Əli Novruzov

9 May 2022, 20:59

Bakı neftinin qələbədə əhəmiyyəti

İkinci dünya müharibəsindən əvvəl qlobal güclərin Bakı nefti ilə bağlı planları

          Təxminən 55 il ərzində Rusiyanın Mərkəzi Dövlət Arxivində və Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi saxlanclarında saxlanılan “Qafqaz nefti” əməliyyatı haqqında qənimət kimi götürülmüş sənədlər dərc olunanda müharibədən əvvəlki və sonrakı illərdə Bakı ətrafında planlaşdırılan aksiyalar haqda tam aydınlıq hasil oldu. Müharibədən əvvəlki illərdə, yəni kimin kimlə müharibə edəcəyinin məlum olmadığı bir vaxtda Bakı hamı, yaxud demək olar ki, hamı tərəfindən nişangaha alınmışdı. Onu da qeyd etmək lazımdır ki, 1918-ci il avqustun ortalarında Bakının neft mədənlərinin məhv edilməsinə yönəlik ilk cəhd göstərildi. O zaman Böyük Britaniya İran tərəfdən Bakıya kiçik bir qüvvə göndərmişdi. Bakını xilas etmək və nefti qorumaq onların vəzifəsi idi. Zərurət yaranacağı təqdirdə onlar (Britaniyanın Hərb Nazirliyinin məlumatlarına əsasən) “rumın sseranisini təkrarlamalı və Bakı neftayırma zavodunu, boru kəmərlərini və neft çənlərini məhv etməli idilər”. İngilislər bir ay Bakıda qaldılar. Bu, neftin Almaniyanın əlinə keçməməsi üçün yetərli oldu. Sonralar Lüdendorf bu, “bizim üçün ciddi zərbə oldu” –deyə etiraf etməyə məcbur qalacaqdı. 1918-ci ilin oktyabrında alman ordusu öz yanacaq ehtiyatını işlədib qurtardı və artıq bir aydan sonra təslim oldu.

20 ildən sonra ingilislər öz fransız müttəfiqləri ilə birgə yenidən məsələyə qayıtdılar. ABŞ-ın Fransadakı səfiri U.Bullit 1939-cu ilin oktyabrında Vaşinqtonda belə bir teleqraf göndərdi ki, Parisdə “Bakının bombalanması və dağıdılması” ilə bağlı məsələ müzakirə edilir. Bununla da hər şey başladı. SSRİ-nin neft yataqlarına hava hücumunun nəzəri baxımdan mümkünlüyü məsələsinə ilk dəfə artıq 1939-cu ilin sentyabrında Fransanın Baş Qərargahı ilə XİN arasındakı əlaqələndirici zabit, polkovnik-leytenant Pol de Villelyum tərəfindən baxılmışdı. Oktyabrın 10-da isə Fransanın maliyyə naziri P.Reyno onun qarşısında konkret məsələ qoydu: “Fransa HHQ Suriyadan Qafqazın neft hasilatı müəssisələrini və neft emalı zavodlarını bombalamaq imkanına malikdirmi?” (Sultanov, 2016:129)

Bakının bombalanması ideyası rəsmi hökumət səviyyəsində ilk dəfə Fransanın baş naziri Eduard Daladyenin hakim kabinet üzvlərini məlumatlandırmaq üçün nəzərdə tutulmuş 19 yanvar, 1940-cı il tarixli məktubunda irəli sürülmüşdü. 1940-cı il, yanvarın 19-da Fransanın baş naziri Daladye ölkənin Quru Qoşunlarının və Hərbi-Dəniz Qüvvələrinin baş komandaları Qamelen və Darlana belə bir tapşırıq vermişdi ki, rus nefti ilə mübarizə aparılması mövzusuna dair öz fikirlərini təqdim etsinlər. Nəticədə üç fəaliyyət variantı müzakirəyə təqdim olundu: 1) Sovetlərin neft daşıyan gəmilərinin ələ keçirilməsi; 2) Qafqaza birbaşa müdaxilə; 3) müsəlman-seperatist qiyamlarının təşkil olunması. Ancaq ingilislərin planı sırf müdafiə, Türkiyənin müdafiəsinə yönəlmiş planı olaraq qalırdı. Kanninqhemin 1940-cı il, yanvarın 9-da aldığı Aralıq dənizi meydanında əməliyyat planlarının işlənib hazırlanması üzrə təlimatda qeyd olunur ki, yalnız SSRİ-nin Almaiyanın tərəfinə keçəcəyi təqdirdə Bakıya İraq aviasiya bazasından 5 bombardmançı təyyarə eskadrilyası tərəfindən zərbə endirilməsi nəzərdə tutulur. Əgər SSRİ neytral qalsaydı, o zaman həmin 5 eskadrilya Almaniyanın Türkiyəyə təcavüzünün qarşısının alınmasına yönəlməli idi.

