Təhmasib Əlizadə

23 May 2022, 17:58

Açıq və qapalı siyasi sistemlərdə innovasiya imkanları eynidirmi?

Bu dəfəki yazımda açıq və qapalı siyasi sistemlərin innovasiya imkanlarının qısa müqayisəsini təqdim edəcəm. Bu yazı qeyd etdiyim istiqamətdə təqdim edəcəyim digər yazılar üçün həm də bir başlanğıcdır. Əvvəlcə qısaca qeyd edim ki, bir çox elmi (nəzəri və empirik) tədiqatlar, təhlillər göstərir edir ki, siyasi demokratiya ilə innovasiyalar arasında müsbət bir əlaqə mövcuddur. Hərçənd, bəzi elmi məqalələr bunun əksini iddia edirlər. Amma istənilən halda, əksər araşdırmaların nəticəsi onu göstərir ki, innovasiyalar mühitin daha açıq və əhatəedici olduğu yerlərdə üzə çıxırlar. Nəticədə, həm açıq, həm də qapalı siyasi sistemlərin innovasiya yaratmaq potensialı var, amma həm sürəti, həm keyfiyyəti, həm də quruluşu baxımından demokratik sistemlərdə yaranan innovasiyalar daha əhatəedici, rifahyaradıcı və səmərəli hesab edilirlər.

Daha öncə Təyinat platformasında rəqəmsal demokratiyanın inklüziv inkişafa təsirləri ilə bağlı yazmışdım. Yəni, siyasətdə, iqtisadiyyatda, sosial həyatda rəqəmsallaşma genişləndikcə, yeni texnologiyaların təsirləri artdıqca, inkişafla bağlı yeni meyillər ortaya çıxır. Xüsusilə, rəqəmsallaşmanın inklüziv, yəni əhatəedici inkişafı gücləndirə bilmək imkanları son illərdə iqtisadi diskurslarda müzakirə edilir. Burada rəqəmsallaşmanın necə və hansı vasitələrlə genişlənməsinə ayrıca baxmaq lazımdır. Bunlardan biri texnoloji innovasiyalardır. Çünki onlar rəqəmsallaşma prosesinin təməl daşlarından hesab edilirlər. Təbii ki, innovasiya etməyin özünün müxtəlif üsulları, yolları var. Ən əsası isə siyasi, iqtisadi, ictimai, institusional mühit innovasiyaların yetərli və təsirli formada üzə çıxa bilməsi üçün vacibdir. Mühit adətən iki əsasda təsnifatlandırılır:

 

  • Açıq siyasi sistemlər üzrə,
  • Qapalı siyasi sistemlər üzrə.

 

Açıq və qapalı siyasi sistemlərin iqtisadi mahiyyəti nədir?

 

Əvvəlcə açıq siyasi sistemlə başlayaq. Bu sistemin əsas mahiyyəti ondan ibarətdir ki, fərdlərin siyasi, iqtisadi, sosial azadlıqları təmin edilir. Və bu siyasi sistem adətən “açıq cəmiyyət” anlayışı ilə assosiyasiya edilir. Yəni, cəmiyyətin siyasi, iqtisadi, sosial həyatda iştirak edə bilmək imkanları yüksək olur. Nəticədə, cəmiyyətlə dövlət arasında qarşılıqlı əlaqə genişlənir və öhdəliklər formalaşır. Xüsusilə də, cəmiyyətin fərqli üzvlərinin elmi sahədə, biznesdə, sahibkarlıq fəaliyyətlərində, ictimai münasibətlərdə aktiv iştirakı zamanla yeni fikirlərin ortaya çıxması və güclənməsi ilə nəticələnir. Açıq siyasi sistemin iqtisadi mahiyyəti odur ki, dövlət cəmiyyətin üzvləri üçün bütün iqtisadi azadlıqları təmin etsin. Yəni, sahibkar kimi fəaliyyət göstərmək, investisiya yatırmaq, biznes qurmaq, rəqabətdə sərbəst iştirak etmək, fiziki və əqli mülkiyyətin qorunduğu şərtlərdə innovasiya etmək, dəyər yaratmaq, vergi ödəmək/ödədiyi vergidən müsbət qazanclar əldə etmək və digər bu kimi müxtəlif iqtisadi fəaliyyətlərdə sərbəst iştirak etmək. Dövlətin bu sistemdə əsas rolu şərtləri qurmaq, tənzimləmək və iqtisadi hüquqları təmin etmək və maraqların toqquşmasını doğru idarə etməkdir. Ən önəmlisi isə açıq siyasi sistemlər iqtisadi fərqliliyə, dəyişikliyə, yenilikçiliyə və azadlıqlara meyilli olurlar. Başqa sözlə, cəmiyyətin fərqli qrupları üçün imkanların (fürsətlərin) fürsətlərin bərabər (doğrudur, hər zaman belə maksimal nəticə əldə etmək çətin olsa da!) paylaşdırılması əsas hədəflərdən birinə çevrilir.  

