Kərim Kərimli
28 Aprel 2022, 10:11İdmançılar niyə müəllimlərdən çox qazanır?
2017-ci ildə keçirilən İslam Həmrəylik oyunlarında idmançılarımız birinci yer üçün 150 min, ikinci yer üçün 80 min, üçüncü yer üçün 50 min manat məbləğində pul mükafatına layiq görülmüşdür. Digər Olimpiya oyunlarında yer tutmuş idmançılarımızın mükafatları da bundan çox olar, amma az olmaz. Bu faktdır ki, idmançılar müəllimlərdən kifayət qədər çox qazanır və məhz bu səbəbdən bu mövzu ara-sıra sosial şəbəkələrdə gündəm olur. Bəs necə olur ki, idmançılarımız müəllimlərimizdən dəfələrlə çox qazana bilir?
Gəlin, əvvəlcə idmançı və müəllim deyəndə kimlərin nəzərdə tutulduğunu aydınlaşdıraq. İdmançı deyəndə bura idmanla məşğul olan hər kəs deyil, yalnız peşəkarlar aid edilir. Peşəkar idmançı fərdi və ya hansısa komandanın tərkibində (müqavilə əsasında) fəaliyyət göstərir və öz performansı qarşılığında müəyyən məvacib qazanır. Müəllim dedikdə isə təhsil-peşə sahəsində çalışan bütün işçilər nəzərdə tutulur və bura universitetdə dərs deyən müəllimlər də daxildir, kitabxanada nəzarətçi işləyənlər də.
Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda təhsil-peşə sahəsində çalışanların aylıq orta əmək haqqısı təxmini olaraq 600-700 arasında dəyişir. Bu da illik 8 min civarında vəsait edir. İdmançıların mükafatlarından dəfələrlə az. İndi isə bunun səbəblərini sizi rəqəmlərlə yormadan, ən sadə dildə açıqlamağa çalışacam.
Gəlirlər arasındakı kəskin fərqin 3 əsas səbəbi var:
- Ümumi sistem gəlirləri arasındakı fərq
- Əmək bazarındakı tələb-təklif nisbəti
- Beynəlxalq Arenaya İnteqrasiya
Ümumi sistem gəlirləri arasındakı fərq
Bildiyimiz kimi təhsil və idman özləri ayrı-ayrılıqda bir növ biznes sayılırlar (idman ayrıca biznes sahəsi olmasa da, əyləncə sektorunun tərkib hissəsidir). Hər bir biznesdə olduğu kimi bu sahələrdə də biznes sahibləri öz bizneslərinin daim gəlirli olmasına çalışırlar. İdmançıların müəllimlərdən daha çox qazanmasının səbəblərindən birincisi idman sferasında ümumi sistem gəlirlərinin təhsil sferasına nisbətən daha çox olmasıdır. Ümumi sistem gəlirlərinin çox olması imkan verir ki, həmin sistem iştirakçıları da daha çox qazansınlar.
Məsələn, universitetlərin büdcəsi, əsasən, təhsil haqlarından toplanan vəsait hesabına formalaşır. Amma futbol klubları həm yayım haqlarından, həm sponsorlarından, həm bilet satışından, həm forma satışından, həm müqavilə əsasında icarəyə verilən futbolçulardan, həm də digər mənbələrdən gəlir əldə edə bilir. Bu da öz növbəsində imkan verir ki, bir futbol klubu öz oyunçusuna universitetin müəllimə verdiyindən daha çox maaş versin.
