Samir Sultanov
25 Aprel 2022, 21:30Dövlətin yaranma nəzəriyyələri

Siyasi həyatda insanların müxtəlif fəaliyyət formaları mövcud olub, öz növbəsində isə bu prosesləri müəyyən qaydaya salan institutlar olub. Dövlət də belə bir institut olaraq çıxış edir.
Dövlət cəmiyyəti inteqrasiya edən bir institut olaraq müəyyən bir ərazidə əhalinin birgə həyatını təşkil edir və orada müvafiq norma və qaydalara əsaslanaraq, nizam-intizam təmin edir.
Dövlətin formalaşması və inkişafının uzun tarixi bu institutun mənşəyini, onun fərqli xüsusiyyətlərini, sosial məqsədini və gələcək inkişaf perspektivlərini nəzəri cəhətdən izah etmək cəhdləri ilə müşayiət olunurdu. Bu hakimiyyət institutunun formalaşma yollarının mürəkkəbliyi və rəngarəngliyi, onun funksiyaları və təyinatı onun yaranma səbəblərinin izahında da öz əksini tapmışdır.
Dövlətin yaranması ilə bağlı geniş yayılmış nəzəriyyələrdən biri banisi qədim yunan filosofu Aristotel hesab edilən patriarxal nəzəriyyədir. Aristotelin təliminə görə dövlət təbii inkişafın məhsulu olmaqla ailənin yaranması və böyüməsi nəticəsində yaranır. Dövlətin formalaşması insanların qarşılıqlı ünsiyyətə olan təbii istəyinə əsaslanır. Belə ünsiyyət ona gətirib çıxarır ki, bir neçə ailədən kənd və ya tayfa, bütün kəndlərdən və ya tayfalardan dövlət yaranır.
Orta əsrlərdə dövlətin ilahi mənşəyi nəzəriyyəsi geniş yayılır və bu konsepsiyanın nümayəndələrinin fikrincə (Avreli Avqustin, Foma Akvinalı) dövlət müasir dünyada Allahın iradəsi ilə yaradılmış və mövcuddur, hüquq isə ilahi iradə hesab olunur. Dövlət hakimiyyətinin mahiyyəti belə başa düşülür, padşahı seçən və ona tiran olsa belə, yer üzünün hökmdarına itaət etməli olan təbəələrə münasibətdə mütləq səlahiyyətlər verən Allahdır. Kilsə institutunun maraqları ilə birləşdirilərək bu ideya “iki qılınc” nəzəriyyəsi ilə şərh edilir, yəni Tanrı tərəfindən verilmiş dünyəvi və dini hakimiyyət mərkəzlərinin müvcudluğu qəbul edilir və birinin dünyəvi, digərinin isə mənəvi sahədə səlahiyyətləri tanınır.
17-18-ci əsrlərdə H.Qrotsi, J.J.Russo, T.Hobbs, C.Lokk və başqalarının əsərlərində dövlətin yaranması haqqında ictimai müqavilə nəzəriyyəsi işlənmişdir. Bu nəzəriyyə hökmdarın ilahi hüququna əks olaraq xalq hakimiyyəti ideyasına, yəni xalqın dövlət suverenliyinin əsas mənbəyi kimi tanınmasına əsaslanır. İctimai müqavilə nəzəriyyəsi ən ümumi formada hökmdarların və təbəələrin bir-biri qarşısında müəyyən öhdəliklərinin olması fikrini təsdiq edirdi ki, bu da suveren xalqın dövlət yaratmaq və müəyyən səlahiyyətləri hökmdarlara ötürmək barədə razılığa gəldiyi bir vaxtda yaranmışdır.
Dövlətin və hüququn mənşəyi haqqında ictimai müqavilə nəzəriyyəsinin tərəfdarları belə bir tezisi müdafiə edirdilər ki, xalq nəinki ictimai müqavilə əsasında dövlət yaratmaq, həm də tiranlara müqavimət göstərmək, onu qorumaq üçün təbii ayrılmaz hüquqa malikdirlər.
Dövlətin yaranması haqda olan digər nəzriyyə isə bu prosesin zorakılıq xarakteri daşıdığını iddia edir. Zorakılıq nəzəriyyəsi dövlətin yaranmasının əsas səbəbinin cəmiyyətin sosial-iqtisadi inkişafında və təbəqələrin meydana çıxmasında deyil, bir qrupun başqalarına qarşı zorakılığında və əsarətə almasında görür. Beləliklə, minilliklər ərzində dövlətə sosial bəla kimi mənfi münasibətlə yanaşı, ona müqavimət göstərmək, hətta onu məhv etmək üçün etik əsaslandırma da formalaşmışdır. Zorakılıq nəzəriyyəsinin görkəmli nümayəndələri alman filosofu və iqtisadçısı E.Dürinq, avstriyalı sosioloq L.Qumploviç, tanınmış “marksizmin revizionisti” K.Kautski idi.
Marksist nəzəriyyənin dövlətin yaranması şərhində bu prosesin müəyyən ilkin şərtləri (ilk növbədə ictimai əmək bölgüsünün mövcudluğu, xüsusi mülkiyyətin və siniflərin yaranması) və bilavasitə səbəbləri (sinfi münasibətlərin barışmazlığı nəticəsində iqtisadi cəhətdən dominant sinif öz rəqiblərini məcbur etmək üçün bir alət kimi dövlət yaradır) göstərilir. Beləliklə, dövlət, əsasən, bir sinfin digər təbəqə üzərində hökmranlığını qoruyub saxlamaq və dəstəkləmək, habelə cəmiyyətin ayrılmaz bir orqanizm kimi mövcudluğunu və fəaliyyətini təmin etmək məqsədi ilə yaranmışdır.