Səməd Şıxı

2 Yanvar 2022, 2:10

Azərbaycan filminin xronometrajı

İlk dövrə aid deyiləcək çox söz yoxdur. Bir neçə sənədli və bədii qısametrajlı filmlərlə dövr tamamlamışdır. İkinci dövr, ümumiyyətlə, Azərbaycan mədəniyyətindəki bütün proseslər Sovet ideologiyasının təbliğat propaqanda vasitəsi üçün istifadə edilməsinə diqqət artırıldı, ideologiyasında “sosialist realizmi” ön planda göstərilməsi şərt qoyuldu. Bu dövrdə çəkilən filmlərə diqqətlə baxsanız, “xalqların dostluğu”, “Böyük Vətən”, “kolxoz”, “pozitivlik”, hər kəsin xoşbəxt olduğunu göstərməyə çalışmaq və bu tipli dövlətə, partiyaya bağlılığı təbliğ edən əsərlər yaradılmağa başlanıldı.

“26 komissar”, “Bakılılar”, “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ulduz”, “Yenilməz batalyon”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Babək” kimi filmləri sadalamaq mümkündür bu təbliğatın bir parçası olaraq çəkilən. Bəzilərində bu təbliğat özünü ön planda göstərsə də, bəzisində mahiyyət etibarı ilə şüuraltına yeridilirdi. Nəsimi və Babək filmi qəhramanlıq göstəricisi, Cəbiş müəllim kimi “Böyük Vətən” üçün çalışan fədakar müəllimi, Görüş filmindəki xalqların dostluğu və necə xoşbəxt, səadət içərisində görünməsi insanlara belə olmaq lazımdır deyə təbliğ edilirdi. Filmlərdə, əsasən, pozitivlik və razılıq göstərilməsi isə daha önəmli idi. İnsanlara onlar kimi siz də çalışın, əməkçi olaraq xoşbəxtliyi dadın mesajı ötürülürdü. “İnkişaf edən ölkəmiz və günü-gündən çiçəklənən yurdumuz var”

Azərbaycan filmləri arasında ən rəğbət görüb, məşhurlaşan filmlərdən biri, bəlkə birincisi də bu dövrə aiddir. “Arşın mal alan” filmi 1945-ci ildə ekran üzü görmüş və indiyədək 136 ölkədə, 86 dilə tərcümə edilmişdir. Ekrana çıxdığı ilk 2 il ərzində 5 milyard rubl qazanc əldə etmişdir. 1970-1980-ci illər isə Azərbaycan kinosunun intibah dövrü adlandırılır. Bu illərdə 110 bədii, 500 sənədli film və 44 cizgi filmi çəkilmişdir.

Filmlərin yadda qalmasına kömək edən, onu sevdirən digər amil isə sözsüz ki, musiqidir. Azərbaycan kino musiqisinin unudulmaz şəxslərindən olan Tofiq Quliyevin əsərləri də filmlər arasında xeyli təsir gücünə sahib olmuşdur. Tərkibində ideoloji bağlılığı yaradan bu əsərlər filmləri insanlara sevdirməkdə daha çox köməklik etmişdir. Film musiqiləri deyərkən yada düşən digər şəxs isə Emin Sabitoğludur. 40-a qədər filmin musiqisinə bəstəkarlıq etmişdir.

90-cı illər Azərbaycan üçün ağır dövr olsa da, bu dövr Azərbaycan filmi üçün unudulmaz filmlər buraxmırdır. Azərbaycan filminin müstəqillikdən sonrakı dövründə “Qətl günü”, “Bəxt üzüyü”, “Qəzəlxan”, “O dünyadan salam”, “Köpək”, “Ailə”, “Fəryad”, “Nə gözəldir bu dünya” kimi filmlər bu dövrdə çəkilən ən yadda qalan filmlərdəndir. Bunlar arasında “Köpək” filmi isə daha çox diqqəti çəkir. Səbəbi isə onun mövzusu və daha sonra qadağa olunmasıdır. . Film iş axtaran insanları kölə kimi işlədən, onlara köpək kimi davranan insanlardan bəhs edir. Bir-birilərini satdıqları, sahiblərinə sadiq olduqlarını göstərdikləri zaman medallarla və “itlər komitəsi”nə üzv edilir. Bu film və bununla yanaşı “Dağıdılmış körpülər” filmi də qadağa olundu və bir daha nümayiş etdirilmədi.

Digər bir film “Ailə” filmi sosialist özəyinin parçalanmasını, Bakıda yaşayan xalqların Sovetin dağılmasından sonra yaranmış münaqişədən sonra erməni, azərbaycanlı münasibətini göstərmişdir. Bu filmin ssenari müəllif olan Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi isə bənzər ssenari olmasına baxmayaraq böyük tənqidlə qarşılaşmışdır. Film ictimaiyyət və siyasətçilər tərəfindən tənqid edilmiş, “xəyanət” deyə qiymətləndirilmişdir

2000-lər, “Güllələnmə təxirə salınır”, “Yuxu”, “Küçələrə su səpmişəm”, “Ərazi”, “Biz qayıdacağıq”, “Hökmdarın taleyi”, “Yaddaş”, “Çölçü”, “Dolu”, “Yarımçıq xatirələr”, “Nar bağı” kimi filmlər ön planda olmuşdur. Bununla yanaşı bir çox festival filmləri də çəkilmişdir.

