Cəlal Hüseynbəyli

15 Aprel 2022, 17:31

“Brexit”ə aparan uzun yolun qısa tarixi

Bildiyiniz kimi, 2016-ci ildə referendum nəticəsi ilə başlayan, Birləşmiş Krallığın Avropa İttifaqından çıxma prosesi (BREXIT) 31 Yanvar 2020-ci il saat 23:00-da bitdi və bununla da tarixində ilk dəfə bir üzv, Avropa İttifaqını tərk etdi.

Son bir neçə il ərzində ən maraqlı və haqqında ən çox danışılan siyasi proseslərdən biri olan “BREXIT”-in qısa nəticəsini yuxarıda yazdıq. Bəs bu proses, səbəbləri və nəticələri əslində bu qədər sadə izah edilə bilərmi? Hər nə qədər uzun izahları sevməsəm də, bəzi prosesləri anlamaq həqiqətən də zaman tələb edir. Son dövrlərdə yazılan köşə yazıları, bəzi ekspertlərin qısa “sosial media” izahları, insanların bu prosesi sadəcə 2016 və 2020-ci il intervalında baş verən geopolitik hadisə kimi xatırlayır. Ona görə də, ardı gələcək olan məqaləmizdə ilk olaraq prosesi başlanğıc dönəmindən izah etməyə çalışacağam.

Yazımıza başlamamışdan əvvəl Birləşmiş Krallığın bir siyasi fiqur olaraq nəyi ifadə etdiyi barədə danışmaq istəyirəm. İnsanlar əksərən İngiltərə, Böyük Britaniya və Birləşmiş Krallıq adlarının bir-birini əvəz edə biləcəyini, bir siyasi subyekti ifadə etdiyini düşünür. Günümüzdə “Böyük Britaniya” ifadəsi, İngiltərə, Uels və Şotlandiyanı əhatə edir. İngiltərə Krallığı (Uels ilə o zamanlar ittifaqda idilər) və Şotlandiya arasında 1707-ci ildə imzalanan “Birləşmə müqaviləsi”nin nəticəsi olaraq yaranan bu ittifaq günümüzdə də mövcudluğunu qorumaqdadır. Ədəbiyyatda əksərən Birləşmiş Krallıq olaraq qeyd olunan (tam adı “Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı), Böyük Britaniya və İrlandiyadan ayrılan Şimali İrlandiya ilə birləşərək yaratdıqları müstəqil dövlətdir.

İkinci Dünya Müharibəsindən sonra, etibarlı tərəfdaş axtaran ABŞ, uzun müddət müharibələr və daxili anlaşmazlıqlara görə iqtisadi və sosial çöküş yaşayan Avropa dövlətlərini dirçəltməklə bu boşluğu doldurmağa çalışdı. Və bunun nəticəsində qısa zamanda həyata keçən “Birləşmiş Avropa” ideyası, üzv dövlətlər üçün yeni bazarlar, inkişaf imkanları və bununla yanaşı geopolitik güc imkanları da yaradırdı. Soyuq müharibə dövrü kimi qütbləşmənin pik nöqtədə olduğu bir dövrdə, bu olduqca böyük önəm kəsb edirdi.

Proseslərin başlanğıcından bu yana, hər zaman ABŞ ilə politik yaxınlıq göstərən Birləşmiş Krallıq bir neçə dəfə Avropa İqtisadi İttifaqına qoşulmağa cəhd etsə də, dəfələrlə bu cəhdi qurucu üzvlərdən olan Fransa tərəfindən əngəllənmişdir. Çünki Fransa və İngiltərə uzun müddət köhnə qitədə dominantlıq üçün mübarizə aparmışdı. Və uzun müddətdən sonra Fransa artıq “Birləşmiş Avropa” ideyasının ilk bəhrəsi olan Avropa İqtisadi İttifaqında ən böyük güclü fiqur idi. Və təbii olaraq, Birləşmiş Krallıq kimi böyük bir siyasi subyekti öz dominantlığına təhlükə olaraq görürdü. Uzun müzakirələr və dövrün geopolitik hadisələrinin nəticəsi 1969-cu ildə Şarl De Qollun istefası ilə ittifaq tarixinin ilk genişləmə prosesi başlamış, 1973-cü ildə Birləşmiş Krallıq, İrlandiya və Danimarka üzvlüyü ilə başa çatmışdı. Avropa daxilində heç bir zaman ittifaqa qarşı yanaşmalar eyni olmamış, zaman-zaman ölkə vətəndaşları üzvlüyə etiraz etmiş və ya ittifaqın ümumi strukturu tənqidlərə məruz qalmışdır. Məsələn, yuxarıda qeyd etdiyimiz ilk genişləmə prosesində adı çəkilən dövlətlərlə yanaşı Norveç də müraciət etmişdi. Lakin üzvlük üçün qəbul edilsə də, ittifaqla bağlanan bu müqavilə ölkə parlamenti tərəfindən qəbul edilmədiyindən bu baş tutmamışdı.