Qənimət götürülmüş sənədlərdən də göründüyü kimi, Daladyenin planı Britaniyanın hakim dairələri tərəfindən də fəal şəkilə dəstəklənirdi. Hətta ingilis-sovet iqtisadi müqavilələri də həmin planların işlənib hazırlanmasına maneçilik törətmirdi. Burada söhbət faktiki olaraq suveren dövlətə qarşı təcavüzün başlanmasından, yaxud heç olmasa, Şimali Qafqaz regionunun silahlı qiyamlar ocağına çevrilməsindən gedirdi. Müttəfiqlərin Quru Qoşunlarının baş komandanı, general Qamelen 1940-cı il, martın 22-də Daladyeni elə həmin ilin mart ayında baş nazir postunda əvəz edən Pol Reynoya hesabat xarakterli məktubunda yazırdı: “Qafqazın neftlə zəngin rayonlarına qarşı hərbi əməliyyatlar neft sənayesinin daha böyük əhəmiyyət kəsb edən əsas mərkəzlərinə doğru istiqamətləndirilməlidir. Bunlar neftin çıxarılması mühafizə olunması və daşınması mərkəzləridir ki, üç məntəqədə - Bakı, Qroznı və Batumidə cəmlənmişdir...” General bildirirdi ki, Bakı və Qroznının neft mədənlərinin sıradan çıxarılması “ müttəfiqlər üçün böyük maraq kəsb edir.” Ona görə ki, bununla sovetləri çox ağır vəziyyətə salmaq olar. (Sultanov, 2016:130).Bu zərbələr Fransa, İngiltərə və ABŞ təyyarələri tərəfindən Suriya və Livan təyyarə meydanlarından qalxan təyyarələr vasitəsilə edilməli (bu dövlətlər həmin dövrdə Fransanın müstəmləkələri idi) və əməliyyatlar 1940-cı ilin yayında keçirilməli idi. (İsmayılov, 2008:33,34). 1940-cı il mayının sonunda Almaniyanın Fransaya hücumu və Fransanı zəbt etməsi bu planları ləğv etdi. (İsmayılov, 2008:34). Məşhur fransız publisisti Jan Bomye ingilis-fransız planları haqda yazırdı: O zaman Orta Şərqdəki fransız ordusunun keçmiş baş komandanı olan general Veyqan başqa bir plan işləyib hazırlamışdı Həmin plana görə, onun özünün də bildirdiyi kimi, bəzi əlavə qüvvələr və 200 təyyarə ilə Qafqazı ələ keçirə, hətta Rusiyaya da daxil ola bilərdi. Britaniya Krallıq HHQ-nin qərargahında “MA-6” abbreviaturası ilə şifrələnmiş xüsusi bir plan işlənib hazırlandı. Həmin plana əsasən ingilis bombardmançı təyyarələrinin 9 qrupu Qafqazda və Qara dəniz sahillərində yerləşmiş obyektlərə zərbə endirilməli idi. Beləcə, Bakının dağıldılmasına 15 gün, Qroznının məhvinə 12 gün, Batumunin dağıldılmasına isə cəmi, 1,5 gün ayrılmışdı.

İkinci Dünya Müharibəsi illərində Hitler neftlə zəngin Bakının ələ keçirilməsini əsas məqsədlərindən biri hesab edirdi.

 1941-1942-ci illərdə SSRİ-nin ərazisində  və Yaxın Şərqdə neft mənbələrinin ələ keçirilməsi problemi bütün alman elitasını məşğul etmişdi. Herman Görinq, “dördillik plan” üzrə təşkilat və “Kontinental neft”, eləcə də onların ətrafında cəmləşmiş konsern və banklarla bərabər alman hərbi komandanlığı, Xarici İşlər Nazirliyi və müxtəlif xüsusi xidmət orqanları tərəfindən Yaxın Şərqə doğru sıçrayışa fəal hazırlıq işləri aparılırdı.

