Sabir Eldar
5 Yanvar 2022, 10:44Dövlətin pozitiv və neqativ öhdəlikləri

Hər bir fərd həyatı boyu saysız-hesabsız ictimai münasibətin iştirakçısına çevrilir. İctimai münasibətlər isə müxtəlif cür normalarla tənzimlənir. Norma davranış qaydasıdır. Cəmiyyətdə şəxslər arasında münasibətlərdə olan rəngarənglik özünü normaların təsnifatında da biruzə verir. İctimai münasibətləri tənzimləyən bir sıra normalar mövcuddur. Bunlara misal olaraq biz əxlaq, din, siyasi, adət, hüquq kimi norma qruplarını göstərə bilirik. Bütün normalar birlikdə normativ sistemi əmələ gətirir. Bu normaların hər birinin spesifik cəhətləri olsa da, nəticə etibarilə onlar ictimai münasibətləri tənzimləmə funksiyasını, öz təkamül prosesi çərçivəsində daha yaxşısını əldə etmək imkanını özündə ehtiva edir.
Bu normalar içərisində başlıca say iyerarxiyası siyasi normaların tərəfində olsa da, hüquq normaları digərlərindən müxtəlif spesifik xüsusiyyətlərinə görə fərqlənir. Bu fərqlilik ilk növbədə onun yazılı olmasında və dövlət gücü ilə qorunmasında özünü göstərir. Bu yazıda mən dövlətin obyektiv və subyektiv öhdəliklərini onun hüquq normayardıcılığı ilə əlaqələndirməyə çalışmışam.
Daha yaxşı anlaşılması üçün əxlaq normaları ilə hüquq normasının nisbətini vermək yerinə düşər. Cəmiyyətdə olan əxlaq qaydalarının hələ də işlək olmasının əsasən iki səbəbi var: Daxili inam və ictimai fikir. Bu sadaladıqlarımız hüquq qaydası üçün də müəyyən dərəcədə xarakterik olsa da, əsas xüsuiyyət hüquq normasını sistemin digər elementlərindən ayıran əsas müddəalardan biri kimi çıxış edir: Dövlət gücü.
Bəli, məhz dövlət gücü sayəsində hüquq normaları öz mötəbərliyini tam olaraq qoruma iqtidarındadır. Təbii ki, burada dövlət gücü deyəndə hər kəs ilk olaraq sanksiyalaşdırmanı fikirləşə bilər və bu fikrində də yanılmaz. Bu fikir doğru, lakin əskik qalar. Dövlət gücü dedikdə biz həmçinin insanlarda hüquqa, hüququn aliliyinə inam yaradılmasını başa düşməliyik. Dövlət gücü ilk olaraq sanksiyalaşdırmaya yox, inandırmağa meyilli olmalıdır və bu hal onun öz hüquqyaratma siyasətinə də sirayət etməlidir. Yalnız bu halda insanlarda hüquqa, onun aliliyinə, tənzimlədiyi ictimai münasibətlər toplusuna və dolayı yolla dövlət və cəmiyyətin digər fərdlərinə qarşı hörmət hissi formalaşar.
Yuxarıda da qeyd etdiyimiz kimi hüquq normaları dövlət tərəfindən birbaşa qorunur. Fərdlərin cəmiyyətdə öz fundamental hüquqlarını həyata keçirmələri isə dövlət müdaxiləsinin sərhədlərini müəyyənləşdirən əsas elementlərdən biri sayılır. Burada biz onu görürük ki, mənafelər toqquşa bilər. Bu toqquşmada hansı üstün sayılacaq?
Toqquşma və ziddiyyət 3-cü mənafe, yəni cəmiyyət mənafeyi əsas götürülərək həll edilməlidir. Burada hüquq digər sosial normalar kimi “daha ədalətli” qərarı üstün sayacaq. Hüququ tətbiq edən dövlət də bunu əsas götürərək öz mənafeyini cəmiyyət mənafeyi ilə eyniləşdirməlidir. Ortaya çıxan nəticələr isə təbii ki qanunçuluğun (hüququn ümumi prinsiplərindən) tələblərini nəzərə almaqla meydana gəlməlidir.