Üzv olaraq qəbul olunan Birləşmiş Krallıqda da heç də yekdilliklə razılıq əldə edilməmişdi. Bir şeyi xatırlamaq lazımdır ki, (bu barədə geniş məlumatı Avropa Tarixi adlı silsilə podkast yayımlarımızda qeyd olunub) Avropa İqtisadi İttifaqı fövqəldövlət bir qurum idi. Və gətirdiyi bütün faydalar ilə birlikdə, üzv dövlətlər bəzi suveren hüquqlarından imtina etməli, ittifaqın həmrəyliklə qəbul etdiyi qərarlar qarşısında məsuliyyət daşımalı idi. Buna görə də, Birləşmiş Krallıq kimi uzun müddətli dövlətçilik ənənələrinə sahib dövlətlər öz suverenliklərindən imtina etməyə qərar verdiyi zaman, təbii olaraq bu proses vətəndaşlar arasında müəyyən etirazlara səbəb ola bilər. Bundan istifadə edən bəzi siyasi fiqurlar isə, öz daxili siyasət xətlərini bu məsələ üzərindən qurmağa cəhd edirdi. Nəticə olaraq 1975-ci ildə ilk dəfə Birləşmiş Krallığın ittifaqa üzvlüyü məsələsi barədə referandum keçirlimiş, və 67 % ilə əhali üzvlüyün davam etdirilməsi tərəfdarı olmuşdu. 2016-cı ildə ikinci dəfə keçirilən referandum ilə 52% nəticə ilə ölkənin artıq Avropa İttifaqı olan siyasi institutdan ayrılmasına qərar verildi. Nəticə etibarı ilə Birləşmiş Krallıq artıq Avropa İttifaqı siyasi institutlarının bir parçası olmasa da, keçiş müddətində İngiltərə Aİ hüquqlarına tabe idi və gömrük birliyinin, eyni zamanda birləşmiş bazarın bir parçası olaraq qalmaqda idi.

 

Kampaniyanın başlanılması:

Birləşmiş Krallığın Aİ-dan ayrılması barədə referendumdan əvvəl kampaniya ittifaqın ölkə inkişafına və əhalinin sosial rifahına mənfi təsir etdiyini düşünən kütlə tərəfindən yaradıldı. Sonradan ölkənin baş naziri olacaq Boris Conson, Naycel Faraj və başqa siyasi fəallar tərəfindən dəstək toplamış, qısa zamanda ölkə gündəmində önəmli rol oynamağa başladı. Kampaniyaların əsas mərkəzində, son illərdə “Ərəb baharı” prosesinin nəticəsi olaraq dəhşətli dərəcədə artan miqrant axını, onların cəmiyyətə inteqrasiyasındakı yetərsizliklər və bunun fonunda yaranan irqçilik önəmli yer tuturdu. Uzun müddət həm hökumətin, həm də əhalinin Avropa Parlamentinin həll üçün nəticə verəcək qərarlar gözlənilsə də, təklif edilən üsullar heç də effektiv olmadı. Avropa İttifaqına qarşı propaqanda daxilində qeyri-rəsmi olsa da, gələcəkdə Türkiyənin ittifaqa üzvlüyü baş tutarsa, krallıq sakinləri maraqlarının Türkiyə vətəndaşlarının marağı istiqamətində formalaşdırılacağından narahatlıq ifadə olunurdu.

Nəticə etibarı ilə, 2016-cı ildə D. Kamerun hökuməti hər nə qədər də ittifaqda qalma tərəfdarı olsa da, kütləvi təzyiqlərin artmasının nəticəsində ölkənin ittifaqdakı gələcəyi ilə bağlı yekun qərarın formalaşması üçün referendum təyin olunmasına razılıq verdi.

Artıq 2 ildir ki, Birləşmiş Krallıq, bir zamanlar həvəslə üzv olmağı hədəflədiyi ittifaqın bir parçası deyil. Yazımızın ikinci hissəsində, bu qərarın həm Birləşmiş Krallığa, həm də hər nə qədər çöküşdə olduğu qeyd olunsa da, geosiyasətin iqtisadi və siyasi təsir baxımından ən güclü subyektlərindən biri olan Avropa İttifaqına təsirlərinə toxunacaq, bunun fonunda 1975-ci ildə ilk referenduma səbəb olan Avropa daxili “dominantlıq” yarışının nəticələrini incələyəcəyik.

 

Paylaş:

645
0