Müstəqilliyə qədər filmlər dövlət nəzarətində və icazəsi ilə çəkilirdisə, müstəqillikdən sonra senzuranın ləğvi ilə bu aradan qalxdı və hər kəsin film çəkməsinə şərait yaradıldı. Bu şəraitdə film çəkmək istəyən şəxslər fərdi olaraq çətinliklə rastlaşdılar. “Azərbaycanfilm” kinostudiosu bu dövr ərzində 40-dan artıq bədii tammetrajlı film çəkə bilmişdir dövlət hesabına. Lakin müstəqil çəkilən filmlərdə yaranan əsas problemlərdən biri sponsor oldu. İqtisadiyyatın zəif olması, reklama pul ayırmamaları filmin büdcəsini təşkil etməyə əngəl olurdu. Film çəkməyə büdcə tapa bilmədikləri zaman ya dövlət hesabına çəkmək üçün təklif edir, bu halda bəzi filmdə dəyişiklər edilməyə məcbur buraxdırılırdılar, ya da filmin bir hissəsini pulsuz etməyə, digər hissəsinin xərcini ciblərindən qarşılamağa çalışırdılar.

Reklam sektoru inkişaf etdikcə kommersiya filmlərinin də sayı artmağa başladı. “Axırıncı yol”, Oğlan evi”, “Məhəllə”, “Xoxan”, “Kəklikotu” kimi filmlər də çəkilməyə başlandı və kinoteatrlarda maraqla qarşılandı. Bu da sektorda canlanma yaradaraq bu tip filmləri önə çəkməyə başladı.

Dövlət büdcəsinə çəkilən filmlərin əsas payına “Qarabağ savaşı”ndan bəhs edən filmlər düşür. Vətənpərvərlik və unutdurmamağa çalışmaq əsas təbliğat məqsədi olmuşdur.

Sovet filmləriylə bugün filmlərini müqayisə edənlər həmin dövrün filmlərinin daha keyfiyyətli, aktyorlarının daha profesional olduğunu deyirdilər. Sadəcə mövcud senzura və ideologiyanı çıxardıqda çox da fərqlənmədiklərini görmək mümkündür. Aktyorların peşəkarlığına gəldikdə isə tam tərsi teatr aktyorunun teatral oyunu ilə filmdə oynaması onun rolunu daha da süni edir. Bir kəndlinin həyatını “deputat həyatı” kimi göstərmək, onları bərabərləşdirməyə çalışmaq, əlbəttə, “fəhlə höküməti”nin təbliğatıdır deyə bilərsiniz, sadəcə onun kinomatoqrafik tərzində yanaşdıqda reallıqdan uzaqlaşdığını və iticiliyini görmək mümkündür.

Film təbliğatın ən rahat üsulu olduğu üçün buna nəzarət edən qüvvənin kütləyə rahat təsir etməsi realllığı var və bunu güc sahibi olmaq hər kəs istəyir, maraq göstərir. Bugün efirlərimizi bayağılıq tutursa, bunun səbəbkarı sənətimizin zəifləməsi, ya yaradıcılığın bitməsi amili deyil, bütün bunların təbliğatın bir parçası olduğu mənasına da gəlmək olar.

Azərbaycan filminin yarandığı gündən saysız filmlər istehsal etmiş, sevilmişdir. Bəzisi beynəlxalq arealara çıxmış, bəzisi tarixin səhifələrində itib, batmış, sadəcə adı qalmışdır, amma yaxşısı-pisi ilə bugünlərə gəlməyi bacarmışdır. Film sektorunun inkişafı üçün ehtiyac olan şey azad iqtisadi bazar, söz azadlığı və peşəkarlıqdır.

Azərbaycan film sektoru nə qədər azad olduğunu desə də, hələ də nəzarət və müdaxilə mövcuddur. Misal, siyasi filmlərin çəkilməməsi, qarışıq mövzulara toxunulmaması bunun nümunəsidir. Hər nə qədər senzuranın olmadığını iddia etsək də, müdaxilələr, əngəllər, qadağalar bunun hələ də mövcud olduğunu, dövlətin öz təbliğatını filmlərdə göstərməyə çalışmasını görürük.

COVİD-19 dövrnüdə film sektorunda böyük çöküş yarandı. Kinoteatrların bağlanması film sektoruna böyük təsir etdi. Yenidən dirçəlmək və sektorun bərpası zaman alacaq kimi görünür. Bu dövrdən sonra film sahəmizdə nə kimi dəyişiklik olacağını zaman göstərəcək bizə. Full HD ekranlardan.

Paylaş:

599
0