Fərhad Nəbiyev
12 İyul 2022, 16:472008 Maliyyə böhranının nəticələri

2008 Maliyyə böhranı baş verən vaxtlar və sonrasında bariz nəticə və yaraları ilə tarixə yazılıb. Artıq elə 2008-ci ilin sentyabr ayındaca məhşur və dünyanın ən böyük maliyyə təşkilatlarından olan Lehman Brothers şirkəti bankrot olduğunu açıqlamışdı. Krizisin nəticələri kimi bütün dünyada enerji qiymətlərində artım görüldü. Enerji qiymətlərinin artması fonunda isə dünya artan qlobal inflyasiya ilə üzləşdi. Əsas səbəb olan ipoteka borcları isə müştərilər tərəfindən ödənilə bilmirdi. Həmçinin enən əmlak qiymətləri şirkətlərin və maliyyə institutlarının aktivlərində dəyər azalmasına səbəb olmuşdu.
Bu situasiya həmçinin ev təsərrüfatlarına da təsir göstərdi. Kiçilən şirkətlər məcburi şəkildə işçi ixtisarı etməyə məcbur qaldı. İşsizlik səviyyəsinin artması nəticəsində insanlar əsas gəlir mənbələrini itirdiklərinə görə məcburi şəkildə yığımlarını xərcləməyə başladılar. Gəliri azalan ev təsərrüfatı əvvəl xərclədiyi qədər xərcləyə bilməz. Beləcə ölkələrin iqtisadiyyatları artıq kiçilməyə başladı, bunu statistikalarda da rahat şəkildə görmək mümkündür.
ÜDM-lərdəki dəyişmələr
ÜDM bir ölkənin iqtisadiyyatının ən əsas və mühüm göstəricilərindən biri ikən krizisin gözə çarpan təsirlərindən biri elə ÜDM-dəki dəyişiklərdə asanlıqla seçilir. Ümumi Dünya üzrə ÜDM-in 2006 və 2007-ci illərdəki artışı müvafiq olaraq 4.5 və 4.6% ikən 2008-ci ildə isə bu göstərici 2%-ə, 2009-cu ildə isə -1.3%-ə bərabər olub, yəni 2009-cu ildə dünya iqtisadiyyatlarında 1.3% kiçilmə müşahidə olunub.
Dünya üzrə ÜDM-dəki dəyişikliklərin qrafiki
Mənbə: World Bank
Bu tendensiyanı ayrılıqda Dünyanın ən böyük iqtisadiyyatlarının statistikalarında da görmək mümkündür. Məsələn, ABŞ-ın 2006 və 2007-ci il üzrə ÜDM-də 2.9% və 1.9% artım, 2008 və 2009-cu illərdə isə 0.1% və 2.5%-lik azalmaları görmək olar.
ABŞ üzrə ÜDM-dəki dəyişikliklərin qrafiki
Mənbə: World Bank
Avrozonaya nəzər salsaq oxşar situasiya ilə yenidən qarşılaşırıq; 2006 və 2007-ci illərdə 3.2% və 3% ilə öz qaydasında olan iqtisadiyyat növbəti 2 ildə 0.4% və -4.5% ilə durğunluq və geriləmə yaşayıb.
Avrozona üzrə ÜDM-dəki dəyişikliklərin qrafiki
Mənbə: World Bank
İşsizlik səviyyəsinə olan təsirlər
Böhranın ən bariz nəticələrindən biri maliyyə böhranının iqtisadi böhrana çevrilməsi nəticəsində bir çox ölkələrdə işsizliyin artması olmuşdur. Bəzi ölkələr işsizlik səviyyəsinin artmasının qarşısını müəyyən dərəcədə ləngidə bildilər, məsələn, Almaniyada işsizlik nisbətlərində ardıcıl azalma müşahidə edildi. Cənubi Avropa ölkələri isə böhranın məşğulluq üzərindəki təsirləri ilə mübarizə aparmaqda daha çox çətinlik çəkirdilər. Gənclər arasında işsizlik bir çox hallarda kəskin şəkildə artmışdı. Buna görə də hökumətlər böhranın təsirlərini azaltmaq üçün müdaxilə etdi və bir sıra tədbirlər həyata keçirdi.
