Samir Sultanov

27 May 2022, 22:57

Cümhuriyyət və cümhuriyyətçilik

Cümhuriyyət və Cümhuriyyətçilik

Azərbaycan tarixinə nəzər salsaq 28 may 1918-ci ildən başlayan və bu günə qədər davam edən zamanda, üç respublika olduğunu görə bilərik. Belə ki, 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi imzalanır və ikinci bəndinə əsasən idarəetmə forması kimi cümhuriyyət elan edilir.

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixində Azərbaycanda sovet hakimiyyəti qurulur, və burada da adından göründüyü kimi (Azərbaycan Sovet Sosialist Respublikası) respublika idarəetmə forması mövcud idi. Bu respublika da öz növbəsində 1991-ci ilə qədər mövcud olur və müstəqilliyin elan edilməsi ilə Azərbaycanda üçüncü respublika qurulur və günümüzə qədər davam edir.

Bəs cümhuriyyət və respublika arasında olan fərq nədir?

Cümhuriyyət və respublika anlayışları dilimizə eyni mənada “ictimai iş” və ya “ictimai nəsnə” kimi tərcümə olunur. Misal üçün, Azərbaycan Cümhuriyyəti dövründə xarici dillərdə olan sənədlərə fikir versək görə bilərik ki, dövlətin adı Azərbaycan Respublikası kimi qeyd olunurdu. Beləliklə, cümhuriyyət və respublika arasında hər hansı bir fərqin olmadığını deyə bilərik.

Bu zaman yaranan sual odur ki, cümhuriyyət (respublika) və onda gələn cümhuriyyətçilik nədir?

Ötən yazıda qeyd edildiyi kimi, dövlət hakimiyyətinin ali orqanlarının strukturu, formalaşması qaydası və onların formalaşmasında əhalinin iştirak dərəcəsindən asılı olaraq müəyyən idarəetmə formaları olur və müasir dünyada əsasən iki idarəetmə forması fərqləndirilir: monarxiya və respublika (cümhuriyyət).

Əksər hallarda bu iki idarəetmə forması arasında kəskin fərqlər görünmür. Bunun səbəbi isə ondan ibarətdir ki, monarxiyanın bir növü olan konstitusiyalı (parlamentli) monarxiya respublikaya xas olan ideyalar əsasında formalaşır.

Cümhuriyyət bir siyasi model olmaqdan daha artıqdır. Bundan çıxış edərək qeyd edə bilərik ki, cümhuriyyətçiliyin əsasını sadəcə cümhuriyyət idarəetmə formasının tərəfdarı olmaq təşkil etmir, onun əsasını cümhuriyyətin yaratdığı dəyərlərə sahib çıxmaq təşkil edir.

Cümhuriyyətin (respublikanın) söykəndiyi əsas dəyər hakimiyyətin xalqın suverenliyindən alınmasıdır. Yəni əgər bir mütləq monarxiyada hakimiyyətin mənbəyi ilahi başlanğıcdan gəldiyi deyilirdisə, burada artıq hakimiyyətin mənbəyi xalq sayılır.

Cümhuriyyətçilik azadlığı, o cümlədən qanunun aliliyini qoruyan siyasi sistemə əsaslanır. Bu zaman geniş seçkilərin keçirilməsini və qanunun aliliyini müdafiə edilməsi əsas şərtdir və hər bir vətəndaş, prezident, hökumət tərəfindən bu dəyərlər qorunmalıdır.

Cümhuriyyətçilik müəyyən dəyərləri özündə cəmləşdirən termindir. Bura aiddir:

  • xalqın suverenliyi
  • qanunun aliliyi
  • azadlıq
  • dövlət aparatının şəxsi mənafelər deyil, ictima maraqlar üçün çalışması
  • və ən əsası hər kəsin bərabər olması.

Cümhuriyyətçilik elə bir ideologiyadır ki, respublika quruluşuna və ya ölkəni, monarxiya olduğuna baxmayaraq, respublika kimi idarə etməyə əsas verir və bu zaman insan və dövlətin bərabərliyinə, cəmiyyətin birgə formalaşdırdığı qanunlar qarşısında hər bir insanın və vətəndaşın bərabərliyinə, bərabərlik hüdudlarında azadlıq və ləyaqət hüququna diqqət yetirməsinə fikir verilir.

Bunların təmin olunmasına bu yollarla nail olmaq olar:

  1. seçkilərin keçirilməsi
  2. seçilən şəxslərin ictimai mənafeyə sadiqliyinin zəmanəti məqsədilə bu seçkilərin mütəmadi keçirilməsi
  3. icra hakimiyyətinə nisbətdə daha güclü qanunvericilik hakimiyyəti
  4. hər hansı bir siyasi fraksiyanın və ya qrupun əlində gücün cəmləşməsinin qarşısının alınması üçün konstitusiyada bir sıra nəzarət və tarazlıqların təyin olunması.

Paylaş:

565
1

Ruslan Ələkbərov

27 May 2022, 23:14

Əla yazıdır!