Xenneke Kardel bu barədə yazırdı: “Vermarxın neft qədər ehtiyac duyduğu elə bir şey yox idi və Bakıya yürüşün başlıca səbəbi də məhz bu idi. “Əgər məndə neft olmasa, mən müharibəni başa çatdırmalıyam”-deyən Hitler verdiyi əmri bax, belə əsaslandırırdı”.

Artıq 1941-ci ilin yazında Bakının neft mədənlərinin istismarının təşkil olunmasından ötrü almanlar xüsusi idarə- “Vestfalen qərargahı”nı yaratdılar. 1941-ci il, iyulun 16-da fürerin qərargahında keçirilən yığıncaqda qeyd edilmişdi ki, “Bakı vilayəti… alman konsessiyası olmalıdır”.

 “1941-ci il, iyunun 22-də alman qoşunları 930 millik cəbhə boyunca Sovet İttifaqına hücum etdi. Adolf Hitler özünün ümumi və konkret vəzifələrini olduqca aydın şəkildə ifadə etmişdi: “Biz Rusiyanı nə qədər tez məhv etsək, bir o qədər yaxşıdır. Hücumun son məqsədi Bakının neft mədənlərinə yol tapmaqdır”, -deyə Maykl Ekonomides və Ronal Olini yazırdılar. Başqa vaxt isə belə demişdi: Biz Bakının neftinə sahiblənəcəyik və bununla da Sovet İttifaqının təyyarələrini və tanklarını hərəkətsiz dəmir oyuncaqlara çevirəcəyik”.

1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi. Almanların son dərəcə strateji məqsədləri hədəfləyən “Edelveys” planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı.

Almanlar Qafqazın neft rayonlarını ələ keçirmək uğrunda ən sərt ən qəti qərarlar verir, qələbə naminə bütün güc və ehtiyatlarını səfərbər edirdilər. “Edelveys” əməliyyatının ilk mərhəsində bir neçə uğur qazandılar. Müharibə şəraiti yeni çətinliklərin yaranmasına səbəb olurdu. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.

Sovet ordusu Maykop, Qroznı neftindən məhrum oldu.  Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını "yer anbarları"na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.

Bakı neftinin Sovet İttifaqının qələbəsində rolu

Nasist Almaniyasının 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi.

Artıq müharibənin ilk günlərindən etibarən neft sənayesi arxa cəbhəyə çevrildi-1942-ci il, oktyabrın 1-dən Dövlət Müdafiə Komitəsi “ Neft sənayesinə nəzarət edilməsi və gündəlik kömək göstərilməsi məsələsinin I.P.Beriyaya həvalə olunması haqda” qərar qəbul etdi.  Bakının neft sənayesində işləməyə 13 mindən çox yeni işçi cəlb edildi. Neft sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək məqsədilə DMK və Köçürmə Sovetinin qərarı ilə Bakıya ölkənin cənub və qərb rayonlarından köçürülən 20 iri müəssisənin qurğuları, o cümlədən 250 dəzgah, 12 vaqon mayetökən cihaz, 53 metalkəsən dəzgah, iki vaqon müxtəlif alətlər gətirilmişdi (Azərbaycan tarixi 7 cilddə 7-ci cild, 2008:13).

Cəbhəni vaxtında və yüksək keyfiyyətli yanacaqla təmin etmək üçün ən taleyüklü, ciddi vəzifəni Azərbaycan neftçiləri böyük əzmkarlıqla yerinə yetirirdilər. Ölkənin qərb neft rayonları işğal olunmuşdu. Şimali Qafqaz neft rayonları böyük təhlükə qarşısında qalmışdı. Bakı nefti qızıl ordunun ən etibarlı dayağı idi. Ümumdövlət səviyyəsində daim diqqət mərkəzində olan ölkədə hasil edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. Bakı hərbi-dəniz qüvvələrini də yüksək keyfiyyətli mazutla təmin edirdi.

