Elnarə Ağayeva

2 Yanvar 2022, 11:29

Almaniyada qadın, ailə problemləri və icma yönümlü dəstək

Dörd ildir ki, Almaniya Federativ Respublikasında mühacirətdəyəm. Mühacirlərlə çalışan, onların gündəlik həyatında yaranmış çətinliklərin və bürokratik nüansların həllində yardımçı olan xeyli qeyri-hökumət təşkilatları və qurumlar mövcuddur. Təşkilatların adı və funksiyası torpaqlara və şəhərlərə görə dəyişir və fərqli ola bilir. Bizim şəhərdə fəaliyyət göstərən əsasən "Caritas" , "Haus İnternational" , "Donum Vitae", "AWO" və "Landshuter Netzwerk" adlı təşkilatlardır. Hər bir təşkilatın aid olduğu bir ərazi, toxunduğu problemlər və çatdığı fərqli kontingenti var.

Sizə bugün "Donum Vitae" təşkilatı haqqında danışmaq istərdim. Sizdə sual yarana bilər ki, bəs nəyə görə məhz bu təşkilatı seçdim. Mənim cavabım isə budur ki, oxşar fəaliyyət göstərən bir qurum modelinin Azərbaycanda mövcud olmasını çox istərdim. İlk tanışlığım "Haus İnternational"ın xətti ilə olmuşdu. Bu təşkilat qaçqınlara yeni məskunlaşdıqları zamanlarda çətin gələn işlərin bürokratik tərəflərini həll etməkdə yardım edir. İstənilən orqana müraciət formalarının doldurulması, uşaqların məktəblərə, bağçalara, valideynlərin isə alman dili kurslarına yazdırılması, həkimlərdən randevuların alınmasında kömək edərək qaçqınların inteqrasiyasında böyük rol oynayır.

konsultasiyadan bir hissə

- Bu qərara öz istəyinizlə gəldiniz?

- Bəli

- Bəs yoldaşınız razıdırmı? O nə deyir?

- O da mənimlə eyni fikirdədir

- Səbəb nədir? Hansısa çətinliyiniz var? Abort fikrindən sizi daşındırmaq üçün hansı köməklik göstərə bilərik?

Əlimdə tutduğum kağız parçasını bərk-bərk sıxıram. İlk dəfədir ki, məni bir qadın olaraq kimsə qarşısına otuzdurub və çəkdiyim bütün çətinliklərin xırdalıqlarına varmaq istəyir. Başlayıram düşdüyüm situasiya haqqında məlumat verməyə: yaşadığım şərait haqqında, uşaqlarım, həyat yoldaşım, gündəlik qayğılar içərisində inteqrasiya çabalarım və s.

- Bəs sizin ölkədə necədir? Uşaqlarınızı dünyaya gətirərkən hansı hissləri yaşamısız? Hamiləlik dövrünüz necə keçib? Biraz bu haqda danışın.

Almaniyada və Bakıda keçirdiyim doğuşlar arasındaki fərqi düşündüm. Xidmət və personalın insana münasibətində yerlə göy qədər fərq vardı. Yarı qırıq almancamla hər şeyin çox fərqli olmasını izah etməyə çalışdım. Konsultasiya bir saata yaxın davam etdi. Söhbət zamanı məsləhətçi xanım dolayı suallarla ailəmizdə hökm sürən abu-havanı, yoldaşımla aramda münasibətlərin nə yerdə olmasını, ailəmizin maddi durumunu öyrənməyə çalışdı. Və aldığı informasiyaya əsaslanaraq görüşün sonunda abort üçün icazə sənədi verir.

Bəli, yalnış anlamadınız. Burada abort elətdirmək istəyən bütün xanımlar bu qurumdan adı çəkilən sənədi almalıdır.

Donum Vitae 24 sentyabr 1999-cu ildə katolik Xristianlar tərəfindən qurulan müstəqil, sivil və hüquqi birlikdir.

Donum Vitae-nin qurulması məcburi, açıq, lakin məqsədli məsləhətləşmənin problemli durumda olan qadınların harayına yetişəcəyi və doğulmamış həyatı qorumaq üçün ən yaxşı yol olduğuna inamdan irəli gəlib.

Almaniyanın 200 -dən çox nöqtəsində məsləhət şöbələri mövcuddur. Milliyyətindən və məzhəbindən asılı olmayaraq qadınlara, kişilərə və cütlüklərə dəstək olurlar.

Qurumun işi inteqrativ bir məsləhət konsepsiyasına əsaslanır: Donum Vitae, məsləhət işləri ilə yanaşı, hamilə qadınlara və ehtiyacı olan analara maddi yardım və əlavə dəstək verir.

Abortdan sonra və ya ölü doğuşdan sonra lazımlı tədbirlərin görülməsində rol oynayır və həmçinin ailə planlaşdırılması ilə bağlı məsləhətlər görür.

Məsləhətçilər cinsi tərbiyə tədbirləri keçirir və gənclərə məsuliyyətli cinsəlliklə məşğul olmağın əsaslarını öyrədirlər. Xüsusilə də gənc xanımlara arzuolunmaz hamiləliklərin qarşısını almağa kömək edirlər.

Bu konsultasiyaların müsbət tərəfləri nədir?

İstər pasiyenti olduğum zamanlarda istərsə də daha sonra xanımların yanında tərcüməçi kimi iştirak etdiyim görüşlərdə belə bir nəticəyə gəldim ki, mütləq şəkildə anoloji bir təşkilatın yaranmasına Vətənimdə zərurət var.

 

Təşkilat maliyə dəstəyini həyata keçirdiyi proqramlar sayəsində dövlət tərəfindən almasına baxmayaraq əlavə olaraq 60 regional sponsor tərəfindən maddi dəstək görür. Bu böyük işlər görməyə təkan verir. Görüşlər zamanı aparılan söhbətlər ailədə olan münaqişəli məqamları və çətinlikləri üzə çıxarır. Fikrimcə bu gələcəkdə daha geniş və riskli forma ala biləcək konfliktlərin profilaktikası sayıla bilər.

Psixo-sosial məsləhətləşmələrdən savayı, ailələrə sosial, maddi və maliyyə dəstəyi təşkil etməklə cəmiyət üçün etibarlı bir ümid işığı ola bilirlər. Konsultasiya boyu qadınların abort etmək fikrindən daşındıracaqlarına ümid edərək, qərarın uşağın dünyaya gəlməsi xeyrinə veriləcəyinə inanırlar.

Hansı qərarı almasından asılı olmayaraq, dəstəklərini əsirgəmirlər.

Dəstək isə çətin məqamlarda çox önəmli və həyatidir.

Paylaş:

667
0