Əmək bazarındakı tələb-təklif nisbəti
İdmançıların nisbətən daha çox qazanmasının digər səbəbi isə əmək bazarında müəllimlərin sayının idmançıların sayına nisbətən daha çox olmasıdır. Bu da ümumi sistem gəlirlərinin daha çox iştirakçı arasında bölünməsinə səbəb olur və nəticədə hər iştirakçıya düşən vəsaitin miqdarı azalır. Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə təhsil-peşə sahəsində 250 min civarında şəxs çalışır (özəl sektor nəzərə alınmadan). Yenə Statistika Komitəsinin məlumatına görə, 2021-ci il üçün dövlət büdcə xərcləri 29 milyarda yaxın olmuşdu. Əgər biz 2021-ci ildə ordu quruculuğu, səhiyyə, kənd təsərrüfatı və başqa digər məsələlərə heç bir vəsait ayırmadan bütün büdcə xərclərinin hamısını bir istiqamətə - müəllimlərin maaşının artırılmasına yönəltsək, müəllimlərin illik ortalama gəlirləri 8 mindən 116 minə manata qalxar. 116 min - Rafael Ağayevin Tokio 2020 Yay Olimpiya oyunlarında ikinci yeri tutduğuna görə aldığı mükafatın (300 min) üçdə birindən bir az çox.
Beynəlxalq Arenaya İnteqrasiya
Azərbaycanlı bir müəllimin eyni vaxtda həm ölkədəki təhsil müəssisələrinin birində, həm də xaricdə işləməsi nəzəri olaraq mümkün olsa da, heç də real səslənmir. Demək ki, ölkəmizdə təhsil-peşə sahəsində çalışan işçilər yalnız Azərbaycan Respublikasının daxili iqtisadi vəziyyətinə uyğun olaraq gəlir əldə edə bilirlər. Məsələn, özəl kursda coğrafiya fənni tədris edən bir müəllimin gəlirinə sözsüz ki, ölkədəki ümumi iqtisadi vəziyyət və rəqabət mühiti təsir edir. Yəni, həmin müəllimin gəliri öz savad və təcrübəsi ilə yanaşı ölkədaxili iqtisadi göstəricilərdən də (işsizlik faizi, gəlirlilik səviyyəsi və s.) bir növ asılıdır. Amma idman arenasında bu vəziyyət bir az fərqlidir. İdmançılar daha rahat dünyaya açılırlar, beynəlxalq turnirlərdə iştirak edə bilirlər. Beynəlxalq yarış təşkilatçıları idmançıların mükafatlarını təyin edərkən, idmançıların təmsil etdiyi ölkənin iqtisadi göstəriciləri heç bir rol oynamır.
Məsələn, 2019-cu ildə Şahmat üzrə Dünya Kuboku turnirində iştirak edən istənilən şahmatçı bircə oyun rəqibini məğlub edib 10 min manat qazana bilir. Belə ki, ilk oyun qalib gələn şahmatçı 1/64 final mərhələsinə yüksəlir və bu mərhələyə yüksələn idmançıların mükafatı turnir təşkilatçıları tərəfindən 10 min manat olaraq təyin olunub. Amma həmin o 10 min manatı ortalama maaşla işləyən müəllim ən yaxşı halda 15 aya qazana bilir.
Hə, əslində o qədər qəliz deyilmiş. Yuxarıdakı səbəblərə görə idmançılar daha çox qazana bilir. Könül istərdi ki, müəllimlər də ən azı idmançılar qədər qazansın. Çünki müəllimlik məsuliyyətli peşədir, onlar ən qiymətli kapital olan insanla işləyirlər. Amma bu iqtisadi reallığı dəyişmək əlimizdə deyil, hətta bütün dövlət büdcəsini bunun üçün xərcləsək də. Lakin, bu qeyri-bərabərsizliyi nisbətən yumşaltmaq da yenə dövlətin əlindədir. (bax: proqressiv vergi sistemi)
Ilaha Shafiyeva
28 Aprel 2022, 12:12Yanaşma tərziniz həqiqətləri əks etdirir. Istifadə etdiyiniz statistik göstəricilər isə mövzu haqqında daha ətraflı fikir sahibi olmağa kömək edir.
