Ruslan Ələkbərov

27 May 2022, 22:59

Azərbaycan Xalq Cümhuriyyətinin Hüquq-Məhkəmə sistemi.

  1. Hissə

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulmuşdu. Belə ki, Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılmışdı. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq, Abbasqulu ağa Bakıxanov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin  Rəsulzadə, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar.

Azərbaycan Cümhuriyyətinin ilk hüquqi sənədi Konstitusiya aktı statusuna malik olan İstiqlal Bəyannaməsi  idi. Bu hüquqi, həmçinin də siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı  bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bəyannamədə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətlər bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təşkil etməsinin bəyan edilməsi suveren, demokratik, hüquqi dövlət yaradılması istəyini nümayiş etdirirdi. İstiqlal bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda milli dövlətin siyasi əsaslarını, yəni demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda milli siyasətin əsaslarını, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirdi. Lakin bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi və Azərbaycan Cümhuriyyətinin Konstitusiyasının dövlətin ali orqanı – Müəssisələr Məclisi tərəfindən qəbul edilməsi nəzərdə tutulurdu. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun, yəni parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

1918-ci il iyunun 17-də müəyyən səbəblərdən irəli gələrək Azərbaycan hökuməti Milli Şuranın qanunvericilik funksiyalarını öz üzərinə götürərək, dövlətin hakimiyyət strukturlarının yaradılması ilə yanaşı, qanun yaradıcılığı prosesini həyata keçirməyə başladı. İlk əvvəl yeni dövlətin daxili və xarici siyasətini əhatə edən qanunların qəbul edilməsinə başlanılmışdı.

Rəsmi olaraq qanunverici hakimiyyət - Azərbaycan Demokratik Respublikasi müvəqqəti parlamentinin yaranmasının hüquqi əsasları Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da qəbul etdiyi «Azərbaycan Cümhuriyyəti parlamenti haqqında» qanunla təsbit edilmişdir. Parlamentin yaranmasına qədər Azərbaycanda ali hakimiyyət orqanı olmuş Milli Şura öz səlahiyyətlərini qanunverici orqana verməklə fəaliyyətinin başa çatdığını elan etmiş oldu.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi andan Milll Şura hakimiyyət bölgüsü prinsiplərinə əsaslanaraq müstəqil qanunverici, icraedici və məhkəmə hakimiyyətlərini təxirə salmadan yaratmağa çalışmışdı. 1918-ci ilin iyununda qanunverici və icraedici səlahiyyətləri Azərbaycan hökumətinə həvalə etməklə siyasi böhranın qarşısını ala bilmişdi. İkinci hökumət kabinetinin qarşısında duran ən mühüm məsələlərdən biri 6 aydan, yəni 1918-cil dekabrın 16-dan gec olmayaraq Azarbaycan Müəssislər Mədisinə seçkilər keçirilməsini, demokratik dövləti möhkəmləndirmək üçün bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməli idi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

I Respublika parlamentinin qanunverici komissiyasının tərkibinə M.Ə.Rəsulzadə («Müsavat»), M.Vinoqradov (rus-slavyan), A.Qardaşov («Əhrar»), S.Vonsoviç (milli azlıqlar), Q.Qarabəyli («İttihad»), Ə.Cövdət Pepinov (Sosialistlər ittifaqı), Ə.Qarayev («Hümmət») və X.Sultanov namizəd göstərilərək təsdiq olunmuşdular.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin təlimatı” ilə tənzimlənirdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi.

1919-cu il martın 17-də qəbul edilən «Azərbaycan Parlamentinin Təlimatı» bugünkü anlamda parlamentin reqlamenti, nizamnaməsi rolunu oynayırdı. Müfəssəlliyi ilə fərqlənən 200 maddədən ibarət «Təlimat» Parlamentin və onun orqanlarının fəaliyyət qaydasını müəyyən edirdi. Təlimatla Parlamentin açılması, rəhbər vəzifələrə seçkilər keçirilməsi, gündəlikdə duran işlərə baxılması və səsvermə qaydaları, ali qanunverici orqan komissiyalarının təşkili və iş qaydası, Parlamentin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri, millət vəkillərinin hüquqi vəziyyətləri və s. məsələlər nizama salınırdı.

ADR ali qanunvericilik orqanı, hər şeydən əvvəl, qanunvericilik səlahiyyətləri həyata keçirirdi. Bundan əlavə, onun səlahiyyətlərinə hökumətin və mərkəzi dövlət orqanlarının formalaşdırılması, onların səlahiyyətləri dairəsinin müəyyən edilməsi, ali dövlət nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsinin təsdiqi və xərclənməsi, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı müqavilələrin təsdiqi məsələləri daxil idi. Azərbaycan Respublikasının Parlamenti respublikanın daxili həyatını demokratikləşdirməyə imkan verən bir sıra qanunvericilik aktları qəbul etmişdir.

            Parlament fəaliyyətə başladıqdan sonra qanun yaradıcılığı prosesi geniş vüsət aldı. Ali qanunvericilik orqanının bu sahədəki fəaliyyəti iki istiqamətdə qurulmuşdu:

  1. Yeni qanunların qəbul edilməsi; qüvvəsini müvəqqəti olaraq saxlamış qanunlara dövlətin və xalqın mənafeyinə uyğun olan dəyişiklik və əlavələrin edilməsi yolu ilə onların təkmilləşdirilməsi,
  2. İkinci istiqamət köhnə qanunların da tədricən tamamilə yeni normativ-hüquqi aktlarla tənzimlənməsini nəzərdə tuturdu.