        

1941-ci ilin ağır çətinliklərinə baxmayaraq, Azərbaycan neftçiləri 23481 min ton neft və 25864 min kv.m qaz istehsal etmişdilər. Bu, respublika neft sənayesi tarixində ən yüksək göstərici idi. Hər 5 təyyarədən, tankdan, avtomobildən 4-ü Bakının neft mədənlərindən çıxarılan və Bakının neft emalı zavodlarında istehsal olunan benzinlə təchiz edilirdi. Bakının qazmaçıları 1941-ci ildə 930 min metr quyu qazmışdakılar ki, bu da 752 neft quyusunun istismara buraxılmasına imkan vermişdi. Ölkə onun üçün həlledici olan bir mərhələdə 23 milyon 541 min ton neft əldə edə bilmişdi. Bu, Azərbaycan neft sənayesinin bütün tarixi ərzində rekord nəticə olmuşdur.  Bakıdan yanacağın ən çox hissəsi döyüşən cəbhəyə göndərilirdi-məsələn, avtomobil nəqliyyatı 1941-ci ilin axırlarında 50%-dən artıq araba ilə, at və ya öküz qoşulmuş arabalarla əvəz edildi. (Sultanov, 2016:296).

 

 1941-сi ildə dünyada ilk dəfə olaraq Bayılda turbin üsulu ilə 2000 metr dərinliyə turbin üsulu ilə maili quyu qazılır. Hövsan neft yatağında SSRİ-də ən dərin (3200-3400 m) quyunun qazılmasına başlanıldı (Babayev, 2009:242).

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 6 fevral tarixli xüsusi fərmanı ilə 500 neftçi SSRİ-nin orden və medalları, o cümlədən 41 nəfər Lenin ordeni ilə təltif olundu. Leninneft Trestinin 11-ci mədəni və Bibiheybətneft Trestinin 4-cü mədəni Lenin, Lökbatanneft trestinin 4-cü mədəni Qırmızı Əmək Bayrağı ordeninə layiq görüldü. (Azərbaycan tarixi 7 cilddə 7-ci cild, 2008:14). Lakin neftçi mütəxəssislərin 40 faizə qədərinin cəbhəyə səfərbər edilməsi, qazma işlərinin dayandırılması, neft maşınqayırma zavodlarının çoxunun hərbi müdafiə məhsulları buraxmağa başlaması və neft sənayesinə vəsait qoyuluşunun kəskin surətdə azaldılması nəticəsində 1942-ci ildən neft hasilatı aşağı düşməyə başladı. 1942-ci ildə 1941-ci ilə nisbətən 7772 min ton, 1943-cü ildə 10790 min ton, 1944-cü ildə isə 11643 min ton az neft çıxarılmışdı. Lakin neft trestlərinin partiya və təsərrüfat təşkilatları, neftçilər qazma işini yaxşılaşdırmaq, daxili imkanlardan, aqreqatların və avadanlığın gücündən səmərəli istifadə etmək, mühəndis-texniki işçilərin və qabaqcıl fəhlələrin yaradıcı təşəbbüsündən bəhrələnməklə çətinliklərdən çıxmaq üçün əzmlə çalışırdılar. SSRİ DMK bu sahədə yardımçı tədbirlər həyata keçirdi: DMK-nın 1942-ci il 6 dekabr qərarı və SSRİ Neft Komissarlığının 1942-ci il 15 dekabr sərəncamı ilə Azneftkombinatına qazma işini sürətləndirmək təklif olundu. Qısa müddət ərzində Orconikidzeneft, Kirovneft, Stalinneft, Lökbatanneft trestlərində dörd qazma kontoru yaradıldı. Dövlət Müdafiə Komitəsinin qərarı ilə minlərlə gənc ordu sıralarına çağırışdan azad edilərək, neft sənayesinə göndərildi. Sonralar onların sırasından Sosialist Əməyi Qəhrəmanları Qurban Abbasov, Musa Bayramov, Yusif Fərzəliyev, Məmməd Qənbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev və digər məşhur qazma, tikinti-təmir ustaları yetişmişdi. Dövlət Müdafiə Komitəsi həmçinin yüksək ixtisaslı neft mütəxəssislərinin ordu sıralarından vaxtından əvvəl tərxis olunması barədə də qərar qəbul etmişdi. Mədən qazma ustaları Baba Qafar Muradov, Rüstəm Rüstəmov, Gülbala Əliyev və başqaları 1943-cü il yanvarın ilk günlərindən qazma normasını bir yarım-iki dəfə artıqlaması ilə yerinə yetirdilər. Yeni sürət ustaları meydana çıxdı. 1943-cü ildə 67,7 min, 1944-cü ildə 138,8 min, 1945-ci ilin on ayı ərzində isə daha 14455 min metr neft quyusu qazıldı.