Vasif Aliyev
28 Aprel 2022, 21:55“agree” edirem yazici ile. Umumiyyetle, ushagalrin coxusu ushag vaxtinnan idmanla meshqul olur ve meshqul oldugu idmani tehsilden cox vaxti daha ustun gorur. Niye? Cunki daha maraglidir. Gorduyum, eshitdiyime gore, ushaglar dersde bele idman haqqda danishirlar, dunenki futbol “match”-indan, yarishlardan ve saire ehval-ruhuyyeni qaldiram meselelerden. Belkede sadece bizim olkede tehsil berbad gunundedir. Bu haqqda cox etrafli danishmaq olar, hetta eminem ki, bugun butun dunyada en vacib meselelerden birisidir. Deyishmek vaxtidir.
Məhəmməd Abdullayev
28 Aprel 2022, 21:58Cıxış yolu müəllimlərin sayını azaldıb (savadı kifayət qədər olmuyanları,yaşı həddindən artığ olanları) Yüksək maaş az kadrla keyfiyyətli təhsil və məqsədə uyğun təhsil verməkdir
Nicat Hüseynov
28 Aprel 2022, 22:00“Çünki müəllimlik məsuliyyətli peşədir, onlar ən qiymətli kapital olan insanla işləyirlər” Bu cümlə bütün məqalədən daha böyük şeyləri ifadə edir. Çox maraqlı və səmimi yazılıb, belə realist yazılara bu cəmiyyətin çox ehtiyacı var.
Nicat Hüseynov
28 Aprel 2022, 22:00“Çünki müəllimlik məsuliyyətli peşədir, onlar ən qiymətli kapital olan insanla işləyirlər” Bu cümlə bütün məqalədən daha böyük şeyləri ifadə edir. Çox maraqlı və səmimi yazılıb, belə realist yazılara bu cəmiyyətin çox ehtiyacı var.
Salman Salmanzadə
28 Aprel 2022, 22:10Sizinlə tamamilə raziyam,indiki zəmanədə bele mövzülara toxunmaq çox vacibdi,əllərivizə sağlig
Joshgun Jafarli
28 Aprel 2022, 22:11Ümumi olaraq fikirlərlə razıyam, əlavə olaraq qeyd etmək istəyirəm ki, təhsilin daha proqressiv, inkişafa meyilli və sözün əsl mənasında gəlirli olması üçün özəlləşdirilməsi lazımdır. Belə olduğu halda həm rəqabət yaranacaq və nəticə etibarilə inkişaf hiss ediləcək. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bugün ölkə reallığında universitetlərə qəbul imtahanları daha sonra bazarda kadrlar arası balansı pozur. Çünki, bugün insanlar arasında sorğu aparılsa, çox az sayda adam müəllim olmaq istədiyini bildirəcək, səbəbi sadədir, çox da gəlirli peşə deyil. Lakin, qəbul imtahanında az bal toplayan şagirdlər ən azından diplomum olsun deyə aşağı balla qəbul olması mümkün olan müəllimlik ixtisasını seçir, məcburi şəkildə o pesəyə yiyələnir, son olaraq isə bu peşənin inkişafı üçün nəsə etməyə niyyətli olmur. Yekun olaraq, bu problemin həlli olaraq təhsili özəlləşdirilməsini və müəllimlik ixtisası üçün qəbul ballarının qaldırılmasını vacib hesab edirəm.
August Octavian
28 Aprel 2022, 22:17Bir dənə qüsurlu fikir görmədim, məqalə yaradici təffəkürün məhsuludu
Akif Ahmadli
28 Aprel 2022, 22:37Qeyd olunanları birbaşa 'acı reallıq' adlandırmaq olar fikrimcə.Müəllimlik peşəsi çox müqəddəs bir peşədir ancaq təəsüfki müasir dövrdə ölkəmizdə müəllimlik peşəsinə verilən dəyər layiq olduğundan aşağı səviyədədir. Düşünürəmki dövlət müəllimlərə göstərilən dəyəri daha da artırmalıdır en azından idmançılarla müəllimlər arasımdakı qazanc fərqinə fikir verib müəyyən ixtisarlar aparmaqla belə əməkhaqqıları artırmalıdır.Bu eyni zamanda müəllimlərin işini daha da həvəslə və istəklə aparması üçündə nisbətən vacibdir.Əmək Bazarındakı tələb-təklif nisbəti isə bizə çoxşeyi anlamağa kömək edir.Yazılan hərbir söz çox dəyərlidir gözəl məqalə üçün təşəkkürlər.