 

Qapalı siyasi sistemlərdə isə əksinə, fərdlərin siyasi, iqtisadi və sosial azadlıqları müxtəlif vasitələrlə sərhədləndirilir, onların iştirakçılıq hüquqları məhdudlaşır. Bu sistem isə adətən “qapalı cəmiyyət” anlayışı ilə uyğunlaşır. Yəni, cəmiyyətin siyasi, iqtisadi, sosial həyatda iştirak imkanları çox məhdud olur və bəzən isə ümumiyyətlə, olmur. Bu isə dövlətlə cəmiyyətin qarşılıqlı əlaqə yaratmaq imkanlarını ciddi şəkildə zəiflədir. Nəticədə, onların bir-biri qarşısında heç bir ciddi öhdəliyi yaranmır. Bu isə dövlətin ifrat güclənməsi ilə nəticələnir. Hansı ki, cəmiyyəti geri salan əsas şərtlərdən biridir. Qapalı siyasi sistemdə iqtisadiyyat öz potensialından yetərli istifadə edə bilmir. Belə sistemin iqtisadi mahiyyəti odur ki, dövlət cəmiyyətin fərqli üzvlərinin iqtisadi imkanlarını məhdudlaşdıraraq onların öz potensialından yetərli istifadə bilməsinin qarşısını alır. Yəni, qapalı siyasi sistemlər adətən cəmiyyətin yenilikçi, azad iqtisadi fəaliyyətlərlə məşğul olmasında yox, əksinə statik bir vəziyyətdə qalmasının tərəfdarıdırlar. Təbii ki, belə sistemlərdə yeni fikirlər rahat ifadə və təqdim oluna bilmədiyi üçün fərdlərin yuxarıda açıq siyasi sistemlər üçün qeyd edilən iqtisadi fəaliyyətlərinin əksəriyyəti məhdudlaşdırılır. Dövlətin bu sistemdə əsas rolu özünün iqtisadi fəaliyyətlər üzərində mütləq inhisarını qurmaq, fərdi, azad fikirləri isə məhdudlaşdırmaqdır və ya onlara çox az imkan yaratmaqdır. Qapalı siyasi sistemlər iqtisadi fərqliliyi, dəyişikliyi, yenilikçiliyi və azadlıqları məhdudlaşdırmağa meyilli olurlar. Başqa sözlə, cəmiyyətdə təmsil olunan müxtəlif fərdlər və qruplar üçün imkanların (fürsətlərin) qeyri-bərabər paylaşdırılması bu sistemin əsas hədəflərindən biridir.

 

Açıq və qapalı siyasi sistemlərdə innovasiya etmək imkanları arasında fərqlər nələrdir?

 

Qapalı siyasi sistemlərə nəzərən açıq sistemlərdə innovasiya etmək imkanları daha genişdir. Bunun birinci səbəbi bu sistemlərdə siyasi demokratiyanın güclü olmasıdır. Hansı ki, insanlara hakimiyyətdə (icraedici, qanunverici və məhkəmə) təmsil olunmaq imkanları yaradır. Digər səbəblər buna uyğun olaraq inkişaf edən iqtisadi imkanlardır. Bunlar barədə yuxarıda ətraflı izah təqdim edilib. İnnovasiyaların ortaya çıxması və səmərəli ola bilməsi üçün müəyyən şərtlər təmin edilməlidir:

 

  • universitetlərin (akademik araşdırma) yetərli bilik, texnologiya yarada bilməsi, mütəxəssis hazırlaya bilməsi, araşdırmalar təşkil edə bilməsi;
  • sənayedə təmsil olunan şirkətlərin rəqabət çərçivəsində məhsul və proses innovasiyasını təşkil edə bilməsi;
  • cəmiyyətin (vətəndaş cəmiyyətinin) yerlərdə innovasiyaya olan tələbi, ehtiyacları üzə çıxara bilməsi;
  • dövlətin siyasət qurucu, tənzimləyici tərəf kimi innovasiyalar üçün münbit şəraiti təmin etməsi.

 

Bu qeyd etdiyim şərtlər son illərdə önə çıxan Dördtərəfli innovasiya modelinə* (Quadruple Helix Innovation Model) daxil edilib. İndi belə bir sual ortaya çıxır ki, universitetlərin, şirkətlərin, cəmiyyətin və dövlətin səmərəli və qarşılıqlı fayda prinsipi ilə çalışaraq məhsuldar və əhatəedici innovasiya yaratmaq imkanları hansı sistemlərdə daha çox mümkündür? Cavab aydındır: açıq siyasi sistemlərdə.