SSRİ Dövlət Müdafiə Komitəsi Azerbaycan neft sənayesinə daim yardım göstərirdi. 1944-cü il fevralın 21-i və iyunun 2-də DMK respublikanın neft sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək haqqında yeni qərarlar qəbul etdi. 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü. Görkəmli dövlət xadimi N.Voznesenski yazırdı: "Sovet Bakısı arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi". Müharibə illərində Bakı neftçiləri ölkənin şərqində yaradılmağa başlanan və "İkinci Bakı" adını almış neft rayonlarının inkişafına da öz töhfələrini vermişdilər. Dövlət Müdafiə Komitəsi Bakı neftçilərinə müraciət edərək xam neft yataqlarının işlənilməsi, neft hasilatının hər vasitə ilə sürətləndirilməsi üçün onları perspektivli neft rayonlarına köçməyə çağırdı. 1942-ci ilin iki-üç ayı ərzində Bakının doqquz qazma kontoru, neft-kəşfiyyat, neft-tikinti trestləri, boru bazaları və bəzi başqa neft müəssisələri bütün şəxsi heyəti, mexanizmləri və avadanlığı ilə şərqə köçürüldü. Bakının on mindən çox neft istehsalı komandiri, yüksək ixtisaslı mühəndis-texniki işçilər, mahir neft ustaları mütəşəkkil surətdə şərq rayonlarına göndərildi.  DMK-nın qərarına əsasən, 1941-ci ilin ikinci yarısında və 1942-ci ildə “Neftçalatrest”ə məxsus qurumlardan başqa bütün qazma kontorları Şərqə köçürülmüş oldu. 1942-ci ilin ortalarında Xəzər dənizində vəziyyət xeyli mürəkkəbləşmişdi. Stalinqrad yaxınlığında döyüşlərlə yanaşı, alman-faşist təyyarələri dəmir yolları və gəmiləri də ardıcıl bombalayırdılar. Xəzər dənizçiləri düşmən təyyarələrinin gəmilərə basqınlarını dəf etməli olurdular. 1942-ci ilin oktyabrında Həştərxana gedən "Ağamalıoğlu" gəmisi, "Jdanov" tankeri havadan hücum nəticəsində zədə almış, ağacdan düzəldilmiş 21 saylı şalanda yanmış, həmin ilin noyabrında isə yenə həmin istiqamətdə hərəkət edən "Qulubəyov" tankeri və "Amerika" şalandası batırılmışdı (Azərbaycan tarixi 7 cilddə 7-ci cild, 2008:21).

Neftdaşıyan donanmanı hava basqınlarından müdafiə etmək üçün tankerlərə müdafiə topları, zenit pulemyotları qoyulmuşdu. Düşmən təyyarələrinin basqınları zamanı da Xəzər dənizçiləri böyük igidlik və mərdlik göstərirdilər. "Çiçerin" gəmisinin heyəti bir düşmən təyyarəsini vurmuşdu. Xəzər dənizçiləri benzin daşımağa uyğunlaşdırılmamış neftdaşıyan gəmilərlə Mahaçqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları, o cümlədən 135 min ton benzin daşımışdılar. Xəzər dənizçiləri dünya təcrübəsində ilk dəfə olaraq Bakı nefti doldurulmuş sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu üsulla onlar Bakıdan Krasnovodska 35 neftdaşıyan dəmir yol sisterni, Mahaçqaladan Krasnovodska hər birinin beş ton ağırlığı olan neft çənləri daşımışdılar.

