Abdiyev Kənan

10 May 2022, 17:53

Hüquq - elm yoxsa sənət?

Hüquq nədir. Ümumiyyətlə hüquq elmdir? Yoxsa yeni inanc sistemi? Bəlkə bir mif? Maraqlıdır ki, bəşər tarixi boyu hüquqa müxtəlif və çoxsaylı anlayışlar verilmiş və hüququn mahiyyəti fərqli aspektlərdən müzakirə olunmuşdur. Lakin bununla belə mövcud heç bir anlayış hüququ bütövlükdə anlamağa və aydınlaşdırmağa kifayət etmir. Bunun üçün hüququn mahiyyətini və məğzini anlamaq, hüquq fəlsəfəsini və kökünü qavramaq lazımdır. Məqalələrimizdə mürəkkəb və anlaşılmayan ifadələrdən, o cümlədən lüzumsuz məlumat yığınından qaçınmağa çalışacağıq.

 

“Ubi societas, ibi ius” (Cəmiyyət olan yerdə hüquq var)

Bu Roman aforizmini daha yaxşı başa düşmək üçün təxəyyülümüzdən istifadə edək. Təsəvvür edin ki, böyük bir gəmi Atlantik Okeanda qəzaya uğrayıb. Gəmidə olan bütün insanlar həlak olub, bir nəfərdən başqa. Həmin şəxs təsadüf nəticəsində sağ qalıb, lakin huşunu itirmiş və dalğalar onu kimsəsiz adaya gətirmişdi. Yaxşı, bəs kimsəsiz adada bizim Sağqalanımıza təməl İnsan Hüquqlarını bilmək lazımdır? Ya Konstitutsiyanın 63-cü maddəsini? Yoxsa Müqavilə Azadlığı prinsipini?

Günlərin birində Sağqalan adada Hüquq məfhumu barədə xeyli düşünür və öz-özünə deyir: “Bunların hamısı cəfəngiyyatdır, mən belə miflərə inanmıram! Hüquq bizi insanlardan, bəzən özümüzdən qorumaq üçün vasitədir. Burada cəmiyyət yoxdur, mənə hüquq lazım deyil”. Hüquqi nihilist böhranda olan Sağqalan bir gün qravitasiya haqqında düşünüb eyni şeyləri deyə bilməzdi. Ən uzaq ehtimalla, eksperiment etmək üçün adadakı sıldırım qayalardan özünü atardı və qravitasiya hadisəsinin mif olmadığını görərdi, təbii ki, düşəndən sonra sağ qalardısa. Sağqalan daha bir həqiqətin fərqinə vardı ki, təbiət və dəqiq elmlərin müəyyənləşdirdiyi qaydalar sabitdir və onlardan öz istəyimizə görə kənara çıxmaq olmaz.  Real elm sayılan təbiət və dəqiq elmlərin bu əsas xüsusiyyətləri nə dərəcədə Hüquqa aiddir?

Amerika hüquq dairələrində müasir inanc budur ki, hüquq keçmişdə nə olmasına baxmayaraq, indi sosial elm statusuna malikdir. Bu irəli sürülməsi əsaslandırılmasından daha asan olan bir fərziyyədir və bu məsələ ilə bağlı artan təkidləri nəzərə alaraq indi bunun maddi təmələ malik olub olmamasını sorğulamaq daha uyğundur. - Huntington Cairns

Real elm ölçülə bilən məlumatlar, müşahidə və təcrübə ilə müəyyən edilə bilən faktlar və bioloji proseslər, təkrarlana bilən, universal və səhv çıxarıla bilən(“falsifiable”) nəticələr haqqındadır. Karl Popperə görə elm tənqidi davranış sərgiləyərək problem çözmə fəaliyyətidir. Onun elmdəki problemlərə yanaşması rahibin günaha yanaşmasına bənzədilir: günahın mövcudluğunu qəbul etmədən günahlar yuyula bilməz. Elmin məqsədi həqiqətə çatmaqdır, baxmayaraq ki, onun nə vaxt tapıldığına tam əmin olmaq mümkün deyil. Elmi tərəqqi nəzəriyyələr təkzib olunduqda və yeniləri təklif olunduqda baş verir - bu yolla biz həqiqətə və ya həqiqətə bənzəyən səviyyəyə yaxınlaşırıq. Əlavə olaraq, Popper düşünürdü ki, hüquq elm yox, məntiqin uzantısıdır.

Bəzi təbiət və dəqiq elmlər üzrə alimlər, hətta sosial elmlər üzrə alimlər hüququ real elm hesab etmir. Onların fikrincə, hüquq fakültəsi tələbələrinə öyrədilən qanunlar, məhkəmə qərarları və məcəllələr elm deyil. Çünki həmin mənbələr empirik faktlardan ibarətdir və həmin faktların əksini sübut etmək(“falsify”) mümkün deyil.

