Sabir Eldar
9 Yanvar 2022, 23:22Hüquqyaratma

Hüquq dediyimiz anlayış heç bir zaman siyasi sistemin əsas elementi sayılan dövlətdən kənar şəkildə inkişaf etmir. Biz bu iki anlayışa nəzər salarkən onların bir-biri ilə qarşılıqlı əlaqəsini çox açıq şəkildə görə bilirik. Qarşılıqlı əlaqə dialektik materializmin əsas tərkib ünsürü olduğu kimi, eyni zamanda bu iki ünsür bir-birindən ayrılıqda da araşdırıla bilər. Yəni hüquq və dövlət bir-biri ilə qarşılıqlı əlaqədə olan və eyni zamanda ayrılıqda da nəzərdən keçirə biləcəyimiz, öyrənə biləcəyimiz bir sistem tandemidir.
Bu komponentlər araşdırılarkən bizim əsas diqqət yetirəcəyimiz məqam onların qarşılıqlı təsiri zamanı öyrənilməsindən ibarətdir. Məsələ ondan ibarətdir ki, siyasi sistemin ən böyük ünsürü olan dövlət öz suverenliyini hüquq vasitəsilə həyata keçirir. Başqa sözlə desək, dövlət öz funksiya və məqsədlərini məhz hüququn vasitəsilə təmin edə bilir. Hüquq da öz növbəsində dövlət dəstəyini arxasına almalıdır. Səbəb çox sadədir. Əgər hüquqpozuntusuna münasibətdə dövlət sanksiyası tətbiq olunmazsa, bunun doğuracağı nəticələr heç də qənaətbəxş sayılmayacaq. Sanksiyanın əsas məqsədində yatan elementlər elə məhz bunu özündə ehtiva edir. Şəxsi islah etmək və cəmiyyətə siqnal ( şəxsi və cəmiyyətin digər üzvlərini hüquqpozuntusundan çəkindirmə və hüquqa hörmətin aşılanması). Burada bir məqam diqqətə çatdırılmalıdır ki, dövlət hüquqmühafizəetmədə heç də ilkin variant olaraq sanksiyalaşdırmaya əl atmır, ən azından atmamalıdır. Bu, demokratik prinsipləri olan dövlət üçün öncəlik sayılmır. Əsas insan və vətəndaş hüquqlarına hörmət bəslənildiyi dövlətlərdə hüququ mühafizə edərkən ilkin olaraq inandırma tədbirlərindən istifadə olunur. Biz dünya praktikasında ilkin mərhələdə sanksiyalaşdırmaya “qaçan” dövlətlərdə heç də hüquqpozuntusunun aşağı olmadığının şahidi oluruq və bu cür təcrübələr sayəsində anlamaq olur ki, sanksiya yalnız ehtiyac yarandıqda tətbiq olunmalı dövlət tədbiridir.
Hüquqyaratma yuxarıda qeyd etdiyimiz kimi dövlətin suveren hakimiyyəti üçün öncəlikdir. Dövlət çox zaman hüququ norma şəklinə salaraq onu ictimailəşdirir. Norma hüququn baza elementi sayıla bilər və bəzi ədəbiyyatlarda da sırf bu cür təsvir olunub. Biz norma dedikdə təqdim olunan davranış qaydasını, davranış modelini başa düşürük. Gündəlik olaraq sosial münasibətlər daxilində bir sıra
normalar bizim qarşımıza çıxsa da, bunlardan daha vacibi hüquq normasıdır. Hüquq norması dövlət tərəfindən yaranan, dövlət tərəfindən tətbiq olunan və ehtiyac yarandıqda dövlət qoruması altına girən bir ünsür elementidir. Digər normalara nisbətdə isə daha (nisbi) sabitdir. Bu hal isə cəmiyyətdə hüquq qaydasına qarşı hörməti təmin etmək üçün nəzərdə tutulub.
Biz burada hüquqyaratmanı sırf prosessual prosedur kimi deyil, daha çox nəzəri və maddi məzmunda açıqlamağa çalışaraq onun məzmun mahiyyətinə enməyə cəhd göstərəcəyik. Bu səbəbdən də dövlət və hüququn qarşılıqlı əlaqəsini də təqdim etməyi özümüzə borc bilirik. “Hüquqyaratma” termini əslində bu iki məfhumun ərsəyə gətirdiyi anlayışdır. Yaradıcı – Dövlət, yaradılan – Hüquq. İlk növbədə “yaradıcı”nın praktikasına yönələk.
Dövlət cəmiyyətə, fərdlərə, sosial zümrələrə münasibətdə ali güc simvolu daşıyır. Buna səbəb olan bir çox hallar mövcuddur. Bariz misal kimi biz onun güc strukturuna malik olmasını göstərə bilərik, lakin daha da önəmlisi dövlət sadə dillə desək, hər kəsin davranış qaydasını tənzimləyən orqandır. Təbii ki bunu müəyyən prinsiplər daxilində edir, ancaq ümumi götürsək, onun səlahiyyətləri bir xeyli geniş təsbit olunur. Hüququn yaradıcısı olan dövlət eyni zamanda onu tətbiq edir, ehtiyac yarandığı təqdirdə onu mühafizə edir. Yuxarıda qeyd etdiyimiz “müəyyən prinsiplər” məsələsi hüququn ümumi prinsiplərinə (əsasən qanunçuluq, ədalətlilik, humanizm, demokratiya, qanun və məhkəmə qarşısında bərabərlik və s.) bir işarədir. Yəni dövlət hüququ yaradarkən bu meyarları göz ardı edə bilməz. Bu isə onun əslində hüquqla qarşılıqlı əlaqəsinin əyani göstəricisi kimi göstərilə bilər. Hüquq isə öz növbəsində dövləti loyallaşdıran, onu leqallaşdıran bir məfhumdur. Bu qarşılıqlı əlaqə bəzi tənqidçilərin gözündə hüququ sırf dövlətin öz iradəsini yeritmək üçün tətbiq etdiyi vasitə kimi canlandırsa da, dövlət və hüququn əlaqəsi bunun çox – çox ötəsində bir prosesdir. Əlbəttə, mən burada bu yazını yazarkən demokratik dövlət örnəyi üzərindən öz arqumentimi ifadə edirəm, çünki demokratik balansın qorunduğu ölkələrdə cəmiyyətin öz iradəsini dolayı yolla da olsa, hüquqyaratma prosesinə yeritməsi halı daha yayğın xarakter daşıyır. Praktikada həmin şəxslərin tənqidinin təsbit olunduğunun biz dəfələrlə şahidi olmuşuq. Yuxarıda qeyd etdiyimiz şəkildə dövlət necə ki hüquq vasitəsilə müxtəlif zümrələrin davranış modelini cızırsa, hüquq da öz növbəsində dövlətin həmin şəxslərə münasibətdə iradəsini nə dərəcədə tətbiq edəcəyini sərhəd olaraq müəyyənləşdirir, çünki dövlətin vəzifəsi şəxslərin hüququna, şəxslərin vəzifəsi isə dövlətin səlahiyyətinə uyğun gəlir.
Nəticə etibarilə hüquqyaratma heç də kiçik proses deyil və mən bu yazıda daha çox onu iki komponentin kontekstində açıqlamağa çalışmışam. Ümidvaram, qarşıya qoyduğum məqsədə az da olsa, nail oldum. Oxuduğunuz üçün təşəkkürlər...