 Müharibə dövrünün çətinliklərinə mərdliklə sinə gərən dənizçilər plan tapşırıqlarını və öhdəlikləri əzimlə yerinə yetirirdilər. Bu illərdə "Kasptanker" cəbhə üçün 2 milyon 400 min ton benzin daşımışdı. "Kaspflot"un gəmiləri 1942-ci ildən 1945-ci ilin avqustuna qədər İran limanlarından, Krasnovodsk və Mahaçqaladan Bakıya müxtəlif təyinatlı 2783 min ton mal gətirmişdi. Azərbaycan geoloqları da çox gərgin çalışırdılar- müharibə dövründə yeni neft və qaz kondensatı yataqları aşkar edilmişdi. Artıq 1944-cü ilin axırları-1945-ci ilin əvvəllərində olduqca zəngin olan Buzovna-Maştağa neft yatağında tədqiqat işlərinə başlanıldı. Nəticədə bir neçə yeni yataq- Binə-Hövsan, Qaradağ, Zirə, Umbakı, Qazanbulaq, Mirbəşir, Qarabağlı, Kürsəngi və başqa neft və qaz kondensatı yataqları aşkar edildi və işlənmə üçün hazırlandı. Onların hamısı müharibə nəticəsində dağıdılmış xalq təsərrüfatının bərpa edilməsi üçün neft və qaz verməyə başladı. Müharibə gedirdi, artıq 1944-cü ildə Xəzər dənizinin dibində gizli qalmış neft yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinə hazırlanması üçün Dəniz Qazma Trestinin yaradılması haqqında qərar qəbul olundu. Məlum olduğu kimi, sonradan bu yataqlar Azərbaycan neft-qaz hasilatının inkişaf etdirilməsinə yeni güclü impuls verdi. Azərbaycan neft emalçıları Böyük Vətən müharibəsi illərində çox böyük işlər gördülər. Bakının neft emalçıları 1941-ci ili uğurla başa vurdular. Neftin ayrılması planı 107,4%, neftin sabitləşdirilməsi 122,8%, yeni benzin növlərinin yaradılması üzrə tapşırıq 113% yerinə yetirildi. (Sultanov, 2016 :297).

 

Cəbhə benzinin bütün növlərindən 1339 min tondan artıq əldə etdi. 1943-cü il ərzində bakılılar ölkəyə 5 milyon tondan artıq müxtəlif neft məhsulları, o cümlədən 795 min ton müxtəlif növ benzin, 3332 min ton liqroin, kerosin, dizel yanacağı, 640 min tona yaxın solyar yağı və donanma mazutu, 420 min ton təyyarə yağı verdilər. Neft L.P.Beriya adına Zaqafqaziya Dəmir Yolunun yüklənməsində əsas yük hesab olunur, buna baxmayaraq, neftin əsas kütləsi su nəqliyyatı və yaxud neft kəmərləri vasitəsi ilə daşınır. Belə ki, daşınan neftin təxminən ¼-i dəmir yolunun payına düşür. Həmin neft məhsullarının Bakıdan cəbhəyə göndərilməsi üçün dəmiryolçular göndəlik orta hesabla 6 ağıryüklü qatar hazırlayırdılar. 1944-cü ildə plandan əlavə olaraq 450 min ton yüngül neft məhsulları istehsal olunmuşdu, bütövlükdə 1942-1944-cü illər ərzində Bakının neft emalı zavodları cəbhəyə yalnız bir” B-78” markalı aviasiya benzinindən 1 milyon tondan artıq məhsul vermişdi ki, bu da 20540 ağır yüklü sistern təşkil edir. Azərbaycanda istehsal olunan 75 milyon ton neftlə Almaniyadakı yanacaq ehtiyatları müqayisə edilir. Alman mənbələrinə görə, belə bir müqayisə dolayısı ilə vuruşan tərəflərin ordularının dinamikliyi ilə bağlıdır. Müharibə illərində sərf edilmiş 17 milyon ton neft məhsullarının 13 milyon tonu Azərbaycanda istehsal olunmuşdu. Aviasiya bazasının yaxını Azərbaycanın payına düşürdü. Cəbhəyə isə 1 milyon tondan artıq yüksək oktanlı “B-78” markalı benzin göndərilmişdi.