Buna nisbətən Hüququn və onun sahələrinin nəzəriyyəsi real elmə daha yaxındır. Lakin Nəzəriyyənin özü də kənar baxışlar, siyasi idealogiyalar, dini görüşlər və ümumilikdə fərdin həyat fəlsəfəsinin təsirindən azad deyil. Bu isə hüququn daxilində çox saylı nəzəriyyə qollarının yaranmasına səbəb olur.(Məsələn; Təbii Hüquq məktəbi, Pozitiv Hüquq məktəbi, Hüquqi praqmatizm və s.) Bu nəzəriyyə qolları daim rəqabət içindədirlər, bu rəqabət onları daim inkişaf etdirir və nəticədə ümumi Hüquq Nəzəriyyəsi inkişaf edir.

Hüququn elm kimi “davranması” hüquqdan istifadə edən şəxsin fəaliyyəti ilə də bilavasitə əlaqəlidir. Məsələn, vəkil, hakim və hüquq üzrə fəlsəfə doktorunun fəaliyyətini fərqləndirək. Vəkil öz fəaliyyəti zamanı ərizə, etiraz və şikayət yazır, vəsatət qaldırır və məhkəmə çıxışı edir. Hakim fəaliyyəti dövründə məhkəmədə işlərə baxır, mübahisə edən tərəflərdən hansının haqlı olduğuna qərar verir və qətnamələr qəbul edir. Hüquq üzrə professor araşdırmalar edir, məqalələr yazır və yeni görüşlər ortaya qoyur. Hər üç peşə faəliyyəti hüquqi fəaliyyətdir, amma elmi olan sonuncudur.

Əgər hüquq bir elm deyilsə, universitet onu öyrətməkdən imtina etmək üçün öz ləyaqətindən istifadə etməlidir. Bir elm deyilsə, bu, bir sənət növüdür və ən yaxşı şəkildə təcrübəli bir kəsə şagirdlik etməklə öyrənilə bilər. -  Kristofer Lanqdell

Oxuduqlarınızı belə ümumiləşdirə bilərsiniz ki, müasir dövrdə hüququn elm olub-olmaması barəsində fundamental suallar mövcud olsa da, hüquq ümumilikdə elm kimi qəbul edilir. Hətta Amerikan və İngilis dərsliklərində hüquqa elmi status verilməsinin səbəbləri açıqlanmadan, “qeyri-dəqiq elm” olsa da, elm kimi qələmə verilir. Bu “qeyri-dəqiq elm”-in inkişafı üçün onun tarixi, nəzəriyyəsi və fəlsəfəsi üzərində dərin araşdırılmalar aparılmalı, gələcəkdəki rolu müzakirə olunmalıdır.

 

 

 

İstinadlar:

  1. John Ziman; Real Science: What it Is and What it Means
  2. Tita Chico; Science Fake and Real
  3. Austin Ruse; Fake Science: Exposing the Left's Skewed Statistics, Fuzzy Facts, and Dodgy Data
  4. Huntington Cairns; Philosophy of Science
  5. MC Roos; Is Law Science?
  6. Karl Popper; Objective Knowledge, 1972

Paylaş:

1590
15

Aydan Hüseynova

10 May 2022, 19:40

Hüquqa çox fərqli yanaşma və izah tərzi👏🏽 Bu tipli yazıların sayı çox olsun!


Səbinə Hüseynli

10 May 2022, 19:43

👏🏻👍🏻Maarifləndik.


Səbinə Hüseynli

10 May 2022, 19:43

👏🏻👍🏻Maarifləndik.


Aysel Məmmədli

10 May 2022, 19:45

Hüquqi gözüm-könlüm açıldı🤌🏻


Yunis Abdullayev

10 May 2022, 19:45

Hüququn bir elm yoxsa sənət olduğunu sorğulamaq, hüququn tənqidi yanaşmalarla bir elm olub-olmadığı barədə fikirlər məqaləyə bir ayrı gözəllik verib. İstinad mənbələrində Karl Popper-in olması məqalənin, sözün əsl mənasında keyfiyyətindən xəbər verir. Uğurlar


Hüseynli Əlisahib

10 May 2022, 20:22

👏🏻👏🏻👏🏻


Albina Fərhadova

10 May 2022, 20:30

Olduqca maraqlı və hər yaşdan insanların anlaya biləcəyi tərzdə aydın yazılıb. Bu cür məqalələrinin davamını səbirsizliklə gözləyəcəm 👍


Nəzrin Balayeva

10 May 2022, 20:38

Çox yaxşı nöqtələrə toxunmusunuz, əhsən!


Nurlan Dadaşov

10 May 2022, 20:51

Çox maraqlı və maarifləndirici məqalədir. Hüquqa fərqli aspektlərdən yanaşmısan. Əhsən!


Ülkər Abdiyeva

10 May 2022, 21:10

Çox maraqla oxudum👍Kənan,halal olsun👏🏻👏🏻👏🏻


Ramil

11 May 2022, 12:20

...Məsələn; Təbii Hüquq məktəbi, Pozitiv Hüquq məktəbi, Hüquqi praqmatizm və s. ... Xoşuma gəldi amma bu barədə daha geniş olsa oxumaq maraqlı olardı


11 May 2022, 19:55