Böhran dünyanın əksər ölkələrində işsizliyə böyük təsir göstərmiş, bəzi ölkələrdə işsizlik səviyyəsinin iki dəfə artmasına və mövcud iş yerlərinin sayının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdur. Böyük iqtisadiyyatlar daha sonra bu vəziyyəti yaxşılaşdıra bilsə də İspaniya və ya Yunanıstan kimi digər ölkələr isə heç o dövrdən qalan yaraları hələ də daşıyır. Böhrandan əvvəl onsuz da kifayət qədər yüksək olan gənclər arasındakı işsizlik və uzunmüddətli işsizlik böhranın yaratdığı şəraitdən daha da kəskin şəkildə təsirləndi. Böhrandan sonra bəzi ölkələr əmək bazarlarının xarakterinə görə, digərlərindən daha yaxşı nəticə göstərdilər.
Hökumətlər öz səylərini daha çox bankları xilas etməyə və iqtisadiyyatın çökməsinin qarşısını almağa yönəltdilər və əmək bazarları ilə bağlı tədbirlər bu baxımdan geri qaldı. Lakin yenə də hökümətlər artan işsizlik fonunda müəyyən addımlar atmalı oldu. İşsizliyin artmasının qarşısını almaq üçün atılan addımlardan biri subsidiyaların tətbiqi, o cümlədən işəgötürənlərin sosial sığorta haqlarının kəsilməsi olmuşdur. Digəri, aktiv əmək bazarı siyasətinin, xüsusən də işçilərin iş tapmasına köməklik göstərilməsi və təlimlərin keçirilməsinə yönəlmiş proqramların həcmini və əhatə dairəsini artırmaq idi. Bunlar böhrandan dərhal sonra qəbul edilmiş ilkin tədbirlər olsa da, BVF, Avropa Mərkəzi Bankı, kredit reytinq agentlikləri və oxşar qurumların göstərdiyi təzyiqi azaltmaq üçün ölkələr qənaət tədbirləri görməyə məcbur oldundu və buna görə əmək bazarına tətbiq olunmalı olan tədbirlər uzun müddət tətbiq edilmədi. Hökumətlərin siyasətindəki ən diqqətəlayiq dəyişikliklərdən biri, xüsusən Almaniyada qısamüddətli iş tədbirlərinin qəbul edilməsi oldu. Bu tədbirlərdən biri şirkətlərə işçiləri ixtisar etmədən iş vaxtını azaltmağa və beləliklə də işçilərin maaşlarını azaltmağa imkan verirdi. Dövlət işçilərə qısaldılmış iş saatlarına görə qismən kompensasiya verirdi (60%). Sosial sığorta haqları, həmçinin ödənişli məzuniyyətlər və digər yardımlar nəticəsində əhaliyə o qədər də ağır təsir göstərmirdi. Beləliklə, qısamüddətli iş işçilər üçün böyük miqdarda gəlir itkisi yaratmır. Bu, həm də işəgötürənlər üçün də müəyyən avantajlar yaradır, çünki onlar artıq yeni işçiləri işə götürməli və tələb bərpa edildikdən sonra onlara işi öyrətməli deyil, həmçinin işçilərin işdən çıxarılması ilə əlaqədar xərcləri ödəmək məcburiyyətində qalmırdı.
Müvafiq olaraq ABŞ və Avrozona üzrə 2006-2013-cü illər üzrə işsizlik səviyyəsi
ABŞ üzrə işsizlik səviyyəsindəki dəyişikliklərin qrafiki
Mənbə: World Bank
Avrozona üzrə işsizlik səviyyəsindəki dəyişikliklərin qrafiki
Mənbə: World Bank
Dünya üzrə işsizlik səviyyəsindəki dəyişikliklərin qrafiki
Mənbə: World Bank
Aqil Qəhrəmanov
12 İyul 2022, 21:25Heyf sizin kimi iqtisadçılarımızı beyin köçüylə itiririk. Ümid edirəm gələcəkdə sorağınız ən yüksək zirvələrdən gələcək!