   Yaxşı məlumdur ki, müharibə zamanı neft başqa bir qiymətə malik idi, yəni neft əmtəə kimi yox, əksinə, hərbi əməliyyatların mühüm tərkib hissəsi kimi qəbul edilirdi. Xüsusilə qeyd etmək lazımdır ki, 1944-cü ilin noyabrında 1955-ci ilin may ayınadək SSRİ-nin xalq neft sənayesinin komissarı olmuş Nikolay Baybakovun da Bakı nefti ilə bağlı öz fikirləri vardır. Baybakov yazır ki, “Müharibənin ilk günlərində neft mədənləridə çalışan ixtisaslı fəhlələrin, usta və mühəndislərin haradasa yarısı səfərbərlik əsnasında könüllü olaraq cəbhəyə getdi. Təcrübəli neftçilərin orduya getməsi ilə əlaqədar olaraq istehsalatın yeni kadrlarla komplektləşdirilməsi və mövcud kadrların yenidən bölüşdürülməsi haqda məsələ kəskin şəkildə önümüzdə durmaqdadır.

  Burada xüsusi müharibə illərində neft sənayesidə çalışan qadınlar haqda danışmaq istəyirəm. Onlar o zaman sənayenin bu sahəsində çalışan əməkçilərin yarısını təşkil edirdilər. Qadınlar həm qazma işində, həm quyuların yeraltı və əsaslı təmir sahələrində, həm də neft istehsalı sahəsinin bir çox başqa ağır və mürəkkəb işlərində çalışırdılar. Həmin vaxt “Orconikidzeneft” trestindəki 8 böyük neft mədənlərindən 5-nə qadınlar rəhbərlik edirdi: Antonina Bakunina, Mədinə Vəzirova, Suğra Qayıbova, Səkinə Quliyeva və Anna Pleşko, “Leninneft” trestində mədəni Sofiya Kryuçnina idarə edirdi. (Sultanov, 2016:290).

1941-ci il iyulun 24-də Əzizbəyovneft mədənlərinə 50-dən çox evdar qadın gəldi.   1941-ci ilin oktyabrında yalnız Bibiheybət neft mədənlərində 1800-dən artıq qadın çalışırdı.1942-ci ilin yayında neft sənayesində 25 minə qədər qadın işləyirdi.

 Müharibənin əvvəllərindən neft mədənlərində üçnövbəli iş rejimi tətbiq olunmuşdu. İki növbə iş məcburi idi, bir qisim insanlar isə cəbhəyə gedənlərin də əvəzinə çalışaraq üç növbədə işləyirdilər. Neftçilər obyektləri ört-basdır etmək məqsədilə gecələr mavi lampa altında çalışırdılar. Quyularda baş verən birinci və ya mütləq baş verə biləcək istənilən qəza xəbərini ziyankarlıqla əlaqələndirirdilər. Hər bir qəza hadisəsinə görə onsuz da yorulmuş, əldən düşmüş neftçilər ifadə verir və izahatlar yazırdılar. Qəzalara gəldikdə isə əslində onların əsas səbəbləri xüsusilə də quyuların qazılması zamanı keyfiyyətsiz yerli avadanlıqlardan istifadə olunması ilə bağlı idi.

    

 İstifadə olunan ədəbiyyatlar

İsmayılov İ. Azərbaycan nefti 20-ci əsrdə (hərbi-siyasi baxış). Bakı-2007.

Azərbaycan tarixi 7 cilddə 7-ci cild. Bakı, Elm, 2008.

Sultanov. Ç. Bakı nefti dünya şahmat taxtasında. Bakı, TEAS Press Nəşriyyat evi, 2016.

Бабаев. М. Kраткая история азербайджанской нефти. “Азернешр”, Баку, 2009.

 

Elektron resurslar

McLaughlin, Daniel Prized by Hitler, Azerbaijan is back in oil and gas boom

 Prized by Hitler, Azerbaijan is back in oil and gas boom (irishtimes.com)

Sadıqlı, Fikrət. Bakı nefti olmasaydı. Azərbaycan-2015 www.anl.az/down/meqale/azerbaycan/2015/aprel/431835.htm

 

Agayev, Vagif. "World War II and Azerbaijan"

 World War II and Azerbaijan by Vagif Agayev, Fuad Akhundov, Fikrat T. Aliyev and Mikhail Agarunov

Balamirzə Məmmədli"İkinci dünya müharibəsi illərində Baki nefti Almaniyanin hərbi-strateji planlarında" 

Wayback Machine (archive.org)

Paylaş:

573
0