Çərkəz Cəfərli
28 Aprel 2022, 23:02Zənnimcə səbəb, idmançıların “gəlir qazanmaq” fürsətinin çox az olduğuna görədir. Sadəcə bizim idmançılar digər ölkələrə nisbətən az sayda, lakin işlərində peşəkar olduqları üçün tez-tez qızıl, ən azından bürünc medalla qayıdırlar və idman Azərbaycanda varlanmaq üçün bir vasitəyə çevrilir. Amma həddsiz ölkə işdirakçıları arasından ilk üçə girə bilmək asan iş deyil deyə, illərlə çəkdikləri əziyyəti bəlkə də heç zaman qazana bilməyib, müəllimlərdən də ağır vəziyyətdə yaşayanlar var. İndi hər ay 600-700 qazanmaqla, ömründə bir dəfə 50 000 qazanmaq arasındakı fərq məncə sağlamlıq təhlükəsini nəzərə alanda elə də fenomen hadisə deyil.
Emil Alizade
28 Aprel 2022, 23:12Cəmiyyətimiz tərəfindən birmənalı şəkildə qarşılanmayan mövzuya toxunulub məqalədə. Ümumilikdə informativ xarakter daşıyan bu fikirlər obyektivliklə yazıldığına görə çox bəyəndim! Zənnimcə, bu mövzuda olduğu kimi hər bir yanaşmanı statistikalar və neytral mövqey ilə analiz etmək lazımdır. Hər birimiz üçün müəllimlərin əmək haqqı artımı daha maraqlı olardı, lakin, təssüf ki, sadalanan səbəblərdən dolayı (əmək bazarı, işçi qüvvəsi, tələbat və orta-statistik yaşayış şərtləri) bunu görmək mümkün deyil. İdmançılarımıza uğurlar, müəllimlərimizə isə zehin açıqlığı arzuluyuram. Aydın məqaləyə görə müəllifə təşəkkürlər! Cəmiyyətin belə maarifləndirici informasiyaya ehtiyyacı var.
Anar Qurbanlı
28 Aprel 2022, 23:33Yazıcının yanaşma tərzini bəyəndim. Müəllimlik peşəsi bəsit görünsədə gələcəyin mütəxəssislərinin təməlini qoyur. Sadəcə idmana maraq daha böyükdür uşaqlar arasında. Dəyərli məqalə idi.
Nərgiz Ramazanova
28 Aprel 2022, 23:37Problemi və səbəblərini çox gözəl və detallı vurğulamısız. Sadəcə əlavə etmək istəyirəm ki, vətandaşlardanda çox şey asılıdı. Təhsilə, müəllimə, kitaba verilməyən pul futbol maçına verilir və bu çox üzücü haldi. Avropa ölkələrindən örnək götürüb təhsil sistemini özəllişdirməyin zamanı gəlib və keçir. Sistem artıq müasir iş cəmiyyətin tələblərini qarşılamır. Nəticədə işsizlik və iqtisadiyyətə zərər. Bunların hamısı məhz təhsilin kökündə duranlardan asılıdı, o da müəllimlərdir. Bu qədər maraqlı və detallı məqalə üçün təşəkkürlər!
