Cavidan Zeynalov

2 İyun 2022, 16:01

Dilin antropologiyası və incəsənətə dair

Dilin inkişafı kulturoloji aspektdən birbaşa mədəniyyətin təkamülü, yaxud da yaranması ilə bağlıdır. Dilin tam olaraq necə yaranması hələ ki elmə məlum deyil, fəqət bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələrə keçməzdən əvvəl arxeoloq və antropoloq Con Zerzanın “Gələcəkdəki ibtidai və digər esselər” (Future Primitive ve Other Essays) kitabındakı mövzunu ələ alaşını bu məqaləmizə qısaca interpretasiya etmək istəyirəm.

Kitabda dilin əslində təhlükəli olduğunu vurğulayır. Dilin hansı səbəblərlə ortaya çıxdığın və nə tip məna daşıdığın, nələrə sahib olduğunu da yenidən dəyərləndirir.

Mədəniyyətin formalaşması neolit çağına rast gəlir və bununla da oturaq həyata keçilir. Oturaq həyata keçilməklə birgə dildəki olan feillərin də sayı azalır və əşya adları artmağa başlayır, ən əsası isə hislərin də adları qoyulmağa başlanır. Bir hissi yaşamaq əvəzinə onu tarixə qovuşdurmağa çalışır insanlar, beləcə də sünilik yaranmağa başlayır. Yaranan bu süniliyi sonradan inkişaf edən incəsənətlə də uzlaşdırmaq olar. Hansı ki, sözlər qədər pafoslu olmasa da, özlüyündə ilkin dünyamızdan ayrılmağımızın yaratdığı olaylardan biridir bu da. Sözün etimologiyasına da nəzər salanda, incəsənətin bir çox dillərdə ilkin mənasında  “süni” olduğu görülməkdədir. Məsəl üçün fransızcada “art” sözünün kökü “artificiel”dan, ingilizcədə “art” sözünün kökü “artificial”dan, almancada “kunst” sözü “künstlich” kəliməsindən və Azərbaycan və Türk dilində isə “incəsənət” (yaxud “sanat”) sözünün kökündə ərəbcə kəlimə olan “suni” dayanmaqdadır.

Bundan da belə qənaətə gəlmək olar ki, dilə keçməklə daha ən başından özümüzü azadlığın olmadığı, süni bir dünyaya məhkum etmiş olduq. Dilin simvol olma ağırlığı (məsələn, homo sapiensin neolit çağına kimi olan dövrünə və ya neandertalların, yaxud hətta homo erektusun ibtidai dildən istifadə edilişində bu görülür) oturaq həyata keçidlə birgə ideologiya mərhələsinə keçir.

Dildəki üslubların yaranmasını da bu fikir diskussiyasından yaxınlaşaq. Üslub yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideya-bədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərin ümumiləşdirilmiş adıdır. Üslubun yaratdığı fərdilik dilin formalaşması ilə bağlı təbiətimizdən uzaqlaşmağımıza bir üsyanvari cavab idi. İndividuallıq xüsusi ilə romantizm dövdündə tüğyan etmişdir, lakin Antik Yunan sivilizasiyasından sonra ilk dəfə renessans dövründə insana verilən dəyərlə özünü büruzə vermişdir. Bu büruzəni hətta Dantenin vaxtınadək, protorenessans dövrünə kimi də geri çəkmək olar. Dante və Petrarka kimi italiyan hümanistləri və yazarları latın dilindən imtina edərək italiyanca yazmağa başlayırlar əsərlərini. Yaratdıqları yeni italyanca kəlimələr də, əslinə qalsa, xalq danışıq dili idi. Normal həyatlarında necə ki latınca danışmırlar, öz yazılarında da bunu göstərməyə başlamışdılar. Bənzər şeyləri sonradan Almaniyada Qrimm qardaşların işlərində rastlayırıq. İtaliyada isə intibahda, Cottonun freskalarında, Mozaççonun monumental işlərində, Leon Battista Albertinin, Lorenzo Qibertinin memarlıq layihələrində və Donatellonun heykəllərində...

Kassirer yazır: “İnsanın simvolik fəaliyyəti artdıqca fiziki gerçəkliyin kəmiyyət olaraq azaldığı anlaşılır”. Bu fikiri başqa cür ələ alsaq: Haydeqqerə görə mədəniyyət çox önəmli bir fenomeni unutmuşdur.