            Müasir dövrdə olduğu kimi, bu mərhələlər aşağıdakılardan ibarət idi: 1) Qanun layihəsinin irəli sürülməsi və ya qanunvericilik təşəbbüsü; 2) Qanun layihəsinin müzakirəsi; 3) Qanunun qəbulu; 4) Qanunun dərc edilməsi. Əsas və yardımçı komissiyalarda işlənib hazırlanmış qanun layihələri rəy verilməsi üçün Nazirlər Şurasına göndərilirdi və onun rəyi ilə birlikdə müzakirə olunması üçün parlamentə təqdim edilirdi. Parlamentin müvafiq komissiyalarında bu qanunların müzakirəsi davam etdirilirdi. Bəyənilən qanun layihələri parlamentin iclaslarına çıxarılırdı. Qəbul edilən qanun layihələrinin dərc edilməsi və onların hüquqi qüvvəyə gətirilməsinin dəqiq qaydası parlamentin fəaliyyətinin ilk dövründə müəyyən edilməmişdi. Belə ki, 14 sentyabr 1918-ci il tarixindən 19 iyul 1919-cu ilə qədər qəbul edilmiş qanunvericilik aktlarının dövlətin mətbuat orqanlarında dərc edilməsində ardıcıllığın gözlənilməməsi baxımından (19 iyul 1919-ci il tarixindən “Azərbaycan Cümhuriyyəti hökumətinin məlumatı” jurnalında qanunların ardıcıl şəkildə nəşrinə başlanılmışdı) nə vaxt və harada dərc edilməsindən asılı olmayaraq, bütün qanunların qəbul etdiyi andan etibarən hüquqi qüvvəyə malik olması nəzərdə tutulurdu. Bununla əlaqədar, 20 mart 1920- ci il tarixdə müzakirəyə çıxarılmış “Qanunların dərc edilməsi və onların qanuni qüvvəyə gətirilməsi haqqında” qanun layihəsində mahiyyət etibarilə qaldırılmış iki vacib məsələyə - qanunun dərc edilərək ictimaiyyətin nəzərinə çatdırılması anı və onun hüquqi qüvvəyə gətirilməsi anına münasibətdə digər dövlətlərin, xüsusilə Avropa dövlətlərinin – İngiltərənin, Fransanın, Rusiyanın və Almaniyanın müvafiq qanunvericilik aktları araşdırılmış və bu aktlarda olan müsbət cəhətlər layihənin mətnində nəzərə alınmışdı.

            Azərbaycan Cümhuriyyətində normativ aktların dərc edilməsi və qanuni qüvvəyə gətirilməsinin aşağıdakı qaydası nəzərdə tutulurdu:

  • Qəbul edilən qanunlar müəyyən edilmiş qaydada hökumətin İşlər İdarəsi tərəfindən ictimaiyyətin nəzərinə çatdırılır və elan edilməmişdən əvvəl fəaliyyətdə olması qadağan edilir;
  • Qanunların “Azərbaycan Cümhuriyyəti Hökumətinin Qanunlar və Sərəncamlar Külliyyatı”nda, “Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərlərin”də dərc edilməsi, onların rəsmi şəkildə elan edilməsi hesab olunur;
  • Qanun, elan edildiyi zaman öz hüquqi qüvvəsinə ya onun özündə bilavasitə edilmiş müddətdən etibarən, yaxud da belə müddətin göstərilmədiyi təqdirdə rəsmi mətbuat orqanında – “Azərbaycan Cümhuriyyətinin Hökumətinin Xəbərləri”ndə dərc edildikdən yeddi gün sonra malik olur. Nəşr edilən qanunun özündə həmçinin, onun elan edilməsi üçün vaxt, habelə teleqrafla ötürməklə və ya xüsusi şəxslərin vasitəsilə yayılmaqla yerinə yetirilmə vaxtı göstərilə bilər;
  • Hər hansı qanunun hüquqi qüvvəsi, onun özündə nəzərdə tutulan hallarda başqa, yəni qanunun hüquqi qüvvəsinin geriyə şamil edilməsi və yaxud onun yalnız özündə əvvəlki qanunun mənasının təsdiqi və izahı olduğunun göstərildiyi hallar istisna olunmaqla, yalnız həmin qəbulundan sonrakı dövrə şamil edilir;
  • 28 may 1918-ci il tarixdən başlayaraq 1920-ci ilin martına qədər qəbul edilmiş bütün qanunlar onların dərc edilmə vaxtından və şəraitindən asılı olmayaraq, qəbul edildiyi andan etibarən hüquqi qüvvəyə minmiş hesab edilirlər.

            Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti mövcud olduğu 23 ay ərzində 140-a qədər ümumi iclas keçirmiş və həmin dövrdə parlamentə 315 qanun layihəsi təqdim edilmişdir. Bu qanun layihələrindən 32-si isə Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.

Paylaş:

712
1

Elşən Ələkbərli

28 May 2022, 10:23

👍