləri yaxınlaşır.

Paylaş:

533
0