Bu fikirləri bir qədər aydınlaşdıraq: Mədəniyyət bir unutqanlıq olaraq deyil, çox vaxt bir xatırlayış olaraq dəyəndirilir. Bu münasibətə əsasən dil bilgi akkumulyasiyasının, məcmusunun irəlidəki nəsillərə transferini və başqalarının təcrübələrindən sanki o təcrübələr bizimmişcəsinə yararlanmağını təmin etməkdədir. Və çox güman ki, mədəniyyətin unutduğu şey də tam olaraq budur, yəni başqalarının təcrübələrini bizim öz təcrübələrimiz olmadığı və bu səbəbdən mədəniyyətin domestikasiyası, bir mədəniyyətləşdirmə periodunun təmsili olaraq baş verən saxta bir period olması gerçəyidir.

Mədəniyyətin bilgi transferi olmağı, yaxud bir saxta sosium yaratma dixotomiyası incəsənətdə ən açıq-aydın formada romantizm dövründə gözə çarpır. Romantizm əslində XVIII əsrdə Vinkelmanın Antik Yunan mədəniyyətinin yenidən tərifləndirməsi ilə ortaya çıxan neoklassizmin yaratdığı fikirlərinin hər yazıçı, rəssam, heykəltəraş və ümumən hər fərd tərəfindən götürülüb öz üslubu ilə yenidən ərsəyə gətirilməsidir. Vinkelman antik mədəniyyəti dəyərləndirir və oradakı idealları günümüz şərtləri altında öz çağına interpretasiya edir və iş daha da detallanır və XIX əsrdə kim gəldi öz aləminə daxil edir və öz aspektindən rəy bildirir dünyavi dəyərlərə. Ən sonda bunun nəticəsidir ki, bizi modernizmə, daha sonra post-modernizmə və post-truta gətirir...

Bu məqamda təcrübələrin nəsillərə ötürülməyinə dair bir haşiyə çıxaq:

Həm Zerzanın, həm Kassier və Haydeqqerin fikirləri bir qədər anarxist yönümlüdür. İndividuallıq və romantizm barədə yazılan hissələrdə ədəbiyyat siyahısında da görəcəyiniz Kamilla Paliyanın fikirləri də anarxitvari və aydınlanma fəlsəfəsinə qarşıdır. İnsanlıq tarixindəki bu gedişatı proqres, tərəqqi kimi deyil, travmalar bütünü kimi dəyərləndirirlər. Lakin onların əksinə bioloq Riçard Dokinz hər şeyi daha da başa götürüb milyard illər əvvələ gedir və genetika və genlərin bir-birlərinə ötürdükləri kodlarla sonradan mədəniyyətin formalaşması ilə insanların da bilgi və təcrübələrin gələcək nəsillərə ötürməsin çox önəmli xüsus kimi vurğulayır.

İndi isə yazının başında qeyd etdiyimiz dilin kökünə dair nəzəriyyələrdən söz açaq. İlk olaraq onu qeyd edək ki, dilin kökü haqqında ortaya atılan nəzəriyyələrin çoxu ciddi olmaqdan bir xeyli uzaqdır. Bu nəzəriyyələr dilin yaratdığı keyfiyyət və niyyətə bağlı dəyişikliklərə heç bir açıqlama gətirmirlər. Məsələn, məşhur “dinq- donq” nəzəriyyəsinə görə səs ilə məna arasında doğuşdan bir əlaqə vardır. Yaxud “poh-poh” nəzəriyyəsinə görə dil başlanğıcda təəccüb, qorxu, məmnunluq ağrı və bənzər duyğuları ifadə edən hayqırışların təqlid edilməsi ilə ortaya çıxmışdır.

Lakin bu açıqlamalardan sıyrılaraq məna və keyfiyyət baxımından Sturtevantın nəzəriyyəsi daha məqbul görünür. Ona görə hər növ niyyət və duyğu mimika, baxış və ya səs tərəfindən qeyri-ixtiyari olaraq ifadə edildiyi üçün dil kimi ixtiyari ünsiyyət yalan söyləmək və ya aldatmaq məqsədi ilə yaradılmış olmalıdır.

 

Ədəbiyyat siyahısı:

  1. John Zerzan- Future Primitive ve Other Essays
  2. Camille Paglia- Sexual Personae
  3. Riçard Dokinz- Eqoist gen

Paylaş:

497
3

Tahirli Zəhra

3 İyun 2022, 23:34

👍