1950-ci il 4 noyabr tarixində Romada qəbul edilmiş İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya (Avropa Konvensiyası və ya AİHK) yalnız Avropada deyil, bütün dünyada insan hüquqlarının inkişaf etdirilməsi baxımından əldə edilmiş mühüm nailiyyət idi. Avropa Konvensiyası insan hüquqlarının bəyan olunduğu ilk beynəlxalq sənəd deyildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB) Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki il əvvəl, 1948-ci ilin dekabrında qəbul edilmişdir və AİHK-nın preambulası "Bəyannamədə təsbit olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda ilk addımların atılmasını" öz məqsədlərindən biri kimi qeyd etmişdir.
Bu konvensiya onu imzalayan dövlətlər üzərinə bir sıra öhdəliklər qoyur ki, bu öhdəliklərin icrası ümumməcburi xarakter daşıyır. Konvensiya dövlətlərə əsas insan hüquqlarına hörmət və eyni zamanda onların tətbiq olunması üçün münbit şərait yaradılması, lazım gələrsə, öz gücündən istifadə edərək məhdudlaşdırmalara getməməsini tələb kimi qoyur. Əgər dövlət burada müdaxilələrə gedərsə, bu müdaxilələr hüquqa uyğun olmalıdır.
Misal üçün biz ifadə azadlığı (Konvensiyanın 10-cu maddəsi) kontekstindən neqativ və pozitiv öhdəliklərə tam olaraq aydınlıq gətirə bilərik. Avropa Konvensiyası qeyd edir ki, ifadə azadlığı ilə bağlı dövlət öhdəliyi yalnız neqativ anlamda mövcud olmur. Neqativ öhdəlik dövlət müdaxiləsinin edilməməsini özündə ehtiva edir, lakin bəzi hallarda bunun tam əksinin də şahidi ola bilirik. İfadə azadlığı hüququ da həmçinin dövlətlərin üzərinə müəyyən məqamlarda bu hüququ qorumaq kimi pozitiv öhdəlik tətbiq edir. "Özgür Gündem" Türkiyəyə qarşı məhkəmə işində ərizəçi qəzetin məruz qaldığı ciddi hücum və təqiblər onun bağlanmasına gətirib çıxardı. Məhkəmə dövləti bəzi təqib əməllərinə görə birbaşa məsuliyyətə cəlb etmişdi. Həmçinin o, bəzi hallarda dövlətlərin ifadə azadlığını qorumaq kimi pozitiv öhdəliyinin olmasını qəbul edir və bəyan edir.
Məhkəmə ifadə azadlığının əsas əhəmiyyətini demokratiyanın funksionallığının şərtlərindən biri kimi xatırladır. Bu azadlığın düzgün, səmərəli həyata keçirilməsi yalnız dövlətin müdaxilə etməmək hüququndan asılı deyil və hətta fərdlərarası münasibətlər sahəsində pozitiv qoruma tədbirləri tələb edə bilər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. Razılığa gələn dövlətlərdə mövcud olan vəziyyətlərin müxtəlifliyini, müasir cəmiyyətlərin müdafiəsindəki çətinlikləri, eləcə də prioritetlər və mənbələr baxımından edilməli olan seçimləri nəzərə alsaq, bu öhdəliyin əhatə dairəsi mütləq şəkildə dəyişməlidir. Bu cür öhdəlik hakimiyyət orqanlarının üzərinə qeyri-mümkün və ya qeyri-münasib yükün qoyulması kimi şərh edilməməlidir.
Ümumi götürsək, fərdlər və dövlətlər arasında mənafe toqquşması halı dövlətin öhdəliklərini şərtləndirir. Təbii ki, Avropa Məhkəməsi burada dövlətlərin daxili icra və məhkəmə orqanı funksiyasını daşımaqdan çox uzaq bir yoldan çıxış edərək əsas insan hüquq və azadlıqlarının tətbiqi prosesində Konvensiyanın və bu kimi digər aktların düzgün icrası prosesinə rəhbərlik edir. Burada məqsəd dövlətlərin üzərinə şəxslərin xeyrinə əlavə, qanunsuz öhdəliklər qoymaq deyil, hüquqyaratma, hüquqtətbiqetmə və hüquq-mühafizə kimi funksiyaları olan ali orqan - dövlətin bu məsələləri qanunçuluğun tələbləri əsasında tətbiq etməsini təmin etməkdir.