Samir Sultanov
10 Yanvar 2022, 0:46Dövlət idarəetmə formaları

Dövlət idarəetmə formaları
Dövlətin təşkil olunması zamanı diqqət yetiriləsi əsas məqamlardan biri onun idarəetmə formasının necə olmasıdır.
İdarəetmə formaları haqda ən qədim və məşhur təsnifat Aristotel aid edilir. Aristotelə görə, hakimiyyətdə olanların qarşılarına qoyduqları məqsədlərdən və kimin idarəetməsindən asılı olaraq müxtəlif idarəetmə formaları var. O, idarəetmə formalarını nizamlı və nizamsız quruluşlara ayırırdı. Nizamlı quruluşlara monarxiya, aristokratiya və politiya aid edilirdi ki, burada idarəedən hər kəsin maraqları üçün çalışır. Nizamsız quruluşlara isə tiraniya, oliqarxiya və demokratiya aid edilir, bu zaman hakimiyyət öz maraqları üçün çalışır.
Dövlətin idarəetmə formasının xarakteristikası müəyyən məqamlara diqqət yetirməyi tələb edir:
- dövlət hakimiyyətinin ali orqanlarının strukturu (onların tərkibi, səlahiyyətləri, qarşılıqlı fəaliyyət prinsipləri);
- ali hakimiyyəti orqanlarının digər dövlət orqanları və əhali ilə münasibətlərinin xarakteri;
- ali orqanların formalaşması qaydası;
- onların formalaşmasında əhalinin iştirak dərəcəsi.
Müasir dünyada əsas iki idarəetmə forması müəyyən edilir: monarxiya və respublika.
Monarxiyalarda ali hakimiyyət bir nəfərin əlində cəmlənir və irsi olaraq nəsildən nəsilə keçir. Monarxiyaları əsasən üç növə ayırırlar:
- mütləq monarxiyalar, bu şəraitdə qanuna görə ali dövlət hakimiyyəti tam olaraq monarxın əlində cəmlənir və heç nə ilə məhdudlaşmır.
- konstitusiyalı və ya parlamentli monarxiya - dövlət başçısının (monarxın) səlahiyyətləri məhdudlaşır və daha çox formal xarakter daşıyır, icra hakimiyyəti konstitusiyaya uyğun olaraq monarxa deyil, parlament qarşısında cavabdeh olan hökumət tərəfindən həyata keçirilir, hökumət seçkilərdə qalib gələn partiyanın nümayəndələrindən formalaşır, parlamentdə ən çox yerə sahib olan partiyanın lideri dövlət başçısı olur, qanunlar parlament tərəfindən qəbul edilir və onların monarx tərəfindən imzalanması formal aktdır.
- dualistik monarxiya - dövlət hakimiyyətinin ali orqanlarının təşkili ikili xarakter daşıyır: monarx icra hakimiyyətini öz əlində cəmləşdirir, onun qarşısında cavabdeh olan hökuməti formalaşdırır, qanunvericilik hakimiyyəti isə parlamentə məxsus olur.
Respublikanın idarəetmə forması kimi xarakterik xüsusiyyətləri isə bunlardır:
- ali dövlət hakimiyyəti orqanlarının seçkililiyi və onların kollegial (kollektiv) xarakteri;
- seçilmiş dövlət başçısının olması;
- ali dövlət hakimiyyəti orqanlarının müəyyən edilmiş müddətə seçilməsi;
- dövlət hakimiyyətinin xalqın suverenliyindən alınması
- dövlət başçısının hüquqi məsuliyyəti.
Respublikanın idarəetmə forması kimi formalaşma tarixinə nəzər salsaq burada demokratik (Afina Demokratik Respublikası), aristokratik (Sparta, Roma), eyni zamanda öz hakimiyyətinin güclənməsi nəticəsində şəhər özünüidarəsindən dövlət suverenliyinə keçən feodal şəhər-respublikaları da görə bilərik (belə şəhər respublikaları İtaliyada Florensiya, Venesiya, Genuya, Rusiyada Velikiy Novqorod və Pskov).
Hal hazırda respublikaların əsas üç növü təsnif olunur:
- prezidetli respublika – dövlət başçısının və hökumət başçısının səlahiyyətlərini öz əlində birləşdirən dövlət orqanları sistemində prezidentin mühüm rolu ilə xarakterizə olunur. Hökumət birbaşa prezidentin özü tərəfindən formalaşdırılır və buraxılır, parlament isə hökumətə heç bir ciddi təsir göstərə bilməz - burada hakimiyyətin bölünməsi prinsipi ən dolğun şəkildə ortaya çıxır.
- parlamentli respublika – prezident dövlət başçısıdır, ancaq bu zaman parlamentin aliliyi prinsipi elan edilir, hökumət parlament tərəfində yaradılır və onun qarşısında cavabdeh olur.
- qarışıq respublikalar - özündə müxtəlif elementlərin birləşməsi ilə xarakterizə olunur, burada hakimiyyət institutları kimi real səlahiyyətlərə malik prezident, hökumət və parlament eyni vaxtda iştirak edir.