* Dördtərəfli innovasiya modeli (Quadruple Helix Innovation Model)

Mənbə: Schütz F, Heidingsfelder LM and Schraudner M (2019) Co-shaping the future in quadruple helix innovation systems: Uncovering public preferences toward participatory research and innovation. She Ji: The Journal of Design, Economics, and Innovation 5(2): 128–146.

 

Dördtərəfli innovasiya modelinin quruluşu göstərir ki, innovasiyaların həm əhatəedici (inklüziv) əsasda inkişaf etməsi, həm də səmərəli ola bilməsi üçün dövlətin, cəmiyyətin, universitetlərin (digər akademik araşdırma mərkəzlərinin) və şirkətlərin qarşılıqlı fəaliyyətinə ehtiyac var. Açıq siyasi sistemlər bu müxtəlif tərəflərin fəaliyyətdə ola bilməsi üçün daha çox imkanlar yarada bilirlər. Yəni, ayrı-ayrılıqda universitetlər (digər akademik araşdırma mərkəzləri) cəmiyyətin, dövlətin və şirkətlərin ehtiyacı olan tədqiqatları, texnologiyaları ortaya çıxara bilir; cəmiyyət (vətəndaş cəmiyyəti) demokratik iştirakçılıq yolu ilə siyasi və iqtisadi qərarlara təsir göstərə bilir; şirkətlər rəqabətdə önə çıxa bilmək üçün digər tərəflərlə əməkdaşlıq edir və innovasiya imkanlarını yüksəltmək üçün cəhdlər edir; dövlət isə bütün bu proseslərin tənzimlənməsində və səmərəli qurulmasında maraqlı olur, bunun üçün çalışır. Təbii ki, bu sistemdə də nəticələr hər zaman mükəmməl olmur. Bu daha çox sistemin necə tətbiq edilməsindən və işləkliyindən asılı olur.

Qapalı siyasi sistemlərdə adətən nə cəmiyyətin, nə universitetlərin, nə də şirkətlərin azadlıqları təmin edilir. Bu sistemlər innovasiyalara da bir mərkəzdən diqtə kimi yanaşırlar. Adətən qapalı siyasi sistemlərdə önə çıxan innovasiyalar hərbi və təhlükəsizlik istiqamətdində inkişaf edir. Çünki burada akademik sektorun, cəmiyyətin və şirkətlərin yox, əksərən dövlətin hədəfləri əsas götürülür. Bu isə cəmiyyətin fərqli tərəflərində olan fərdlər və qruplar üçün yetərli innovasiya imkanı yaratmır.

Bunları qısaca təhlil etdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, cəmiyyətin fərqli tərəflərinin maraqlarını təmin edəcək innovasiya sistemi açıq siyasi sistemlərdə qurula bilir. Nəzəri olaraq, bunu təsdiq edən bir çox konsepsiyalar mövcuddur. Təcrübi olaraq isə bugünə qədər innovasiya üzrə önə çıxan ölkələrin əksəriyyətinin demokratik təsisatlar üzrə də öndə olması bunu təsdiq edir. Təbii ki, istisnalar hər zaman mövcuddur.

Sonda, innovasiyalar insanların təbiətdən təsirlənərək, qarşısına çıxan maneələrə qarşı yaradıcı, yenilikçi fəaliyyəti olduğu üçün onların təbii əsaslarda inkişaf etməsi əsas məqamdır. Siyasi sistem isə sadəcə bu ehtiyacları, tələbləri doğru təsbit edə və onların təmini üçün yetərli şəraiti qura bilməlidir. Çünki bir ölkədə, cəmiyyətdə hər nə qədər yenilikçi, proqressiv, yaradıcı insanlar olsa da, onların fikirlərinin innovasiyaya çevrilə bilməsi üçün gərək sistem işlək, mühit isə münbit olsun.

 

Qeyd: Bu yazıda mövzuya qısaca toxunduğum üçün innovasiyalar üçün innovasiyalar üçün imkan bərabərliyi (və ya bərabərsizliyi), patent sisteminin (əqli mülkiyyət sisteminin) əhəmiyyəti, maliyyəyə əlçatanlığı, texnologiya transferi, biliyin yayılması kimi istiqamətlərə toxunmadım. Sonrakı məqalələrdə bunlarla bağlı ayrıca yazmağa çalışacağam.

Paylaş:

695
1

Qurbanova Xəyalə

24 May 2022, 20:42

Həmişəki kimi gözəl izah etmisiniz.