İsmayılzadə Həsənağa
29 Aprel 2022, 0:19Çox adama maraqlı olam mövzunu işıqlandırmısınız. Bu cür mövzunu araşdırıb aydınlaşdırdığınız üçün təşəkkürlər :)
Elmir Kazımzadə
29 Aprel 2022, 0:28Ümumiyyətlə ölkəmizdə təəssüf ki təhsilə diqqət azdır. Valideynlər müəllimlərə çox böyük hörmət və rəğbət bəsləsələr də əksəriyyəti övladlarının müəllim olmasını istəmir sırf bu qazanca görə. Ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına giriş balları o qədər aşağıdır ki insan istər-istəməz düşünür ki niyə belə aşağı ballardır. Bir tərəfdən də bu düşüncə belə yaranıb ki girişi yüksək olan ixtisaslar çox gəlir gətirir. Sadəcə millət olaraq dövlət olaraq təhsildə və düşüncələrdə bəzi şeylər dəyişsə düşünürəm ki daha yaxşı olacaq. Müəllimlik çox məsuliyyətli çox şərəfli peşədir. Universitetlərdə olan müəllimlik ixtisaslarının balı kifayət qədər yüksək olsa hər universitet oxumaq istəyən 200 250 300 bal yığıb "müəllim" olmaz. Diqqətinizə çatdırım ki mən demirəm ki aşağı bal yığanlar zəif uşaqlardır. İdmançılarımıza kifayət qədər dəyər verilir. Müəllimlərimizə də bu dəyər veriləcək inşəAllah
Yagub Gulizada
29 Aprel 2022, 2:28Maraglı mövzu idi, əllərinə sağlıg👍🏻
Nərgiz Həsənova
29 Aprel 2022, 10:59Məleykə Heydərova
29 Aprel 2022, 21:05Əsasən bu məqalədə vurğulananların hamısı tam həqiqətdir. Müəllifə təşəkkür etmək istəyirəm ki, belə zahirən məlum, lakin eyni zamanda insanların görməzlikdən gəldiyi belə faktlara toxunub. Bundan əlavə , nə qədər ki, bəşəriyyət var və insanlar təhsilin, savadlı müəllimlərin əhəmiyyətini layiqincə qiymətləndirə bilmirlər, bu problemlər həmişə mövcud olacaq. Ümid edirəm ki, müəllifimiz kimi insanlar bu cür mövzuları işıqlandıraraq, ölkəmizdə və dünyada nə qədər mühüm problemlərin mövcud olduğunu çatdıra biləcəklər!
Arzu Kəlbiyeva
29 Aprel 2022, 21:44Qeyd olunan fikirlərlə razıyam.Müəllimlik müqəddəs peşədir,insanların seçdiyi peşədən asıllı olmayaraq, seçdikləri sənəti müəllimlərdən öyrənirlər.Müəllim gənc nəslin tərbiyə olunmasında,gələcək həyata hazırlanmasında böyük rol oynayır.Müəllimlik peşəsi hər zaman diqqət mərkəzində olmalıdır.Maraqlı məqalə üçün müəllifə təşəkkür edirəm!
Sonuncu Samuray
30 Aprel 2022, 23:11kifayət qədər maraqlı point'lərə toxunulub, lakin.. həll yolu lazımdır, ən qısa zaman intervalında
Nizami Ahmadov
2 May 2022, 0:40Super faydalı məqalədir, ümid edirəm çox insana çatar. 3 qeyd olunan səbəbdədə haqlılıq payı çoxdur. Lakin, tələb məsələsi müəllim ölkənin gələcəyinə ən çox təsir edən faktordur lakin ölkəmizdə idmançı qədər nə tələb nə də qayğı görmürəm.
Nizami Ahmadov
2 May 2022, 0:46Əlavə olaraq isə, mənim şəxsi fikrimə əsasən əgər bir sahədə yetərincə bilik və bacarigimiz varsa digər faktorlar həll oluna bilər.Azərbaycanda, ortalama maaşdan 100 qat daha cox qazanan müəllimlər var ama təbiki dövlət dərəcəsində qayğı olmadıqda bu umumi statistikada belə rəqəmlərə gəlib çıxardır.