Ruslan Ələkbərov

2 Yanvar 2022, 5:41

Birinci nəsil hüquqlar

İlk nəsil hüquqlar kontekstində özünə yer tapan hüquqlar ilə insan hüquq və azadlıqları arasındakı paralellik tarixi inkişaf prosesi ilə özünü göstərir. Birinci nəsil hüquq və azadlıqları, insanların tarixi inkişaf prosesində əldə etdikləri ilk hüquqlar olaraq qəbul etmək lazımdır . Klassik hüquqlar da adlanan birinci nəsil hüquq və azadlıqlar, 17-18-ci əsrlərdə ortaya çıxan və əsasən şəxsi dövlətin təsir dairəsindən qoruyan hüquqlardır. Bu hüquqlara vətəndaş hüquqları, siyasi hüquq və azadlıqlar kimi klassik hüquqlar da deyilir.

 

Bu hüquqlara:

· yaşamaq hüququ

· işgəncəyə və digər qəddar qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququ

· köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ

· azadlıq və toxunulmazlıq hüququ

· sərbəst hərəkət etmək hüququ

· fikir, vicdan və din azadlığı

· sərbəst toplaşmaq hüququ

· birləşmək hüququ

· dövlət işlərinin aparılmasında iştirak etmək hüququ;

aiddir.

Sadaladığımız hüquqlara hörmət etmək, onları təmin və həyata keçirmək dövlətin əsas öhdəliklərindən olmalıdır. Şəxsin muxtariyyətinə və daxili aləminə, şəxsi həyatına arzu olunmayan müdaxilənin yolverilməzliyi kimi anlaşılır. Bu hüquq və azadlıqlar insanın hüquqi statusunun əsas bazasını təşkil edir. Onların əksəriyyəti mütləq xarakter daşıyır, daha doğrusu, ayrılmaz, pozulmaz və toxunulmaz olmaqla, məhdudlaşdırıla bilməz.

Bu hüquqlardan ilki və ən əsas xarakter daşıyan yaşamaq hüququ insan hüquqları ilə bağlı olan bütün beynəlxalq hüquqi aktlarda təsbit olunmuş və bütün dünya dövlətlərinin konstitusiyalarında insanların ayrılmaz və qanunla mühafizə olunan hüquqları kimi əks olunur. Yaşamaq hüququ dövlətlərin üzərinə vəzifələr qoyur. Dövlət ərazisində yaşayan fərdin təhlükəsizliyini təmin etməli, müharibəni və hər cürə münaqişəni rədd edən sülhsevər siyasət yürütməli, yaşamaq hüququna zəmanət verməklə, öz səhiyyə sistemində vətəndaşların həyat və sağlamlıqlarına dinamik islahatlar aparmalı, cinayətkarlığa, terror aksiyalarına qarşı səmərəli mübarizə həyata keçirməlidir.

“Bütün hüquqlar universal, bölünməz, qarşılıqlı, asılı və əlaqəlidir.”

Vyana Bəyannaməsi, 1993

Azadlıq və şəxsi toxunulmazlıq hüququ elə bir hüquqdur ki, hər kəs qanunla qadağan olunmayan hərəkətləri etmək imkanlarını əldə edir. Yəni, fərdin azadlıq hüququ dedikdə, şəxsin hər hansı hərəkətləri etməkdə sərbəstliyi yox, nəzərdə tutmadığı aktı həyata keçirməmək sərbəstliyi kimi anlamaq lazımdır. Bu hüquqla sıx bağlı olan, fərdin toxunulmazlığı, onun həyatını, sağlamlığını, şərəf və ləyaqətini əhatə edən əvəzsiz dəyəridir, onun həyatına müdaxilə yolverilməzdir.

Fərdin özüylə bağlı olan şəxsi həyata, mənzil toxunulmazlığına, milli mənsubiyyətə, vicdan və söz azadlığına olan hüquqlar da əsas hüquqlardandır.

 

Şəxsi hüquqlardan başqa siyasi hüquq və azadlıqlar da vardır. Bu hüquqları açmağa çalışsaq, siyasi hüquqlar dedikdə, mövcud dövlət ilə vətəndaşlar arasındakı əlaqəni kimi başa düşülmək lazımdır. Siyasi hüquq və azadlıqlar vətəndaşın subyektiv hüquq və azadlıqlarının mühüm kateqoriyasıdır. Siyasi hüquqlar insana məxsus olan fərdi və kollektiv formada dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi başa düşülür. Bu hüquqlar ilə bağlı olaraq, dövlətin vətəndaşdan təcrid olunması aradan qaldırılır və vətəndaş bu prosesdə aktiv faktora çevrilir. Siyasi hüquqlar dedikdə, demokratik sistemin əsas bazasını təşkil edən, yəni hakimiyyətin vətəndaşlar tərəfindən formalaşdırılması, vətəndaşın bu işdə birbaşa iştirak etməsi dövlətin özünü məhdudlaşdırması kimi başa düşmək lazımdır. Bu hüquqları demokratik cəmiyyətlərin məcbur elementi kimi qəbul etmək lazımdır, dövlətin təbiətini müəyyən edən faktor, hakimiyyətə nəzarət vasitəsi, demokratik rejimin qiymətləndirici meyarı kimi çıxış edir. Digər hüquqlardan fərqli olaraq siyasi hüquq və azadlıqların məqsədi insanın fərdi azadlıqlarını təmin etmək deyil, siyasi prosesin aktiv iştirakçısı kimi iştirakının təmin edilməsindən ibarətdir.

Mülki və siyasi hüquqlara neqativ hüquqlar deyilsə də, bu tam şəkildə neqtiv hüquqlar deyildir. İlk öncə neqativ və pozitiv hüquqları kiçik başlıq altında izah edək. İnsanların sahib olduqları və heç bir razılıq vermədən onlarla bağlı olan hüquqlara neqativ hüquqlar deyilir, yəni hökümətlərin yalnız müəyyən fəaliyyətlərdən çəkinməsi tələb olunan. Bu hüquqlar, yaşamaq və işgəncələrə məruz qalmamaq , ifadə azadlığı, xüsusi mülkiyyət toxunulmazlığı kimi neqativ hüquqlardır. Burada toxunmağımız lazım olan məqamlardan biri işgəncəyə məruz qalmamaq hüququdur ki, tam olaraq neqativ hüquq olması barəsində kollizya yaranır, çünki təkcə dövlət rəsmilərinin bu hüququ təmin etməsi kifayət deyildir, bu hüququn təmini üçün qarşılıqlı nəzarət mexanizmi mövcud olmalı, məlumat azadlığı, hüquqi mexanizmlər, işgəncyə məruz qalmamq üçün saxlanma yerlərinə giriş-çıxış, güc strukturları və digərləri arasında nəzarət mümkün olmalıdır. Digər tərəfdən, şəxsin neqativ hüquqlardan irəli gələn maddi və mənəvi cəhətlərini inkişaf etdirmək üçün dövlət tərəfindən verilən hüquqlara pozitiv hüquqlar deyilir. Təhsil hüququ, işləmək hüququ, ailə qurmaq hüququ, sağlam həyat haqqı və s. kimi hüquqlar pozitiv hüquqlar hesab edilə bilər. Dövlətlər hər iki hüquq növünü tətbiq etməyə borcludurlar.

Paylaş:

586
0